27-09-2022, 16:12
İranda tutulan azərbaycanlı fəallar həbsdə aclığa başladılarİranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində keçirilən etiraz aksiyalarında saxlanılan azərbaycanlı fəallar aclığa başlayıblar. Rumina Rəhmani, Mubina Rəhmani, Məlihə Güləfşan, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş sentyabrın 21-də gecə saatlarında İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT-ın) məmurları tərəfindən döyülərək tutulublar. Adları çəkilən şəxslər ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Azərbaycanın Marağa şəhərindəki təcridxanaya köçürülüblər. Hazırda 6 azərbaycanlı gənc fəal aclıq aksiyası keçirir. Onlar qanunsuz həbs edildiklərini, təzyiq, təqib və təhqirlərə məruz qaldıqlarını söyləyiblər. Aclıq aksiyası bunlara etiraz olaraq keçirilir. Azərbaycanlı fəalların nədə ittiham olunduğu açıqlanmayıb. Gənclərin ailə üzvləri bildiriblər ki, yaxınlarının həyatlarına təhlükə yaranarsa, buna görə Məlikan şəhərinin prokuroru Mürtəza Fərcampur məsuliyyət daşıyacaq. Bundan başqa, Azərbaycanın Ərdəbil bölgəsindən olan azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, onların harada saxlanıldıqları və vəziyyətlərinin necə olması barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Adıçəkilən şəxslərin ailə üzvləri dəfələrlə Ərdəbil prokurorluğu və başqa əlaqədar qurumlara müraciət etdiklərini, ancaq heç bir cavab ala bilmədiklərini bildiriblər. Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə azı 41 nəfər öldürülüb. İranın dini-ideoloji mərkəzi yerləşən Qum şəhərində 3 müctəhid – ayətullah Əsədullah Bayat Zəncani, ayətullah Hüseyn Nuri Həmədani, ayətullah Mustafa Mühəqqiq Damad etiraz aksiyası keçirən şəxsləri dəstəkləyiblər. Bu nüfuzlu din xadimləri yaydıqları bəyanatda İran hakimiyyətindən xalqın tələblərini dinləyib problemlərini həll etməyi tələb ediblər.
27-09-2022, 16:08
Ərdoğandan Yunanıstana növbəti xəbərdarlıq"Rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək". Bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Yunanıstanı Türkiyəyə qarşı təhrik edənlərin niyyətini yaxşı başa düşür: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”. Ərdoğan növbəti dəfə Yunanıstana xəbərdarlıq edib:"Özünüzə gəlin. Sizcə, Amerika və Avropanın dəstəyi sizi xilas edəcək? Bu, sizi xilas etməyəcək. ABŞ-dan gələn dəstək sizə kömək etməz".
27-09-2022, 16:06
Kupyansk-Uzlovoy ruslardan azad olunubUkraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsi Rusiya hərbçilərindən azad edilib. Bunu Xarkov vilayəti hərbi administrasiyasının başçısı Oleq Sinequbov açıqlayıb."Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Kupyansk-Uzlovoy tamamilə və faktiki olaraq onun nəzarəti altındadır",- Sinequbov bildirib.
27-09-2022, 16:03
“Qəhrəmanlar unudulanda ölürlər” - Şəhid qardaşı"Şəhidlərimizin azad etdiyi torpaqlar, ucaltdığı bayrağımız bizə əmanətdir. Biz onların əmanətlərinə sahib çıxmalıyıq. Azərbaycan dövlətinin yaşaması üçün gənclər vətənpərvər ruhda böyüdülməlidir". Bu sözləri Vətən Müharibəsinin şəhid mayoru Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib. Onun sözlərinə görə, Vətən Müharibəsində ordumuz təkcə düşmənə deyil, onların himayədarlarına qarşı da döyüşüb:"Biz xalq, dövlət, ordu olaraq birləşmişik. Xalq hər zaman ordunun arxasında olarsa, heç vaxt bizim torpaqlara düşmən ayağı dəyməyəcək. Şəhidlərimizin tanıdılması ona görə vacibdir ki, hər kəs bu çətin müharibəni, onun iştirakçılarını bilsinlər, tanısınlar. Şəhidlər indi yox, unudulanda ölürlər. Allah şəhidlərimizə rəhmət eləsin!"
27-09-2022, 16:00
Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir?Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sabitdir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu günə olan məlumata görə, sərhəddə ciddi dəyişiklik qeydə alınmayıb. Xatırladaq ki, sentyabrın 13-nə keçən gecədən etibarən Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
27-09-2022, 15:57
Sərhədçilərin Vətən müharibəsində ilk əməliyyat planıAzərbaycan sərhədçilərinin Vətən müharibəsində ilk əməliyyat planları açıqlanıb. Bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. DSX rəisi bildirib: “2020-ci ilin sentyabr ayında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrimizə əks-hücum əməliyyatlarına başlanılması barədə döyüş tapşırığı verdi. Döyüş əmrini alan Dövlət Sərhəd Xidməti dərhal bütün qüvvə və vasitələrini tam səfərbər etdi. İlkin olaraq Azərbaycan sərhədçiləri döyüş əməliyyatlarına Kəlbəcər istiqamətindən başlamalı idilər. Döyüşlər başladıqdan sonra Prezident cənab İlham Əliyev keçirdiyi xidməti-döyüş müşavirəsində böyük sərkərdəlik məharətini nümayiş etdirərək hücum istiqamətimizi dəyişdi, sərhədyanı və Araz çayı boyu hərəkətə keçmək əmrini verdi. Müzəffər Ali Baş Komandanımızın bu əmrini icra edərək Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini işğaldan azad etdik. Sutka ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirildi, yüzlərlə canlı qüvvəsi məhv edildi. Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı ucaltdıq, Ermənistanla dövlət sərhədində Bartaz və Şükürataz strateji yüksəkliklərini azad etdik”. Elçin Quliyev qeyd edib ki, Ali Baş Komandan tərəfindən Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş bütün döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.
26-09-2022, 20:15
Hikmət Hacıyev Blinkenin köməkçisi ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət katibi Entoni Blinkenin köməkçisi Karen Donfriedlə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə edib.
Butov.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb. Görüşdə həmçinin ikitərəfli strateji əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
26-09-2022, 20:13
Ermənistan KTMT təlimlərindən imtina etdi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərində iştirak etməyəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə görə İrəvan təşkilatın Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib. Qeyd edək ki, təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək.
26-09-2022, 20:11
Şəhid anasının ölüm səbəbi açıqlandıŞəhid Anar Kazımovun anası Səyyarə Alıyevanın ölüm səbəbi açıqlanıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından verilən məlumata görə, 1970-ci il təvəllüdlü Səyyarə Alıyeva Abbas Səhhət adına xəstəxanada sentyabrın 24-ü ginekoloji əməliyyat keçirib. Əməliyyatdan bir sutka sonra tromboemboliya diaqnozu ilə dünyasını dəyişib.
26-09-2022, 20:09
İranda daha bir gənc qız öldürülüb İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız polis əməkdaşları tərəfindən güllələnib.
Butov.az xəbər verir ki, bu, son bir həftə ərzində İranda baş verən ikinci ölüm hadisəsidir. Belə ki, 20 yaşlı Hədis Nəcəfi Kərəc şəhərində keçirilən aksiyada 6 güllə yarası alıb. Nəcəfinin bacısının sözlərinə görə, o, baş, boyun, sinə və qarnından yaralanıb. Gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Çox sayda ölən, yaralanan və həbs olunan etirazçının olduğu bildirilir.