Son döyüşdə itkin düşən erməni hərbçilərin ailələri etiraza qalxdı
Azərbaycan və Ermənistan sərhədində baş vermiş son toqquşmalar nəticəsində itkin düşən erməni hərbçilərin valideynləri Ermənistan Müdafiə Nazirliyinin binasının qarşısında aksiya keçiriblər. Butov.az bildirir ki, onlar nazirlikdən övladları barədə məlumat verməyi tələb ediblər."13 gündür övladlarımızdan xəbər ala bilmirik. Sonuncu dəfə sentyabrın 13-də səhər saatlarında danışmışıq. O zamandan bəri onlarla danışa bilmirik. Biz baş nazir Nikol Paşinyana müraciət edirik, onun da bir oğlu var. Uşaqlar haqqında məlumat almaq istəyirik, haradadır, sağdırlarmı?”, - deyə valideynlər bildiriblər. Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
Mühafizəçi işlədiyi bağ evindən 35 minlik qızıl oğurladı
Abşeron rayonu Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. DİN-dən verilən məlumata görə, zərərçəkən ərizə ilə polisə müraciət edərək evdən ümumi dəyəri 35 min manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Abşeron Rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin evin mühafizəçisi Cavidan Əlyarlı saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib. Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“50 min rus xaricə qaçsın, guya nə olacaq” – Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko hazırda Rusiyada səfərdədir. Butov.az xəbər verir ki, Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. O, görüşdə Rusiyada qismən səfərbərliyin elan edilməsindən söz açıb.“Rusiyanın 25 milyonluq səfərbərlik qüvvəsi var. Qoy, xaricə 30, lap 50 mini qaçsın. Nə olacaq? Guya, qalsaydılar bizimlə vuruşacaqlardı?”, - deyə Lukaşenko söyləyib. Qeyd edək ki, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edilib. Bundan sonra Rusiyanın bir sıra şəhərində etiraz aksiyaları keçirilib. Səfərbərlikdən sonra ölkəni 250 minə yaxın insan tərk edib.
Hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik fonunda sərhədlərin bağlanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. "Hazırda bu məsələ ilə bağlı qərar yoxdur", deyə Kremlin sözçüsü vurğulayıb. Qeyd edək ki, prezident Vladimir Putinin Rusiyada qismən səfərbərlik elan etməsindən sonra rusiyalılar müharibəyə etiraz olaraq ölkəni tərk edirlər.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir. Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində Kəlbəcər rayonunun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. ANAMA-dan verilən məlumata görə, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 457 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Həbs olunmuş jurnalistin adı reyestrə salınmayacaq
Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilən jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək. Bununla bağlı məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Media Reyestrinin aparılması Qaydaları”nda öz əksini tapıb. Bildirilib ki, habelə jurnalistlərin məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə Media Reyestrinə daxil edilmək üçün müraciətindən imtina ediləcək. Qeyd edək ki, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina olunan hallar müəyyənləşib.
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək. Butov.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb. Qaydaya əsasən, ali təhsili olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina ediləcək.
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 820 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 673 nəfər müalicə olunaraq sağalıb, hazırda 1282 aktiv xəstə var. Bu günə qədər 9903 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1973, ümumilikdə isə 7 238 737 test icra olunub.
Bu il sentyabr ayının üçüncü ongünlüyündə ən yüksək temperatur ayın 23-də Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti qeydə alınıb ki, bu da iqlim normasından 6 dərəcə yüksəkdir. Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, çoxillik meteoroloji məlumatlara əsasən indiyədək sentyabr ayının sonunda belə yüksək temperatur qeydə alınmayıb. G.Məmmədovanın sözlərinə görə, bununla da 2012-ci ilin sutkalıq rekord göstəricisi (29,6 dərəcə) yenilənib. Xidmət rəsmisi qeyd edib ki, yaxın günlər ərzində ölkə ərazisində havanın mülayim, əsasən yağmursuz keçəcəyi, sentyabrın 27, 28, 29 və 30-da əsasən gecə və səhər saatlarında duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək:“Bakıda və Abşeron yarımadasında sentyabrın 27, 28, 29 və 30-da havanın temperaturunun tədricən yüksələcəyi, 24-27, dağlıq rayonlarda 17-22, aran rayonlarında isə 30-34 dərəcəyədək isti olacağı gözlənilir”.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!