“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
8-07-2025, 17:12
Qarabağ Universitetində tibb fakültəsi açıldı - RƏSMİ


Qarabağ Universitetində tibb fakültəsi açıldı - RƏSMİ

Yeni tədris ilindən Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq.
Bu barədə Universitet məlumat yayıb.
"Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı, beynəlxalq təcrübələrə əsaslanan kompetensiyaya əsaslı 6 illik Tibb (müalicə işi) və 4 illik Tibb bacısı (qardaşı) proqramlarının tədrisi həyata keçiriləcək. Tibb və sağlamlıq elmləri fakültəsində Tibb (müalicə işi) üzrə 70, Tibb bacısı (qardaşı) istiqaməti üzrə isə 30 plan yeri üzrə tələbə qəbulu aparılacaq.
Fakültəmizdə tətbiq edəcəyimiz müasir təhsil modeli tələbələrin nəzəri biliklərini praktik vərdişlərə çevirməyə imkan yaradacaq. Eyni zamanda, inteqrə olunmuş və fənlərarası təhsil modeli vasitəsilə multidissiplinar yanaşmanın inkişafına yönələcək. Bundan əlavə, tələbələrə tədqiqat aparmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün də müxtəlif imkanlar təqdim olunacaq.

Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinin əsas üstünlükləri:

Beynəlxalq təcrübəyə malik professor-müəllim heyəti;

Pasiyentmərkəzli yanaşma – yalnız müalicə etməyi deyil, insanı anlamağı öyrədən proqramlar;

Multidissiplinar təhsil – tibb, ictimai sağlamlıq, qidalanma və digər sahələrin inteqrasiyası;

Ən müasir tibbi texnologiyalar və innovativ tədris metodları;

Qarabağ Universitetinin Klinikasında təcrübə;

Müasir simulyasiya mərkəzi.

Fakültəmizin fərqli xüsusiyyətlərindən biri isə seçmə fənn olaraq incəsənət proqramının tədris planına daxil edilməsidir. İncəsənət, tələbələrin özünüifadə, qrup daxilində əməkdaşlıq və ünsiyyət bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma tələbələrə əsas fənlərdə əldə edə bilməyəcəkləri yaradıcı və sosial bacarıqları qazanmaq üçün əlavə imkanlar təqdim edir",-məlumatda deyilir.
8-07-2025, 16:59
Prezident onlara diplomatik rütbələr verdi - SİYAHI


Prezident onlara diplomatik rütbələr verdi - SİYAHI

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının aşağıdakı əməkdaşlarına diplomatik rütbələr verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, aşağıdakı diplomatik xidmət orqanlarının əməkdaşlarına diplomatik rütbələr verilib:

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov İlham Nəriman oğlu

Mərdəliyev Seymur Qurban oğlu


ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov Raman Ağamalı oğlu

Səfərova Nərgiz Abbasqulu qızı.
8-07-2025, 10:28
Ağsaqqallar ehtiramla yad edilir


Ağsaqqallar ehtiramla yad edilir

Bu günlərdə Qafan Rayon İcmasının bir qrup fəalı Zəngəzur mahalının Dovrus kəndində dünyaya göz açan qocaman müəllim, 94 yaşlı Həsən Abışova baş çəkib, hal-əhval tutub. Həsən müəllimin evində, şirin süfrə arxasında keçirilən görüşdə Qafan Rayon İcmasının nümayəndəsi, şair Seyfulla Abbasov İcma rəhbərinin salamını şatdırıb. Həsən müəllimə xitabən bildirib ki, Qafan camaatının maariflənməsində, təhsil almasında və ictimai fəliyyətlə cəmiyyətdə tutduqları mövqenin qazanılmasında müstəsna xidmətlərinizi nəzərə alaraq Qafan Rayon İcmasının sədri, professor Eldar Abbasovun tapşırığı ilə biz Dovrus kənd icmasının rəhbəri Paşa Abbasov və Afiq müəllimlə birlikdə sizi təbrik eləməyə gəlmişik.

Seyfulla Abbasov İcma rəhbərinin məktubunu oxuduqdan sonra Dovrus kənd icmasının rəhbəri Paşa Abbasov icma adından Həsən Abışova verilmiş Fəxri Fərmanı sahibinə təqdim eləyib. Sonra eloğlular bir-biri ilə daha yaxından tanış olublar. Xatirələr çözələnib. Qürbətləşən ellərimizdən, o yerlərdə keçən günlərdən söhbət açılıb. Həsən müəllimin gənclərimizə örnək ömür səhifələri varaqlanıb:

Abışov Həsən Həşim oğlu 10 may 1931-ci ildə Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Dovrus kəndində anadan olub.
1938-ci ildə Dovrus kənd məktəbinin birinci sinfinə gedib, 1944-cü ildə yeddinci sinfi bitirib. 1945-1946-cı ildə kolxozda işləyib. 1946-cı ildən Şəhərcik qəsəbəsində səkkizinci sinfə qəbul edilib və 1948-1949-cu ildə orta məktəbi bitirib. 1949-1950-ci illərdə Bayıl adasında neft sahəsində işləyib. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsini bitirib. Universiteti bitirdikdən sonra təyinatla Qubadlı rayonu Alıquluuşağı məktəbində müəllim, 1956-cı ildən 1959-cu ilə qədər Qubadlı rayon partiya komitəsinin qərarı ilə “Avanqard” qəzetində məhsul katib vəzifəsində çalışıb.
1959-1968-ci illərdə Məmmədli və Göyərçik kənd məktəblərində müəllim işləyib.
1968-ci il sentyabr ayında ailəliklə birlikdə Qafan rayonunun Dovrus kəndinə qayıdıb. 1968-1974-cü illərdə Oxtar kənd məktəbində, 1975-1988-ci illərdə Dovrus kənd məktəbində müəllim işləyib.

1988-ci il Qarabağ hadisələri ilə erməni faşistlərinin təzyiqi altında doğma yurdu tərk etmək məcburiyyətində qalıb. Elə o vaxtdan Bakı şəhərinə gələrək, 1989-1991-ci illərdə A. Vəliyev adına 258 nömrəli tam orta məktəbdə işləyib.
Həsən Abışov 1968-ci ildə Ermənistan Sovet Sosialist Respublikası Maarif nazirliyinin qərarı ilə “Baş müəllim” adına layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin, rayon təhsil şöbəsinin Fəxri fərmanları ilə təltif edilib.
Müstəqil Azərbaycan Respublikasının I Müəllimlər qurultayının, Azərbaycan ziyalılarının I qurultayının iştirakçısı olub.
Hazırda təqaüddədir, 5 övladı, 10 nəvəsi və 5 nəticəsi var.

Ömrünün qürub çağlarını övladları, nəvə-nəticələrilə keçirən Həsən müəllim ellilərinin gəlişindən, unudulmamasından xeyli xoşhal olub. İcma rəhbərinə və zəhmət çəkib görüşünə gələnlərə minnətdarlığını bildirib.
Sonda xatirə şəkili çəkdirərək Qafanda görüşmək ümidilə ayrılıblar.

“Bütöv Azərbaycan” qəzetinin Zəngəzur bürosu
7-07-2025, 22:45
Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi


Ukrayna Rusiyanın hərbi zavodlarına zərbələr endirdi

Ukrayna ordusu Rusiyanın Krasnozavodsk Kimya Zavoduna hava hücumu edib. Xüsusilə, ruslar orada “Şahed” kamikadze pilotsuz təyyarələri üçün döyüş başlıqları istehsal edir.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatında bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələrinin bölmələri tərəfindən Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq çərçivəsində hava hücumu həyata keçirilib.
“Müəssisə pirotexniki vasitələr və döyüş sursatları, xüsusən də “Şahed” tipli PUA-lar üçün termobarik döyüş başlıqları istehsal edir”, - deyə məlumatda bildirilib.
Krasnozavodsk şəhəri ərazisində silsilə partlayışlar qeydə alınıb. Bundan sonra qonşu yaşayış məntəqələrində yanğınsöndürən maşınlar hərəkətə başlayıb.
Baş Qərargah bildirib ki, hücumun nəticələri dəqiqləşdirilir.
Qeyd etmək lazımdır ki, Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodu ikili təyinatlı komponentlərin, o cümlədən döyüş sursatı və sənaye partlayıcıları üçün elementlərin istehsalında ixtisaslaşıb.
Müəssisə Rusiya müdafiə sənayesi üçün strateji əhəmiyyətə malikdir və Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarının ödənilməsi ilə bağlı obyektlər siyahısına daxildir.
7-07-2025, 21:58
Gənclər şəhərciyində partlayış


Gənclər şəhərciyində partlayış

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
7-07-2025, 21:13
Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI


Azərbaycanlılara işgəncə verənlərin adları AÇIQLANDI

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 7-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, işğal nəticəsində əmlaklarını itirmiş və digər zərərlər görmüş şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxs Güloğlan Əmirxanov ifadəsində Xocavənd rayonunun Qaradağlı kəndində anadan olduğunu, 1992-ci il fevralın 17-də kənd işğal olunan zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Ağkəndə aparıldığını bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandıran zərərçəkmiş girovluqda olduğu 65 gün müddətində işgəncələrə məruz qaldığını, döyüldüyünü, dişlərinin çəkildiyini, üstünə it ilə hücum olunduğunu bildirib. O deyib: “Aprelin 21-də girovluqdan azad olundum. Sonra bildim ki, anam və digər qohumlarım da girov götürülübmüş”.
G.Əmirxanov Qaradağlı sakinlərinin bir qisminin “Bəylik bağı” adlanan yerdə kütləvi şəkildə qətlə yetirildiyini xatırladaraq, girov olduğu zaman ora aparıldığını bildirib. Belə ki, ondan həmin ərazidə meyitlərin çıxarılması tələb olunub. Lakin meyitlər kütləvi şəkildə dərində basdırıldığından onları çıxara bilməyib. Zərərçəkmiş şəxs bir qədər aralıda ermənilər tərəfindən qətlə yetirilmiş üç nəfər azərbaycanlının meyitlərini qazaraq çıxardığını bildirib.
Zərərçəkmiş Elşən Şirinov ifadəsində 1992-ci ilin fevral ayının 17-də Qaradağlı kəndinin digər sakinləri kimi girov götürüldüyünü bildirib. Girov götürülənlərdən qadın və yaşlı kişiləri bir “KamAZ”a, nisbətən cavanları isə digər “KamAZ”a yığaraq Xankəndi istiqamətinə aparıblar. Hadisələr zamanı onun anası da yaralanıb. “Mən də anamla getmək istədim. Qoymadılar, məni təpikləyib başqa maşına mindirdilər”, - deyə E.Şirinov bildirib.
Zərərçəkmiş bildirib ki, kənddən çıxarkən girov götürülmüş kənd sakinlərindən iki nəfər maşından düşürülüb, başına ağac vurula-vurula qətlə yetirilib. Daha sonra maşınları “Bəylik bağı” adlanan ərazidə saxlayan ermənilər burada 20 nəfərdən çox azərbaycanlını güllələyərək qətlə yetirib.
Xankəndi həbsxanasına aparılmış E.Şirinov burada olduğu müddətdə gündə 12 nəfərə bir çörək verildiyini, hər gün işgəncələrə məruz qaldıqlarını deyib. Daha sonra isə o, Xocavənddə evlərdən birinin zirzəmisində saxlanılıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs dizində və bədənində işgəncə izlərinin indi də qaldığını bildirib.
Zərərçəkmiş şəxs Əli İsmayılov ifadəsində əslən Qərbi Azərbaycandan olduğunu, 1988-ci ildə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvasından didərgin düşdüyünü, əvvəlcə Şuşada, sonra isə ailəsi ilə Xocalıda məskunlaşdığını bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı doğmalarının qətlə yetirildiyini söyləyib. O, doğmalarının Ağdamda Uzundərə qəbiristanlığında dəfn edildiyini, lakin sonradan həmin ərazinin də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib. Qəbirlərin olduğu ərazidə işğal dövründə yol çəkilib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, Xocalı faciəsi zamanı qardaşı Nadir İsmayılov və bacısı Nərgiz İsmayılova həlak olub.
Zərərçəkmiş Elxan Cabbarov bildirib ki,1992-ci ilin yanvar ayının sonlarında ailəlikcə Xocalıdan Ağdam rayonunun Ergi qəsəbəsinə köçüblər. Sonradan eşidiblər ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı alayın hərbçiləri tanklarla və başqa döyüş texnikaları ilə Xocalıya hər tərəfdən hücum edib.
Hücum edənlər dinc əhalini, o cümlədən uşaqları, qadınları, qocaları odlu silah atəşləri ilə öldürüb, şəhəri yandırıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında bildirib ki, Xocalı soyqırımı zamanı onun əmisi qızı Raya Orucova, Rayanın azyaşlı qızı Xəyalə Orucova və Rayanın əri Telman Orucov ermənilər tərəfindən qətlə yetirilib.
Zərərçəkmiş Kamil Bayramov bildirib ki, atası Cəllad Bayramov və daha bir neçə azərbaycanlı 1991-ci il martın 11-də yaşadığı Kosalar kəndinə ərzaq və yardım gətirərkən Ağdam-Əsgəran yolunda erməni təcavüzkarları tərəfindən avtobusda öldürülüb. O deyib: “Biz dörd uşaq atasız qaldıq”.
O, 1992-ci il fevralın 26-na keçən gecə Kosalı kəndindən Xocalı şəhərinin yandırıldığını gördüyünü də bildirib.
Zərərçəkmiş bildirib ki, yaşadıqları kənd ermənilər tərəfindən mühasirəyə alındığından, 1992-ci il mayın 7-də evlərini məcburi tərk ediblər.
Zərərçəkmiş Ramiz Qəhrəmanov ifadəsində bildirib ki, 1991-ci il dekabrın 15-də ermənilər Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının texnikası ilə kəndə hücuma keçib, 2 nəfər öldürülüb.
Bundan sonra sakinlər Kosalar kəndi istiqamətində olan dağ yolları ilə kəndi tərk edib. Cəmilli kəndində yaşayan 120 ailədən ibarət 591 nəfər sakin məcburi köçkün düşüb. Ümumilikdə Cəmilli kəndindən 13 nəfər həlak olub.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran R.Qəhrəmanov qətlə yetirilmiş kənd sakinləri arasında azyaşlının - 6 yaşlı Abdullayeva Maya Sərhat qızının olduğunu da bildirib.
Zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər olduğunu bildirib. O, Robert Köçəryanın bu proseslərdə fəal olduğunu vurğulayıb.
D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.
Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən ermənilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, - deyə zərərçəkmiş şəxs bildirib.
O əlavə edib ki, işğal zamanı əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib. İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub. Kərkicahan qəsəbəsində işğaldan əvvəl azərbaycanlılara məxsus 350 fərdi yaşayış evi, orta məktəb binası və s. olub.
Siracəddin Mərdəliyev ifadəsində 1992-ci ildə Xocalıya hücumlarla əlaqədar anasının onları Ağdama apardığını bildirib. Fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı onun valideynləri Xocalının digər sakinləri ilə birlikdə girov götürülüb.
Zərərçəkmiş Şükür Şükürov ifadəsində 1993-cü il avqustun 17-də Cəbrayıl rayonunun Süleymanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş yeznəsi Müzəffər Rüstəmovun meyitini gətirmək istəyərkən girov götürüldüyünü bildirib. O, 23 ay 8 gün girovluqda qalıb. Hadrutda, Xankəndidə və Şuşada (həbsxanada) saxlanılıb. Girov olduğu müddətdə ona müxtəlif işgəncələr verilib, döyülüb. Nəticədə almacıq sümüyü, çənəsi və burnu sınıb. Azərbaycan tərəfində təhvil verilərkən ağır vəziyyətdə olub. Ş.Şükürov ona işgəncə verən erməni hərbçilərdən bəzilərinin adlarını da çəkib: “Biri Mixail Balasanyan, digəri Elmira Aqayan idi”.
Zərərçəkmiş İman Quliyev ifadəsində 1989-cu il dekabrın 1-də həmkəndliləri ilə yük maşınında ot yığmaqdan qayıdarkən ermənilər tərəfindən döyülərək zorla Qafan rayonuna aparıldıqlarını bildirib. O, Ermənistanda saxlanıldıqları müddətdə döyüldüklərini, işgəncəyə məruz qaldıqlarını, üzərlərindəki pulların əllərindən alındığını deyib.
Zərərçəkmiş şəxs Əbülfət Qasımov ifadəsində deyib ki, 1994-cü il yanvarın 12-də Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanıb. Bu zaman əsir götürülüb. Zərərçəkmiş şəxs bildirib ki, Xankəndi şəhərində yerləşən istintaq təcridxanasının işçilərindən Artur, Armen Samo, Maksim, Mişa və adlarını xatırlamadığı ermənilər azərbaycanlı əsir və girovları rezin dəyənəklərlə, yumruq-təpiklə, armaturla və digər küt əşyalarla döyüb işgəncələr veriblər. O, Xəlil Hacıyevlə birlikdə ermənilərə məxsus avtomobillə əsirlikdən qaçaraq Ağdam rayonu, Qərvənd kəndi ərazisinə gəlib.
Zərərçəkmiş Həbib Kazımov ifadəsində 1992-ci ildə hərbi xidmətini çəkməsi ilə əlaqədar Qubadlı rayonu ərazisindəki döyüş mövqelərinə yollandığını bildirib. 1993-cü il sentyabrın 3-də Əliquluuşağı kəndində gedən döyüşlərdə yaralanıb, nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, əsirlik müddətində Xocavənddə, Şuşa həbsxanasında və Xankəndidə saxlanılıb. H.Kazımov əsirlikdə daim döyüldüyünü, işgəncələrə məruz qaldığını deyib. 1995-ci ilin mart ayının ortalarında həmin həbsxanada ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü üçün Xankəndi şəhər uşaq xəstəxanasına müalicə olunmağa aparılıb və əsirlikdən azad olunanadək (1995-ci il mayın 8-i) orada saxlanılıb. Qeyd edib ki, Şuşa həbsxanasında əsirlikdə saxlanıldığı müddətdə Qor, Vrej, Artur, Lyoşa, Lyoxa, Roba, Vanya, Kamo, Samvel və Mişa adlı ermənilər həm birlikdə, həm də ki, ayrı-ayrılıqda olmaqla ona qarşı zorakılıq ediblər.
“Sumqayıtdan olduğumu bildiklərinə görə daha çox döyürdülər. Deyirdilər türkdür, döyün”, - deyə o bildirib.
Zərərçəkmiş şəxs Bayram Rüstəmov ifadəsində 1993-cü il avqustun 30-da Qubadlı rayonunda yerləşən Qarağac kəndində həmkəndlisi Əliyev Mehman Vəliş oğlu ilə birlikdə girov götürüldüyünü bildirib. Onlar Cəbrayıl rayonunun “Gəyən” düzü adlanan yerə aparılıb. Orada bir gün saxlanıldıqdan sonra Xankəndi şəhərində yerləşən keçmiş 366-cı motoatıcı alayının həyətindəki zirzəmiyə aparılaraq orada saxlanılıb. Ermənilər onlara hər gün işgəncə veriblər, hər gün armatur, rezin dəyənək, yumruq-təpiklə döyərək işlədiblər, ac saxlayıblar. Həmin yerdə təxminən 1 il 5 ay saxlanılıb.
Ermənilər onları işğal olunmuş Ağdam rayonuna apararaq binaları sökdürüb materiallarını, eləcə də meşələri doğratdırıb odunlarını Xankəndi şəhərinə daşıtdırıblar. Orada 1 il 5 ay saxlanıldıqdan sonra Şuşa həbsxanasına aparılıblar. Ermənilər tərəfindən onlar 6 ay həbsxanada saxlanıldıqdan sonra işlətmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. 1995-ci ilin oktyabrında Qədir və Vüqar adlı əsirlərlə birlikdə Ağbulaq kəndi yaxınlığında meşəyə girərək 10-12 gün yol getməklə Ağdam rayonunun Əfətli kəndinə çatıb, oradan isə Ağcabədi istiqamətində hərəkət edib girovluqdan azad olub.
Zərərçəkmiş Cavidan Qasımov bildirib ki, 2021-ci il yanvarın 29-da saat 18 radələrində Ermənistanın sərhədində Laçın rayonu ərazisində yerləşən postdan əsgər yoldaşı Aydın Gülmalıyevlə birlikdə silahsız çıxıb digər posta gedərkən dumanlı havada yolu azıblar. Bu zaman onlar Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.
Səhəri gün Yerevan şəhərinə aparılıblar. Orada onlar ayrı-ayrı otaqlarda saxlanılıb, təhqir edilib və bədənlərinə zərbələr vurulub. Yanvarın 31-də Şuşa şəhərində Azərbaycan tərəfinə təhvil veriliblər.
Zərərçəkmiş şəxs Əlizamin Qaraşov bildirib ki, 1993-cü il sentyabrın 30-da Ermənistan silahlı qüvvələri yaşadığı Həmzəli kəndinə soxulublar. Ailə üzvləri əvvəlcədən kəndi tərk ediblər, o, kənddə tək qalıbmış. Ermənistan hərbçiləri onu girov götürüblər. Girov götürülərkən 13 yaşı olub. Girovluqda olan zaman əvvəlcə Xocavəndə, sonra Xankəndiyə aparılıb. Xankəndidə ona və digər azərbaycanlı girovlara qarşı işgəncələr verilib, müxtəlif işlərə cəlb olunub. Xankəndidə erməni nəzarətçisi onu o qədər döyüb ki, nəticədə sol tərəfindən qabırğa sümüyü sınıb. Başına açarla zərbələr vurulması nəticəsində isə baş nahiyəsi deşilib. 1994-cü il oktyabrın 6-da girovluqdan azad edilib.
Zərərçəkmiş şəxs Hüsniyyə İbrahimova bildirib ki, 1990-cı il martın 1-də saat 10 radələrində əri İbrahimov Rüstəm Zülfüqar oğlu və 12 yaşlı oğlu Abbas İbrahimovla birlikdə avtomobillə yaşadıqları Ermənistanın Göyçə mahalında, Basarkeçər rayonunun Böyük Mərzə kəndindən çıxıb Qazax şəhərinin mərkəzi bazarına gələrkən, İcevan rayonunun ərazisindən “Poçt” adlanan yerdən keçən zaman odlu silahlarla silahlanmış azı 20 nəfər silahlı yük avtomobilləri ilə onların avtomobilinin qabağını və arxasını kəsib, avtomobildən düşmələrini tələb ediblər. Onlar zorla İrəvan şəhərinə aparılıblar. İrəvanda ikimərtəbəli binanın zirzəmisinə salıblar. Həmin zirzəmidə onlardan başqa digər azərbaycanlı girovlar olub.
Erməni hərbçilər onları hər gün silahların qundağı ilə, dəmir predmetlərlə, yumruq-təpik zərbələri ilə bədənlərinin bütün nahiyələrinə çoxsaylı zərbələr vurub, sellofan torbaları yandıraraq əridib, damcılarını əllərinin, bədənlərinin üzərinə töküblər. Nəticədə H.İbrahimovanın sol qolu sınıb, əri Rüstəmin başının sümüyü əzilib, 12 yaşlı oğlu Abbas tamamilə taqətdən düşüb.
Silahlı dəstəsinin “Coni” ləqəbli üzvü girovluğun 2-ci və ya 3-cü günündə zirzəmidə əsirlərin gözünün qabağında Ağdərə rayonundan əsir düşmüş 20 yaşlı, adını bilmədiyi azərbaycanlı oğlanın boğazını dəryazla kəsib, qanını stəkana töküb “Türklərin qanını belə içəcəyik” deyərək içib. Həmin cavan oğlanın qanı axaraq, zirzəmidə ölüb. Onlar hər gün işgəncələrə məruz qalıb, martın 8-də girovluqdan azad ediliblər.
Zərərçəkmiş Cümşüd Əliyev ifadəsində deyib ki, 1992-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanıb, nəticədə əsir götürülüb. O, əvvəlcə Xocavəndə, daha sonra Qarakəndə apardılar. Əsir olduğu 10 gün müddətində hər gün döyülüb, işgəncələrə məruz qalıb.
Zərərçəkmiş şəxs Yavər Nəcəfov Laçında anadan olduğunu, hərbi xidmətdən sonra Sumqayıt şəhərində yaşadığını bildirib. O, Laçına valideynlərini gətirmək üçün gedərkən, 1992-ci il mayın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb və Gorus şəhərinə aparılıb. Onu Gorus Polis İdarəsinin zirzəmisində saxlayıblar. İyunun 13-də girovluqdan azad edilərək Azərbaycana təhvil verilib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarını cavablandırıblar.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
7-07-2025, 21:10
Lavrov Fidanla danışıqlar apardı


Lavrov Fidanla danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Tərəflər ikitərəfli iqtisadi və siyasi məsələləri, həmçinin enerji sahəsindəki əməkdaşlığı müzakirə ediblər.
Nazirlər, eyni zamanda, Yaxın Şərqdəki, o cümlədən Qəzzadakı cari durum barədə danışıblar.
7-07-2025, 20:40
Xocalı cəlladı HƏBS EDİLİR?


Xocalı cəlladı HƏBS EDİLİR?

Ermənistan parlamentində müxalif "Hayastan" blokunun rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Arçvik Minasyan barəsində cinayət təqibinə başlanılması ilə bağlı səsvermə keçirilib.
Səsvermə zamanı 59 deputat parlamentin qərarını dəstəkləyib.
Əli yüzlərlə azərbaycanlının qanına bulaşmış Seyran Ohanyanla yanaşı, "Hayastan" fraksiyasının katibi Arçvik Minasyanın da deputat toxunulmazlığı ləğv edilib.
Qeyd edək ki, Seyran Ohanyan 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.
Cinayət işləri çərçivəsində S. Ohanyana qarşı irəli sürülən ittihamlar onun müdafiə naziri olduğu dövrə aiddir. İstintaqın məlumatına görə, Ohanyan Geqarkunik vilayətinin Draxdik kəndində yerləşən, “Sevan” Milli Parkının balansında olan 10,5 min kvadratmetrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəyib və həmin ərazidə dövlət büdcəsi hesabına şəxsi villa tikdirib.
A.Minasyana isə 2016–2018-ci illərdə, ətraf mühit naziri olduğu dövrdə bu qanunsuzluqlara hüquqi qiymət vermədiyi, əksinə, Ohanyanın hərəkətlərini ört-basdır etməyə kömək etdiyi iddia olunur.
Bildirilib ki, Minasyan Ohanyana yaxın şəxslərə tikinti üçün icazə verib və bir sıra sənədlərin saxtalaşdırılmasına şərait yaradıb.
7-07-2025, 20:33
Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian


Trampa sui-qəsdi dəstəkləməmişik - Pezeşkian

"İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini heç vaxt dəstəkləməyib".
Bunu İran Prezidenti Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Xatırladaq ki, Netanyahu iyun ayında "Fox News"a verdiyi müsahibədə Tehranın Prezident Trampı əsas düşmən hesab etdiyini və Amerika liderinin İranın nüvə proqramına qarşı çıxdığı üçün onu öldürməyi planlaşdırdığını iddia edib.
7-07-2025, 19:58
General Xəlil Arslanova 17 il həbs


General Xəlil Arslanova 17 il həbs

Rusiyanın Qarnizon Hərbi Məhkəməsi ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-polkovnik Xəlil Arslanovu rüşvətxorluq və dələduzluğa dair cinayət işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə TASS-ın müxbiri məhkəmə zalından məlumat verib.
Məhkəmə Arslanovu Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq), Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (xüsusilə külli miqdarda rüşvət alma) ilə təqsirli bilib və barəsində cəzasını ciddi rejimli koloniyada çəkməklə 17 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.
Arslanov həmçinin 24 milyon rubldan çox (təxminən 518 500 min manat - red.) cərimələnib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!