Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
11-11-2021, 22:59
Dilçiliyimizin İsmayıl Məmmədli zirvəsi

İsmayıl Məmmədli


Azərbaycan filoloji fikir tarixində özünəməxsus yer tutan, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədli ömrünün müdrik çağlarını yaşayır. Bu günlərdə alimin 75 yaşı tamam olur.
İsmayıl Məmmədli həyatını şərəflə yaşayan, həmişə gülərüzlüyü, həyatsevərliyi və insanlığı ilə seçilən dilçi alimlərimizdəndir. Onun ürəyiaçıqlığı həmişə ünsiyyətdə olduğu şəxsə qarşı səmimi münasibəti alimin elmi fəaliyyətinə də sirayət etmişdir. İsmayıl Məmmədli ömrünü doğma ana dilimizin keşiyində durmağa həsr etmiş əsl alim və fədakar ziyalıdır. Görünür bu ona ailəsindən keçib, çünki İsmayıl müəllimin atası məşhur el sənətkarı Aşıq Oruc olub. Ömrünün sonuna qədər elin xeyir-şərində iştirak edən, sevincinə də, dərdinə də şərik olan Aşıq Orucun ailəsi də Stalin repressiyalarına məruz qalmış, ailə Göyçədən Gədəbəyə köçməli olmuşdur. Uşaqlıq və ilk gənclik illərində atası ilə el məclislərinə gedən balaca İsmayıl özü də bilmədən doğma ana dilinin ecazkarlığına vurulmuş, Azərbaycan dilinin incəliklərinə maraq göstərmişdir. Bu təcrübə ona artıq yetkin bir gənc olarkən daha çox kömək etmişdir. İsmayıl Məmmədli uzun müddət radio və televiziyada “Azərbaycan dili” və “Dil xalqın mənəvi sərvətidir” adlı verilişlərlə Azərbaycan dilinin gözəlliyini, zənginliyini, zərifliyini sevə-sevə vəsf etmiş, uşaqlıq çağlarından heyran olduğu dilin incəliklərini tamaşaçılara çatdırmışdir. Gənc yaşlarından belə məsuliyyətli və taleyüklü məsələlərin həllinə çalışan İsmayıl müəllim hələ o vaxtdan Azərbaycan dilinin qorunmasında, inkişafında və ədəbi dilimizin zənginləşməsində özünəməxsus rol oynamağa başlamışdır. Özünün səlis danışığı ilə o, doğma Azərbaycan dilinin ifadə imkanlarının necə zəngin olduğunu tamaşaçıya çatdırır və dövrünün tələbləri ilə Azərbaycan dilinə ikinci dərəcəli dil kimi baxanlara, uşaqlarına ana dilini öyrətməyənlərə sanki bu sənin ananın dili, doğma Vətən dili – Azərbaycan dilidir, deyirdi. Həmin illərdə onun bu çıxışlarından ilhamlanan neçə-neçə azərbaycanlı öz övladlarına Azərbaycan dilini öyrətdi və milli müstəqillik mübarizəsinin alovlandığı illərdə bu verilişdən ilhamlanan gənclər də az olmadı.
Ömrünü müasir Azərbaycan dilçilik elminin inkişafına həsr edən İsmayıl Məmmədli bu mənada həm də çox ciddi tədqiqatçıdır. Uzun illərdir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinə rəhbərlik edən alimin birbaşa rəhbərliyi ilə neçə-neçə lüğət hazırlanmışdır. Xüsusən də “Azərbaycan dilinin orfoqrafiya” lüğəti bu mənada fərqlənir. Lüğətin 2013-cü il altıncı nəşrinin redaktoru və ön sözünün müəllifi olan dilçi alim, həm də son yeddinci nəşrin məsul redaktorlarından biridir. Lüğətlərin, xüsusən də orfoqrafiya lüğətlərinin hazırlanmasının nə qədər məsuliyyətli, məsuliyyətli olduğu qədər də vacib və əhəmiyyətli olduğunu demək artıq olardı. Nəzərə almaq lazımdır ki, dil daim inkişaf edir, dəyişir və bu dəyişikliklər özünü ilk olaraq orfoqrafiya lüğətlərində əks etdirir. Orfoqrafiya lüğətləri bu mənada hər kəs üçün bir sorğu kitabı, hər bir vətəndaşın stolüstü kitabıdır. Bu səbəbdən də bu lüğətin hazırlanması və nəşri tərtibçilərdən və redaktorlardan olduqca böyük səbir və məsuliyyət tələb edir. Digər tərəfdən ən çox istifadə edilən və Nazirlər Kabinetinin qərarları ilə nəşr edilən bu lüğət həm də ən çox üzdə olan, hamıya xidmət edən nəşr hesab oluna bilər. Belə bir məsuliyyətin altına girmək və ana dilinin qorunmasında və gələcək nəsillərə ötürülməsində müstəsna xidmətləri olan lüğətin hazırlanmasında birbaşa iştirak edən şöbəyə rəhbərlik etmək, verilən rəylərə və bəzən də tənqidlərə təmkinini pozmadan, elmi dəlillərlə cavab vermək heç də asan iş deyil.
İsmayıl müəllim həm də “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin (2021) A, B, C hərflərinin müəllifidir.
Lüğətçilik müstəqillik illərində Azərbaycanda ən çox inkişaf edən sahələrdən biridir. Bu mənada professor İsmayıl Məmmədli və onun rəhbərlik etdiyi şöbə son illər xeyli iş görmüşdür. Bu mənada təqdirəlayiq işlərdən biri də İsmayıl müəllimin birbaşa iştirakı və redaktorluğu ilə hazırlanmış “Yeni sözlər və yeni mənalar lüğəti” də özünün orijinallığı, ən əsası isə lazımlılığına görə diqqəti cəlb edir. 2016-cı ilə çap edilən lüğətdə elm, texnika və məişətin müxtəlif sahələrində işlənən 2000-ə yaxın söz toplanaraq izahı verilmişdir. Məlum olduğu kimi, dil daim yeni sözlərlə zənginləşir. Bu mənada bu sözlərin izahına da ehtiyac duyulur. İzahlı lüğətlər tez-tez çap olunmur. Aralıq müddətdə isə bu tip izahlı lüğətlərə ehtiyac çox olur.
Bunlarla yanaşı İsmayıl müəllim həm də xeyli sayda elmi monoqrafiyaların müəllifidir. Alimin “Azərbaycanca - rusca etnoqrafiya terminləri lüğəti” (şərikli), “Ekran, efir və dilimiz”, “Azərbaycanca - rusca danışıq kitabı”, “Azərbaycan dilinin izahlı lüğəti" (3 cilddə, tərtibçilərdən biri), “Axtarışlar, yozumlar, anımlar”, “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Qəzet dilinin leksikası” kimi fundamental əsərləri və neçə-neçə elmi məqaləsi vardır. Alim eyni zamanda onlarla kitabın redaktoru olmuş və neçə-neçə gənc alimin yetişdirilməsində özünəməxsus rol oynamış, onların elmə gəlməsində köməklik göstərmiş, elmi işlərə elmi rəhbər və opponentlik etməklə elmimizin xidmətində durmuşdur.
Alimin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2013-cü ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Biz də öz növbəmizdə görkəmli alimimiz, filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədlini təbrik edir, ona daha böyük uğurlar arzu edirik.

Günel Mirzəyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
11-11-2021, 22:42
Yeganə Qəhrəmanova yazır: Sözü elmindən, elmi insanlığından güc alan alim

Yeganə Qəhrəmanova


Döğru deyirlər ki, bir millətin böyüklüyü onun əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi olan insanlarının sayı ilə müəyyən olunur. Xalqımızın minillər boyu yaratdığı zəngin maddi-mənəvi irs tariximizdə böyük rol oynamış şəxsiyyətlərin ağıl və zəkasından xəbər verir. Belə şəxsiyyətlərdən biri də çağdaş dövrümüzün elm və düşüncə sahibləri içərisində özünəməxsus dəstxətti və siması ilə seçilən filologiya elmləri doktoru, professor, əməkdar müəllim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Dil Komissiyasının, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, tanınmış dilçi alim və türkoloq Buludxan Xəlilovdur. Hər dəfə bu böyük insanın keçdiyi şərəfli alim ömrünü göz önünə gətirərkən mənə elə gəlir ki, “Dünyadan köçdükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazmağa dəyər bir həyat yaşayın” kəlamı məhz mərhum Buludxan Xəlilov haqqında deyilmişdir. Onun zəngin və hərtərəfli elmi, ədəbi-bədii, ictimai-publisistik yaradıcılığını vərəqlədikcə heyrətlənməmək olmur. Gənc yaşlarından elmi fəaliyyətə başlamış Buludxan Xəlilovun çoxsaylı elmi əsərləri, ən müxtəlif mövzuları əhatə edən publisistik məqalələri, auditoriyaları silkələyən məzmunlu çıxışları onu tanıyanların nəzərində bənzərsiz və təkrarsız bir şəxsiyyətə çevirmişdi. Hər sözü kəlam, hər kəlamı dürr olan ziyalılardan idi. İstənilən mövzuda, istənilən auditoriyada ən yaxşı çıxışları o edir, əsas məruzəçi olmadığı tədbirlərdə də öz məzmunlu və ahəngdar nitqi ilə məruzəçinin nitqini kölgədə qoymağı bacarırdı.
Sözün əsl mənasında əqidə, düşüncə insanı idi Buludxan Xəlilov. Sözü ilə əməli bir, mərd, obyektiv, dəyanətli, təəssübkeş, vətənpərvər insan idi. Onun haqqında düşünərkən yadıma Konfutsinin məşhur bir kəlamı düşür: “Yaxşı insan gözəl söz deyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən insandır”. Buludxan Xəlilov məhz söylədiyini edən və edə biləcəklərini söyləyən nadir şəxsiyyətlərdən idi. Şəxsən mən birlikdə işlədiyimiz uzun illər boyunca onun verdiyi hər hansı bir sözün arxasında durmamasının, gücü xaricində olan hər hansı bir iş haqqında yalan vədlər verməsinin şahidi olmamışam. Ağzından çıxan hər kəlmənin dəyərini bilir, insanların düşüncələrinə təsir etməyi bacarırdı. Gördüyü hər işdə son dərəcə məsuliyyətli, ən kiçik məqamı belə gözdən qaçırmayan insan idi. İmzalamaq üçün təqdim olunan hər hansı bir sənədi həcmindən asılı olmayaraq diqqətlə oxuyur, bir neçə mərhələdən keçib gəlmiş sənədlərdə ən xırda səhvləri tapıb düzəltdirirdi. İnsanlara gördüyü işə uyğun dəyər verir, zəhmətkeş, savadlı, vətənpərvər adamları yüksək qiymətləndirirdi.
Ziyalı sözünün nurlu insan anlamı onun simasında əsl təcəssümünü tapmışdı. Dinləməyi bacarır, yerində və doğru məsləhətləri ilə insanları düzgün istiqamətləndirə bilirdi. Savadlı və işgüzar insanları bəyənir, onların hər işinə kömək edirdi. Onun üçün həqiqət ən böyük ölçü, ən vacib etalon idi. Həqiqəti söyləyən düşməni də olsa, qəbul edir, fikirlərinə obyektiv yanaşmağı bacarırdı. Əsəbiləşəndə nə qədər sərt və ciddi görkəm alsa da, müzakirə bitəndən sonra heç kimə qarşı qərəzli mövqe nümayiş etdirmir, hər kəsin öz yerini və səhvini anlaması üçün düzgün istiqamət verməyə çalışırdı.
Olduqca həssas insan idi. Ətrafında olanlardan, rəhbərlik etdiyi insanlardan da işinə həssaslıqla yanaşmağı tələb edir, məsuliyyətsiz və nadan insanlarla qarşılaşarkən təəccüblənir, bu tip insanları başa düşməkdə çətinlik çəkdiyini bildirir, bəzənsə daha əvvəllər də söylədiyi bir fikri təkrarlayırdı: “Belələrinə həsəd aparıram. Əslində çox ağıllı olmaq yaxşı şey deyil, insan hər şeyi görür, anlayır və dözə bilmir”.
Ən müsbət cəhətlərindən biri canıyananlığı və fədakarlığı idi. Ona ehtiyacı olan heç kəsə arxa çevirmir, olduqca yüklü və gərgin iş qrafikinə baxmayaraq, kömək edə bilmək üçün əlindən gələni əsirgəmirdi. Yadımdadır ki, səhhətində yenicə problemlər yarandığı vaxt müalicə üçün Türkiyəyə gedib-gəldiyi ərəfədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, dəyərli qələm sahiblərimizdən biri olan Güləmail Muradın 70 illik yubileyi qeyd olunurdu. Güləmail xanım Buludxan müəllimin şəxsiyyətinə, onun elminə, savadına rəğbət bəsləyən bir insan kimi yubiley tədbirində iştirakını ürəkdən arzulayırdı. Buludxan müəllimin müalicə aldığını eşidəndə çox təəssüfləndi, tezliklə sağalması, əvvəlki vəziyyətinə qayıtması üçün dua etdi. Məndən dəvətini Buludxan müəllimə çatdırmağımı xahiş edib, səhhəti imkan verərsə, yubiley tədbirində iştirakından və çıxışından məmnun olacağını bildirdi. Doğrusu, nasaz olduğu üçün Güləmail xanımın dəvətini ona çatdırmaqda tərəddüd edir, belə vəziyyətdə özünü yormasına qıymırdım. Lakin Güləmail xanımın ona verdiyi böyük dəyəri və bu iştirakı necə ürəkdən arzuladığını görüncə tərəddüdlə də olsa, xahişini professora çatdırmaq məcburiyyətində qaldım. Buludxan müəllim dəvəti məmnuniyyətlə qəbul edib bir neçə gün sonra yubiley tədbirində layiqincə iştirak etdi, Güləmail xanımın yaradıcılığını hərtərəfli və əsaslandırılmış şəkildə təhlil edən bənzərsiz çıxışı ilə bütün auditoriyanın alovlu alqışlarını qazandı.

Buludxan Xəlilovu elmimizin əfsanəsi adlandıranlar yanılmırlar. Şəxsən mənim üçün Buludxan Xəlilov bir dəyər, elm, bilik və insanlıq etalonu idi. Araşdırma və tədqiqatçılıqdan yorulmur, yetirmələrini də özü kimi işgüzar və məsuliyyətli görmək istəyirdi. Bu fikri hər zaman xüsusi vurğulayırdı ki, uğurumuz hədəfimiz qədərdir. Uğur qazanmaq istəyirsinizsə, hədəfinizi doğru müəyyənləşdirin.
Tələbələri, yetirdiyi çoxsaylı magistr, dissertant və doktorantları onu tələbkar və məsuliyyətli elmi rəhbər, mənəvi ata kimi qəbul edirdilər. Hər həftənin altıncı günü iş günü olmasa da, Buludxan müəllim adi iş rejiminə uyğun universitetə gəlir, doktorantları yanına çağıraraq həftə ərzində gördüyü işlərin hesabatını istəyirdi. Hər zaman onun elmi rəhbər və məsləhətçi kimi canıyananlığını və tələbkarlığını yüksək qiymətləndirir, doktorantlarına onun kimi bir insanın rəhbərliyi altında işlədikləri üçün şanslı olduqlarını söyləyirdim.
Mühazirələri o qədər səlis və aydın olardı ki, izah etdiyi mövzunu təkrar oxumağa ehtiyac qalmazdı. Magistraturada oxuyarkən bizi əsl tədqiqatçı və araşdırmaçı kimi məhz o yetişdirmişdi. Günümüzü M.F.Axundzadə adına kitabxananın tədqiqatçılar şöbəsində türk dilləri və dialektlərinin qədim leksika və morfologiyasını əks etdirən fundamental lüğətləri (“Древнетюркский словарь”, “Сравнительные и этимологические словари” “Этимологический словарь тюркских языков”, “Опыт словаря тюркских наречий”, M.Kaşğarlının “Divani lüğət-it türk” və s.), “Kitabi-Dədə Qorqud”, “Oğuznamə, “Şəcəreyi-tərakimə” kimi dəyərli əsərləri, türk dillərinin müqayisəli tədqiqinə aid bütün əsas monoqrafiyaları oxuyub dil faktlarını seçməklə keçirir, dərs zamanı araşdırdığımız hər bir mövzunu geniş şəkildə müzakirə edib fikirlərimizi bölüşürdük. Aramızda cəmi 8-9 yaş fərq olmasına, həmin illərdə hələ çox gənc olduğuna baxmayaraq, universitetdə böyük nüfuza malik idi. Hər kəlməsi bizim üçün dəyərli, hər fikri önəmli idi. M.F.Axundzadə adına kitabxananın əməkdaşları arasında onu tanımayan yox idi. Hər zaman onu nümunə göstərib deyirdilər ki, bu kitabxanaya onun qədər ardıcıl və çox gələn ikinci bir tədqiqatçı olmayıb, çətin ki bundan sonra da ola. Kitabxanamızın elə bir şöbəsi yoxdur ki, orada illərlə qatı açılmayan kitabları Buludxan müəllim tapıb oxumamış olsun. Elə buna görə də dilçiliklə yanaşı, digər humanitar fənləri də gözəl bilir, ədəbiyyata böyük maraq göstərirdi. Klassik və müasir ədəbiyyatımızın ən böyük bilicilərindən biri idi. Onun M.İbrahimovun, S.Vurğunun, M.Hüseynin, B.Vahabzadənin və digər dəyərli söz ustalarımızın yaradıcılığından bəhs edən kitab və məqalələri, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif kimi klassiklərin bədii-fəlsəfi irsini ustalıqla təhlil edib araşdırdığı əsərləri öz yüksək elmi-bədii dəyəri ilə seçilir. Bu ilin aprel ayında N.Gəncəvinin 880 illiyi münasibəti ilə təşkil edilən onlayn elmi seminarda ustad sənərkarın bədii-fəlsəfi dünyagörüşünün elm aləminə məlum olmayan sirləri barədə etdiyi geniş və dəyərli məruzə də alimlər və müəllimlər tərəfindən yüksək qiymətləndirilmişdi.
Buludxan Xəlilov türkologiya sahəsindəki çoxsaylı araşdırmaları ilə XIX əsrin sonu XX əsrin 30-cu illərinə qədərki dövrdə dilçilik elmimizin inkişafında xüsusi rol oynamış və Sovet ideologiyasının qurbanına çevrilmiş Bəkir Çobanzadə, Xalid Səid Xocayev kimi neçə-neçə dilçi-türkoloqumuzun həyat və yaradıcılıq yoluna işıq salmış, həmin sahədə ona qədər tədqiq edilməmiş bir çox mühüm məsələləri arxiv sənədləri əsasında araşdırıb geniş elmi ictimaiyyətə təqdim etmişdir. “I Beynəlxalq Türkoloji Qurultay”, “Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri)”, “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” kimi türkoloji əsərləri bu qəbildən olan əhəmiyyətli araşdırmalarının nəticəsidir. Onun türkologiya və Azərbaycan dilçiliyinin müasir problemlərinə həsr olunmuş yüzlərlə elmi məqalə və əsərləri elm yolundakı fədakarlığının, dilimizə və soy-kökümüzə olan sevgisinin, yüksək vətəndaşlıq mövqeyinin təzahürüdür. B.Xəlilov dilimizi dərindən sevən, onun əsl tədqiqatçısı və qoruyucusu olan şəxsiyyət idi. Dilin qayda-qanunlarına əməl etməyin vacibliyini vurğulayaraq deyirdi ki, dil bir qəsr deyil, abidə deyil ki, onu silah-sursatla və ya başqa vasitələrlə qoruyasan. Dilin keşiyində dayanmaq, onu qorumaq üçün düzgün danışmaq lazımdır.
Qətiyyətlə deyə bilərəm ki, dilimizə vurğunluğu, dilimizin əsl bələdçisi, tədqiqatçı və təbliğatçısı kimi günümüzün H.Mirzəyev, A.Qurbanov, A.Axundov, T.Hacıyev, N.Cəfərov kimi görkəmli dilçiləri tərəfindən hər zaman nümunə göstərilmiş, yaradıcılığı yüksək qiymətləndirilmiş Buludxan Xəlilov XXI əsr Azərbaycan dilçiliyinin ən böyük zirvəsidir. Yaşı ilə gördüyü işlərin əhatə dairəsi bir-birinə uyuşmayan bu böyük alimi cavankən müdrik hesab edənlər, onu “elmimizin işıq saçan mayakı” adlandıranlar yanılmamışlar.
Təkcə elm adamları deyil, tanıyıb-bilənlərin, çıxışlarını, söhbətlərini dinləyənlərin hamısı Buludxan müəllimə hədsiz rəğbət bəsləyir, onu bir müəllim və alim, eləcə də ləyaqətli şəxsiyyət kimi yüksək qiymətləndirirdilər. Elmin, ədalətin, insanlığın dəyərini bilənlərin hər biri üçün Buludxan Xəlilov doğma insan idi. Vəfatından keçən bu qısa müddət ərzində müxtəlif sosial-şəbəkələrdə, mətbuat orqanlarında yazılan çoxsaylı rəylər, ürək sözləri, məqalələr də dediklərimizi sübut edir. Buludxan Xəlilov şəxsiyyətinin bir alim, müəllim və insan kimi nüfuzunu göz önündə canlandıran bu saysız-hesabsız rəylərdə tələbələri onu ixtisasını sevən və sevdirən, təkcə universitet illərində deyil, tələbəlik həyatından sonra da yanlarında olan ləyaqətli, mərd, savadlı, canıyanan müəllim kimi xatırlayır, elm adamı olmaqla bərabər insan olmağı, dürüstlüyü, ədalət və obyektivliyi təbliğ edən bir şəxsiyyət kimi yüksək qiymətləndirirlər.
Çox gərgin iş qrafiki var idi. Səhərlər hər kəsdən əvvəl işə gəlir, hamıdan sonra universiteti tərk edirdi. İş masası qalaq-qalaq əlyazmaları, kitab, qəzet, jurnallarla dolu olurdu. Günün hansı saatında otağına girsən, onu məşğul görərdin. Özünə dinclik vermir, işləməkdən yorulmurdu. Hələ universiteti yenicə bitirib kafedrada işləməyə başladığı illərdə mərhum professor, görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyev onu daim tələbə və gənc tədqiqatçılara nümunə göstərir, elmdə ardıcıl və yorulmaz fəaliyyətin vacibliyini vurğulayırdı. Elə bu keyfiyyətlərinə görə də Buludxan Xəlilov 1992-ci ildə 26 yaşında namizədlik, 1999-cu ildə 33 yaşında elmlər doktorluğu dissertasiyalarını müdafiə etmiş, 1996-cı ildə dosent, 2001-ci ildə professor vəzifəsinə seçilmiş, ölkəmizdə ən gənc yaşda professor adını almışdı.
Azərbaycan dili və türkologiya sahəsində çoxsaylı fundamental əsərləri, neçə-neçə dərslik və dərs vəsaitləri, ədəbiyyat, pedaqogika, fəlsəfə, din və digər əhəmiyyətli sahələrə aid müxtəlif mövzulu kitab və elmi məqalələri yaradıcılığının nə qədər geniş və çoxşaxəli olmasından xəbər verir. Təsadüfi deyil ki, çap edilmiş 500-dən çox elmi və elmi-publisistik əsərinin 40-dan çoxunu monoqrafiya, dərslik və dərs vəsaiti təşkil edir. Təəssüflə vurğulamaq istəyirəm ki, müalicə müddətində hazırladığı sonuncu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyinin çapını görə bilməmiş, dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi qrifi ilə vəfatından sonra nəşr olunmuş, bir neçə monoqrafiyası da çapa təqdim olunmuşdur.
Gərgin elmi-pedaqoji fəaliyyətinə baxmayaraq, Buludxan müəllim ölkənin ictimai-siyasi həyatında baş verən hadisələri də yaxından izləyir, dövlət əhəmiyyətli məsələləri təhlil edib obyektiv münasibət bəsləyir, dəvət olunduğu tədbirlərdə iştirak və çıxışlar edirdi. Elə bu ictimai fəallığına görə də hələ 1991-2004-cü illərdə Nəsimi rayon bələdiyyəsinin üzvü seçilmiş, qurumun sosial məsələlər daimi komissiyasına sədrlik eləyərək rayonun ictimai həyatında yaxından iştirak etmişdir.
Böyük zəhmətinə və xidmətlərinə görə Respublika Prezidentinin fərmanı ilə “Tərəqqi”, Türksoy tərəfindən “Molla Pənah Vaqif” medalları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, “Beynəlxalq Rəsul Rza”, “Qızıl qələm”, “Onur bəlgəsi”, “Xalqın nüfuzlu alimi” və neçə-neçə digər mükafatlar almış, çalışdığı Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ən müxtəlif qurumlar tərəfindən çoxsaylı fəxri fərman, təşəkkürnamə və sertifikatlara layiq görülmüşdür. 2007-2008-ci illərdə “İlin müəllimi”, 2011 və 2013-cü illərdə “İlin alimi”müsabiqələrinin qalibi, 2011-ci ildən Prezident təqaüdçüsü, həmin ildən 2013-cü ilə qədər AAK-ın Filologiya ixtisası üzrə Ekpert Şurasının üzvü, 2014-cü ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurası sədrinin müavini olmuş, 2013-cü ildən “Türkologiya” jurnalının Azərbaycan dili və terminologiya üzrə sahə redaktoru, 2015-ci ildən AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının, 2016-cı ildən AMEA “Türkologiya” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. 2006-cı ildə “XXI əsrin ziyalısı” fəxri adına layiq görülmüş, 2009-cu ildə türk ədəbiyyatına göstərdiyi xidmətlərə görə “KİTABEK Akademik Üyesi” diplomunu alaraq qurumun üzvlüyünə qəbul edilmiş, 2015-ci ilin aprel ayından Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilmişdir. 2001-ci ildən 2011-ci ilədək ADPU-da fəaliyyət göstərən “Kitabi-Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş, “Filologiya məsələləri” və “Dədə Qorqud” məcmuələrinin redakroru olmuşdur. 2006-2018-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı, 2018-ci ildən isə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifələrində çalışmışdır. Çalışdığı müddətdə çoxsaylı elmi-nəzəri və elmi-praktik konfranslar, elmi seminar, görüş və diskussiyalar, eləcə də müxtəlif mövzularda ictimai-siyasi, bədii-əyləncəli tədbirlər təşkil etmiş, rəhbərlik etdiyi fakültənin universitetin ən qabaqcıl fakültəsi kimi inkişafına nail olmuşdur.
İnanmaq olmur ki, elmimizin, elm ocaqlarımızın, auditoriya, iclas və konfrans zallarımızın yaraşığı olan bu böyük alim artıq cismani olaraq aramızda yoxdur. Nə yaxşı ki, tanıdığım və bərabər çalışdığım 30 illik uzun bir dövr ərzində hər zaman şəxsiyyətinə ehtiram və qayğı ilə yanaşmış, yanımızdakı nadir simanın kimliyini, necə bənzərsiz və təkrarsız bir şəxsiyyət olduğunu dərk edib anlamışam.
Allahın ən gözəl keyfiyyətləri bəxş etdiyi, sözü elmindən, elmi insanlığından güc alan mərhum prossorumuz haqqında nə qədər yazsam, nə qədər danışsam, azlıq edər. Bircə onu bilirəm ki, Azərbaycan elmi çox böyük alimi, Azərbaycan xalqı isə çox dəyərli insanı itirdi. Bu işıqlı insanın vaxtsız gedişi kəlmələrə sığmayacaq qədər ağır gəlir. Torpaq onun kimi dəyərli bir şəxsiyyəti qoynuna almaqla nurlandı, bu dünyada isə əvəzsiz bir elm işığı vaxtsız söndü... Amma bu işığın isitdiyi ürəklərin odu heç zaman sönməyəcək. Bu böyük insanın adı uzun əsrlər boyu yaşayacaq, Azərbaycan var olduqca bizdən sonrakı nəsillər onun dərin zəkasından bəhrələnəcəklər. 55 illik qısa ömrü ilə yüz illik ömrə bərabər böyük izlər qoyan, bu fani dünyada şərəflə yaşayıb, şərəflə də köçən Allahın sevimli bəndəsi Buludxan Xəliliova rəhmət, ailəsinə və doğmalarına isə səbir diləyirəm. Əminəm ki, məkanı cənnətdir, inşallah ruhu da şad olsun!

Yeganə Qəhrəmanova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
dosenti, filologiya üzrə fəlsəfə doktoru

"Bütöv Azərbaycan" qəzeti
12.11. 2021
11-11-2021, 18:08
“O kimdir?”: Rafael Ağayev bu dəfə fərqli tərzdə - VİDEO

Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti qonağı beşqat dünya çempionu Rafael Ağayevdir.

“Karatedə ən çox maaşı mən alıram” deyən dünya çempionu idmana gəlişindən, qalibiyyətlərinin sirrindən danışıb.

Öz məktəbini açmaq arzusundan danışan karateçi qeyd edib ki, həmin idman zalında şəhid övladlarının çempionluğu üçün çalışacaq.





Butov.az
11-11-2021, 18:00
İnanılmaz hadisə: Görənlər İNANMADI -  VİDEOLAR

Türkiyənin Çıldır rayonunda günəş işıqlarının kölgəsi nəticəsində yaranmış siluet diqqəti cəlb edib.

Butov.az xəbər verir ki, yerli sakinlər kölgənin formasını Mustafa Kamal Atatürkün siluetinə bənzədir. Maraqlısı budur ki, siluetin formalaşması hər il Atatürkün vəfat ildönümünə yəni 10 noyabr ərəfəsinə təsadüf edir. Qeyd edək ki, Ərdahah bölgəsindəki dağlıq ərazidə də oxşar hadisə baş verir.






11-11-2021, 17:46
Peyvənd vuranların sayı bəlli oldu

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Butov.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 981, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 296 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.
11-11-2021, 17:43
Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər məsələlər məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.



Butov.az
11-11-2021, 17:31
Şaxtaya düşən şəxs belə xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Qış parkı”nda bir nəfərin şaxtaya yıxılması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Butov.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Nuriyev Sahib Vasif oğlu ehtiyatsızlıqdan “Qış parkı”nın zirzəmisinin havalandırma sisteminin dərinliyi təqribən 10 metr olan şaxtasına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə etməklə vətəndaşı şaxtadan çıxararaq xilas ediblər. Vətəndaş təcili tibbi yardım briqadasına təhvil verilib.




11-11-2021, 17:18
Səfir ADU-da DAAD-ın açılışına qatıldı

Azərbaycan Dillər Universitetində (ADU) Alman Akademik Mübadilə Xidməti (DAAD) ofisinin açılışı olub.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, açılış mərasimindən əvvəl ADU-nun rektoru, akademik Kamal Abdulla ilə Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq arasında görüş keçirilib.

Rektor Kamal Abdulla Alman Akademik Mübadilə Xidmətinin rəhbərlik etdiyi ali təhsil ocağında fəaliyyətə başlamasını əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd olunub ki, DAAD ofisinin açılması iki ölkə arasında təhsil sahəsində, tələbə mübadiləsi istiqamətində əməkdaşlığa ciddi töhfə verəcək: “Azərbaycan Dillər Universitetini Almaniya ilə müsbət əlaqələr birləşdirir. Bizim müştərək və faydalı proqramlarımız olub. Gələcəkdə də bu əməkdaşlığı davam etdirməkdə maraqlıyıq”.

Görüşdə Azərbaycandakı multikultural mühit, ölkənin dostluğa və sülhsevər siyasətə əsaslanan beynəlxalq əlaqələri haqqında fikir mübadiləsi aparılıb. Rektor Kamal Abdulla səfiri ADU-da fəaliyyət göstərən “Səfir klubu”nda tələbələrə mühazirə oxumağa dəvət edib.

Volfqanq Maniq ADU-da olmaqdan məmnun olduğunu deyib və DAAD ofisinin universitetdə fəaliyyətə başlaması münasibəti ilə rektora təşəkkürünü bildirib:

“Bu proqram vasitəsi ilə tələbə mübadiləsi xalqlar arasında dostluq bağlarını möhkəmləndirmək üçün fəaliyyət göstərir. Proqramın əsas məqsədlərindən biri ötən əsrdən etibarən dünya üzrə olan digər universitetlər və Almaniya universitetləri arasında əməkdaşlığı yaratmaqdır. Elmə mübadilə lazımdır və bu mübadiləni təşkil edənlərdən biri də DAAD-dır. Almaniyanın Azərbaycana elm sahəsində böyük marağı var. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxandan sonra iki ölkənin universitetləri arasında müxtəlif istiqamətli əlaqələr bərpa olunacaq”.

Akademik Kamal Abdulla səfirə Almaniyada çap olunan “Unutmağa kimsə yox” romanını hədiyyə edib.

Sonra DAAD Bürosunun açılışı və kitabxanasına baxış keçirilib. Metodist Mara-Lisa Gezer DAAD-ın dünya üzrə gördüyü ümumi iş haqqında və 2018-2021-ci illər ərzində Azərbaycanda, eyni zamanda Azərbaycan Dillər Universitetində işinə dair təqdimatla çıxış edib. Mara-Lisa Gezer deyib ki, o, ADU-da 2018-ci ilin sentyabrından fəaliyyət göstərir və Azərbaycanda məktəb və universitet müəllimləri üçün alman dili (DaF) sahəsində çoxsaylı təlim kursları keçirib.

2021-ci ilin sentyabr ayında “DAAD Go East” yay məktəbi 13 alman tələbəyə DAAD təqaüdü ilə iki həftəlik Azərbaycana gəlmək, ölkənin mədəniyyəti və dili tanış olmaq imkanı verib.

Butov.az
11-11-2021, 16:32
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

AZƏRTAC xəbər verir ki, BP qrupunun baş icraçı direktoru Bernard Luni son görüşdən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısının təbrik etdi. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı əldə edilmiş birgə uğurlar münasibətilə Bernard Lunini təbrik etdi və bu layihənin Azərbaycanla BP şirkətinin birgə səyləri nəticəsində əldə oldunduğunu bir daha vurğuladı.

Bildirildi ki, BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR şirkəti ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Qeyd edildi ki, ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var.

Söhbət zamanı BP şirkətinin bərpa olunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edildi, bu sahədə BP ilə əməkdaşlığın genişlənməsi məsələlərinin nəzərdən keçirildiyi bildirildi. BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı planlarının əhəmiyyətinə toxunularaq bunun həmin ərazilərdə ölkəmizin bəyan etdiyi kimi, yaşıl enerji ərazisinə transformasiya etmək işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olundu. Qeyd edildi ki, bu işlər böyük potensiala malikdir, xüsusilə nəzərə alınsa ki, Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.

Bernard Luni xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın faydası naminə korbohidrogen ehtiyatlarının inkişafı ilə bağlı təşəbbüslərini xatırladaraq, hazırda Prezident İlham Əliyevin enerji keçidi məsələsi ilə bağlı baxışlarına görə təbriklərini çatdırdı.

BP qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində səylərini yüksək qiymətləndirərək ölkəmizin bu istiqamətdə dünyanın aparıcı dövlətləri sırasında olduğunu dedi və bildirdi ki, Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışdı.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.



Butov.az
11-11-2021, 12:19
Cənnətdə ilk yaşın mübarək, əziz şəhidim! -  FOTOLAR

Heç yadımdan çıxmır, 2016-cı ilin Aprel döyüşlərindən bir neçə ay sonra bir şəhid zabitimiz haqqında məqalə hazırlamaq üçün onun ailə üzvləri ilə görüşə getmişdim. Şəhid kapitanın ibtidai sinif müəllimi olan ömür-gün yoldaşı xatirələrini bölüşəndə maraqlı bir epizod danışdı. Deməli, həmin zabit mühüm döyüş tapşırığını yerinə yetirmək üçün bir axşam növbəti səfərə hazırlaşanda “Xəzər” tv-də “Xəbərlər” proqramı gedirmiş. Həmin vaxt Bakı-Qazax yolunun Yevlax şəhərinə yaxın yerində baş vermiş ağır yol qəzası göstərilir. Bir ailənin faciəli ölümündən xəbər tutan zabit dərindən ah çəkib yoldaşına deyir: “Neçə illərdi ki, bu yollardayam, təsadüfi ölümün qurbanı olmaqdan elə qorxuram ki, kaş Allahım mənə Vətənimiz yolunda şəhidlik nəsib etsin”. Və 4 günlük Aprel savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də həmin zabit olur.


Müəllimə bu söhbəti danışandan sonra üzünü azyaşlı övladlarına tutub dedi: “Yoldaşımın ruhu qarşısında söz vermişəm ki, övladlarımızı onun adına layiq dəyərli vətəndaşlar kimi böyüdəcəm”. Ürəyimdə şəhid yoldaşına “Afərin olsun, bacım” deyib düşünərək yazını hazırlamaq üçün redaksiyamıza yola düşdüm...


Əslində Aprel döyüşü zamanında düşmənə dərs olmalıydı, amma erməni faşistləri öz məkrli niyyətlərindən əl çəkmədi və cəbhə xəttində ordumuza qarşı yeni təxribatlar törətməkdə davam etdilər. Belə təxribatlardan biri ötən ilin iyul ayında Tovuz istiqamətində baş verir. Düşmənin hücumunu dəf edərkən bir neçə hərbçimiz, o cümlədən rəşadətli generalımız Polad Həşimov da şəhid olur. Gecənin bir aləmində şəhid generalın nəşi yaşadığı Sumqayıt şəhərinə gətiriləndə bütün paytaxt, ölkə əhalisi ayağa qalxmışdı. Hər kəsin səbri tükənmişdi, qocalı-cavanlı hamı düşmənlə döyüşməyi tələb edirdi.


Nəhayət, 2020-ci ilin 27 sentyabrında 44 günlük Vətən müharibəsi başlandı. Bu savaş şanlı ordumuzun yekdil qələbəsi ilə yekunlaşaraq Azərbaycan xalqının əyiıməz iradəsini nümayiş etdirdi. Noyabrın 8-də böyük, şanlı zəfərimiz müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən bəyan olunanda sevincimiz yerə-göyə sığmadı. Ordumuzun, xalqımızın və dövlətimizin sarsılmaz birliyi hesabına Azərbaycan işğalçı Ermənistanı məğlub edərək illər boyu işğalda qalan torpaqlarımızı mənfur düşmənin caynağından xilas etdi.
Yaxşı deyirlər ki, qələbəni qurbansız qazanmaq olmur. Bu yolda 3 minə yaxın Vətən övladı şirin canını fəda etdi, minlərlə döyüşçümüz sağlamlığını qurban verib qazi adını qazandı.
Bu günlərdə 22 yaşı böyük bir izdihamla qeyd olunan nur üzlü şəhidimiz Qasımov Elman Yunis oğlunun əziz xatirəsinə bu yazını hazırlamağı özümə borc bildim.


Elman bir zəhmətkeş ailənin – Yunis qardaşımızın və Sevil bacımızın tək oğul övladı idi. Hacıqabul rayonunun Udulu kəndində doğulub boya-başa çatmışdı. 1-ci Qarabağ müharibəsində şəhid olan Sabir Gülmalıyevin adını daşıyan orta məktəbdə oxumuşdu. Yaxşı təlim-tərbiyəsi ilə qohum-qardaşı, müəllimlərinin dərin hörmətini qazanmışdı. Orta təhsilini başa vurandan sonra Gəncə şəhərindəki bir kollecə qəbul olub, orada da tələbə yoldaşlarının sevimlisi idi. Vaxtı-vədəsi yetişəndə yaşıdları kimi Vətənə övlad haqqını ödəmək üçün ordu sıralarına yola düşür və sentyabrın 27-də başlanan Vətən savaşına qatılır. Cəsarətlə döyüşürdü, qəhrəman silahdaşlarından geri qalmırdı. Amma Suqovuşan ətrafında şiddətli döyüş Elmanın timsalında daha bir gəncimizin arzularını yarımçıq qoyur. Elman Qasımov bu döyüşdə şəhadət zirvəsinə ucalır.
İkinci sinifdə oxuyan bir oğlan uşağından bir dəfə soruşanda ki, şəhidlik haqqında nə bilirsən, onda tərəddüd etmədən belə demişdi: “Əmi, şəhidlik Vətən uğrunda can fəda etməkdir!” Elə buna görə də şəhidə sadəcə ölüb demək qəbahətdir, çünki onlar ölmür, cənnətə qovuşaraq daim xatirələrdə yaşayırlar.


Noyabrın 8-i Zəfər Günü idi, hamı böyüklü-kiçikli o şanlı günümüzü bayram edirdi. Həmin gün şəhid Elman Qasımovun doğulduğu kənddə “Xatirə bulağı”nın da açılış mərasimi idi. Ad günündə keçirilən bu tədbirə bütün el-oba toplaşmışdı, kənardan da nə qədər qonaqlar gəlmişdi. Elmanın xatirəsini yaşadacaq bulağın seyrangahına deyərdim ki, minlərlə adam yığışmışdı. Şəhid valideynləri, qazilər, ziyalılar, tələbə yoladaşları, dostları, ağsaqqal-ağbirçək – hamı şəhidimizin cənnətdə keçən ilk mövludunu qeyd edirdi. Bir vaxt ona dərs demiş müəllimləri, döyüşçü yoldaşları Elmanın haqqında ən xoş xatirələrini bölüşürdülər.


lmanın böyük bir lövhədən boylanan nurlu baxışlarını seyr edirəm, belə vətənpərvər, dəyərli gəncimizin itkisi məni də için-için göynədir. Xəyalımdan ayrılıb göz yaşımı siləndə nə qədər adamın kövrəldiyinə şahid oluram. Elmanın yoxluğu tək bir ailəni, bir nəsli yox, bütün eli-obanı ağrıdır. Amma bircə təsəllimiz var ki, Elman da 3 minə yaxın şəhidimiz kimi cənnətdə uyuyur.
Rahat uyu, əziz şəhidim. Aylar, illər ötsə də səninlə bağlı xatirəmiz tükənməyəcək. Ali Baş Komandanımızın sərəncamı ilə layiq görüldüyün “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalların isə sənin qısa, lakin mənalı ömür yolunu əks etdirən gözəl nişanələrdir...

Arif PƏNAHLI
hərbi jurnalist


Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!