Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
10-09-2022, 09:02
Vaqif SULTANLI yazır: "Kulikovo döyüşü"


Vaqif SULTANLI


Kulikovo döyüşü - Hekayə.

- Bura Kulikovo çölüdür, - bayaqdan bəri xaki rəngli yol çantasını alt-üst edərək uyğun geyim arayan, səsinin ahəngindən rus olduğu aşkar sezilən qadın dilləndi. Qadın sözünü bitirməmiş bələdçi səsgücləndirici ilə qatarın Tula vilayətindən, Kulikovo çölünün yaxınlığından keçdiyini bildirdi.
Gözlərini kitabdan ayırıb qatarın pəncərəsindən görünən boz çölləri süzərək bunca təsadüf ola bilməyəcəyini düşündü - oxuduğu Amerika aliminin Kulikovo döyüşü haqqında yeni yayınlanmış araşdırması idi. Nə zamandan bəri axtardığı kitabı vağzaldakı qəzet köşkündə görüncə almış, elə ilk cümlədən əsər onu tutmuşdu. Bir anlığa gözlərini yumub çöküşü Kulikovo çöllərindən başlayan Qızıl Ordanın əzəmətli tarixini, türk-tatar qövmlərinin sonrakı taleyini düşündü.
"Tarix bütün elmlərdən daha artıq siyasətə bulaşmışdır. Bəlkə bu səbəbdəndir ki, dünyanın gerçək tarixi indiyədək yazılmamış, bundan sonra da yazılacağına ümid bəslənilməsi sadəlövhlük olardı. Bəzən deyirlər ki, tarixə yansımış yalanlar o qədər böyükdür ki, həqiqəti görməyə qoymur. Ancaq tarix yalanlardan təmizlənərsə, orda həqiqət adına nə isə qalacaqmı? Bunu söyləmək çətindir...".
Kulikovo döyüşü - zaman-zaman haqqında düşündüyü, ancaq sonacan incələyib dərinliklərinə vara bilmədiyi, içini, ruhunu sızladan, tarixin sirli səhifələrindəndi. İllər öncə orta məktəbin yeddinci sinfində tarix dərsliyində ilk dəfə bu döyüş haqqında oxuyarkən yazılanlar onu duyğulandırmışdı. Sonralar isə, nə qədər qəribə olsa da, bu döyüş yuxularına gəlmiş, bütün oxuduqlarını, öyrəndiklərini kölgədə qoymuşdu.
"Elmi ədəbiyyatda "Kulikovo döyüşü" termininə ilk dəfə əslən tatar türklərindən olan Nikolay Karamzinin "Rusiya dövlətinin tarixi" əsərində rast gəlinir. Həmin araşdırmada Qızıl Ordanın döyüş qabiliyyətini yüksək qiymətləndirən özündən əvvəlki tarixçilər birtərəfli şəkildə qınanır və savaşın mahiyyəti bütünlüklə təhrif edilir".
- Üzr istəyirəm, iki-üç dəqiqəliyə kupedən çıxa bilərsiniz? - Qadın sordu və çöhrəsinə utancaqlıq qataraq əlavə etdi: - Əynimi dəyişmək istəyirəm.
- Əlbəttə, bu saat, - dedi və kitabı qatlayıb balaca masanın üstünə qoyaraq kupeni tərk etdi, kirli pəncərədən indi Rusiya sınırları ilə çevrələnən qıpçaq çöllərini seyr etməyə başladı. Qatarın pəncərəsindən görünən bu çöl tarixin ən böyük savaşlarından birinə şahidlik etmişdi. Bir anlığa zamanın təkəri geriyə fırlandı və xəyallar onu Kulikovo döyüşünün dərinliklərinə apardı. Atların kişnərtisini, qılıncların cingiltisini, əsgərlərin hayqırışını eşidir, özünü büsbütün qanlı savaşın içərisində hiss edir və gərilmiş düşüncələrinin toranlığında hər şeyin başqa şəkildə bitəcəyi ilə bağlı yalın ümidlər cücərirdi. Ancaq bir az öncə oxuduğu son cümlələr onu zamanın dərinliklərindən çəkib çıxardı.
"Apardığı çoxsaylı savaşlardan sonra Mamay xanda özünə güvən duyğusu güclənmişdi. Qələbə ilə bitən savaşların sonucunda Saray Berke şəhəri yenidən Qızıl Ordanın başkəndinə çevrilmiş, dövlətin sərhədləri Krımdan başlayaraq İdil çayının sağ sahillərinə qədər uzanmış, Dəşti-Qıpçaq ərazisinin böyük bir qismini içərisinə almışdı".
Qadın işvə ilə kupenin qapısını açaraq geyinib qurtardığını, onun içəri girə biləcəyini bildirdi. Sarışın saçları çiyinlərinə dağılmış, geydiyi yaxası açıq, bəyaz xallı köynək və nazik uzun ətək onu aşırı dərəcədə gözəlləşdirmiş, vücudunun gizli, sezilməz incəliklərini üzə çıxarmışdı. Keçib bayaqkı yerində oturdu və yenidən kitabı açaraq mətnin ardını oxumağa başladı.
"Mamay xan taxt-taca yiyələndikdən sonra əski türk xaqanları kimi tanrısal ruha sahib olduğunu düşünür, onu hansısa qüvvənin yenə biləcəyinə inanmırdı. Hakimiyyəti gücləndikcə ailəsi, sülaləsi, yaxınları varlanaraq mal-mülk sahibi olmuşdu. Qızıl Ordanın vassalına çevrilən rus knyazlıqlarından sel kimi axan xərac saray xəzinəsini doldurduqca böyük sərvətin yaratdığı zənginlik zehnini dumanlandırır, vaxtının çoxunu hərəmxanada, aralarında casusların yer aldığı slavyan cariyələrlə keçirirdi".
Ancaq hiss edirdi ki, qadın əynini dəyişəndən sonra gözləri kitabda olsa da, fikrini bir yerə yığa bilmir. İxtiyarsız olaraq baxışları onun boyun-boğazında, yaxasında, vücudunun məhrəm yerlərində gəzib-dolaşır, zehnini qarışdırırdı. Qadının bunu duymaması üçün özünü toparlamaq, duyğularını cilovlamaq istəsə də bacarmırdı.
Bələdçi qapını aralayıb bir şeyə ehtiyacları olub-olmadığını sordu, ani olaraq baxışları qarşılaşınca qadının üzünün cizgilərindən içini oxumuş kimi çay sifariş verdi. Hər hansı səbəbdən gecikmə olmasa iki gün boyunca yol gedəcək, bu sürə ərzində birgə olacaqlardı.
Qadın gözəl idi, ancaq bu gözəlliyin arxasında qarşısındakını itələyən, özündən uşaqlaşdıran, izaha gəlməyən nələrsə gizlənirdi və bu, saflıq, məsumluq duyğularını silib aparırdı.
Yenidən kitaba dönərək qaldığı yerdən oxumağa başladı.
"Ən acınacaqlısı isə uzun zamandan bəri səngimək bilməyən, ildən-ilə körüklənən iç savaşların Qızıl Orda dövlətini yeyib-bitirməsi idi. İndi ordunu yenidən düzənləyərkən bu savaşların acı fəsadlarını duyur, onun qarşısını almaq üçün zamanında qəti addımlar atmamaqla yanlışlığa yol verdiyini anlayırdı. İç savaşlarla bağlı verilən məsləhətləri sürəkli qulaqardına vurmuş, bunun nədənləri barədə heç zaman düşünüb beynini yormaq istəməmişdi".
Qatar bayaqdan bəri bir neçə dəfə qısa fasilələrlə düzün ortasında dayanmışdı. Burda stansiyaya bənzər tikili, yaxud hansısa yaşayış məntəqəsi olmadığından qatarın durmasının səbəbi bəlli deyildi. İndi təkrar dayanınca ona elə gəldi ki, qatar keçmişə, tarixə dönmək, Kulikovo döyüşünün dərinliklərinə varmaq üçün yollar arayır...
- Bu qatar da lap boğaza yığdı bizi, harda gəldi dayanır. Bir yandan da havanın istisi...
Yolçuların bəziləri deyinir, bəziləri isə bələdçiyə yaxınlaşıb qatarın dayanmasının səbəbini soruşurdu. Bələdçi isə illərin yuxusuzluğundanmı, yorğunluqdanmı, ya başqa səbəbdənmi hərəni bir yolla başından eləyirdi.
"Mamay xan uşaqlıq dostu və yaşıdı, Çingiz xan soyundan olan Berdibəyin qızı Tulunbəylə evlənməklə hakimyyətə gedən yolunun açılmasına görə xatununa borcluydu. Savaşdan iki gün öncə həyəcanın yeyib-bitirdiyi baş hərəmi ilə qarşılaşınca düyün gecəsini xatırlayaraq tutulan kimi oldu. Qadının baxışlarında sevinci, gileyi, əzabı, iztirabları ilə naxışlanmış bütöv bir ömrün yaşantıları yuvalanmışdı".
Nəhayət, qatar dartınaraq ağır-ağır yerindən tərpəndi və yavaş-yavaş sürət yığmağa başladı.
- Kim nə deyir desin, qatarla yolçuluğun ayrı bir zövqü var. Uçaqla səfərə çıxanda ürək-göbəyini yeyirsən. Axırıncı dəfə uçağa nə zaman mindiyimi xatırlamıram. Siz necə düşünürsünüz?
- Hə, doğrudur, - gözlərini vərəqdən çəkmədən qadının sözlərini təsdiqlədi.
- Qatarla yolçuluq həm də bir macəradır...
- Elədir, - dedi və ta gənclik illərindən başlayaraq qatarda yaşadığı macəraları bir-bir xəyalından keçirdi.
"Mamay hakimiyyətə yiyələnsə də, Çingiz xan soyundan olmadığına görə Şərqdən - monqol-tatar xanlarından dəstək ala bilmədi. Bu səbəbdən Mavəraünnəhrə deyil, Qərbə - Genuya, Böyük Litva Knyazlığı, Venesiya kimi dövlətlərə üz tutmaqla Qızıl Ordanın xarici siyasətini kökündən dəyişdi. Ancaq bu addımı ilə çətin məqamda ona arxa duracaq gerçək müttəfiqlərdən məhrum olduğunun fərqinə varmadı".
Bir dəfə qatarda tələbə yoldaşı ilə Moskvaya gedərkən öylə yeməyində özüylə götürdüyü konyakı çıxarıb masanın üstünə qoymuşdu. Hərəyə bir qədəh içmişdilər ki, yan kupedəki üç qadın - ikisi gənc, biri isə saçları ağarmış yaşlı qarı - ərklə gəlib onlara qoşulmuşdu. Qadınların cəsarəti xoşuna gəldiyindən konyakın ikinci şüşəsini də çıxarmışdı. İçib hallanandan sonra qəfildən qarı qalxıb musiqisiz-filansız havalı kimi oynamağa başlamışdı. Oynadıqca qızışır, coşur, mırıq dişlərinin eybəcərləşdirdiyi sir-sifəti tutulub açılır, yanaqlarında, boyun-boğazında illərin yağmaladığı ehtirasın şırımları sayrışırdı. Qarının oyununu izlədikdə bunun sərxoşluqdan deyil, qədərincə zövq ala bilmədiyi həyatın bitməsindən, bir daha dönüşülməyəcək gəncliyinin itirilməkliyindən yaranan ağrıdan, kədərdən, təəssüfdən doğduğunu duyurdu.
"Mamay xan qırx beş yaşın içərisindəydi, bu illər ərzində hakimiyyətin ən çətin və mürəkkəb sınaqlarından çıxmış, yetərincə savaş təcrübəsı yığmışdı. Çox cəsarətli və qətiyyətli idi, qorxu, yenilgi nə olduğunu bilmirdi. İslamı qəbul edəndən sonra Kiçik Məhəmməd adını da daşıyırdı. Lakin salnamələrdə Mamay xanın bərkə düşəndə yalnız islam müqəddəslərinə deyil, bütlərə də dua etdiyi qeyd olunur".
Bələdçi gecikdiyi üçün üzr diləyərək gümüşü altlıqlı stəkanlarda gətirdiyi çayları ehtiyatla masanın üstünə qoyub çıxdı. Çay içilərkən araya çökən səssizlikdə qadının gözlərinin altı ilə onu izlədiyini duyur, diqqəti kitabdan yayınsa da, bu izləyişin gətirdiyi gizli həzzin davam etməsini istədiyindən özünü məşğul kimi göstərməyə çalışırdı.
...Qadınların nə istədikləri, necə seçim etdikləri indiyəcən sirr olaraq qalır. Çünki qadın öz hisslərini açmır, aça bilmir, yaşadığı cəmiyyətin ehkamları, əsrlərin daşlaşdırdığı əxlaq normaları, yaxud daha nələrsə əl-qolunu bağlayır. Elə buna görə də qadın ona qəlbini açan ilk kişini taleyin qaçınılmaz töhfəsi kimi dəyərləndirir. Bu münasibətlərin yaranması bəzən qarşılıqlı sevgiyə dayansa da, ancaq əksər hallarda qadın kişinin duyğularına yenilir.
"Döyüş öncəsi Mamay xan ordunun sayca yetərli olmadığını anlayınca bu boşluğu doldurmaq üçün çeşidli yollar aramağa başladı. Yaxınları ona muzdlu dəstələr yaratmağı təklif etdilər. Qısa zaman kəsiyində genuyalı, çərkəz, osetin, abxaz, adıgey və başqa xalqlardan yığılan muzdluların hesabına ordudakı əsgərlərin sayı xeyli artırıldı. Mamay xan ilk dəfə olaraq döyüşə muzdluların dəstəyi ilə girəcəkdi".
Qadın üçün sevilmədiyini, bəyənilmədiyini duymaq dəhşətli dərəcədə ağırdır və daim diqqət mərkəzində olmağa can atmanın gətirdiyi alışqanlıqdan biganəliyi heç cür sinirə bilmir. Özü imtina etməyi, biganə olmasa belə özünü biganə kimi göstərməyi sevir, əks cinsin bunu yapmasıyla barışmaq istəmir. Qadınlar güclü kişilərə yenilməkdən qürur duyur, zəifləri, gücsüzləri isə həyatına buraxmır. Bir də adını xatırlamadığı hansısa yazıçının əsərində oxumuşdu ki, qadın kimi unutsa da, onu qadınlaşdıran kişini unuda bilmir.
"Knyaz Dmitri Donskoyun komandanlığı altında birləşən ruslar 8 sentyabr 1380-ci ildə təxminən yüz minlik ordu ilə Nepryadvanın Don çayına qovuşduğu yerə çatdı. Ruslar knyaz Yaqaylonun başçılığı ilə Odoyevə yaxınlaşan litvalıların hücumunu önləmək üçün Don çayını keçmək qərarına gəldilər. Rusların seçdiyi Kulikovo çölü nisbətən ensiz olduğuna görə tatar süvari dəstələri üçün əlverişsiz idi. Mamayın ordusu yaxınlaşarkən ruslar keşikçi alayının müdafiəsi altında Kulikovo çölündə döyüşə hazır qaydada düzüldülər".
Bir çox hallarda qadın ardınca düşənləri, çeşidli üsullarla onu ələ almaq istəyənləri deyil, qarşısında özünü təmkinli, soyuqqanlı aparanları, duyğularını sezdirməyənləri sevir.
Qadınlar danışmağı deyil, susmağı tərcih edər, sözlərlə deyil, gözlərlə danışarlar. Xatırlayırdı ki, dörd-beş il öncə Bağdad şəhərində qaldığı hotelin önündə başdan-ayağa qara çadraya bürünmüş, üzü rübəndlə örtülü dilənçi bir qadınla qarşılaşmışdı. Qara tül rübəndin arxasında qadının gözləri ehtirasdan alışıb yanırdı. Bütün vücudunun deyə biləcəkləri gözlərində cəmlənmişdi. O, ovsunlanmış kimi dayanıb durur, nə illah eləyirdisə baxışlarını qadının gözlərindən yayındıra bilmirdi.
"Dmitri Donskoy ərazinin özəlliyini nəzərə alaraq ilk dəfə rəqibin döyüş taktikasını seçmişdi - bu, qurd savaş üsulu idi. Hun türklərinə məxsus bu savaş üsulu ilə aypara şəklində düzülən ordunun mərkəzində böyük alay, sağ və sol cinah alayları tatar atlıları üçün çətin keçilən yerlərdə dayandılar. Əsas qüvvələrin qarşısında yer alan ön alay rəqib süvarilərin ilk zərbəsini qarşılamalı və geri çəkilməklə döyüşün nizamını pozmalıydı. Böyük alayın arxasında özəl süvari ehtiyat dəstəsi yerləşirdi. Bundan başqa, sərkərdə Dmitri Bobrokun və Serpuxov knyazı Vladimirin komandanlığı altında seçmə süvarilərdən oluşan pusqu alayı yaradılmışdı. Ehtiyat rolunu oynayan bu alay meşədə əsas qüvvələrin sol cinahı arxasında gizlənmişdi".
- Bayaqdan fikir verirəm, gözünüzü kitabdan ayıra bilmirsiniz, çox maraqlıdır, deyəsən. - Qadın baxışlarını Kulikovo çölündən yığaraq dillənir.
- Maraqlı deyəndə ki... Orta məktəb illərində bizə bu tarixi başqa cür öyrətmişdilər. İndi oxuduqlarımsa tamam fərqli həqiqətləri anladır.
- Oxuduqlarınızla tarixin düzəninin dəyişəcəyinimi düşünürsünüz?
- Yox, nə üçün soruşdunuz?
- Heç, sadəcə maraq xatirinə...
- Mən gələcəyə tarixin gözü ilə baxılmasını doğru hesab edirəm.
"Mamay xanın ordusu yüngül silahlanmış süvarilərdən oluşan ön alaydan, mərkəzdə yerləşən muzdlu genuyalı piyadalardan, ayrıca ehtiyat süvarilərin iki xətt boyu düzlənən sağ və sol cinahlardan ibarət idi. O, əvvəlki döyüşlərdə olduğu kimi, ciddi dirənişlə qarşılaşmadan süvarilərin qəfil həmləsi ilə rus ordusunu mühasirəyə alıb darmadağın etməyi düşünürdü.
Müəllifi bilinməyən, orijinalı qeyb olmuş XV yüzilə məxsus "Mamay qırğınının əfsanələri" əsərində qeyd edilir ki, savaş saat on ikidə rus rahib-döyüşçüsü Aleksandr Peresvetin tatar sərkərdəsi Teymur Mirzə-Çelubəy ilə təkbətək qarşılaşması ilə başladı. Hər iki döyüşçü aldığı yaralardan həlak oldu. Lakin bu faktın həqiqətə uyğunluğu bir çox elmi qaynaqlar tərəfindən tutarlı dəlillərlə şübhə altına alınır. Araşdırıcıların qənaətincə, təkbətək vuruş səhnəsi Kulikovo döyüşünə cəngavərlik ruhu qatmaq üçün uydurulmuşdur".
Qarşısındakını ələ almaq üçün bütün gücünü, qüvvəsini sərf etməkdə olan qadın gözlərilə onu yeyirdi. Açıq-aşkar bildirmək istəyirdi ki, onun kimi yaraşıqlı qadınla bir kupedə yolçuluğun fürsətlərini buraxıb da gözlərini kitabdan çəkməmək nə deməkdi? Qadının alışıb-yanan ehtiraslı baxışları qarşısında əriyib getdiyini hiss etsə də, nə qədər duruş gətirə biləcəyini sınayırmış kimi inadına qısılmışdı.
- Haralısınız? - qadın ötkəm səslə soruşdu.
Bu, bəyənmədiyi soru olsa da, yayınmaq üçün tutarlı dəlil tapa bilmədiyindən, ya bəlkə acıq vermək üçün əlilə pəncərədən görünən çölləri göstərərək:
- Buralıyam, - dedi, - Kulikovo mənim əcdadımın vətənidir.
- Belə deyin...
Araya gərgin bir sükut çökdü, handan-hana qadın dilləndi:
- Nə əcəb mənim haralı olduğumu sormadınız? Yoxsa, siz də bir çoxları kimi qadının vətəninin ərinin yatağı olduğunu düşünürsünüz?
- Yox, mən elə düşünmürəm, - Qadının atmacalı sualını cavabsız buraxmaq istəmədiyindən ağızucu söylədi.
Ancaq nə dediyinin fərqində deyildi - xəyalı keçmişlə indinin arasında yol ölçür, bu nəhənglikdə zamanın belə çevikliklə aşılıb keçilməsi onu heyrətləndirirdi.
- Tarix yalnız olmuş hadisələri araşdırır, ola biləcəklər barədə ehtimallar, fərziyyələr yürütmür.
- Elmin ölü, durğun olması, indiyə qədər tarixdən ibrət götürülməməsi də burdan mayalanır. - Söhbətin siyasi məcraya yönəlməsi onu açmasa da, fikirlərini yarımçıq qoymaq istəmədi. - İkinci Dünya savaşında rus-sovet boyunduruğu altında əzilən xalqların əl-ələ verərək imperiyanı qoruyub saxlamaq uğrunda canlarından keçməsini heç cür anlamaq olmur. Halbuki bu xalqların ən aşağı səviyyədə birliyi olsaydı...
- Siz beləmi düşünürsünüz? - qadın cavab gözləmədən baxışlarını pəncəyərə dikdi.
"Sonra tatar süvariləri rusların keşikçi və ön alaylarını darmadağın edərək üç saat ərzində onların mərkəzdə yerləşən qüvvələrini və sağ cinahını yarmağa cəhd etdilər. Mamay xan əsas zərbəni xeyli itki verən rusların sol cinahına yönəldərək onları sıxışdırmağa başlayandan sonra, xüsusi ehtiyat qüvvələri hərəkətə gəldi. Lakin tatarlar rusların sol cinahını yararaq onların arxasına keçə bildilər və artıq qələbə çaldıqlarını düşünərək arxayınlaşdılar. Elə bu məqamda rusların pusquda dayanmış alayının qəfil hücumu bütün döyüşün taleyini dəyişdi. Bu hücumu gözləməyən tatarlar sarsıldı və geri çəkilərək qaçmağa üz qoydular. Əlli verst məsafədə ruslar Mamay xanı təqib edərək onun qoşunlarını darmadağın etdilər".
Tarixin gerçəklərini bilsə də, bu sətirləri oxuyunca qəfildən içərisinə qatı qaranlıq çökdü və yaddaşında hər şey əriyib qarışdı. Handan-hana yenilmiş ordunu yenidən toparlar kimi zehnini toparladı.
- Özünüzü boş-boş fikirlərlə yormayın. Nə olur-olsun, zamanın çarxını geri fırlatmaq mümkün deyil. - Qadın həvəssiz əlavə etdi.
Siyasi mövzularda çəkişmələrdən bacardıqca yayınmağa çalışır, bunun qadın-kişi münasibətlərinə kölgə saldığını anlayırdı. Hətta gözəlliyinə heyran olunan bir qadının siyasi mövqe sərgiləməsinin ona qarşı baş qaldıran kişilik duyğusunu zədələdiyini bilirdi. Bəs nədən o zaman bayaqdan bəri söhbətin axarını dəyişə bilmirdi?
"Döyüşdə Mamay xan ağır yenilgiyə uğradı, demək olar ki, bütün ordusunu itirdi. Mamay xanın məğlub kimi qaçıb Krıma sığınmasından yararlanan Toxtamış Qızıl Ordanın hakimi oldu, bir qədər sonra Moskva şəhərini ələ keçirməklə tatarların qisasını aldı və yenidən ruslar ağır şərtlər altında xərac verməyə məcbur edildi. Ancaq Kulikovo döyüşündəki qələbə rus knyazlarına birliyin zəruriliyini anlatmış oldu. Tatarların vassalına çevrilmək rus knyazları arasında uzun illərdən bəri davam edən çəkişmələrin tədricən səngiməsinə gətirib çıxardı. Bunun sonucu olaraq ruslar ayrı-ayrı knyazlıqlar kimi girdikləri Qızıl Orda hakimiyyətindən yüz il sonra vahid dövlət kimi çıxdılar".
...Qadın yatağını hazırlamağa başlayınca kitabı götürüb kupedən çıxdı. Gecə yarını keçdiyindən dəhlizdə kimsə gözə dəymirdi. Hava əməlli-başlı soyumuşdu. Yarıaçıq pəncərənin önündə dayanıb gecənin dərinliyini, elektrik dirəklərinin axıb keçən kölgələrini, uzaqlarda sayrışan solğun işıqları süzdü. Kitabı açıb müəllif qeydi kimi verilmiş son sətirləri oxudu.
"Qlinskilər ailəsində gəzən əfsanəyə görə, Mamay xanın nəsli Böyük Litva Knyazlığına sığınmışdır. Litvada qaldırdığı üsyanda uğursuzluqla üzləşincə Moskvanın himayəsinə keçən Mixail Qlinski Mamay xanın oğlu Mənsur Kiyatın nəslindəndir. Onun qardaşı qızı Yelena Qlinskaya qəddarlığı ilə bütün dünyada ad çıxaran rus çarı IV İvan Qroznının anası olmuşdur. Tarixdə buna bənzər təzadlı məqamlara az-az hallarda rast gəlinir".
Bir azdan kupeyə dönüncə gözlərinə inanmadı: qadın çılpaq soyunub onun yatağında uzanmışdı. Ayaqları kilidləndiyindən yerindəcə quruyub qaldı və bir sürə nə edəcəyini bilmədi. Handan-hana özünə dönüncə içinin dərinliyində türk soyunun sonrakı məğlubiyyətlərinə yol açan Kulikovo döyüşü ilə qadının ehtiras yağan vücudu arasında gizli bir bağlılıq duyubmuş kimi diksindi və hər şey yaddaşının axarında çılpaqlaşaraq əslinə döndü. Sanki qadın onu özünə bağlayan hər şeyini - qürurunu, gözəlliyini, yaraşığını əyninin geyimi ilə birlikdə soyunub atmışdı. Kişilik duyğusunun söndüyünü, bədəninin sustaldığını hiss etdi və qaranlıqda ehtirasla ona sarı açılan qollardan sıyrılıb dəhlizə çıxdı.

Avqust-sentyabr, 2016
London-Oksford-Bakı

10-09-2022, 08:13
Düşmənin kabusuna çevrilən kəşfiyyatçı


Düşmənin kabusuna çevrilən kəşfiyyatçı

44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizdən sonra qəlbimiz qürur hissi ilə doldu. Bu qüruru bizə yaşadan Vətən Müharibəsi qəhrəmanlarından biri də Elçin Zamin oğlu Hüseynovdur. O, könüllü olaraq bu yolu seçmişdi, hərbçi olmaq istəmişdi. Ona görə də Vətənə borcunu verməklə ürəyi rahat olmamış, müddətdən artıq xidmətini davam etdirmiş və kəşfiyyatçı-snayper kimi özünü dəfələrlə təsdiq etmişdi. Anası Mətanət Məhərrəmova xatirələrində söyləyir ki, Elçin hərbi xidmətdə olanları heç vaxt ona danışmazdı. Yəqin ona görə ki, anası çox həssasdı, olanları ürəyinə salar, fikir eləyərdi...

Elçin özü də həssas qəlbli, ədalətli, hümanist insandı. Ancaq torpaqlarımızın işğalına, başımıza gətirdiyi müsibətlərə, körpələrə verdiyi işgəncələrə görə düşmənə sonsuz nifrəti vardı. Uşaqlıqdan üçrəngli bayrağımızı əzizləyər, evin ən hündür yerindən asardı. Milli Qəhrəman Mübariz İbrahimov şəhid olduqdan sonra Elçin özünə yer tapa bilmirdi. Ona görə də 2016-ci ildə Aprel döyüşlərində könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. Doğmaları deyirlər ki, Elçin çox gözəl insan, yaxşı övlad idi, amma o Vətəni bizdən, hamıdan çox sevirmiş...
Elçin Zamin oğlu Hüseynov 1992-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarında olarkən ailəsi Bakıdan Sumqayıt şəhərinə köçüb. O, Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə 9 illik təhsil aldıqdan sonra təhsilini Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib. Kollecin Gömrük işi fakültəsini bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra Elçin öz ixtisası üzrə deyil, bu sahəyə daha çox həvəsi olduğundan hərbçi kimi ( MAXE) Bakı korpusunda xidmət etməyə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq Bakı korpusundan ön xətdə yerləşən N saylı hərbi hissəyə köçürülüb. Bundan sonra Elçin Hüseynov Ağdam, Ağdərə, Tərtər bölgələrində yerləşən N saylı hərbi hissələrdə xidmət edib. O, xidməti müddətində snayper-kəşfiyyatçı ixtisasına yiyələnib. Dəfələrlə təlimlərdə iştirak edərək, yüksək nəticələr əldə edib.

Bütün varlığı ilə Vətən Müharibəsinə qatılan Elçin düşmənin 50-dən çox canlı qüvvəsini, o cümlədən yüksək rütbəli zabitlərini məhv edib. O, Suqovuşan uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. Belə ki, onlar "Mübariz" postundan növbəti posta adlayarkən güllə başının arxasından dəyib. Komandiri əvvəlcə onun şəhid olduğunu zənn edib. Bir müddətdən sonra döyüş yoldaşları onun sağ olduğunu öyrəniblər. Elçin yaralandıqdan sonra uzandığı yerdən qalxıb. Komandiri Elman Əzizlinin “geri qayıt” əmrinə baxmayaraq irəli getməyə başlayıb. Elçin Hüseynov ikinci dəfə özündə güc taparaq yenə də bir neçə düşməni məhv edib. Bundan sonra ermənilər onun başından nişan alıblar. Başına tuş gələn güllə onu yerə yıxıb. Yerə yıxılan Elçin əynindəki bronjiletini çıxararaq kənara qoyub. Üstündə olan bayrağımız düşmən əlinə keçməsin deyə onu əynindəki paltarının cibinə qoyub.

Kəşfiyyatçı-snayper, Vətənin igid oğlu Elçin Hüseynov 2020-ci il oktyabrın 2-də qucağında snayper tüfəngi qəhrəmanlıqla şəhid olub. 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi, 28 yaşı vardı...
Şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Sentyabrın 6-sı Zəfər tariximizi yazanlardan biri olan şəhid Elçin Hüseynovun doğum günüdür. Günün mübarək olsun, Şəhidim, məzarın nurla dolsun!

Mina Rəşid

10-09-2022, 08:03
Nağıllarımızın Genetikası



Emin Zeynalov
Bakı Avrasiya Universitetinin
filologiya fakültəsinin IV kurs tələbəsi

Nağıllarımızın Genetikası
(Zəngəzur və Anadoluda Qeydə Alınan Bənzər Nağılların Genetik Uyğunluğuna Dair Qeydlər. )
Folklor bir fərdin, tayfanın, xalqın və nəhayət bir etnosun milli yaddaşıdır. Bu yaddaş özünü xalqın etnomədəni dəyərlərində və o cümlədən söz sənətində də göstərir. Xalqın yaddaşı ən böyük söz xəzinəsi olduğu üçün milliklərlə yeni interpetasiyalarda və versiyalarda ortaya çıxır. Etnosun bir bölgədən digər bölgəyə köçü zamanı isə həmin şifahi mətnlər yeni mühitin təsiri ilə variantlaşsa da, mühitin və zamanın interpretasiyasına məruz qalsa da ilkin informasiyanı kodlaşdıraraq öz genetizmində qoruyub saxlayır. Şifahi xalq ədəbiyyatının povesti adlandırdığımız nağıllar folklor çələngimizin ən gözəl nümunələri sayılır. Nağıllar epik janrlar içərisində öz əlamətlərinə görə seçilir. Ona görə də nağıllar dünya xalqları içərisində ən geniş yayılmış epik janrdır. Nağıllar və onların xüsusiyyətləri haqqında bir çox folklorşünaslar müxtəlif fikirlər irəli sürmüşlər. P. Əfəndiyevə görə “ Əşya və təbiət hadisələrinin canlandırılması, əşya və heyvanlar üzərinə köçürülməsi, cəmiyyətdə, təbiətdə, çox adi görünən hadisələrin fantastik şəklə salınması, fövqəladə hadisələrlə qaynayıb-qarışdırılması, gələcəyə nikbin münasibət, inam, xoş əhval-ruhiyyə, geniş epik lövhələrin macəra və mürəkkəb hadisələrin bolluğu və s. nağıllara xas olan xüsusiyyətdir”. (Əfəndiyev, 2012: 203). Nağıla “Genellikle efsanevi, fantastik güçlerin iştirakiyle cereyan eden uydurma hadiseler ve şahıslar hakkında hikaye, rivayet” kimi də baxmaq olar. (Hidayət, 2012: 12)
Bu xüsusiyyətlər nağılları bəşəriyyətin ortaq mirası etsə də, nağıılarda mövcud milli kolorit onu hər bir xalqın öz mədəni mirasına çevirir. Nağılların özəl xüsusiyyətlərindən biri də zaman -zaman fəthlər nəticəsində bir əraziyə digər xalqın yerləşməsi ilə həmin ərazidə mövcud olan nağılların da yeni xalqın söz mirasına çevrilməsidir. Lakin diqqət etdikdə iki müxtəlif xalqın nağıllarındakı milli kolorit onları bir birindən ayırd etməyə səbəb olur. Yaxud da tam əksi, bir xalq digər bir əraziyə köç etmək məcəburiyyətində qaldığı halda belə yüzilliklər keçsə belə hər iki xalqın şifahi söz sənətində yer alan nağııların eyni koloriti qoruyub saxlamasına səbəb olur. Anadolu və İrəvan türklərinin nağıllarında da sözü gedən bu oxşarlıqları bu gün də müşahidə etmək mümkündür. Bu nağıllarda bəzi oxşar süjetlər olsa da müəyyən motiv fərqlilikləri özünü göstərir. Bu da zamanla mətnin yeni interpretasiyası səbəbi ilə ortaya çıxır. Süjetlərin xalqlar arasında ortaq dəyərlərə səbəb olmasının əsl səbəbi İrəvan türklərinin müəyyən dövrlərdə öz ərazilərini məcburi şəkildə tərk etməsi ilə bağlıdır. Həmin köçlərdə xalq öz dilini, mədəniyyətini, folklorunu da özü ilə birgə aparmışdır. XVI əsrin sonu, XVIII əsrin 20- ci illəri, 1918-1920 illərdə İrəvan türkləri erməni separatizminin təzyiqləri nəticəsində də Türkiyənin Şimal Şərqinə — Iğdır, Ağrı, Qars, Anadolu bölgələrinə köçürülmüşdür. Bu, xalqların nağıllarında müəyyən motiv oxşarlığı yaratmışdır. Oxşar motivli nağıllar əsasən heyvanlar haqqında nağıllar, tarixi nağıllar, ailə -məişət nağılları və sehrli nağıllar qrupuna aiddir. Iğdır nağıllarından olan “Geçiynen gurd”, “ Ahmak gurd”, “Cımbılı Çıtdan”,”Şahoğlu Şah Abbas “ , “ Fatmaçıq”, “ Odunçuynan üç kızı”, ”Qızıl inek” mətnlərinin oxşar motivi Azərbaycan nağıllarda da özünü bu və ya digər dərəcədə göstərir.
Bu, xalqın sitayiş etdiyi, özünə əcdad saydığı kult oxşarlığı ilə də bağlıdır. “Fatmacıq”, “Qızıl inek” mətnləri ilə “Fatmanın inəyi” mətnində inək və ya öküz türk xalqlarının sevdiyi, əcdadı hesab etdiyi heyvandır. Bundan başqa qurd da ortaq nağıllar üçün səciyyəvi heyvan motividir. Türklərin həmişə özünə əcdad saydığı qurd dastanlarda yol göstərən, xilas edən, bələdçi funksiyasını daşısa da nağıllarda tamahkarlığın, yalançılığın, axmaqlığın göstəricisi kimi səciyyələnir. “Geçiynen gurd”, “ Ahmak gurd” nağıllarında qurdun mənfi xüsusiyyətlərini görürük. Nağıllar süjet və motiv etibarilə “Şəngülüm, şüngülüm, məngülüm”, “Qurdun axmaqlığı” Azərbaycan nağılları ilə eynidir. İlk nağıldakı oxşarlıq qurdun acgözlüyü, keçini balalarından birini yeməsi və ana keçinin düşməni məğlub edərək öldürməsi süjeti ilə bitir.
Buradan da belə bir nəticəyə gələ bilərik ki, xalqın etnomədəni dəyərləri zamanın sınağından keçərək hər bir şəraitdə yeni versiya və interpretasiyalarla özünü qoruyub saxlamağı bacarmışdır.
Ədəbiyyat siyahısı
İSMAYILOV, Hüseyn. (1999). Azərbaycan folklor antologiyası (Göyçə folkloru), Bakı: Səda.
ƏFƏNDİYEV, Paşa. (2012). Azərbaycan şifahi xalq ədəbiyyatı, Bakı: Elm və təhsil.
HİDAYƏT, Aydın. (2012). Iğdır masalları. Kırşehir:
10-09-2022, 07:36
"Nur ocağı" ədəbi məclisi  Səməddin Laçınlıın şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Səməddin Laçınlıın şeirlərini təqdim edir:

A dünya
Anadan olandan cəfakeş oldum,
Niyə mən doymadım səndən, a dünya?!
Zəhmətlə bağ saldım, bostan becərdim,
Bəs niyə baxıram gendən, a dünya?!

Mən səhv eləmişəm nədə, bilmədim,
İşlərim çox düşdü bədə, bilmədim,
Yolumu itirib gedə bilmirəm,
Verdiyin dumandan, çəndən a dünya.

Keçdim hər qayadan, daşdan, qorxmadım,
Ayaqdan qorxmadım, başdan qorxmadım,
Borandan qorxmadım, qışdan qorxmadım,
Qorxmadım sultandan, xandan a dünya.

Düşdüm çətinliyə, daş oldu yolum,
Namərd qarşısında donmadı dilim,
Qəmlərə qərq oldu hər ayım, ilim,
Bezmədim heç zaman candan, a dünya.

Biçarə şairəm, yoxdu pənahım,
Allaha yetməyir amanım, ahım.
Mənə agah eylə, budur günahım,
Gen gəzdim şöhrətdən, şandan, a dünya.

Həyat yollarında yıxıldım, durdum,
Halal zəhmətinən bir yuva qurdum,
Qan salan, sırtılmış çox üzlər gördüm,
Qorundum, çox qaçdım qandan, a dünya.


Vətənsiz
Ay namərd qəlbimi yaralama sən.
Vətənsiz onsuzda yaralıyam mən.
Düşüb ürəyimə vətənin xalı,
Otuz il baharı saralıyam mən.

Ömrümün dayrəsi kəsgin daralır.
Başımın üstünü boran- qar alır.
Yollara baxmaqdan gözüm qaralır,
Vətənsiz həyatı qaralıyam mən.

Dost bildik kafiri, aldatdı bizi,
Bağladı yolları, cığırı, izi,
Qoydu işğal altda dağları, düzü,
Onunçün dağlardan aralıyam mən.

Kafiri qovmuruq qucağımızdan,
Daim ləzzət alır bucağımızdan.
Didərgin salıblar ocağımızdan,
Az qalır unudam haralıyam mən.

Namərdlər kəsilib mərdlərə qənim.
Səməddinəm səbrim tükənib mənim,
Kafirin əlində qalıb Vətənim,
Qəribəm, demirəm buralıyam mən.

Salam deyərsən

Gedirsən Vətənə, uğurlar olsun.
Məndən o dağlara salam deyərsən.
Getdiyin yolların qoy bahar olsun,
O barlı bağlara salam deyərsən.

Yolun açıq olsun, sabahın nurlu,
Başın uca olsun, ay dağlar oğlu.
Çəməni çiçəkli, nehrəsi yağlı,
Güllü yaylaqlara salam deyərsən.

Çıx Qabaqtəpədən Talaya boylan,
Maxsuçuxurunda mən əvəz yaylan,
Şır-Şır bulağıdı dərdlərə dərman,
O buz bulaqlara salam deyərsən.

Dağılmış, talanmış o saraylara,
Orda məskən salan boz ayılara,
Dağların göz yaşı olan çaylara,
Şair Səməddindən salam deyərsən.

Gözlərim
O qədər dərd gördüm, qəm gördüm, Allah,
Çətin bu dünyada gülə gözlərim.
Vaxtsız qırov düşdü, qar yağdı telə,
Ürəyim bahardı, çilə gözlərim.

Namərddən, yaltaqdan uzaq dolandım,
Həyatım qış oldu, sazaq dolandım,
Biçarə dolandım, yazıq dolandım,
Baxmadı heç zaman ələ gözlərim.

Atdım addımımı saflığa, düzə.
Namərd qarşısında enmədim dizə,
Qəlbikövrək oldum qoydular sözə,
Doldu qəm yaşıyla silə gözlərim.

Baxmadım kimsənin mən çəp işinə,
Uymadım pislərin pis vərdişinə.
Mat qaldım dünyanın bu gərdişinə,
Sərt oldu sözlərim, pilə gözlərim.

Çox keçdim həyatın qaranlığından,
Uzaqda dolandım viranlığından.
Zövq almadım kefin bir anlığından,
Düz baxdı obaya, elə gözlərim.

Dostluğa qəlbimdə var etibarım.
Dostlarım gələndə olar baharım.
Dostluqdu baş tacım, həm də vüqarım.
Zillənər dost üçün yola gözlərim.

Azad yaşadığım çöldən ayrıldım,
Vətəndən ayrıldım, eldən ayrıldım,
Qara şəvə kimi teldən ayrıldım,
Oldu həsrətlərə kölə gözlərim.

Səməddinəm ağa qara demədim,
Bir namərdin bircə sözün yemədim,
Xeyirxahlıq oldu mənim sənətim,
Çox düşdü yağışa, selə gözlərim.

Getdi
Saxda məhəbbətin aldatdı məni.
O gözəl gənliyim zay oldu getdi.
Yığdın gözlərimə dumanı, çəni,
Canım bivəfaya tay oldu, getdi.

Düşdüm hər bəlaya eşqimdən ötrü,
Yığdım vərəqlərə bu qəmli sətri,
Nə qədər başıma tutsam da çətri,
O bahar günlərim yay oldu getdi.

Düşdüm məhəbbətin, eşqin selinə,
Düşdüm namərdlərin acı dilinə,
Düşdüm bu həyatın daşqın selinə,
Axdı göz yaşlarım çay oldu, getdi.

Qarğışa tuş gəldim, fellərə düşdüm,
Elə bil bəd əsən yellərə düşdüm,
Mən də Məcnun kimi çöllərə düşdüm,
Ömrüm matəm oldu, vay oldu, getdi.

Səməddin, vəfasız, məhəbbət qanmaz.
Saxda məhəbbətlə ürək də yanmaz,
Yalandan yansa da heç alovlanmaz,
Yalan haray saldı, hay oldu, getdi.

Gülüm
Dolur gözüm səndən uzaq,
Gəlim olum sənə qonaq,
Qoy öpüşsün bu dil dodaq,
Ayrılığın üzür, Gülüm.

Mən yaşadım sis-dumanlı,
Cavan idim, dəliqanlı,
Ömrüm olub yarıcanlı,
Ölüb getmir, dözür, Gülüm.

Ürəyimə xallar düşüb,
Qara saça çallar düşüb,
Əllərimdən güllər düşüb,
Ayaqlarım əzir, Gülüm.

Vurğun oldum gül camala,
Mən yanında qala- qala,
Sən uymuşdun mala, pula,
Taleh nə pis yazır, Gülüm.

Yoxdur ilqar, yoxdur peyman,
Sızıldayır qoca, cavan,
Bu dərdlərə dözməyən can,
Bu həyatdan bezir, Gülüm.

Vurğun oldum sənə, niyə,
Qəlbim oldu eşqə dəyə,
Öz başına döyə- döyə,
Səməddindır gəzir, Gülüm.


Ötəri
Yarı canım gedib, yarısı qalıb,
Çəməndən ötəri, güldən ötəri.
Çox məkan dolandım, əyridən qaçdım,
Bir sözü düz deyən dildən ötəri.

Sonasız göllərə səyahət etdim,
Vəfalı yar üçün sonacan getdim,
Eşqin yollarında sərf oldum, itdim.
Sonalar axtardım göldən ötəri.

Düşdüm hər çətinə, daş oldu yolum.
Baharda gəzdiyim qış oldu yolum,
Eşqisiz ütəyə tuş oldu yolum.
Əllərim uzandı əldən ötəri.

Əzablı eşqimə qul oldum, susdum.
Hər günü kədərli dil oldum, susdum.
Yandım öz içimdə kül oldum, susdum.
Nəsildən ötəri, eldən ötəri.

Səməddin keçənə güzəşt deyərlər,
Həyat ələyinə süzgəç deyərlər.
Günah işlədənə gəl, keç deyərlər,
Aylarım xərcləndi ildən ötəri.

Ürəyim
Qəriblik ömrümü aldı əlimdən,
Ayrılıqdan kədər aldı ürəyim.
Ayrıldım bağımda öz bülbülümdən,
Vətəndə qırıldı, qaldı ürəyim.

Dözdüm hər çətinə, talandı qəlbim.
Odsuz ocaqlara qalandı qəlbim.
Buz kimi əridi, yalandı qəlbim,
Girov qəbirlərə doldu ürəyim.

Ərgohu, Talanı gəzib doymadım.
Şır- şır bulağında nişan qoymadım,
Düşmənin hiyləsin niyə duymadım,
Namərdə nişangah oldu ürəyim.

Qocaları tanklarınan yordular,
Uşaqları qar- boranda qırdılar.
İgidləri ürəyindən vurdular,
Şəhidə, qaziyə quldu ürəyim.

Səməddinəm saralıram gül kimi.
Sovruluram Vətənimə kül kimi,
Niyə susduq biz lal olmuş dil kimi,
Kədərlə köklənmiş teldi ürəyim.

Mənim
Həyat yollarımda yıxıldım, durdum,
Bir kimsə yetmədi dadıma mənim.
Başımı soxmağa bir dəyə qurdum,
Bir kimsə yanmadı oduma mənim.

Çalışdım, vuruşdum yaşamaq üçün,
Təmiz ad- sanımı daşımaq üçün,
Özüm öz başımı qaşımaq üçün,
Ehtacım olmadı yadıma mənim.

Göz yaşım üzümdə coşqun çay oldu,
Yazığa, fəqirə canım tay oldu,
Acılar içində ömrüm zay oldu,
Kimsə bal qatmadı dadıma mənim.

Səmədəm haramdan uzaqda gəzdim,
Şələlər altında əlimi əzdim,
Zəhmətlə yaşadım, əzaba dözdüm,
Bir ləkə düşmədi adıma mənim.

Bilinmir
Zalım fələk yara vurub sinəmə,
Bircə damla şirin payı bilinmir.
Dünya özü yalançıdır, sən demə,
Nə bir ili, nə bir ayı bilinmir.

Bu həyatda dad qalmayıb heç nədə,
Çiyinlərim yara olub şələdə.
Kişilikdən lovğalanır hər gədə,
Nə bir kökü, nə bir soyu bilinmir.

Yağ yerinə zəhər qatıb aşıma,
Qaldırmamış dəmir qatıb daşıma,
Baharımda qar yağıbdı başıma,
Nə bir yazı, nə bir yayı bilinmir.

Sığal çəkib, aldanmışam əlinə,
İnanmışam mən içinə, çölünə,
Düz söz gəlmir, bir kimsənin dilinə,
Barmaq çatmır, doğru sayı bilinmir.

Nə düşmüsən bu fələyin üstünə,
Ay Səməddin çox boğuldun tüstünə,
Oğrun- oğrun girib sənin qəsdinə,
Nə alovu, nə də suyu bilinmir.

Mənim
Vətənimdə harayım var,
Gözlərimdə qan çayım var,
Qəm- kədərdən çox payım var,
Yoxdu ayım, ilim mənim.

Vətən dərdi yaralıyam,
Ömrü ağlı qaralıyam,
Unutmaram haralıyam.
Qabar olub dilim mənim.

Vətənimdən güc alıram,
Xəyallara çox dalıram,
Yavaş- yavaş qocalıram,
Bükülübdür belim mənim.

Səməddiməm var acımız,
Şəhid, qazi baş tacımız,
Nakam qalıb çox bacımız.
Qeyrətlidir elim mənim.
9-09-2022, 18:57
Pakistanda daşqınların vurduğu ziyan açıqlandı


Pakistanda daşqınların vurduğu ziyan açıqlandı

Pakistanda daşqınların vurduğu zərər 30 milyard dollardır. Bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. “Təbiət geri çəkilir. Bu gün Pakistandır, sabah başqası ola bilər. Pakistanın 30 milyard dollar dəyərində maliyyə dəstəyinə ehtiyacı var”, - Antonio Quterreş İslamabadda Daşqınlara Qarşı Mübarizə Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Sentyabrın 9-da BMT Ümumdünya Ərzaq Proqramı çərçivəsində zərər çəkmiş 1,9 milyon pakistanlının ərzaqla təmin edilməsi planını açıqlayıb. Quterreşin sözlərinə görə, Pakistan kimi ölkələr üçün daha çox resurs səfərbər edilməlidir. Pakistanda bu yay son 30 ildə rekord miqdarda yağıntı qeydə alınıb. Musson leysanları çayların daşmasına və nəticədə geniş əraziləri su basmasına səbəb olub. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, Pakistanda 1391 nəfər həlak olub, 12722 nəfər xəsarət alıb, 1,7 milyondan çox evə ziyan dəyib.
9-09-2022, 18:55
Ukrayna ordusu irəliləyir - Yeni ərazilər azad edildi


Ukrayna ordusu irəliləyir - Yeni ərazilər azad edildi

Ukrayna ordusu Rusiya hərbçilərinin nəzarətində olan cənub mövqelərinə doğru bir neçə kilometr irəliləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib. “Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki onların adlarını açıqlamırıq”, - Qumenyuk bildirib.
9-09-2022, 18:53
Putin hökumətə ərzaq tədarük etməyi tapşırdı


Putin hökumətə ərzaq tədarük etməyi tapşırdı

Rusiya Prezidenti Vladimir Putin hökumətə ərzaq tədarükü ilə məşğul olmağı tapşırıb. Butov.az xəbər verir ki, dövlət başçısı bu barədə Təhlükəsizlik Şurasının iclası zamanı bildirib. Putinin Rusiya hökumət sədrinin birinci müavini Andrey Belousova tapşırığı yerli mediada dərc olunub.
9-09-2022, 18:52
Erməni general “Lələtəpə əməliyyatı”na görə Paşinyanı suçladı


Erməni general “Lələtəpə əməliyyatı”na görə Paşinyanı suçladı

Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətlə nəticələnmiş uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı qarşılıqlı ittihamlar səngimir. Butov.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan uğursuz “Lələtəpə əməliyyatı”na görə Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandiri Cəlal Arutyunyanın həbsinə etiraz edib: “Əgər Cəlal Arutyunyan mühakimə olunursa, ilk növbədə qərarı təsdiqləyən Ermənistanın baş naziri Nikol Paşinyanı da mühakimə etməlidirlər”. General deyib ki, “Lələtəpə əməliyyatı” ilə bağlı qərar qəbul edilən zaman baş komandan kimi Nikol Paşinyan şəxsən iştirak edib. “Bu gün iki ən yaxşı generalımız həbsdədir (Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan-red.), onlara cinayət işi açılıb. Kim ittiham irəli sürüb? Hərbi işlərdən ümumiyyətlə anlayışı olmayan müstəntiq”, - deyə Akopyan hiddətini ifadə edib. O, təqsirləndirilən şəxslərin sonda bəraət alacaqlarına inandığını vurğulayıb. Baş nazir Nikol Paşinyanın müharibənin fərqli nəticə verə biləcəyi ilə bağlı dünənki bəyanatını şərh edən Movses Akopyan bu bəyanatla razılaşaraq, hazırkı nəticəyə səbəb kimi idarəetmə səhvini göstərib. Xatırladaq ki, Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan hazırda həbsdədirlər. Arutunyan uğursuz “Lələtəpə əməliyyatı”na görə, Arzumanyan isə Şuşadakı məğlubiyyətlə bağlı həbs olunub.
9-09-2022, 18:49
Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq


Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi” qeyri-hökumət təşkilatı arasında Niyyət Bəyannaməsi imzalanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Niyyət Bəyannaməsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş imzalayıblar. Niyyət Bəyannaməsi tərəflər arasında bilik və təcrübə mübadiləsi, idarəetmə heyəti, mütəxəssis-həkimlərin və digər səhiyyə işçilərinin mübadiləsinə dəstək, səhiyyə işçilərinin qısamüddətli təlimlərə cəlb olunaraq bilik səviyyələrinin artırılmasının təşkil olunması, birgə əməkdaşlıq layihələrinin hazırlanması, müvafiq səhiyyə müəssisələri arasında əməkdaşlığın təmin edilməsinə dəstək, qarşılıqlı elmi-tədqiqat işlərinin aparılması üçün mühitin yaradılmasını və s. müəyyən edir. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov imzalanan Niyyət Bəyannaməsi çərçivəsində təşkil ediləcək konqres, konfrans, simpozium və s. kimi tədbirlərin uşaq xəstəlikləri üzrə təcrübə mübadiləsinin aparılmasında səmərəli nəticələr verəcəyini qeyd edib. O, kritik vəziyyətdə olan uşaqlara anında tibbi müdaxilənin vacibliyini vurğulayıb: “Məqsədimiz təcili tibbi müdaxilə tələb edən bütün uşaqların ölkəmizdə ən keyfiyyətli müalicə almasını təmin etməklə uşaq ölümlərinin azaldılmasına töhfə verməkdir”. Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş qarşılıqlı Fəaliyyət Planının hazırlanacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində hər iki tərəf maddi və texniki bazadan müştərək olaraq istifadə edə bilər. Məlumat üçün bildirək ki, Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi 19 yanvar 1998-ci ildə “Təcili Pediatriya Assosiasiyası” olaraq yaradılıb.
9-09-2022, 18:43
İran Moskva, Bakı və Tehran arasında vizaların sadələşdirilməsini istəyir


İran Moskva, Bakı və Tehran arasında vizaların sadələşdirilməsini istəyir

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi cümə günü bildirib ki, Moskva, Bakı və Tehran üçün sərhədləri keçmə və vizaların verilməsi prosesinin sadələşdirilməsi vacibdir. "Biz (Rusiya, Azərbaycan, İran - red.) sərhədləri keçmək və viza almaq məsələsini sadələşdirməliyik. Bu, bir sıra xərclərin azalmasına, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələrin aradan qaldırılmasına gətirib çıxaracaq". Butov.az xəbər verir ki, iranlı nazir Bakıda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə deyib. Üçtərəfli görüş cümə günü, sentyabrın 9-da baş tutub və ondan sonra Bakı Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar. Bəyannaməyə əsasən, Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər. İlk iclasın cari ay ərzində keçirilməsi planlaşdırılır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Sankt-Peterburqdan başlayıb Mumbay limanına (Hindistan) qədən gedən və uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. Beynəlxalq nəqliyyat dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!