TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 26-02-2025, 16:05
Anamın pasportunu sənə göstərim, gör ermənidir? - Artur Rasi-zadə


Anamın pasportunu sənə göstərim, gör ermənidir? - Artur Rasi-zadə

Bu gün Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin 90 yaşı tamam olur. Eks-baş nazir ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev” Ordeninə layiq görülüb. Artur Rasi-zadədə yubiley günündə "musavat.com"un suallarını cavablandırıb.

Müsahibədən bir hissəni təqdim edirik:

- Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?

- Bəli, bəli. Elədir.

- Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin bu gün başqa hisslər keçirirsiniz...

- Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Köçəryan, Sərkisyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.

- Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?

- Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)

- Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?

- Ən çox minnətdarlıq... Minnətdarlıq... Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də Prezidentə cansağlığı arzulayıram. Ulu Öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu Öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü qiymət verdi.

- Böyük Hüseyn Cavidin məqbərəsini ziyarət etmək üçün Zəngəzur dəhlizindən keçən qatarla nə zaman Naxçıvana gedəcəyinizi düşünür və ya arzulayırsınız?

- Mən tam inanıram ki, o gün gələcək. Hələ uşaq vaxtına Naxçıvandan Bakıya qatarla gedib-gəlirdim. Düşünürəm ki, bundan sonra da belə olacaq. Birmənalı. Məndə şübhə yoxdur. Yalnız zaman və bir də o məsələyə qayıdıram ki, özümüz güclü olmalıyıq. Həm iqtisadi cəhətdən, həm də müdafiə qabiliyyətimiz çox güclü olmalıdır.

- Prezident Qərbi Azərbaycana qayıdışın da reallaşması məsələsini qətiyyətli şəkildə bəyan edib.

- Bəli. Bu, ədalətli mövqedir. Burada işğalçılıq, ya başqa bir şey yoxdur. Əksinə, tarixi sənədlər var, bu ərazilər 1920-ci ildən sonra Ermənistana necə verilib, bolşeviklərin qərarı ilə və sair. İndi başlayıblar ki, “Stepanakert”. 1923-cü ilədək bu şəhərin adı nə idi – Xankəndi. Bu, tarixdir. Yerevan əvvəldən “Yerevan” idi? Tarix var. Çətinliklə də olsa, bir az gec, bir az tez, həqiqət öz yerini tutur. Baxmayaraq ki, indiki zəmanədə ədalət çox da istifadə olunmayan bir sözdür. Amma ədalət yenə var və olmalıdır.

- Artur müəllim, indiki hökumət başçısı Əli Əsədovla təmaslarınız, görüşünüz olurmu? Hökumətin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Razısınızmı?

- Mən sənə bir söz deyim: bəziləri düşünür ki, Baş nazir işləmək asan məsələdir. Çətin vəzifədir, çox çətin məsələdir. Yalnız uğurlar, uğurlar, uğurlar! İndi Allaha şükür, işlər pis deyil, yaxşıdır. Prezidentin etimadını doğruldurlar. Özü də təkcə bizim ölkədə deyil, bütün ölkələrdə Baş nazir vəzifəsini daşımaq asan məsələ deyil, bunu camaat bilməlidir. Amma təəssüflər olsun ki, bəzi saytlar yazırlar... Sağ olsun, Prezident Artur Rasi-zadəni “Heydər Əliyev” Ordeni ilə təltif etdi, amma 20 Yanvar hadisəsində adı keçir. Boş-boş şeylərdir. Amma bir düşünmürlər ki, birinci katib, Moskvadan göndərilən ikinci katib, Baş nazir, Ali Sovetin sədri yerində olan 1-ci müavin Qorbaçova teleqram vurur? Özü də Nazirlər Kabinetinə yox, Prezidentə...Dünyada belə bir şey ola bilərmi?

- Yubiley günündə qanınızı qaraltmaq istəmədim. Amma vaxtaşırı belə iddialar ortaya atılır ki, guya sovet ordusunu Bakıya siz dəvət etmisiniz...

- (Gülür) Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1,5-2 il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, Rasi-zadənin anası ermənidir, gəlini də ermənidir. Deyirəm mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var...Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasi-zadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh... Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram.

- Misir Mərdanovun yazdığı kimi, sizin şadlıq evləriniz, ya villa-saraylarınız olsaydı...

- Oooo (bərkdən gülür). Bir hektar torpaq, ya bir dənə mağaza tapsınlar, mən onlara qurban verirəm.

- Harada yaşayırsınız?

- Sağ olsun Prezident, mən dövlət bağında yaşayıram.

- Misir müəllim sizin Azərbaycan dilində incəliklərinə qədər səlis danışdığınızı da yazıb. Bəzən dilimizə görə də ittiham olunursunuz. Sizinlə sərbəst danışırıq, görürəm ki, ciddi çətinliyiniz yoxdur.

- Açıq desəm, bəli, mən xüsusilə də qabaqlar Azərbaycan dilini rus dili kimi bilmirdim. Bu, mənim nöqsanımdır, bəli. Mən bunu qəbul edirəm. Amma... Məsələn, Yekaterina rus dilini bilmirdi, amma imperiyanı dünya səviyyəsinə qaldırdı. Amma gəlin Cavidin şeirlərindən danışaq, görüm mənim qabağıma çıxa bilərlərmi? (Ürəkdən gülür)

- Cavidi əzbər bilirsiniz, eləmi?

- Bəli, əlbəttə. (“İblis”dən bədahətən söyləyir)

“Oturarlar, söyləşərlər, anlaşılmaz sözləri,

Həp baxarlar, amma görməz gözləri.

İdraksız başçıları, qeyrətsizlik ancaq

Milləti edib əllərdə oyuncaq.

İblis nədir? Cümlə-xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? İblis! (Ardınca da ürəkdən gülür).

Doğrudan da mən şairlər, yazıçılar kimi dili bilsəydim, çox şad olardım. Amma rus məktəbi qurtarmışam, anam rusdilli olub. Müharibə vaxtı atasız...Mən heç atamı xatırlamıram. Müharibəyə getdi və ilk aylarda həlak oldu. Anam iki uşağı ilə təkbaşına qaldı. Çox dəhşətli taledir. Mən məktəbi Lənkəranda bitirmişəm. O vaxt çörəyi “kartoçka” ilə verirdilər. Aylıq kitabça verirdilər, gedirdik, “kartoçka” ilə 150 qramlıq çörəyi alırdıq. Lənkəran böyük şəhər deyildi, hamı bir-birini tanıyırdı. Biz, balaca uşaqlar acından gecə yata bilmirdik. Gedirdik o dükana, deyirdik səhərki çörəyi axşam ver, biz yeyək. Bax, mən belə böyümüşəm.

- Çox ağır mənzərədir. Siz Lənkəranda neçə il yaşadınız?

- 17 il. Mən Gəncədə doğulmuşam. Atam Gəncədə işləyirdi. Sonra atamı (Tahir Şeyx Məhəmməd oğlu Rasi-zadə-E.P.) Lənkərana göndərdilər, Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini oldu. Sonra müharibəyə çağırdılar, qayıtmadı.

- Allah rəhmət eləsin. Artur müəllim, bu günlərdə rus məktəbləri ilə bağlı müzakirələr gedir. Rusca təhsil alan biri kimi, sizin fikriniz necədir?

- Mən rus məktəblərinin bağlanmasının əleyhinəyəm. Həm rus dilini, həm ingilis dilini öyrənməliyik. Rusiya bizim qonşumuzdur. Siyasi məsələlər də düzələcək, inşallah. İqtisadi məsələlər var. Rus dilini bilməsəm, mən bütün Orta Asiya ilə necə danışacağam?

- Bəs rus məktəblərinin dövlət hesabına fəaliyyətinə necə baxırsınız?

- Məndən olsa, dövlət hesabına Çin məktəbləri də açardım. Çünki gələcək Çinin əlində olacaq.

- Sonda ABŞ Çinə uduzacaq?

- Bəli. Ancaq zaman. İndi bərabərdirlər.

- Bəs Ukrayna müharibəsi nə ilə bitəcək?

- Ooo. Buna mənim cavabım yoxdur.

- Növbəti dəfə Azərbaycana şimaldan təhlükə ola bilərmi?

- Mən düşünmürəm. Yox. Rusiya birmənalı şəkildə təyyarə hadisəsinə görə Azərbaycandan üzr istəməlidir. Cənab Prezident dedi ki, mən başa düşürəm, bu hadisə bilərəkdən edilməyib, amma bunu boynuna al da. Fakt göz qabağındadır. Siyasət belədir də. Təəssüflər olsun ki, imperiya düşüncələrinə hələ son qoyulmayıb.

- Putin yenidən SSRİ-ni bərpa etmək fikrinə düşə bilərmi?

- SSRİ də olmasa, nəsə ona bənzər şey...


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!