İyirmi dörd noyabr 2016-cı il tarixində “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ana və uşaq anemiyası – vaxtsız ölüm səbəblərindən biri” layihəsi çərçivəsində “Ana və uşaq sağlamlığına təhlükə - Anamiya” mövzusunda konfrans keçirdi. Tədbirdə Azərbaycan Qeyri-Hökumət Təşkilatları, Kütləvi İnformasiya Vasitələri, Nazim Hikmət adına kitabxana və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət xanım Rizvanqızı öncə tədbir iştirakçılarını salamladıqdan sonra “Ana və uşaq anemiyası – vaxtsız ölüm səbəblərindən biri” layihəsinin 2006- cı ildən silsilə tədbirlər şəklində həyata keçirildiyini vurğuladı. Himayət xanımın vurğuladığı kimi ana və uşaq ölümünün kökündə dayanan problemlərdən başlıcası məhz anemiyadır. Bölgə sakinlərini maarifləndirmək üçün bu il bir çox rayonlarımızda tədbirlər keçirdiklərini söyləyən Himayət xanım cari ildə son tədbir kimi məhz bu konfransı nəzərdə tutduqlarını söylədi. Və qarşıda bizi gözləyən ildə də bu mövzu ətrafında bir çox konfransların keçirilməsinin nəzərdə tutulduğunu sözlərinə əlavə etdi. Və hətta gələcəkdə “Ana və uşaq anemiyası – vaxtsız ölüm səbəblərindən biri” layihəsi çərçivəsində əhalini bu istiqamətdə maarifləndirmək üçün buklet və braşuraların hazırlanıb paylanmasının nəzərdə tutulduğunu söylədi.
“Himayədar” Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət xanım Rizvanqızı çıxışını başa vurduqdan sonra tibbi cəhətdən bu problemin daha ətraflı və dolğun çatdırılması üçün sözü Dr.Natiq Gözəlova verdi. Dr. Natiq Gözəlov tədbir iştirakçılarını salamladıqdan və bu layihəyə uğurlar arzuladıqdan sonra problem ətrafında elmi izahlara, maraqlı müzakirə və fikir diskusiyalarına start verdi. Onun sözlərinə görə anemiya qanda hemoqlabin və eritrasitlərin azalmasından əmələ gəlir. Həkimin sözlərinə əsasən uşaqlarda hemoqlabinin norması 10 qram, qadınlarda 11, kişilərdə isə bu norma 13-16 qrama bərabərdir. İnsan bədəninə dəmirin faydası böyükdür ki, onun 75% - i hemoqlabində, 25% - i isə sümük və ilikdə yerləşir. Dr. Natiq Gözlovun da söylədiyi kimi dəmirin miqdarı immun sisteminə birbaşa təsir edir. Məhz dəmirin orqanizimdə normal miqdarda olmaması anemiyaya gətirib çıxaran başlıca səbəblərdəndir. Bir çox inkişaf etmiş ölkələrdə dəmir una qatılaraq insanların istifadəsinə verilir ki, bu da millətin sağlamlaşdırma siyasətinə uyğun olaraq atılmış bir addımdır. Dr. Natiq Gözəlov sözlərinə əlavə olaraq ölkəmizdə də belə bir addıma böyük ehtiyac olduğunu vurğuladı və əlaqədar qurumların bu işlə tezliklə məşğul
olmasının əhali üçün kifayət qədər xeyirli addım olacağını sözlərinə əlavə etdi. Anemiyanın bir çox növlərinin olduğunu vurğulayan Natiq Gözəlov onlardan başlıcasının dəmir difsiti olduğunu söylədi. Anemiyanın dəmir difsiti növünə ölkəmizdə də sıx-sıx rast gəlindiyini vurğuladı. Anemiya məhz qanda dəmirin zülalının azlığından yaranan xəstəlikdir ki, sutkalıq zülal ehtiyacı qadınlarda 30 mikroqram, kişilərdə isə 10 mikroqram aralığındadır. Dəmirə olan ehtiyacı isə ən başlıca olaraq ət, meyvələrdən isə ilk növbədə almadan ödəyə bilərik. Bundan başqa göyərti məhsullarından cəfərinin və qarabaşağın tərkibində də insan orqanizminin dəmir tələbatını ödəməyə kömək edəcək zülallarla zəngindir. Həkimin vurğuladığı kimi qadınlarda anemiya hamiləlik dönəmində uşağın itirilməsi və erkən doğum kimi təhlükələrlə qarşı-qarşıya qoyur. Anemiyalı qadının dünyaya gətirdiyi uşaqda əsəbilik, immun zəifliyi və allergik xəstəliklər müşahidə olunur. Bundan əlavə doğum zamanı qadın ölümlərinin 20% - lik bir göstəricisinin anemiya səbəbi ilə olduğu bildirilir. Azərbaycanda hər yüz nəfərdən beşi anemiyadan əziyyət çəkir ki, bu da yalnız qeydiyyatda olan xəstələrin statiskasıdır. Bir çox xəstələrin qeydiyyatda olmadığını nəzərə alsaq o zaman bu statistikanın daha da ürək ağrıdan olduğunu söyləyə bilərik. 6-23 aylıq uşaqların arasında bu xəstəliyə daha sıx rast gəlinir. Təəssüf ki, ölkəmizdə də bu xəstəlik durmadan yayılır. Belə ki, ötən illərin statistikasına baxsaq bunu daha aydın şəkildə görərik: 2012-ci ildə ölkəmizdə anemiya daşıyıcıları 35 042 nəfər idisə, 2013-cü ildə 37 033, 2014-cü ildə 43 334 nəfər təşkil etməkdədir. Məhz bu artım anemiya qarşısında həyacan siqnalının çalınmasının vacibliyini göstərir.
Sonda konfrans iştirakçıları “Himayədar” Humanitar Tərəqqi İctimai Birliyinin sədri Himayət xanım Rizvanqızına belə faydalı tədbirin keçirilməsi və Dr. Natiq Gözəlova verdiyi dəyərli tövsiyyələr üçün dərin minnətdarlıqlarını bildirdilər. Bu tip konfransların tez-tez keçirilməsinin əhalinin məlumatlanması üçün faydalı olacağını vurğuladılar.
Səbuhi ALLAHVERDİZADƏ"Bütöv Azərbaycan"qəzetinin
xüsusi müxbiri