Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər.
Dərmanların qiyməti elə bahalaşıb ki, həkimin yazdığı dərmanların yarısını almışam, yerdə qalanlarına da pul çatmadı deyə pensiya veriləndə alacağam. Bu sözləri 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yaxınlığında yerləşən aptekdən dərman alan Qətibə Müslümova deyir. Həkimin ona yazdığı 5 dərman preparatından üçünü almağa pulu çatan Q.Müslümova hər ay pensiyasının xeyli hissəsini dərman almağa xərclədiyini bildirir... Bütöv.az xəbər verir ki, Sputnik Azərbaycan-ın dərman preparatlarının qiyməti ilə bağlı paytaxtda apardığı sorğu zamanı dərmanların qiymətinin son dövrlər bahalaşdığı, bəzi dərman preparatlarının isə ümumiyyətlə tapılmadığı üzə çıxıb... "Bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq" Öncə yolumuzu 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yerləşən apteklərdən salırıq. Xəstəxananın ətrafında çoxlu sayda aptek olduğundan tibb müəssisəsindən çıxan xəstələrin mütləq əksəriyyəti həkimlərin onlara yazdığı reseptlərlə ətrafdakı apteklərə yaxınlaşırlar. Apardığımız müşahidələr göstərdi ki, aptekə daxil olan xəstələrin çoxu dərmanların qiymətini öncə kassada hesabladır, daha sonra alıb-almamaq barədə qərar verirlər. Qətibə Müslümova da həmin xəstələrdən biridir. O, Sputnik Azərbaycan-a bildirib ki, dərmanların ikisini almağa pulu çatmadığından pensiyasının köçməsini gözləyəcək: "Həyat yoldaşıma da həkim dərman yazıb. Bir ayda iki xəstənin dərmanını almağa imkan olmur. Ona görə də bu ay həkimə gedib dərmanlarımızı gələn ay alırıq".
Q.Müslümova dərmanların qiymətinin bahalaşmasından da şikayətlənir. Deyir ki, dərman preparatlarının qiymətində son bir ayda daha çox artım var: "Əvvəl 17 manata aldığım dərman 21 manat olub. Dərmanlar da ərzaq kimi hər gün bahalaşır". Şiraslan Rüstəmov da təqaüdçüdür. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həm özü, həmçinin də həyat yoldaşının səhhətində problemlər var. Dərman isə çox baha olduğundan almağa maddi imkanları çatmır.
Apteklərdən birindən dərman alıb çıxan paytaxt sakini Fətəliyev Qərib aldığı dərmanlara 64 manat pul xərclədiyini bildirdi. Onun sözlərinə görə, son bir ayda dərmana 440 manatdan çox pul xərcləyib: "Dərmanların qiyməti çox bahadır. Alıb istifadə edə bilmirik. İndi aptekə girib bir neçə dərman aldım, 64 manat pul tutdu. Bu da qəbzi, baxa bilərsiniz..." Gənc valideyn Könül Orucova isə bildirdi ki, ötən ay uşaq üçün 9 manat 90 qəpiyə aldığı "Depovit" preparatını dünən 10 manat 30 qəpiyə alıb. 3 manat civarında olan Anaferon preparatının qiyməti isə 9 manata çatıb. "Prospan" adlı öskürək əleyhinə preparat isə 7 manat 40 qəpikdən 8 manat 40 qəpiyədək bahalaşıb. Digər sorğu iştirakçısı isə "Epivulan-500 mg" dərman preparatının son bir ildə 22 manatdan artaraq 25-30 manat olduğunu bildirdi.
Paytaxt sakini Müşviq Abdulla deyir ki, koronavirusun müalicəsində qandurulducu kimi istifadə olunan və çox zəruri preparat sayılan "Kleksan" iynəsi 2020-ci ilin avqust ayında apteklərdə 6,5-7 AZN-ə təklif olunurdu: "Tələbatın artmasından istifadə edib hazırda apteklərdə və xəstəxanalarda "Kleksan"ı pasiyentlərə 25-26 manata satırlar. Halbuki, "Kleksan" xəstələrə pulsuz verilməlidir". Bəzi dərmanlar qəhətə çəkilib Sorğumuzda iştirak edən digər respondentlər isə dərmanların əksəriyyətini tapmadıqlarından şikayətləndilər. Onların sözlərinə görə, apteklərdən "NormaKids", "Ventalin", " Acc", "Alfa " ,"Vizin", "Vikasol", "Doktor MOM", "İmodum", "Ulkavis", "Reqidron"," "Finlepsin", "Mukossi" hətta bor-spirt məhlulu, rvanol, marqans kimi vasitələr də yoxa çıxıb. Paytaxt sakinləri bildirdilər ki, apteklərdən onlara sadalanan dərman preparatlarının firmalar tərəfindən gətirilmədiyi bildirilib.
Apteklərdən bizə də verilən cavab təxminən eyni oldu. Sadalanan dərman preparatlarının hansı səbəbdən satılmadığını soruşduqda, firmaların həmin dərman preparatlarının ölkəyə gətirilməsinə gələn ildən başlayacağı deyildi. Aptek satıcılarının sözlərinə görə, onlar dərman firmaları və depolardan daxil olan dərmanları satırlar. Sadalanan dərman preparatları isə bir neçə aydır ki, apteklərə satışa verilmir. Depolar isə gömrükdə yaranan problem üzündən bəzi dərman preparatlarının ölkəmizə idxalının ləngidiyini söylədilər. Apteklər and-aman edir ki... O ki qaldı dərmanların qiymətinin baha olmasına, apteklər 20 faiz dərmanların qiymətində dəyişiklik olduğunu bildirdilər. "Şəfa" aptekdən əczaçı bildirdi ki, dərmanların 20 faizinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Yerdə qalan dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyindən, qiymət artımından söhbət gedə bilməz! Cədvəldə bir qiymətdir, aptekdə bir qiymət Vətəndaşların qiymət artımından şikayətləndiyi bir neçə dərman preparatı ilə bağlı araşdırma apardıq. Tarif Şurasının saytında yer alan, "dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri cədvəlində" Rusiyanın istehsalı olan "ANAFERON INTERFERON" 3 mq sorma tabletin topdansatış qiyməti 6,59, pərakəndə satış isə 7 manat 91 qəpik göstərilib. Eyni adlı dərmanın uşaqlar üçün olanı isə cədvəldə topdansatış qiyməti 6 manat 72 qəpik, pərakəndə satış isə 8 manat 6 qəpik göstərilib. Halbuki, bu gün satışda bu adda dərman preparatı 8 manat 40 qəpik, 9 manatdan ucuz satılmır.
"Epivulan-500 mg" dərman preparatının isə cədvəldə qiyməti 23-25 manatdır. Bu gün bu dərman preparatı satışda 25-30 manata təklif olunur. "Kleksan" inyeksiya üçün məhlulun iki ədədinin 0,2 ml şprisdə topdansatış qiyməti isə Tarif Şurasının qiymət cədvəlində 5 manat 62 qəpik, pərakəndə satışda 6 manat 74 qəpik göstərilib. 0,4 ml şprisdə isə topdansatış qiyməti 11 manat 88 qəpik, pərakəndə satışda 14 manat 26 qəpik təşkil edir. Amma bu qiymətə satışda "Kleksan" tapmaq müşkül məsələdir. Dərdimizi kimə deyək? Apteklərdən də Sputnik Azərbaycan-a bildirdilər ki, "Kleksan"a koronavirus xəstələri tələbatı artırıb. Ona görə də bu inyeksiya elə depolardan baha gəlir. Apardığımız araşdırma zamanı bəlli oldu ki, apteklərdə dövlət tərəfindən qiyməti tənzimlənən dərman preparatlarının əksəriyyətinin qiyməti bahadır. Tarif Şurasından isə bildirdilər ki, belə hallar olduqda vətəndaşlar öz şikayətlərini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bildirə bilərlər. Bu zaman həmin apteklərə qarşı qanunamüvafiq tədbir görüləcək.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığorta xidmətləri göstərilir. İcbari Tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəsə də gələcəkdə ambulator xəstələrin dərman preparatlarını da pulsuz alması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdır:
"Bəzən xəstələr özlərində hiperdiaqnostika aparmağa meyilli olurlar. Özləri KT, MRT, rentgendən keçir, əməliyyat olunmaq, xəstəxanada yatmaq istəyir. Amma ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmır. Səbəb məlumdur. Məsələn, xəstə antibiotik içməlidir. Bu müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orada dərmanlar da pulsuzdur. Bu xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayır". Ələkbərovun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək. Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq. Reseptlər onlayn olanda, dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentlərin xəstəxanaya düşmək istəyi də sönəcək.
Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.
Qərbi zəngəzurlular Zəngilan şəhidliyində
Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur. Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.
Azad Zəngilanın qonaqları
Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib. Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.
Mahnur Hüseynova Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru