Azərbaycanda şok əməliyyat: Milyonluq dövriyyəsi olan şəbəkə ifşa edildi - VİDEO
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən “İnstagram” sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib. Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açmış və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub. Belə ki, bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb. Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub. İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub. Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası CM-in 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.
Bakıda kütləvi dava: Tələbəyə 5 xəncər zərbəsi endirildi
Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var. Hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb. Belə ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib. Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib. Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar. DİN-in Mətbuat Xidmətin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, paytaxtın Xətai rayonunda bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə daxil olmuş məlumat üzrə araşdırma başlanılıb. Əməli törədən şəxsin və ya şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.
Prokuror Nazim Bəydəmirliyə 9 il iş istədi - MƏHKƏMƏ
Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən sabiq deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış edərək sabiq deputatın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, eks-deputat 2023-cü ilin iyulunda həbs olunub. İttihama görə, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Goranboyda məktəbli bıçaqlanıb. Hadisə Səfikürd kənd tam orta məktəbində baş verib. Belə ki, məktəbin 11-ci sinif şagirdi Musayev Ramal Röyal oğlu məktəbin digər şagirdi Həsənəliyev Arif Elsevər oğluna bıçaqla xəsarət yetirib.Yaralı xəstəxanaya yerləşdirilib. vəziyyəti normaldır. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəhid xanımı adı ilə dələduzluq edən qadın həbs olundu
Mingəçevirdə dələduzluq edən qadın tutulub. Mingəçevir ŞPŞ-nin əməkdaşları dələduzluqda şübhəli bilinən Rəsmiyyə Kazımovanı saxlayıblar. Məlum olub ki, R.Kazımova zərərçəkmişə özünü şəhid xanımı kimi təqdim edərək, dövlət tərəfindən veriləcək fərdi yaşayış evini ona pay edəcəyini bildirib. O, sənədləşmə üçün həmin şəxsin 22 500 manat pulunu dələduzluqla ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Kazımova barəsində həbs qətimkan tədbiri seçilib. Onun analoji əməllərindən zərər görən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
Dövlət qurumlarına qarşı qalmaqallı kibercinayətlə bağlı şok detallar
Daha əvvəl məlumat verildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olub, Azərbaycan Respublikasının vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirmiş şəxslər barədə Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi aparılır. Bu gün Bakı şəhəri Səbail rayon məhkəməsində iş üzrə Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə təqsirləndirilən Dünyamalıyev Cavid İlqar oğlunun barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə prosesi keçirilib. Məlum olub ki, C.Dünyamalıyevin rəhbərlik etdiyi qrup Səhiyyə Nazirliyinin "e-health.gov.az", Elm və Təhsil Nazirliyinin "miq.edu.az" və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sərəncamlarında olan xüsusi serverlərə ötürüb. Daha sonra isə "Tik Tok" və "Teleqram" sosial şəbəkələrində yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını həyata keçirməyə cəhd ediblər. Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif tanınmış simaların fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər. Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları bloklanıb və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları aradan qaldırılıb. Məhkəmənin qərarı ilə C.Dünyamalıyevin barəsində həbs qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılıb.
Atasını döyərək öldürən şəxs anlaqsız vəziyyətdə imiş
Cari il aprelin 29-da Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. Göyçay rayon prokurorluğundan verilən məlumata görə, istintaqla 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Kamal Əhmədova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri nəticəsində cinayət əməli törədilən zaman Kamal Əhmədovun anlaqsız vəziyyətdə olması, habelə cəmiyyət üçün təhlükəli olaraq qalmaqda davam etməsi müəyyən edildiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanıb. İş üzrə istintaq tamamlanaraq Kamal Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib. İş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı şəhər sakini olan qadın aldadılaraq 8000 manatının alınması barədə polisə müraciət edib. Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən Q.Əhmədova müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
22 yaşlı gənc qəbiristanlıqda qətlə yetirildi - Tutulan var
Saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mubahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. M.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!