Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 1-03-2022, 10:43
Şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi ev istifadəyə veriləcək
Ölkəmizin 41 şəhər və rayonunda şəhid ailələri və müharibə əlilləri üçün 500-ə yaxın fərdi evin tikintisi artıq yekunlaşmaq üzrədir. Evlər yaxın vaxtlarda istifadəyə veriləcək.

Butov.az APA-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya iclasında qeyd edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri, kollegiyanın sədri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ötən il də ölkəmizdə ciddi sosial irəliləyişlərin əldə olunmasına və 2022-ci ilə yeni sosial islahatlarla başlamağa imkan verdiyini vurğulayıb.
Nazir 2021-ci ildə imtiyazlı kateqoriyalardan olan vətəndaşlara təqdim edilən mənzillərin sayının 3 il əvvələ nisbətən 5 dəfə artaraq 3 minə çatdığını, cari ildə də bu istiqamətdə işlərin davam etdirildiyini deyib.

İndiyədək həmin vətəndaşlara 12300-dən çox mənzil və fərdi ev verildiyini bildirən S.Babayev 2022-ci ilin növbəti islahat paketi olaraq 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlarla başladığını, bu artımlara illik əsasda əlavə 2,1 mlrd. manat sərf olunacağını diqqətə çatdırıb.

Qeyd edilib ki, ötən dövrdə yaradılan, Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 2,1 mln. əhalini, o cümlədən sosial müdafiəyə cəlb olunmuş 450 min şəxsi əhatə edən 5 DOST mərkəzi tərəfindən 700 mindən çox vətəndaşa xidmət göstərilib. Bu il Bakı şəhəri üzrə 5 saylı Bakı DOST Mərkəzinin və DOST Agentliyinin ilk regional mərkəzi kimi Bərdə rayonunda DOST mərkəzinin açılması planlaşdırılır.

Agentliyin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi də fəaliyyətə başlayacaq.

Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi üçün bu il və növbəti illərdə müvafiq addımlar atılacaq. “Könüllü DOST” proqramının nailiyyətlərindən bəhs olunub və proqramın rəsmi saytının da hazırlanmaqda olduğu diqqətə çatdırılıb.

Əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq işləri aparıldığı, əməkdaşların bu sahədə peşəkar səviyyədə hazırlığı üçün təlimlərə cəlb olunduqları və s. qeyd edilib. Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən səyyar reabilitasiya və icma əsaslı reabilitasiya xidmətlərinə də başlanmasının nəzərdə tutulduğu, fərdi reabilitasiya proqramının tətbiqi işləri diqqətə çatdırılıb.

Bu il Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinin başa çatdırılacağı və istifadəyə veriləcəyi, 2 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin də əsaslı təmir və yenidənqurmadan sonra, həmçinin müəssisənin tikilən yeni korpusunun bu il açılışının nəzərdə tutulduğu bildirilib.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin filialları əsasında 12 Regional Sosial Xidmət Mərkəzi və onların tabeliyində ixtisaslaşmış sosial xidmət mərkəzlərinin yaradılacağı barədə məlumat verilib. Sosial təminat və sosial xidmət proqramların əhatə dairəsinin genişləndirilməsinin, uşaqların müəssisələrdən ailələrə qovuşmalarını nəzərdə tutan re-inteqrasiya tədbirlərinin gücləndirilməsinin əsas hədəflərdən olduğu, “Sosial Məsuliyyət Platformasının” hazırlanması işlərinin aparıldığı bildirilib.

Sosial sahədə rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi işlərindən bəhs olunub. Nazirlik üzrə 110 e-xidmətin, o cümlədən 46 proaktiv xidmətin fəaliyyət göstərdiyi, Nazirliyin Elektron hökümət portalına yerləşdirilmiş xidmətlərinə bu ilin yanvar-fevral aylarında 2 635 400, e-sosial.az portalına 2 766 553 müraciət qeydə alındığı diqqətə çatdırılıb.

Nazirlik üzrə 30 növ e-arayış xidmətinin olduğu və həmin xidmətlər vasitəsilə bu ilin əvvəlindən artıq 108,8 min arayışın e-qaydada verildiyi bildirilib.

Qeyd edilib ki, Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən bu ilin əvvəlindən Nazirliyin informasiya bazalarına sorğu sayı 35 milyon olub.

Yeni hazırlanmaqda olan e-sistemlər barədə də məlumat verilib.

İclasda 2022-ci il üzrə qarşıda duran sosial hədəflərə doğru mühüm işlərin aparıldığı vurğulanıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Əlillik siyasəti, Sosial təminat siyasəti, Strateji planlaşdırma və innovasiyalar şöbəsinin, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbələrinin, Nazirliyin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin, DOST Agentliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin 2021-ci il üzrə fəaliyyətinin nəticələri və 2022-ci ildə qarşıda duran vəzifələri müzakirə olunub.

Həmçinin Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən həssas əhali qruplarından olan şəxslərə (ailələrə) maddi yardımın göstərilməsinə dair Təlimatın, yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələlərinin müzakirəsi aparılıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!