Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 11-11-2021, 22:42
Yeganə Qəhrəmanova yazır: Sözü elmindən, elmi insanlığından güc alan alim

Yeganə Qəhrəmanova


Döğru deyirlər ki, bir millətin böyüklüyü onun əhalisinin çoxluğu ilə deyil, ağıl və fəzilət sahibi olan insanlarının sayı ilə müəyyən olunur. Xalqımızın minillər boyu yaratdığı zəngin maddi-mənəvi irs tariximizdə böyük rol oynamış şəxsiyyətlərin ağıl və zəkasından xəbər verir. Belə şəxsiyyətlərdən biri də çağdaş dövrümüzün elm və düşüncə sahibləri içərisində özünəməxsus dəstxətti və siması ilə seçilən filologiya elmləri doktoru, professor, əməkdar müəllim, Azərbaycan Respublikası Prezidenti yanında Ali Dil Komissiyasının, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, tanınmış dilçi alim və türkoloq Buludxan Xəlilovdur. Hər dəfə bu böyük insanın keçdiyi şərəfli alim ömrünü göz önünə gətirərkən mənə elə gəlir ki, “Dünyadan köçdükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazmağa dəyər bir həyat yaşayın” kəlamı məhz mərhum Buludxan Xəlilov haqqında deyilmişdir. Onun zəngin və hərtərəfli elmi, ədəbi-bədii, ictimai-publisistik yaradıcılığını vərəqlədikcə heyrətlənməmək olmur. Gənc yaşlarından elmi fəaliyyətə başlamış Buludxan Xəlilovun çoxsaylı elmi əsərləri, ən müxtəlif mövzuları əhatə edən publisistik məqalələri, auditoriyaları silkələyən məzmunlu çıxışları onu tanıyanların nəzərində bənzərsiz və təkrarsız bir şəxsiyyətə çevirmişdi. Hər sözü kəlam, hər kəlamı dürr olan ziyalılardan idi. İstənilən mövzuda, istənilən auditoriyada ən yaxşı çıxışları o edir, əsas məruzəçi olmadığı tədbirlərdə də öz məzmunlu və ahəngdar nitqi ilə məruzəçinin nitqini kölgədə qoymağı bacarırdı.
Sözün əsl mənasında əqidə, düşüncə insanı idi Buludxan Xəlilov. Sözü ilə əməli bir, mərd, obyektiv, dəyanətli, təəssübkeş, vətənpərvər insan idi. Onun haqqında düşünərkən yadıma Konfutsinin məşhur bir kəlamı düşür: “Yaxşı insan gözəl söz deyən deyil, söylədiyini edən və edə biləcəklərini söyləyən insandır”. Buludxan Xəlilov məhz söylədiyini edən və edə biləcəklərini söyləyən nadir şəxsiyyətlərdən idi. Şəxsən mən birlikdə işlədiyimiz uzun illər boyunca onun verdiyi hər hansı bir sözün arxasında durmamasının, gücü xaricində olan hər hansı bir iş haqqında yalan vədlər verməsinin şahidi olmamışam. Ağzından çıxan hər kəlmənin dəyərini bilir, insanların düşüncələrinə təsir etməyi bacarırdı. Gördüyü hər işdə son dərəcə məsuliyyətli, ən kiçik məqamı belə gözdən qaçırmayan insan idi. İmzalamaq üçün təqdim olunan hər hansı bir sənədi həcmindən asılı olmayaraq diqqətlə oxuyur, bir neçə mərhələdən keçib gəlmiş sənədlərdə ən xırda səhvləri tapıb düzəltdirirdi. İnsanlara gördüyü işə uyğun dəyər verir, zəhmətkeş, savadlı, vətənpərvər adamları yüksək qiymətləndirirdi.
Ziyalı sözünün nurlu insan anlamı onun simasında əsl təcəssümünü tapmışdı. Dinləməyi bacarır, yerində və doğru məsləhətləri ilə insanları düzgün istiqamətləndirə bilirdi. Savadlı və işgüzar insanları bəyənir, onların hər işinə kömək edirdi. Onun üçün həqiqət ən böyük ölçü, ən vacib etalon idi. Həqiqəti söyləyən düşməni də olsa, qəbul edir, fikirlərinə obyektiv yanaşmağı bacarırdı. Əsəbiləşəndə nə qədər sərt və ciddi görkəm alsa da, müzakirə bitəndən sonra heç kimə qarşı qərəzli mövqe nümayiş etdirmir, hər kəsin öz yerini və səhvini anlaması üçün düzgün istiqamət verməyə çalışırdı.
Olduqca həssas insan idi. Ətrafında olanlardan, rəhbərlik etdiyi insanlardan da işinə həssaslıqla yanaşmağı tələb edir, məsuliyyətsiz və nadan insanlarla qarşılaşarkən təəccüblənir, bu tip insanları başa düşməkdə çətinlik çəkdiyini bildirir, bəzənsə daha əvvəllər də söylədiyi bir fikri təkrarlayırdı: “Belələrinə həsəd aparıram. Əslində çox ağıllı olmaq yaxşı şey deyil, insan hər şeyi görür, anlayır və dözə bilmir”.
Ən müsbət cəhətlərindən biri canıyananlığı və fədakarlığı idi. Ona ehtiyacı olan heç kəsə arxa çevirmir, olduqca yüklü və gərgin iş qrafikinə baxmayaraq, kömək edə bilmək üçün əlindən gələni əsirgəmirdi. Yadımdadır ki, səhhətində yenicə problemlər yarandığı vaxt müalicə üçün Türkiyəyə gedib-gəldiyi ərəfədə Azərbaycan Yazıçılar Birliyinin üzvü, dəyərli qələm sahiblərimizdən biri olan Güləmail Muradın 70 illik yubileyi qeyd olunurdu. Güləmail xanım Buludxan müəllimin şəxsiyyətinə, onun elminə, savadına rəğbət bəsləyən bir insan kimi yubiley tədbirində iştirakını ürəkdən arzulayırdı. Buludxan müəllimin müalicə aldığını eşidəndə çox təəssüfləndi, tezliklə sağalması, əvvəlki vəziyyətinə qayıtması üçün dua etdi. Məndən dəvətini Buludxan müəllimə çatdırmağımı xahiş edib, səhhəti imkan verərsə, yubiley tədbirində iştirakından və çıxışından məmnun olacağını bildirdi. Doğrusu, nasaz olduğu üçün Güləmail xanımın dəvətini ona çatdırmaqda tərəddüd edir, belə vəziyyətdə özünü yormasına qıymırdım. Lakin Güləmail xanımın ona verdiyi böyük dəyəri və bu iştirakı necə ürəkdən arzuladığını görüncə tərəddüdlə də olsa, xahişini professora çatdırmaq məcburiyyətində qaldım. Buludxan müəllim dəvəti məmnuniyyətlə qəbul edib bir neçə gün sonra yubiley tədbirində layiqincə iştirak etdi, Güləmail xanımın yaradıcılığını hərtərəfli və əsaslandırılmış şəkildə təhlil edən bənzərsiz çıxışı ilə bütün auditoriyanın alovlu alqışlarını qazandı.

Buludxan Xəlilovu elmimizin əfsanəsi adlandıranlar yanılmırlar. Şəxsən mənim üçün Buludxan Xəlilov bir dəyər, elm, bilik və insanlıq etalonu idi. Araşdırma və tədqiqatçılıqdan yorulmur, yetirmələrini də özü kimi işgüzar və məsuliyyətli görmək istəyirdi. Bu fikri hər zaman xüsusi vurğulayırdı ki, uğurumuz hədəfimiz qədərdir. Uğur qazanmaq istəyirsinizsə, hədəfinizi doğru müəyyənləşdirin.
Tələbələri, yetirdiyi çoxsaylı magistr, dissertant və doktorantları onu tələbkar və məsuliyyətli elmi rəhbər, mənəvi ata kimi qəbul edirdilər. Hər həftənin altıncı günü iş günü olmasa da, Buludxan müəllim adi iş rejiminə uyğun universitetə gəlir, doktorantları yanına çağıraraq həftə ərzində gördüyü işlərin hesabatını istəyirdi. Hər zaman onun elmi rəhbər və məsləhətçi kimi canıyananlığını və tələbkarlığını yüksək qiymətləndirir, doktorantlarına onun kimi bir insanın rəhbərliyi altında işlədikləri üçün şanslı olduqlarını söyləyirdim.
Mühazirələri o qədər səlis və aydın olardı ki, izah etdiyi mövzunu təkrar oxumağa ehtiyac qalmazdı. Magistraturada oxuyarkən bizi əsl tədqiqatçı və araşdırmaçı kimi məhz o yetişdirmişdi. Günümüzü M.F.Axundzadə adına kitabxananın tədqiqatçılar şöbəsində türk dilləri və dialektlərinin qədim leksika və morfologiyasını əks etdirən fundamental lüğətləri (“Древнетюркский словарь”, “Сравнительные и этимологические словари” “Этимологический словарь тюркских языков”, “Опыт словаря тюркских наречий”, M.Kaşğarlının “Divani lüğət-it türk” və s.), “Kitabi-Dədə Qorqud”, “Oğuznamə, “Şəcəreyi-tərakimə” kimi dəyərli əsərləri, türk dillərinin müqayisəli tədqiqinə aid bütün əsas monoqrafiyaları oxuyub dil faktlarını seçməklə keçirir, dərs zamanı araşdırdığımız hər bir mövzunu geniş şəkildə müzakirə edib fikirlərimizi bölüşürdük. Aramızda cəmi 8-9 yaş fərq olmasına, həmin illərdə hələ çox gənc olduğuna baxmayaraq, universitetdə böyük nüfuza malik idi. Hər kəlməsi bizim üçün dəyərli, hər fikri önəmli idi. M.F.Axundzadə adına kitabxananın əməkdaşları arasında onu tanımayan yox idi. Hər zaman onu nümunə göstərib deyirdilər ki, bu kitabxanaya onun qədər ardıcıl və çox gələn ikinci bir tədqiqatçı olmayıb, çətin ki bundan sonra da ola. Kitabxanamızın elə bir şöbəsi yoxdur ki, orada illərlə qatı açılmayan kitabları Buludxan müəllim tapıb oxumamış olsun. Elə buna görə də dilçiliklə yanaşı, digər humanitar fənləri də gözəl bilir, ədəbiyyata böyük maraq göstərirdi. Klassik və müasir ədəbiyyatımızın ən böyük bilicilərindən biri idi. Onun M.İbrahimovun, S.Vurğunun, M.Hüseynin, B.Vahabzadənin və digər dəyərli söz ustalarımızın yaradıcılığından bəhs edən kitab və məqalələri, N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif kimi klassiklərin bədii-fəlsəfi irsini ustalıqla təhlil edib araşdırdığı əsərləri öz yüksək elmi-bədii dəyəri ilə seçilir. Bu ilin aprel ayında N.Gəncəvinin 880 illiyi münasibəti ilə təşkil edilən onlayn elmi seminarda ustad sənərkarın bədii-fəlsəfi dünyagörüşünün elm aləminə məlum olmayan sirləri barədə etdiyi geniş və dəyərli məruzə də alimlər və müəllimlər tərəfindən yüksək qiymətləndirilmişdi.
Buludxan Xəlilov türkologiya sahəsindəki çoxsaylı araşdırmaları ilə XIX əsrin sonu XX əsrin 30-cu illərinə qədərki dövrdə dilçilik elmimizin inkişafında xüsusi rol oynamış və Sovet ideologiyasının qurbanına çevrilmiş Bəkir Çobanzadə, Xalid Səid Xocayev kimi neçə-neçə dilçi-türkoloqumuzun həyat və yaradıcılıq yoluna işıq salmış, həmin sahədə ona qədər tədqiq edilməmiş bir çox mühüm məsələləri arxiv sənədləri əsasında araşdırıb geniş elmi ictimaiyyətə təqdim etmişdir. “I Beynəlxalq Türkoloji Qurultay”, “Türkologiyanın intibah dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri)”, “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” kimi türkoloji əsərləri bu qəbildən olan əhəmiyyətli araşdırmalarının nəticəsidir. Onun türkologiya və Azərbaycan dilçiliyinin müasir problemlərinə həsr olunmuş yüzlərlə elmi məqalə və əsərləri elm yolundakı fədakarlığının, dilimizə və soy-kökümüzə olan sevgisinin, yüksək vətəndaşlıq mövqeyinin təzahürüdür. B.Xəlilov dilimizi dərindən sevən, onun əsl tədqiqatçısı və qoruyucusu olan şəxsiyyət idi. Dilin qayda-qanunlarına əməl etməyin vacibliyini vurğulayaraq deyirdi ki, dil bir qəsr deyil, abidə deyil ki, onu silah-sursatla və ya başqa vasitələrlə qoruyasan. Dilin keşiyində dayanmaq, onu qorumaq üçün düzgün danışmaq lazımdır.
Qətiyyətlə deyə bilərəm ki, dilimizə vurğunluğu, dilimizin əsl bələdçisi, tədqiqatçı və təbliğatçısı kimi günümüzün H.Mirzəyev, A.Qurbanov, A.Axundov, T.Hacıyev, N.Cəfərov kimi görkəmli dilçiləri tərəfindən hər zaman nümunə göstərilmiş, yaradıcılığı yüksək qiymətləndirilmiş Buludxan Xəlilov XXI əsr Azərbaycan dilçiliyinin ən böyük zirvəsidir. Yaşı ilə gördüyü işlərin əhatə dairəsi bir-birinə uyuşmayan bu böyük alimi cavankən müdrik hesab edənlər, onu “elmimizin işıq saçan mayakı” adlandıranlar yanılmamışlar.
Təkcə elm adamları deyil, tanıyıb-bilənlərin, çıxışlarını, söhbətlərini dinləyənlərin hamısı Buludxan müəllimə hədsiz rəğbət bəsləyir, onu bir müəllim və alim, eləcə də ləyaqətli şəxsiyyət kimi yüksək qiymətləndirirdilər. Elmin, ədalətin, insanlığın dəyərini bilənlərin hər biri üçün Buludxan Xəlilov doğma insan idi. Vəfatından keçən bu qısa müddət ərzində müxtəlif sosial-şəbəkələrdə, mətbuat orqanlarında yazılan çoxsaylı rəylər, ürək sözləri, məqalələr də dediklərimizi sübut edir. Buludxan Xəlilov şəxsiyyətinin bir alim, müəllim və insan kimi nüfuzunu göz önündə canlandıran bu saysız-hesabsız rəylərdə tələbələri onu ixtisasını sevən və sevdirən, təkcə universitet illərində deyil, tələbəlik həyatından sonra da yanlarında olan ləyaqətli, mərd, savadlı, canıyanan müəllim kimi xatırlayır, elm adamı olmaqla bərabər insan olmağı, dürüstlüyü, ədalət və obyektivliyi təbliğ edən bir şəxsiyyət kimi yüksək qiymətləndirirlər.
Çox gərgin iş qrafiki var idi. Səhərlər hər kəsdən əvvəl işə gəlir, hamıdan sonra universiteti tərk edirdi. İş masası qalaq-qalaq əlyazmaları, kitab, qəzet, jurnallarla dolu olurdu. Günün hansı saatında otağına girsən, onu məşğul görərdin. Özünə dinclik vermir, işləməkdən yorulmurdu. Hələ universiteti yenicə bitirib kafedrada işləməyə başladığı illərdə mərhum professor, görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyev onu daim tələbə və gənc tədqiqatçılara nümunə göstərir, elmdə ardıcıl və yorulmaz fəaliyyətin vacibliyini vurğulayırdı. Elə bu keyfiyyətlərinə görə də Buludxan Xəlilov 1992-ci ildə 26 yaşında namizədlik, 1999-cu ildə 33 yaşında elmlər doktorluğu dissertasiyalarını müdafiə etmiş, 1996-cı ildə dosent, 2001-ci ildə professor vəzifəsinə seçilmiş, ölkəmizdə ən gənc yaşda professor adını almışdı.
Azərbaycan dili və türkologiya sahəsində çoxsaylı fundamental əsərləri, neçə-neçə dərslik və dərs vəsaitləri, ədəbiyyat, pedaqogika, fəlsəfə, din və digər əhəmiyyətli sahələrə aid müxtəlif mövzulu kitab və elmi məqalələri yaradıcılığının nə qədər geniş və çoxşaxəli olmasından xəbər verir. Təsadüfi deyil ki, çap edilmiş 500-dən çox elmi və elmi-publisistik əsərinin 40-dan çoxunu monoqrafiya, dərslik və dərs vəsaiti təşkil edir. Təəssüflə vurğulamaq istəyirəm ki, müalicə müddətində hazırladığı sonuncu “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” dərsliyinin çapını görə bilməmiş, dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi qrifi ilə vəfatından sonra nəşr olunmuş, bir neçə monoqrafiyası da çapa təqdim olunmuşdur.
Gərgin elmi-pedaqoji fəaliyyətinə baxmayaraq, Buludxan müəllim ölkənin ictimai-siyasi həyatında baş verən hadisələri də yaxından izləyir, dövlət əhəmiyyətli məsələləri təhlil edib obyektiv münasibət bəsləyir, dəvət olunduğu tədbirlərdə iştirak və çıxışlar edirdi. Elə bu ictimai fəallığına görə də hələ 1991-2004-cü illərdə Nəsimi rayon bələdiyyəsinin üzvü seçilmiş, qurumun sosial məsələlər daimi komissiyasına sədrlik eləyərək rayonun ictimai həyatında yaxından iştirak etmişdir.
Böyük zəhmətinə və xidmətlərinə görə Respublika Prezidentinin fərmanı ilə “Tərəqqi”, Türksoy tərəfindən “Molla Pənah Vaqif” medalları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, “Beynəlxalq Rəsul Rza”, “Qızıl qələm”, “Onur bəlgəsi”, “Xalqın nüfuzlu alimi” və neçə-neçə digər mükafatlar almış, çalışdığı Pedaqoji Universitetin rəhbərliyi, eləcə də ən müxtəlif qurumlar tərəfindən çoxsaylı fəxri fərman, təşəkkürnamə və sertifikatlara layiq görülmüşdür. 2007-2008-ci illərdə “İlin müəllimi”, 2011 və 2013-cü illərdə “İlin alimi”müsabiqələrinin qalibi, 2011-ci ildən Prezident təqaüdçüsü, həmin ildən 2013-cü ilə qədər AAK-ın Filologiya ixtisası üzrə Ekpert Şurasının üzvü, 2014-cü ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurası sədrinin müavini olmuş, 2013-cü ildən “Türkologiya” jurnalının Azərbaycan dili və terminologiya üzrə sahə redaktoru, 2015-ci ildən AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının, 2016-cı ildən AMEA “Türkologiya” jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. 2006-cı ildə “XXI əsrin ziyalısı” fəxri adına layiq görülmüş, 2009-cu ildə türk ədəbiyyatına göstərdiyi xidmətlərə görə “KİTABEK Akademik Üyesi” diplomunu alaraq qurumun üzvlüyünə qəbul edilmiş, 2015-ci ilin aprel ayından Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki seçilmişdir. 2001-ci ildən 2011-ci ilədək ADPU-da fəaliyyət göstərən “Kitabi-Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş, “Filologiya məsələləri” və “Dədə Qorqud” məcmuələrinin redakroru olmuşdur. 2006-2018-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı, 2018-ci ildən isə Müasir Azərbaycan dili kafedrasının müdiri vəzifələrində çalışmışdır. Çalışdığı müddətdə çoxsaylı elmi-nəzəri və elmi-praktik konfranslar, elmi seminar, görüş və diskussiyalar, eləcə də müxtəlif mövzularda ictimai-siyasi, bədii-əyləncəli tədbirlər təşkil etmiş, rəhbərlik etdiyi fakültənin universitetin ən qabaqcıl fakültəsi kimi inkişafına nail olmuşdur.
İnanmaq olmur ki, elmimizin, elm ocaqlarımızın, auditoriya, iclas və konfrans zallarımızın yaraşığı olan bu böyük alim artıq cismani olaraq aramızda yoxdur. Nə yaxşı ki, tanıdığım və bərabər çalışdığım 30 illik uzun bir dövr ərzində hər zaman şəxsiyyətinə ehtiram və qayğı ilə yanaşmış, yanımızdakı nadir simanın kimliyini, necə bənzərsiz və təkrarsız bir şəxsiyyət olduğunu dərk edib anlamışam.
Allahın ən gözəl keyfiyyətləri bəxş etdiyi, sözü elmindən, elmi insanlığından güc alan mərhum prossorumuz haqqında nə qədər yazsam, nə qədər danışsam, azlıq edər. Bircə onu bilirəm ki, Azərbaycan elmi çox böyük alimi, Azərbaycan xalqı isə çox dəyərli insanı itirdi. Bu işıqlı insanın vaxtsız gedişi kəlmələrə sığmayacaq qədər ağır gəlir. Torpaq onun kimi dəyərli bir şəxsiyyəti qoynuna almaqla nurlandı, bu dünyada isə əvəzsiz bir elm işığı vaxtsız söndü... Amma bu işığın isitdiyi ürəklərin odu heç zaman sönməyəcək. Bu böyük insanın adı uzun əsrlər boyu yaşayacaq, Azərbaycan var olduqca bizdən sonrakı nəsillər onun dərin zəkasından bəhrələnəcəklər. 55 illik qısa ömrü ilə yüz illik ömrə bərabər böyük izlər qoyan, bu fani dünyada şərəflə yaşayıb, şərəflə də köçən Allahın sevimli bəndəsi Buludxan Xəliliova rəhmət, ailəsinə və doğmalarına isə səbir diləyirəm. Əminəm ki, məkanı cənnətdir, inşallah ruhu da şad olsun!

Yeganə Qəhrəmanova
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
dosenti, filologiya üzrə fəlsəfə doktoru

"Bütöv Azərbaycan" qəzeti
12.11. 2021


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!