Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə dairə seçki komissiyası (DSK) protokolunun və ona əlavə edilmiş sənədlərin yoxlanılmasının nəticələrinin müəyyənləşdirilməsi və seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi məsələsini müzakirəyə çıxarıb. MSK katibi Arifə Muxtarova deyib ki, MSK DSK protokolu və ona əlavə edilmiş sənədlərin yoxlayıb və seçkilər Seçki Məcəlləsinə uyğun keçirilib: “Ona görə də 90 saylı Ağdaş seçki dairəsi üzrəMilli Məclisə təkrar seçkilərlə əlaqədar seçkilərin ümumi yekunların dair protokol tərtib edilsin”.
MSK üzvü Şaiddin Əliyev deyib ki, seçkilər Avropa Şurası Parlament Assambleyasının Müşahidə Missiyası tərəfindən izlənib, seçkilər şəffaf və demokratik keçib: “Bu dairədəki 40 məntəqənin 10-da veb-kamera qurulmuşdu. Veb-kameralara baxanda aydın görünürdü ki, seçkinin nəticələrinə təsir etmək cəhdləri vardı. Ancaq məntəqə seçki komissiyalarının üzvləri o şəxslərlə sakit, səbirlə danışıb, hər şeyi izah edirdilər. Mən seçkidə qalib gələn Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovu təbrik edirəm və protokolun təsdiqlənməsini təklif edirəm”.
MSK sədri Məzahir Pənahov 90 saylı Ağdaş seçki dairəsində 40203 seçici olduğunu, seçki məntəqələrinin vaxtında açıldığını və bağlandığını nəzərə çatdırıb: “Biz həmin gün gecə seçkinin ilkin nəticələrini açıqladıq. Bu dairədəAvropa Şurası Parlament Assambleyasının 4 müşahidəçisi müşahidə aparırdı, o cümlədən 743 müşahidəçi qeydiyyatdan keçmişdi. Avropa ŞurasıParlament Assambleyasının müşahidəçiləri gün ərzində bizimlə əlaqə saxlayır, həm də KİV-lərə müsahibə verirdilər. Onlar seçkinin yüksək səviyyədə təşkil edildiyini, şəffaf keçirildiyini xüsusi qeyd edirdilər. Bizə 2-i müddəti ötməklə, cəmi 7 müraciət daxil olub.
Müşahidəçilərdən də bizə müraciət daxil olmayıb. Seçkilərlə əlaqədar məhkəmələrə də müraciət olmayıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən gec 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır. Ancaq bu durumda biz 20 gün gözləməyə ehtiyac görmədik”.
MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə bu dairədə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib.
Qeyd edək ki, seçkinin ilkin nəticələrinə əsasən, Cavid Osmanov 19774 səs (85.6 %) toplayıb.
Konstitusiya Məhkəməsi isə 10 gün müddətində təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiqləyəcək.
Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə təkrar seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.
APA