Deputat sahibkarların müdafiəsinə qalxdı"Dünya Bankının “Business Ready” göstəricilərində ölkənin mövqeyini yaxşılaşdırmaq əladır. Reytinqlərdə yüksək bal toplamaq vacibdir. Amma etiraf etməliyik ki, iqtisadiyyatı reytinq qurmur, sadəcə xarici sərmayədarda inam yaradır. Mən isə yerli biznes üçün danışmaq istəyirəm".
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Bu gün əsas problem nədir? Biznes qurmaq istəyən insan ideya tapmaqdan çox, sənəd toplamaqla məşğul olur. İcazələr, razılaşmalar, təsdiqlər, müxtəlif qurumların paralel tələbləri – bunlar sahibkarın enerjisini istehsala yox, kağız dövriyyəsinə sərf etdirir.
Biz deyirik məşğulluq artsın. Amma iş yerini dövlət açmır, iş yerini biznes açır. Biznes isə yalnız o yerdə böyüyür ki, mühit sadə, aydın və proqnozlaşdırıla bilən olsun”,- deyə R.Nurullayev vurğulayıb.
Deputat eyni zamanda əmək münasibətlərində şəffaflığın, eləcə də sosial müdafiənin vacibliyinə də diqqət çəkib:
“Amma mexanizm o qədər mürəkkəb olmamalıdır ki, işəgötürən kölgəyə çəkilməyi, ya da ümumiyyətlə fəaliyyət göstərməməyi daha təhlükəsiz saysın.
Mən hesab edirəm ki, bu cür dəyişikliklər paralel olaraq daha böyük bir hədəfə xidmət etməlidir: biznes sahəsində mürəkkəb sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi. Sahibkar dövlət orqanı ilə mübarizə aparmamalıdır. O, rəqabətli bazarla mübarizə aparmalıdır.
Biz beynəlxalq reytinqlərdə bal toplaya bilərik. Amma real nəticə o zaman olacaq ki, ölkədə elə mühit yaradaq ki, insanlar həvəslə biznesə başlasın, qorxmadan sərmayə qoysun, yeni iş yerləri açsın”.
R.Nurullayev əlavə edib ki, iqtisadi inkişaf sənədlərin qalınlığı ilə yox, işləyən müəssisələrin sayı ilə ölçülür:
“Əgər biz doğrudan da iqtisadiyyatı böyütmək istəyiriksə, prioritet aydındır: daha az bürokratiya, daha çox fəaliyyət azadlığı”, - deyə deputat bildirib.