Pərvanə BAYRAMQIZI.Bədii əsərlərin tarixə zərəriBəlkə də, yaxşı cəhət deyil, amma tarixi daha çox bədii ədəbiyyatdan öyrənməyi sevirəm. Səbəb də tarix kitablarının mənə quru və soyuq insanları xatırlatmasıdır. Saysız-hesabsız rəqəmlərlə, dilimə yatmayan adlarla dolu olan bir mövzunu oxuyarkən ruhsuz yazılmış uzun-uzadı yorucu şeir oxuduğumu zənn edirəm. Rəqəmlərdən, hadisələrdən ibarət olması məni darıxdırır. Əgər Fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov bu fikirlərimlə tanış olsa deyəcək ki, “Kütlə tarixi tarixi əsərlərdən deyil, bədii əsərlərdən və senariləşdirilmiş bədii filmlərdən öyrənir. Bu ondan irəli gəlir ki, tarixi əsərləri oxumaq ya mümkün deyil, ya da çox çətindir. Məlumdur ki, tarixşünaslıqda təzkirənin, salnamənin, məxəzin və yaxud mənqəbə və traktatın öz funksiyaları vardır. Ancaq kütləni bunlar maraqlandırmır. Onlar üçün janr spesifikası yoxdur. Konkret mövzu və bu mövzuda udmaq istəyi var.
Aydındır ki, tarixi əsərlərdə həddindən artıq ağır üslub və dil, qəliz mənbələrin çoxluğu, hadisələrin uzun bir şəkildə mürəkkəb təsviri insanların böyük çoxluğunun təfəkküründə çətinlik yaradır. İnsan anlaya bilmədiyinin düşmənidır. Elə bu səbəbdən də toplumun böyük çoxluğu sadə düşüncəyə üstünlük verir. Bu baxımdan ya ağızdan eşitdiyini, yaxud bədii ədəbiyyatdan oxuduğunu, ən çox da bədii filmlərdən gördüyünü danışır və əsaslandırmağa çalışır.” qənaətində olmağımda haqlıyam. Bildirim ki, zehin sarıdan korluq çəkmirəm, qəliz yazılan hər şeyi oxuyub qavrayıram. Sadəcə, yanaşmam başqadır. Ola bilsin bu xüsusiyyəti yaradan yazıçı təfəkkürüdür. Biz daha çox ədəbi-bədii yazıları sevdiyimizdən tarix kitablarının səhifələrində qəribsəyirik. Bir çox söz adamlarının mənimlə həmfikir olduqlarını bilirəm. Təbii ki, tarixçilər üçün bu qəbuledilməzdir. Deyə bilərlər ki, bəs biz bu qədər faktları, hadisələri, rəqəmləri necə öyrənir, yadda necə saxlayırıq. Haqsız deyillər. Qətiyyən tarix dərsliklərinin, böyük zəhmət tələb edən tədqiqat əsərlərinin vacibliyini şübhə altına almaq fikrində deyiləm. Demək istədiyim budur ki, tarixi hadisələr bədii ədəbiyyatda daha canlı görünür. Burda da ürəyimcə olmayan məqam təhrifdir. Bədii ədəbiyyat yazıçı təxəyyülündən yarandığından müəllifin hadisələrə müdaxilə etməsi xronoloji pozğunluq yaradır. Tarixi əsər yazanda faktlara, ardıcıllığa toxunmaq düzgün deyil. Tarix olduğu kimi qalsa, yazıçı yanaşmasını onun üzərində qursa yaxşıdır. Bəzən dövrlə əlaqədar olaraq bədii əsərlərdəki mühit və hadisələr əsas götürülür. Əgər əsərdə təhrif olunmuş faktlar varsa bu lazım olan işə əngəl yaradacaq.
Mövzuya yazıçıların, rejissorların incəsənət və söz adamlarının yanaşması birmənalı deyil. Necə ki, alman şairi Höte: “Şair üçün heç bir tarixi sima yoxdur. O, öz mənəvi dünyasını təsvir etmək istəyir və bu məqsədlə bəzi tarixi simaların adlarını əsərinə daxil etməklə onlara şərəf vermiş olur” deyir, eləcə də çoxu “təxəyyülə azadlıq” prinsipi ilə yanaşaraq yazıçının istədiyi kimi yazmaq haqqı olduğunu bildirir. Yazıçılar başqa fikirdədirlər. Onlar tarixə öz rakurslarından yanaşmaqda qəbahət görmürlər. “Yazıçı sərbəstdir” deyirlər, “istənilən hadisəni öz süzgəcindən keçirib yazmağı onlara qadağan etmək olmaz”.
Yaxşı, tutaq ki, 1905-1907, 1914-1916, 1918- 1920, 1948-1953 və 1988-ci ildən bəri ermənilərin xalqımıza, yurdumuza qarşı törətdikləri cinayətləri bir yazıçı öz baxış bucağına uyğunlaşdırıb faktları təhrif etdi, Xocalı faciəsinin 1992-ci il əvəzinə 1905-ci ildə törədildiyini yazdı. Həmin şəxsin irad tutanlara Nizami Gəncəvinin anaxronizmlərini nümunə göstərərək
“tarixçi yox, yazıçıyam, əcəb eləyib yazmışam” deməsini düzgün hesab etməliyik? Təsəvvür edək ki, həmin əsər dünyaya çıxarılıb. Düşmən gülməyəcək? Deməyəcək, bu xalqın yazıçısı öz tarixini bilmir?
(Yeri gəlmişkən, bir-iki “humanist” yazıçı çıxıb ermənilərin əməllərini yumşaltsa, onları, sadəcə, “xəstə təfəkkürlü mllət” adlandırıb, xalqımızdan bağışlamağı istəsə neyləyərik? Pasifistlərin on ağız da satın alıb: “unudaq getsin” deməkləri gözləniləndir. Vallah-billah “tolerantlıq, pasifistlik, humanistlik” uydurmalar ancaq bizimçündür. Qəsdən təbliğ edirlər. Bizi yavaş-yavaş, hiss etdirmədən çökdürmək, hər şeyimizə sahiblənmək üçün ermənilərin xeyirinə hesablanıb bunlar. Heç bir xalq digərinə öz ölkəsindən pay vermir. Bunu təkcə bizdən tələb edirlər. Hesab edək ki, bağışladıq, kim ermənilərin kinsiz, ədavətsiz sülhlə yaşayacağına zəmanət verə bilər? Əminsinizmi, o əməllərdən yenə törətməyəcəklər? Tarixdə onların xalqımıza qarşı törətdikləri nə qədər təkrar əməllər var.)
Mövzudan bir balaca uzaqlaşdım, təzədən giriş üçün professor S. Xəlilovdan daha bir nümunəyə baxaq:
“Çox önəmli məsələlərdən biri budur ki, tariximizi və tarixi coğrafiyanı tam dəqiq bilməyənlər qədim dövrə aid ərazi adlarının müasir anlayışlarla zahiri səsləşməsindən sui-istifadə edən əcnəbi tarixçilərin felinə uymuş, toruna düşmüşlər. Məsələn, Azərbaycanda İslamdan öncəki tarix yaxşı araşdırılmadığından və sovet dövründə ictimai şüura düzgün çatdırılmadığından, ədəbiyyatda və publisistikada da alban abidələrinin erməniləşdirilməsinə adekvat reaksiya verilməmişdir. Yaxud Nizaminin də istifadə etdiyi “ərmən” anlayışı əcnəbi “bələdçilərin” yüngül əli ilə və sadəlövhlüklə “erməni” kimi qəbul olunmuşdur. Əslində “Ərməniyyə” tarixən türklərə məxsus olmuş yer adıdır. Eramızın III əsrində manixeylik də bu ərazidə yayılmışdır və manixey tarixçilərinin də göstərdiyi kimi, bunun haylara (bizim adi şüur səviyyəsindəki anlamda – ermənilərə) heç bir aidiyyəti yoxdur. Bütün bunlar öz gerçək, elmi tədqiqatını gözləyir. Yəni klassik bədii ədəbiyyat da tarix üçün həm suallar qoyur, həm də düşüncənin yönləndirilməsinə xidmət edir. Sadəcə olaraq, ədəbiyyatçılar, tarixçilər və filosoflar – hərə özü üçün deyil, birlikdə, ümumi səylərlə çalışmalıdırlar.”
Məncə, bunu nəzərə almalıyıq.Filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin fikrincə kütləni təzkirə, salnamə, məxəz, mənqəbə və traktın funksiyaları maraqlandırmır. Onlar üçün janr spesifikası yoxdur. Tarixi əsərlərdə həddindən artıq ağır üslub və dil, qəliz mənbələrin çoxluğu, hadisələrin uzun bir şəkildə mürəkkəb təsviri insanların böyük çoxluğunun təfəkküründə çətinlik yaradır. bu səbəbdən də toplumun böyük çoxluğu sadə düşüncəyə üstünlük verir. Bu baxımdan ya ağızdan eşitdiyini, yaxud bədii ədəbiyyatdan oxuduğunu, ən çox da bədii filmlərdən gördüyünü danışır və əsaslandırmağa çalışır. O, Nadir şahın münşisi Mirzə Mehdi xanın yazdığı “Tarixi-Nadir” yaxud “Kitabi-tarixi cahənkəşan məşhur və Tarixi-Nadir” əsərini və Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasını nümunə göstərir: “Tarixi-Nadir” kitabında hadisələrin uzun və sicilləmə bir şəkildə təsvir olunduğunu Üzeyir bəy Məşədi İbad obrazının dilinə gətirmişdir: “Mən özüm Tarixi-Nadiri”i yarısına qədər oxumuşam, sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?” situasiyası bunu aydın ifadə edir. Ancaq qəribədir ki, Üzeyr bəyin bu ürək ağrısı da yanlış anlaşılmış, toplumda belə rəy yaranmışdır ki, “Tarixi-Nadir” kitabı iki səhifədir, Məşədi İbad da onu yarısına qədər
oxuyub. Alim vurğulayır ki, tarixi əsərlərin qəlizliyi və mənbə çoxluğu insanları tarixi əsərlərdən deyil, bədii əsərlərdən öyrənməyə meylləndirmişdir.
Sitat gətirdiyim mənbədə ürəyimdən xəbər verən hissəni bütöv göstərməyi sevdiyimdən və müəllifin zəhmətinə dəyər verdiyimdən bəzi abzasları mətnə olduğu kimi əlavə edirəm:
Z.Bünyadov və S.Əliyarlı kimi tarixçi alimlər tarixi tarixi əsərlərdən oxumağın vacibliyini qeyd etmiş, bu mənfi tendensiyanın qarşısını almaq üçün hətta tarixi mövzuda bədii əsər yazmağın lüzumsuzluğunu əsaslandırmağa çalışmışdılar. Əlbəttə, bu təsadüfi deyildi. Bədii əsərlə tarixi əsər arasında çox fərqli texniki və metodoloji fərq mövcuddur. Bədii əsər yazan müəllif öz fikirlərini təqdim etmək üçün bütün mövzulardan, eləcə də tarix mövzularından istifadə edə bilər. Eyni zamanda bu nöqsan sayılmaz. Bunu ədəbiyyat nəzəriyyəsində ədəbi priyom adlandırmışlar. Lakin bu zaman kifayət qədər tarixi təfərrüatlar təhrif olunur. Bu da cəmiyyətin tarixə münasibətini dəyişir, milyonlarla insanın yanlış bilgi əldə etməsinə və yaymasına səbəb olur. Tarixi əsərdə isə tarixi faktlar dəyişdirilə bilməz, ancaq fakt əsasında fərqli münasibət yürüdülə bilər. Misallara keçək:
C.Cabbarlının məşhur “Od gəlini” əsərində Afşin (Aqşin) Babəkin doğma qardaşı olaraq süjet xəttində yer almış, burada yazıçı kombinasiyaları əsasında ziddiyyətlərin dramatizmi yaranmışdır ki, bu da əsəri baxımlı etmişdir. Ancaq konkret ərəb mənbələrində Afşin haqqında kifayət qədər geniş məlumat vardır və onun Babəklə heç bir qohumluq əlaqəsi olmamışdır. Bunu bilmək üçün şöhrətli tarixçi Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” tarixi məxəzlərdən ibarət monumental tarix əsərinə baxmaq kifayətdir. Təəssüf ki, tarixi əsər zəhmətinə qatlaşmaq istəməyən həddindən çox oxucu ( O dövrün tamaşaçıları) hələ də elə zənn edir ki, ərəb komandanı Afşin Babəkin doğma qardaşı olmuşdur. Hətta bu tarixi yanlışlığı B.Vahabzadə də “Dar ağacı” pyesi ilə davam etdirmişdir. Ancaq qeyd etdiyimiz kimi yazıçıları deyil, tarixi bədii əsərlərdən mənimsəyən adamları qınamaq lazımdır. Çünki onlar müəllif qurğusu ilə tarixçi arqumentini bir-birinə qarışdırırlar. Ancaq bizim gəldiyimiz qənaət budur ki, tarixi bədii əsərdə də heç bir fakt dəyişmədən işlətmək lazımdır ki, müəyyən yanlışlıqlar ortaya çıxmasın.
B
iz Babək filmini də bu baxımdan nəzərdən qaçıra bilmərik. Demək olar ki, toplumda Babək haqqında geniş təəssürat yaradan elə bu filmdir. “Babək” filminin ssenari müəllifi Ə.Məmmədxanlı, rejissoru E.Quliyevdir. Məlum olduğu kimi Babək roluna Rasim Balayev çəkilmişdir. Hətta bu gün Babək haqqında düşünən oxucunun yaddaşına assosiativ olaraq R.Balayevin tarixə bürünmüş üzü gəlir. Bu da onu göstərir ki, cəmiyyət əsas bilgiləri məhz tarixdən deyil, elə bu filmdən alır. Filmdə tez-tez mənbə olaraq göstərilən Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin məlum əsərini demək olaraq ki, oxuyan yoxdur. Bu əsər “Tarix-ür-rüsüli vəl-müluk” (Peyğəmbərlərin və hökmdarların tarixi) əsəridir. Bəlkə də heç çoxları bilmir ki, Ət-Təbəri Babəkin öldüyü ildə dünyaya gəlmişdir. Yəni Babək haqqında mübahisə edənlərdən çoxu ən yaxşı halda təəssüf ki, film əsasında mülahizə söyləməkdən çəkinmir. Halbuki film tarix deyil, müəllif qurğusudur. Əsla tarixi dəqiq ifadə etmir.
Cəmiyyət arasında olduqda məlum olur ki, toplum Ş.İ.Xətai haqqında olan məsələləri də heç də Səfəvi tarixçilərinin və başqa tarixçilərin əsərlərindən deyil, əsas etibarilə bədii əsərlərdən almışdır. Bunlardan ən məşhur əsərlər Ə.Cəfərzadənin “Bakı 1501”, F.Kərimzadənin Xudafərin körpüsü” və Ə.Nicatın “Qızılbaşlar” adlı tarixi romanlardır. Bu əsərlərdə də müəlliflər Ş.İ.Xətai haqqında yalnız birmənalı şəkildə bədii təəssürat yaratmışlar.
Biz İ.Nəsimi ilə bağlı mübahisəli fikirlərə də aydınlıq gətirmək istəyirik. Toplum İ.Nəsimi ilə bağlı fikirləri də daha çox “Nəsimi” filmindən və onun haqqında yazılmış bədii əsərlərdən almışdır. Bu filmin rejissoru H.Seyidbəyli, senaristi İ.Hüseynovdur. Bədii film 1973-cü ildə çəkilmişdir. Bu filmdə də baş rolda R.Balayevdir. Babək haqqında dediyimiz fikirləri eynən Nəsimiyə də aid edə bilərik. Bu film İ.Hüseynovun məşhur “Məşhər” romanının senariləşdirilməsi əsasında çəkilmişdir. Ancaq həmişə olduğu kimi romanda olan süjetlərin bir qismi senariyə düşməmişdir. Əsərdə müəllif baxışı əsasında tarixi fakta söykənmədən hətta Əmir Teymur hürufi kimi qələmə alınmışdır. Bu filmdən və romandan tarix əldə edən toplumun böyük bir hissəsi hələ də elə zənn edir ki, İ.Nəsimi özünü ələ verən kimi dərisi soyulmuşdur. Halbuki tarixi mənbələrdə İ.Nəsiminin bir ay həbsxanada saxlanması, onun mömin, yoxsa kafir olması haqqında mübahisələrin yaranması, nəhayət sultan İbn-Müəyyədin əmrindən sonra edam olunması haqqında kifayət qədər bilgilər var. Hətta dərisinin soyulub-soyulmaması da tarixçilər arasında mübahisə mövzusudur. Lakin bilgini tarixdən deyil, bəddi janrlardan alan toplumun düşüncəsində İ.Nəsimi bu şəkildə daşlaşmışdır.
Bu məsələ digər söylədiklərimiz haqqında da keçərlidir. Qaçaq Nəbini və s.qaçaqları bədii əsərlərdən alanlar da onları tarixdən ayrı şəkildə təsəvvür edir ki, bu zaman əsil tarixi situasiyanı öyrənmək çətin olur. Qaçaqlar kimi eyni zamanda uzun illər Kərbəlayi İsmayıl və Qəmlonu mənfi tip kimi xarakterizə edənlər bu gün siyasi anlayışların dəyişikliyinə uyğun olaraq əksini iddia edirlər. Ancaq bu zaman yenə də tarixi mənbələrə deyil, bədii bilgilərə və yaxud şayiələrə əsaslanırlar. Hətta “Dədə Qorqud” filmi ilə Dədə Qorqudu tanıyan toplumun mühüm bir hissəsi hələ də elə bilir ki, Qazan xanın oğlunun adı Turaldır. Halbuki “Dədə Qorqud kitabı”na baxsalar görərlər ki, Tural deyil, Uruzdur. Beləliklə biz demək istəyirik ki, toplum tarixi tarixdən deyil, bədii əsərlərdən oxuyub və bu tarixin bu şəkildə baş verməsini iddia etdikcə yanlışlar artacaq, doğrular isə yox olacaq. Elə buna görə də təəssüf ki, biz bu gün – XXI əsrdə H.Zərdabi düşüncəsinə qayıtmalıyıq. Toplum öncə maariflənməlidir ki, sonra doğru addım ata bilsin!”
Bu konuda yazıçıların yox, güzəştə getməyən tarixçilərin yanındayam.“Z. Bünyadov, Ə. Rəhimovla birlikdə “Tarixi həqiqətlər… Yoxsa təhriflər?” adlı məqaləsində yazırdı: “Tarixə müraciət heç də tarixi həqiqətləri təhrif etmək, ağa qara qaraya ağ demək deyil. Elə əsər yaratmaq lazımdır ki, oxucu buradakı hadisənin tarixi fakt olduğuna inansın. Necə ki, böyük M.F.Axundov yarımsəhifəlik tarixi məlumat əsasında “Aldanmış kəvakib” kimi gözəl bir povest yaratdı. Yaxud Ə. Haqverdiyev “Ağa Məhəmməd şah Qacar” faciəsini tarixi mənbələr əsasında qələmə aldığı üçün oxucunu çaşdırmır.
Tarixçi E. Əlibəyzadə “Ədəbi əsərdə tarixi həqiqətlərə qarşı” adlı məqaləsində Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” romanı ilə bağlı yazır: “Babək gördüyü işin bəşəriliyi mənasında dünyanın ən böyük tarixi şəxsiyyətlərindəndir. Buna görə də onun haqqında yazan istər sənətkar, istərsə də tədqiqatçı son dərəcə ehtiyatlı və dəqiq olmağa, bir an da məsuliyyət hissini unutmamağa çalışmalıdır. Babək haqqında ağlına nə gəldi uydurmaq olmaz”.
“Yazıçı tarixi hadisələri təfəkküründə genişləndirə bilər. Lakin bunu bədii təxəyyülün tarixi zorlaması mənasında başa düşmək lazım deyil”.
Tarixçi Ə. Rəhimovun “Bədii həqiqət, tarixi həqiqət” məqaləsindən. Antik ədəbiyyatın böyük nümayəndəsi Lukan: “Şeirin və poetik əsərlərin vəzifələri və qanunları bir başqadır, tarixinki isə bir başqa. Orada (şeirdə) tam azadlıqdır və yeganə bir qanun vardır: şairin iradəsi. Çünki o, ilahi bir qüdsiyyətə malikdir və ilham pərisinin hakimiyyətinə tabedir”.
Abzasları götürdüyüm mətnin müəllifi Aynurə Mustafayeva da tarixçilərin bu mövqeyini dəstəklədiyini bildirir. Düşünür ki, ədəbiyyat ümumi ictimai həyatın bir parçasıdır və o, yalnız bədii zövqün tələbləri çərçivəsində yaranmamalı, elmi-ictimai fikrin bir hissəsinə çevrilməyi bacarmalıdır.
Elə bunları deyirdim…