“İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir.”
Butov.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib. Onun sözlərinə görə, cəmiyyətimiz köhnəlmiş “camaat nə deyər?” düşüncəsinin təsirindən çıxa bilməyərək bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında “əzilir”:
“Fikrimizcə, vətəndaşlarımızın bu mənfi stereotipdən uzaqlaşması yalnız maariflənmə sayəsində mümkündür. Onlar bilməlidirlər ki, yas adı altında keçirilən “qonaqlıq” və “banketlər”in İslam dininə heç bir aidiyyəti yoxdur, 3, 7, 40 və bu kimi mərasimlər barədə dinimizdə heç nə bildirilmir. İslama görə dəfn mərasimindən sonra dünyasını dəyişən şəxsin yaxınlarının qonşular və qohumlar tərəfindən ziyarət edilməsi bəyənilən əməllərdəndir.
Dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq vəfat edən şəxsin evinə gətirə bilərlər. Dinimizin qanunlarına görə, yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin (qonşu, tanışlar, qohum-əqrəba) orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür”.
Elnarə Kərimova bildirib ki, dinimizdə dünyasını dəyişmiş insan üçün 3 gün yas mərasiminin keçirilməsi deyil, yas saxlanılması qəbul edilir. Bu müddət ərzində insanlar dünyasını dəyişmiş şəxsin ailəsini ziyarət edir, dəstək nümayiş etdirir və təskinlik verirlər:
“Ancaq ölmüş şəxsin ailəsini xərcə salmaq, ehsan vermək məqsədilə süfrə açmaq yalnız insanlar tərəfindən uydurulmuş mərasimlərdir. İnsanlara aşılanmalıdır ki, yas məclislərinin belə formada keçirilməsi sosial bərabərsizliyi dərinləşdirməklə cəmiyyətdə adət-ənənələrə yanaşmada təbəqələşmə yaradır. Verilən yemək və başqa məhsul çeşidlərinin ifrat dərəcədə çoxluğu Allahın haram buyurduğu israfa səbəb olur, maddi və mənəvi balansı pozur”.
O, qeyd edib ki, yas məclislərinin sadə şəkildə keçirilməsinin vacibliyi, israfçılığa yol verilməməsi mövzusunda cəmiyyətin maariflənməsində din xadimlərinin, məclisləri aparan axund və imamların da üzərinə mühüm vəzifə düşür:
“Sözsüz ki, yasların təmtəraqla, “qonaqlıq” və “banketlər” formasında təşkili mərasim zalları xidmətləri təklif edən və “çadır biznesi” ilə məşğul olan işbazların “dəyirmanına su tökür”. Bir müddət öncə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə müraciət edərək paytaxtın mərkəzi küçələrindəki çadır maşınlarının yığışdırılmasının zəruriliyini bildirmişdi. Lakin hələlik bunun qarşısını tam şəkildə almaq mümkün olmayıb. “Çadır biznesmenləri”nin təklif etdikləri VİP xidmətlərin məbləği gündən-günə artmaqdadır. Hesab edirik ki, xeyir və şər adətləri ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə qanun layihəsinin qəbul edilərək tətbiq olunmasına böyük ehtiyac var”.