Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-12-2015, 12:59
Yalaqlar, yaltaqlar başa keçibsə, baş başın götürüb hara qaçmalı?!.


Vaqif BAYRAMOV

Yalaqlar, yaltaqlar başa keçibsə, baş başın götürüb hara qaçmalı?!.

(birinci yazı)

Yalan satmağından əl çəkmir yalan,
Düzə dirsək vurur, düz baxa-baxa.
Su olur yandıran, su tapmır yanan,
Göz də oğurlanır göz baxa-baxa.

Məmməd Araz


Faciə təkcə ölüm-itim, gurşadın yer-yurdu xaraba qoyması, düşmənin özgə torpağı qamarlaması deyil, həm də doğrunun, düzün tərəfində dayananın, həqiqəti dilə gətirənin meydandan qovulması, sürgündə çürüdülməsi, izi-tozu da qalmamasıdır. Həqiqəti, ədaləti haqq bildiyi ünvana ünvanlayanın, düzü zamanında və məqamında söyləyənin küncə sıxışdırılması, nəfəs dərməyə, ruhu ilə qovuşmağa belə imkan verilməməsidir.

...“Düz əyrini kəsər” ümidiylə yaşayanın, sabaha o gümanla boylananın, yalansız, riyasız, bəzək-düzəksiz bir bəndənin ömrünə yalanın gülüşü, qəhqəhəsi bürünəndə adamın əhədi kəsilir. Yalana yarınanın Allahın mərhəmət və şəfqətindən pay alması da bir müəmma, bir sirr olub adamın əlini yerdən-göydən üzür. Yalana yarınanın, yalana bürünənin doğru-düzü, həqiqəti uydurub-üyütdüyü yalanlarla sındırması, əyməsi, üzərinə çirk, çirkab atması iç-içalatı üşüdür, dondurur.

Yalanın yarınmağı, yalan satmağı ölümlə başa çatır. Ölüm çox dərdin dərmanı kimi, yalan xəstəsini də bu bəladan xilas edir. Amma əfsus ki, yalan toxumu o xəstənin hələ sağ vaxtında qanından-canından qopub ondan törəyənin içinə dolur, içində kök atır, göyərib əməlində üzə çıxır. Beləcə, yalan atadan balaya, övladdan nəvəyə keçə-keçə “ömür sürür”. Həm də qəribəsi budur ki, mərəzin üstünə yaş gəldikcə yaşlaşmır, qocalmır. Nəsildən-nəsilə adlayıb neçə ömür-günü zəhərləyir, zəlil edir...

Bax, elə buna görə də əminliklə demək olur: yaltaqlıq, yalaqlıq sonradan qazanılmır, qanla, genlə ötürülür, şərəfsizliyə, heysiyyətsizliyə, əxlaqsızlığa zəmin yaradır.

***

Dinimizdə, əxlaqımızda yalan danışmaq, aldatmaq və bunu peşə etmək ən böyük günahlardan biri sayılıb.

Yalan danışmaqla insan həm özünü gözdən salır, ətrafındakıların ona olan inam, etibarını itirir, həm də aldatdıqlarının nifrətini, qəzəbini qazanır.

Bir gün Məhəmməd peyğəmbər: “Sizə böyük günahların ən böyüyünü xəbər verim?” – deyə soruşub və bu sualı üç dəfə təkrarlayıb. Səhabələr: “Bəli”, − deyincə: “Allaha şərik qoşmaq, ata-ana haqqına riayət etməmək, cana qəsd etmək!”– buyurub. Ardınca da: “Xəbəriniz olsun! Yalan söz danışmaq, yalandan şahidlik etmək”, − deyib. Bununla da yalanın, iftiranın, riyanın böyük günah olduğunu xatırladıb.

Rəbbimiz Qurani-Kərimdə: “Yalan sözdən çəkinin”, “Ey iman edənlər! Allahdan qorxun və doğru söz söyləyin!” buyurmaqla bu günahla bağlı belə bir xəbərdarlıq edib: “...Yalan yüksək əxlaqı çirkin əxlaqa çevirir, İslam aləmini zəhərləyir, insanları fitnə-fəsada sürükləyir və onların mənən kamilləşməsinə mane olur. İslamiyyətin əsası doğruluqdur, imanın mahiyyəti doğruluqdur, insanı kamilliyə aparan doğruluqdur, uca əxlaqın mayası doğruluqdur…”.

Məhəmməd peyğəmbər həm də buyurub: “Yalandan çəkinin. Yalan insanı günaha, o da Cəhənnəmə aparar. Bir insan yalan danışar və yalanı araşdırarsa, ilahi dərgahda yalançı kimi yazılar”.

***

Yaltaqla yaltaqlanılanın arasında elə bir sədd-sərhəd, bənd də yoxdur. İstənilən məqamda bir-birinin yerinə dayana, bir-birini əvəzləyə, şər-şəbədəni bir-birinə ötürə bilirlər.

Yaltaqlanılan özü zəifləyəndə, gücsüzləşəndə yaltağa çevrilir.

Yaltaqlanılanın yaltağa çevrilməsi daha iyrənc şəkildə özünü büruzə verir; yaltağın içində gizlənən rəzillik, riyakarlıq, xudpəsəndlik istənilən an üzə çıxır.

Yaltaqlanılan bəndə daha qorxunc, daha amansız, daha vahiməlidir. Əgər yaltaqlıq müqabilində yaltaqlanılan hansısa işi aşırırsa, hansısa körpüdən keçməyə kömək göstərirsə, sonradan onun quluna, nökərinə çevrilməsə, sədaqətlilik nümayiş etdirməsə, vəziyyət dözülməz olur: ölümə qədər təhdid edilir, böhtanlar selinə salınır...

***

Yaltağın gücsüzə, zəifə arxadan qəfil zərbə vurmağı xislətindən doğur.

Yaltağın nifaq salmaq, düşmənçilik toxumu səpmək xarakterindən irəli gəlr.

Yaltaq zəhmətlə, alın tərilə yaşamağı özünə ar bilir.

Yaltaq yaltaqlanmaqla, yarınmaqla insanlıq dəyərlərini “uf” demədən tapdalayıb, ləyaqət hissini itirib şöhrət pillələrini qaranəfəs qalxaraq zirvədə oturmağı bacarır.

Yaltağa güvənmək ağılsızlıq, sadəlövhlükdür.

Yaltağa bel bağlamaq sonda belin qırılması, inamın sınması, ümidin ölməsi ilə nəticələnir.

Yaltaqlığı peşə seçənlə cib oğrusu, mal oğrusu, can oğrusu arasında, fikrimcə, nə fərq?!. Yaltaq yalanla doğrunu qarışdırıb yoğuranda, “yalan doğruya calaq ediləndə” (Məmməd Araz) yalanının “hər şivindən oğrubaşı göyərir”(Məmməd Araz).

***

...Günlərin birində Teymurləng rəssamı çağırıb ona şəklini çəkmək əmri verir. Rəssam Teymurləngin rəsmini necə var, eləcə də yaradır: cılız, arıq bədən, qırışmış eybəcər sifət, hərəkətsiz, şikəst bir qol və ayaq, kor qalmış bir göz...

Rəssamın işinə baxan Teymurləng, necə deyərlər, cin atına minir. Qəzəbli halda şəklə baxıb – “Məgər bu, mənəm? Yəni mən bu gündəyəm?..”- nifrət dolu etirazını bildirir və cəllada - “Təcili boynunu vur”- deyir.

Birinci rəssamın “yarıtmaz işindən” sonra Teymurləng ikinci rəssamı yanına çağırtdırıb ona da həmin tapşırığın icrasını əmr edir. Bu dəfə isə əvvəlkindən fərqli bir sənət nümunəsi (qədd-qamətli, boy-buxunlu, sifətindən nur tökülən bir insan-hökmdar obrazı) ortaya qoyulur.

Teymurləng rəsmə baxıb həddən artıq qeyzlənir:-Bu, nədir, nə çəkmisən, bu, kimin şəklidir? Sən bu əməlinlə, bu işinlə məni aldadırsan, mənə yalan danışırsan, ay bədbəxt. Məni aldatmaq, mənə yalan satmaq olmaz, ay biçarə...

...İkinci rəssamın da başı bədənindən qopardılır.

...Üçüncü rəssam isə özündən əvvəlki “gözü çıxmış qardaşlarının” taleyindən xəbərdar olduğundan Teymurləngin rəsmini tamam fərqli bir şəkildə çəkir: boy-buxun görünmür; çünki at üstündə çəkilib. Ayağındakı şikəstlik nəzərə çarpmır; çünki işləksiz ayağı atın o tərəfinə aşrılıb. Əlinin şikəstliyi diqqət çəkmir; həmin əl sanki bir azdan dartılacaq oxdan yapışıb. Bir gözündəki korluq da bilinmir; çünki sağ gözu hədəfə dikildiyindən işıqdan məhrum sol gözü qıyılmış halda nəzərə çarpır...

...Rəsm Teymurləngin xoşuna gəlir və rəssam dünyanın yaşamaq xoşbəxtliyini davam etdirir...

...Birinci rəssam həqiqəti, düzlüyü, ikinci yalaq-yaltaqlığı, üçüncü isə ikincidə olan mənfiliklərlə yanaşı, həm də hiyləgərliyi, bicliyi, dələduzluğu özündə cəmləşdirir.

...İndi də üçüncülər “boylarından hündür tullanmaqda” mahirdirlər, Koroğlunu aldadıb Qıratı qaçırmaqda ustadılar, buqələmun kimi hər dövrün, zamanın şəraitinə uyğunlaşmaqda bicdilər, əyriliyin, hiyləgərliyin bilicisidirlər...

*** ...Kimdənsə eşitdiyim belə bir məsəli indi xatırlayıram: düzü, həqiqəti deyən kişinin papağının ortasında deşik olar... Vallah, nə qədər düşünürəmsə, “düz söz söyləməklə papağın ortasının deşilməsi” fikrinin məntiq-mənası mənə heç cür çatmır. Bəlkə də hardasa bu məsəli yozmaqla bir nəticəyə gəlmək mümkündür. Amma hər halda burada “həqiqətin sonunda acı nəticənin görünəcəyi” qənaəti şəksiz-şübhəsiz qəbul edilməlidir. Bəli, düz deyib, düz danışanın aqibətini gözlərimiz önünə gətirməklə yanaşı, yalanla yaşayanların, yalanla gün keçirənlərin daha yaxşı ömür sürmələrini, hörmət sahibi olmalarını, layiq bilinməyən mərtəbəni zəbt etmələrini və layiq bilinməyən ənamı almalarını da xatırlayırıq. Həm də belələri-sözdə də, əməldə də saxta olanlar düzləri qəbul etmir, düzlərə “düzünəqulu” ayamasını yapışdırıb onlara ironiya ilə yanaşırlar...

***

Nəfs gücləndikcə yalan da “ayaq açıb yeriyir”. Nəfs pula, mal-mülkə “qucaq açanda” biclik, dələduzluq, hiyləgərlik “meydan sulayır”, acgözlük, tamahkarlıq yuxuya haram qatır, günahların, qəbahətlərin işlədilməsi adiləşir...

...Nə qədər ki, yalan, fitnə-fəsad beyni, düşüncəni əsarətdə saxlayacaqsa, su odu söndürməyəcək, yağış yerin cadarını itirməyəcək, qarın doysa da göz ac qalacaq...

...Nə qədər ki, yalan, fitnə-fəsad ruhun taxtında oturacaq, şər vaxt-bivaxt qapını döyəcək, söz sahibindən uzaq düşəcək, it yiyəsini tanımayacaq, şeytan şərin qoltuğuna sığınacaq, iç, xislət qaranlığa, zülmətə bürünəcək...

***

Yalanın yaşı bilinmir. Yalanın yaşı zaman və məkan sonsuzluğunda it-bata düşüb. Hələ indiyədək bir dahinin, keçmiş və sabah araşdırıcısının bu barədə fikrinə rast gəlməmişəm...

Yalan o qədər artıb, çoxalıb ki, bu sıxlıqda, bu çoxluqda düzü əyridən ayırmaq müşkülə dönüb. Əyri o qədər qalınlaşıb, möhkəmlənib ki, düz əyrini kəsib keçə bilmir, haqq tərəzisində əyri düzdən ağır gəlir. Bax, beləcə söz dəyərdən düşür, “dünyanın kişilik damarı, mərdlik duyğusu payız qarpızı kimi içindən boşalmağa başlayır...” (Məmməd İsmayıl).

Yalan kök atdıqca, rişə dərinə getdikcə, keçəl həmzələrin sırası genişləndikcə “romantik duyğular, sevgi hissləri adiləşir, əslində hər şeydən əvvəl dünyanın özü adiləşir. Nəzər saldığımız adicə daşın, qayanın, ağacın, gülün-çiçəyin, quşun, bir sözlə, nə varsa, hər şeyin Allahın təcəllisi olması etiqadımız yenildiyi yerdən dünyamızın adiləşməsi başlayır. Bu adiləşmələr içimizdəki yaxşı adamı öldürür. İçimizdəki o yaxşı adam öldükcə adiliyə öyrəşirik. Nitsşe yazırdı ki, dünyada sonuncu yaxşı adam qalana qədər yaşamaq olar. Ancaq biz təbiətə, milli dəyərlərə, ilkinliyə təcavüz etdikcə içimizdəki o yaxşı adamı öldürürük. Və bunun Allaha xoş getmədiyinin fərqinə belə varmırıq…”(Məmməd İsmayıl).

Yalan boy atdıqca, yaşlaşdıqca yamanlar, yalınlar get-gedə uzanan əllərilə haqqı çarmıxa çəkirlər, haqdan qisas alırlar. Belə də qisas qiyamətə qalır. Qiyamətinsə vaxt-vədəsini kim bilir ki?!.


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!