Oktyabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar Artist Natəvan Hacıyevanın “Televiziya dünənim, bu günüm və sabahımdır” adlı kitabın təqdimatı keçirilib.Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif kitabı milli televiziyamızın yaranmasının 60 illiyinə həsr edib. Kitab iki hissədən ibarətdir. Birinci hissə televiziyanın yaranma tarixinə, ikinci hissə isə müəllifin həyat və yaradıcılığına həsr olunub.
Tədbirin aparıcısı şairə-yazar Sara Göyçəli kitabın məziyyətlərindən, eləcə də N.Hacıyevanın mənalı ömür yolundan və çoxşaxəli yaradıcılığından danışıb.
Bildirilib ki, Bakıda ziyalı ailəsində dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. Natəvan Hacıyevanı tamaşaçılara sevdirən aydın diksiyası, şirin danışığı, gülərüzlüyü və qəlbə yatan məlahətli səsi olub.
Vurğulanıb ki, “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan bu kitabın redaktoru Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin müdiri Çingiz Ələsgərlidir.
Publisist-politoloq Reyhan Mirzəzadə bildirib ki, N.Hacıyevanın bu kitabı Azərbaycan Televiziyasının yaranma tarixinə bir töhfədir. Kitabı vərəqləyən hər bir kəs N.Hacıyevanı daha yaxından tanıyacaq və onun keçdiyi ömür yoluna yenidən nəzər salacaq.
Vurğulanıb ki, N.Hacıyeva mənalı ömrünün 56 ilini milli televiziyamıza həsr etsə də, “Aygün” filmindəki epizodik rolunu sənətdə ilk debütü sayır. Onun 2000-ci ildə çapdan çıxmış “Mən o günləri yaşamışam” kitabında Azərbaycan televiziyasında çalışdığı illərlə bağlı unudulmaz xatirələri öz əksini tapıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva kitabın çap olunmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib və Azərbaycan Televiziyasının keçdiyi tarixi inkişaf yolundan söz açıb.
Sonda bütün iştirakçılara minnətdarlığını bildirən N.Hacıyeva deyib: “Noyabrın 6-da Azərbaycan televiziyasının 60, radiosunun isə 90 illiyi tamam olur. Mən də ömrümün 56 ilini milli televiziyada keçirmişəm. Ona görə də bu kitabı yazmağı özümə borc bildim”.
Müəllif deyib ki, bu əsəri gənc nəslə hədiyyə edib. Ona görə ki, gənclər Azərbaycan televiziyasının yaranmasını, keçdiyi inkişaf yolunu yaxşı bilməlidirlər.
Natəvan Hacıyeva ona göstərilən böyük hörmət və ehtiramı daim uca tutacağını və bundan sonra da gənc diktorların yetişməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.