Səhər saatlarında Bakıda həyat yoldaşını qətlə yetirən polislə bağlı bəzi detallar məlum olubQətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova
Bütov.az-a bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub:
“Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.
N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib:
“Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.
Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:
“Yoldadır, gəlir, elə bilir yaralıdı”.
Qeyd edək ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.