Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indi əhalinin “daş atıb, baş tutduğu”, dad elədiyi qurumlardan bəlkə də birincisidir.
Vətəndaşlar dünənə qədər bu strukturu “VTEK” olaraq tanıyırdılar və qurumun əlilliklərin təyinatında hansı funksiyaya malik olduğu ictimaiyyətə məlum idi. O da bəlli idi ki, əlillik təyinatı “VTEK”lərdə hansı “prinsip”lər əsasında reallaşırdı. İndi bu strukturun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adlanması hər hansı dəyişikliyə səbəb olmayıb. Dəyişən, yəni islahat kimi görünən, sadəcə, ad yenilikliyidir. Əksinə, indi əhaliyə daha çox “qan uddurulur” və bunu dövlət büdcəsinə qənaət adı ilə siyasi rəhbərliyə təqdim edirlər. TİA.Az məlumat verir ki, bu qurumun İdarə Heyətinin sədri əvvəl Cavid Əbdülqədirov idi. Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onu müşavir təyin etdi. Hazırda Agentliyin İdarə Heyətinin sədri Anar Bayramovdur. Lakin ad dəyişikliyi kimi, fiqur dəyişikliyi də müsbət istiqamətdə inkişafa səbəb olmayıb. Dəyişən əlillik təyinatında qeyri-rəsmi alınan pulun məbləği və idarəçilikdə tayfa-qəbilə, traybalizmə üstünlük verilməsidir. Gələn məlumatlara görə, hələ Əbdülqədirov sədr olduğu dövrdə Agentlikdə xımır-xımır mənimsəmələrə yol verirmiş. Onun vəzifədən çıxarılması ilə effektiv idarəçilik olacağına ümid bəslənirdi. Lakin A.Bayramov gəlişi ilə sələfinə şükür etdirməyə başlayıb. Bildirilir ki, hazırkı sədr sığorta sahəsində çalışıb, “A Group” sığorta firmasından bu vəzifəyə gəlib. Əldə etdiyimiz xəbərdə deyilir ki, A.Bayramov nazir Sahil Babayevlə dostdurlar. Elə bu dostluq münasibətlərinin nəticəsidir ki, ona belə yüksək vəzifə peşkəş edib. Amma iddialara görə, Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində kobudluğu, işçilərə yuxarıdan aşağı baxması, əməkdaşlarla qaba və yüksək tonla danışması ilə xarakterizə edilir. Hətta bəzi hallarda qırmızı xətləri keçdiyi, işçilərlə danışığında normaları belə gözləmədiyi deyilir. A. Bayramov gəldiyi gündən araşdırır ki, kimin kimin adamıdır, kimə bağlantısı var və buna uyğun kadr siyasəti aparır. Bütün bunlar da azmış kimi, hər kəsi narahat edən məsələ nazirin dostunun yaşlı, təcrübəli mütəxəssisləri, tibbi ekspertləri, həkimləri işdən azad etməsidir. Halbuki səriştəli, peşəkar kadrlara ehtiyac var, amma Bayramov kimi istəyir işdən uzaqlaşdırır, kimi istəyir işə götürür. Məlumata görə, Agentlik sədri bu müddət ərzində “Veysəloğlu” ticarət şəbəkəsində çalışan dost-tanışlarını başına toplayıb. Təsəvvür edin ki, firmada çalışan dostlarını belə bir mühüm strukturda işə cəlb edir. Bu da sözsüz ki, narazılığa səbəb olur. Beləliklə, nazirin dostu vəzifəyə gəlir, o da öz dostlarını başına yığıb qurumu podrata çevirir. Nəticədə əlillik təyinatı hansısa təsadüfi şəxslərin səlahiyyətinə verilir. TİA.Az-ın məlumatına görə, A.Bayramov gətirdiyi dostlarına hər ay 120-150 faiz premiya yazır. Amma guya agentlikdə islahat apardığını bildirir. Bundan başqa, həmin işçilərin adlarını müxtəlif formal kurslara yazdırmaqla büdcədən babat vəsait çırpışdırdığı iddia edilir. Eyni zamanda agentliyə alınan və bağışlanan avadanlıqların qiymətində şişirtmələrə yol verərək maxinasiyalar üçün şərait yaradılır. Təxminən 33 nəfər işçi – “Veysəloğlu” və market sistemindən gələnlərə mükafatlar verilir, köhnə əməkdaşlar isə kənarda saxlanır. Bu siyasətin başında Bayramov özü dayanıb. Hər şeydən ümdə isə əlillik təyinatının olmasıdır. İddialara görə, indi 5 illik əlliliyin təyin olunması beş min manatdır. İddialara görə bu məsələlər agentlikdə İlkin Yusifova həvalə olunub. Bax, bu da nazirin islahatı… İndisə A.Bayramov çevrəsində söz-söhbət yayır ki, S.Babayev daha yüksək vəzifəyə təyin olunacaq, özü onun yerinə gedir. Göründüyü kimi, belə bir mühüm qurum təsadüfi şəxslərin əlində əsir-yesir qalıb. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Qazaxıstanda yaşanan hadisələr fonunda bütün postsovet ölkələrində gərginlik müşahidə olunmaqdadır. Xüsusi ilə məmur özbaşınalığının sərhəd tanımadığı ölkələrdə Qazaxıstan senarisinin təkrarlanmayacağına zəmanət yoxdur. Üstəlik, Qərbin narıncı inqilab texnologiyasını özünəməxsus formada mənimsəmiş Rusiyanın xüsusi xidmət orqanları cəmiyyətdəki sosial-iqtisadi narazılıqlardan maksimum istifadə etməklə həmin ölkələrin suverenliyi üçün böyük bir təhlükə mənbəyinə çevrildiyini artıq sübut ediblər.
Bu baxımdan postsovet ölkələri üçün Rusiyanın artan təhdidlərindən hakimiyyətlər ciddi narahat olmağa başlayıb. Bu sırada Özbəkistan hakimiyyətinin atdığı addımlar diqqət çəkir. Beləki, mərkəzi hakimiyyət Rusiyanın işğal senarisini önləmək üçün insanları narazı salan məmurlar üzərində ciddi nəzarət mexanizmi həyata keçirməklə bərabər bütün təhdid mənbələri üzrə tədbirlər görür. Eyni narahatlıqlar zəif də olsa Azərbaycan hakimiyyətində var. Amma hakimiyyət hələlik məmur özbaşınalığından qaynaqlanan sosial narazılığı önləmək üçün ciddi tədbir görməyə tələsmir. Müşahidələr isə göstərir ki, ölkə daxilində Azərbaycanın müstəqilliyi ciddi təhlükə ola biləcək kifayət qədər ciddi təhdid mənbələri var. Xüsusi ilə Rusiyaya bağlılığı şübhə doğurmayan hakimiyyət daxili qruplaşmaların yerlərdəki kadrlarının fəaliyyəti bunu deməyə əsas verir. Bu baxımdan sosial-iqtisadi narazılıqla yanaşı məmur özbaşınalığının və hərəkətsizliyinin pik həddini yaşayan Lənkəran rayonu diqqətə alınmalıdır. Minlərlə sakinin iş dalınca Rusiyaya üz tutmasından tutmuş qonşu dövlətdən qaynaqlanan narkomaniyanın rayonda geniş yayılması da lazımi məqamlarda Lənkərana kənar təsirləri artıran faktorlardır. Belə bir vəziyyətdə isə 10 ildir əhali sayına nisbətdə ölkənin ən böyük rayonlarından biri olan Lənkərana rəhbərlik edən icra başçısı Taleh Qaraşovun fəaliyyəti çox şübhəlidir.
AzToday.az xəbər verir ki, təkcə Lənkəran sakinlərinin mediada yayılmış şikayətlərinin sayı rayonda vəziyyətin dözülməz səviyyədə olduğunu göstərir. Bu yazımızda ancaq Lənkəran İcra Hakimiyyətinin birbaşa fəaliyyətindən qaynaqlanan problemlərin bir hissəsini işıqlandırmağa çalışacağıq.
Lənkəran şəhərinin problemləri
Əsas mərkəzi küçələr istisna olmaqla şəhərin küçələri təmirsizdir, xüsusi ilə qonşu rayonlar sakinlərinin də alış-veriş etdiyi Lənkəran bazarı və ətraf küçələr yağışlı havalarda keçilməz olur. Ötən ilin yay aylarında şəhərin bir-neçə küçəsi asfaltlansa da, şəhərdaxili yolların böyük əksəriyyəti Suriyanın müharibə gedən yaşayış məntəqələrinin küçələrini xatırladır.
Şəhərin əsas mərkəzi küçələri mal-qaranın otlaq sahəsinə çevrilib. Aztoday.az həmin görüntüləri təqdim edir: Şəhərin əsas tarixi tarixi abidələri baxımsız vəziyyətdə məhv olur, amma icra hakimiyyəti və aidiyyatı dövlət qurumları tarixi abidələrin bərpası üçün heç iş görmür. Vəziyyət o həddə çatıb ki, lənkəranlılar tarixi Zindan qalasının təmir olunması üçün sosial şəbəkələrdə müxtəlif aksiyalar keçirmək məcburiyyətində qalıblar. Lənkəran şəhərinin illərdir mövcud olan kanalizasiya problemi də həllini tapmayıb. Açıq kanalizasiya xətləri sakinləri üfünətli hava ilə nəfəs almağa məcbur qoyur.
Şəhərdə demək olar boş ərazilər qalmayıb, hətta son illər bir-neçə avtobus dayanacağının ərazisi belə icra hakimiyyəti tərəfindən satılıb.
Təngivanı kim məhv edir?
Təngivan kəndinin düz ortasından keçən Lənkərançay çayının yatağı “PROFCO” MMC tərəfindən qazılaraq daşınmaqdadır. Artıq qazıntı işləri kənd sakinlərinin otlaq və əkin sahələrinə keçib. Sakinlər kəndi məhv edən şirkətin icra başçısı Taleh Qaraşova məxsus olduğunu deyir. Əks halda Lənkəranın onlarla kəndini təhlükə altında qoyan şirkətin qanunsuz fəaliyyətinə dövlət qurumları müdaxilə edəcəyini bildirirlər.
Dənizə həsrət qoyulan sahil kəndi
Xəzər dənizinin sahilində yerləşən Vel kəndinin sahil əraziləri mkanlı şəxslərə satılıb. Nəticədə isə sakinlərinin dəniz sahilinə çıxışı faktiki olaraq bağlanıb. Sakinlər cəmi 100 metr aralıdakı sahilə getmək üçün 5-6 kilometr yol qət etmək məcburiyyətində qalıb.
Sakinlərin sözlərinə görə, illər əvvəl kənddə yeni məktəb tikilib və köhnə məktəbin ərazisi isə boş qalıb. Həmin ərazidən sakinlər rahatçılıqla gedib gələ biliblər və yeniyetmə uşaqlar köhnə məktəbin ərazisində müxtəlif idman növləri ilə məşğul olublar. Amma bir-neçə il əvvəl Vel kəndinin köhnə məktəbinin 74 sot ərazisi də yerli qurumlar tərəfindən satılır. Həmin yeri alan şəxs (adını kənd sakinləri də bilmir – red) isə ərazini daş hasara alaraq sakinlərin sahilə yolunu bağlayır. Və sakinlərin də problemi bundan sonra başlayıb.
Bununla bağlı kənd sakinlərinin müvafiq qurumlara etdikləri şikayətlər illərdir nəticəsiz qalıb. Lənkəran Şəhər İcra Hakimiyyəti başda olmaqla əlaqədar qurumlar sakinlərin problemlərini görməzdən gələrək sakinlər üçün 2 metrlik piyada yolunun da açılmasına şərait yaratmır. Bu isə kəndin əsas dolanışıq mənbəyi olan turizmə ciddi təsir göstərib.
Ən çox şəhid verən kəndə yol yoxdur
Ölkənin ən çox yağıntı düşən yaşayış məntəqəsi olan Gəgiran kəndi Qarabağ müharibəsində 9 şəhid verib. Amma kənd illərdir icra hakimiyyətinin hərəkətsizliyi səbəbindən demək olar yolsuz qalıb. Orta əsr yaşayış məntəqələrini xatırladan Gəgiran kəndininə indiyə kimi müasir yol çəkilməməsi dövlət adına çox böyük bir ayıb sayıla bilər.
Sakinlər bildirir ki, kəndlə rayon mərkəzi arasındakı məsafəni qət etmək hər sürücünün işi deyil. Kənddən rayon mərkəzinə, yaxud da əks istiqamətə hərəkət edən avtomobillər tez-tez qəzaya uğrayır, ölüm-itim olur. Yol hər şeydir. İşdir, qazancdır, rahatlıqdır. Gəgiranlılar bunlardan məhrumdur, çünki yolumuz bərbad vəziyyətdədir…
Lənkəran “xanı” kefindən qalmır
Lənkəranın çox ciddi sosial-iqtisadi problemlərini həll etməyən icra başçısı və övladlarının bahalı həyat tərzi keçirməsi haqlı narazılığa səbəb olur.
Qeyd edək ki, Lənkəran rayon icra başçısının özü və övladları bu günədək müxtəlif məqamlarlarla bağlı gündəmə gəlib. Məlumatlara görə, Qaraşovun oğlanlarından biri Seymur Qaraşov rayonda bütün tikinti, yenidənqurma və abadlıq işlərinə nəzarəti əlinə keçirib.
Mediada yayılan məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyindəki işi Lənkərandan Bakıya dəyişdirilmiş Seymur Qaraşov şəhərdə olan zaman səhərlər «Lexus», günortadan sonra eyni dövlət nömrə nişanlı (010) «Porşe» sürür.
Məsələ burasındadır ki, Qaraşovların macəraları oğullarla bitmir. Elə icra başçısının özü də illərdən bəri dövlət büdcəsini “dədə malı” olaraq bilir. İllər əvvəl Virtualaz.org saytının verdiyi xəbər bunu deməyə əsas verir. Yazını qısa ixtisarla nəzərinizə çatdırırıq: “Taleh Qaraşov bu il məzuniyyətini öz ailə üzvləri ilə birlikdə Çexiyanın məşhur Karlovı Varı kurort şəhərində keçirib. Azərbaycandan gedən və aylıq maaşı 2 min manata yaxın olan bir məmurun xərclədiyi pulların məbləğinin yüz minlərlə dolları aşması faktı çexiyalı jurnalistlərin də diqqətini cəlb edib və onlar həmin informasiyanı bizimlə bölüşüblər.
Məlumatda deyilir ki, T.Qaraşov və onun 11 nəfər ailə üzvü (övladları və nəvələri) AZAL şirkətinin Bakı-Praqa reysi ilə Çexiyaya uçub. Qaraşovlar ailəsi Praqadan da Karlovı Varı şəhərinə gedib. Maraqlıdır ki, Qaraşovların bütün aviabiletləri biznes-klassa alınıb. Yəni, icra başçısı təyyarənin biznes-klass salonuna faktiki olaraq bütün biletləri alıb. AZAL-da bir biznes-klass biletinin qiyməti 1500 manatdır. Deməli, aylıq maaşı 2 min manata yaxın olan məmur təkcə aviabiletlərə 165000 manat xərcləyib.
Məlumata görə, icra başçısı və ailə üzvləri Karlovı Varıdakı dəbdəbəli “Carlsbad Plaza” otelində yerləşiblər. Bu oteldə bir nömrənin sutkalıq qiyməti 2 min dollardır. Qaraşovlar ailəsi oteldə 6 otaq götürüblər. Yəni ailənin gündəlik otel xərci 12 min dollar təşkil edib. İcra başçısı və ailə üzvləri bu oteldə 21 gün qalıb.
Ailənin otel xərclərini hesablamaq çətin deyil. Amma buna bilirsinizmi nə qədər xərclənib? 251 min dollar!
T.Qaraşovun Çexiyadakı digər xərcləri barədə danışmağa lüzum görmürük. Lakin Lənkəranın icra başçısına sual etmək lazımdır: o, bu qədər pulu haradan və necə qazana bildi ki, Karlovı Varıda üç həftənin içində təxminən yarım milyon manatı asanlıqla xərclədi?”
Lənkəranın problemləri nə vaxt həll olunacaq?
Ölkənin ən böyük iqtisadi rayonlarından olan Lənkəranın sosial problemlər məngənəsində boğulması 2012-ci ildən indiyənə kimi rayona rəhbərlik edən Taleh Qaraşovun aktivinə yazılmalıdır. Subtropik zonada yerləşən rayonun ənənəvi təsərrüfat sahələrinin sıradan çıxması fonunda Lənkəran ərazilərinin iri oliqarxlar tərəfindən ələ keçirilməsi sakinləri hiddətləndirməkdədir. Nadir ağac növləri ilə zəngin olan Lənkəran meşələrindən tutmuş sahilyanı ərazilər də oliqarxiyanın hədəfinə çevrilib…
Hər gün sosial medialarda və sosial şəbəkələrdə yayımlanan vətəndaş şikayətlərindən, narazı vətəndaşların etiraz səslərindən xalqın artıq cana doyduğu açıq-aydın görünür.
Yerli icra orqanları, xüsusilə İcra başçıları hər kəsin səbrinin sonunu gətirib.
Bir çox icra başçıları sakinlərlə nəyinki görüşlər təşkil etmir, ümumiyyətlə heç qəbula gələn sakinləri saatlarla qapıda gözlədib, qəbul etmir, problemlərini dinləmirlər.
Əlacsız qalıb, mətbuat vasitəsilə ölkə başçısına müraciət edən sakinlər olanda da, başçının işlə təmin etdiyi, müəyyən maraqlarını qarşıladığı "troll ordusu" dərhal sosial şəbəkələrdə dərdini danışan vətəndaşın və onun müraciətini yayımlayan media qurumunun üzərinə "hücum"a keçirlər.
Xatırlayırsınızsa belə bir hal Cəbrayıl rayon İcra Hakimyəti ilə, "DogruXeber.az" informasiya agentliyi arasında da yaşanmışdı.
44 günlük vətən müharibəsində yarı canını qurban vermiş qazinin İcra başçısından olan gileyini yayımladığımıza görə sosial şəbəkələrdə yuxarıda da qeyd etdiyimiz "başçı sevdalıları"nın hücumuna məruz qalmışdıq. Hətta, baş redaktorumuzun evinə belə hücum çəkməyi gözə almışdılar.
Əlqərəz...
Əslində bütün bunları təkrar xatırlatmaqda sözümüzün canı var. Belə ki, bir neçə gün əvvəl Elmira Məmmədova, Xalidə Məmmədova və Aygün Mehdiyeva adlı Cəbrayıl rayon sakinlərinin ardıcıl olaraq, agentliyimiz vasitəsilə ölkə başçısına müraciətlərini yayımladıq.
Videogörüntülər yayımlandığından bəri sosial şəbəkələrdə başçının "hücumçu dəstəsi" videoların şərh bölməsində bir şikayətçi xanımları, bir də görüntüləri yayımladığımıza görə bizi kobud ifadələrlə söz atəşinə tutublar. Digər tərəfdən də "sülhsevər elçilər" fəaliyyətə başlayıblar. Doğrusu hər iki variantın eyni vaxtda paralel aparılmasını tamamilə məntiqsiz hesab edirik. Bu qədər adamı bizim və şikayətçilərin üzərinə yönləndirməkdənsə, həmin sakinlərin tələblərini yerinə yetirib, mövcud problemlərinin aradan qaldırılması üçün qismən də olsa müəyyən addımlar atmaq daha doğru olmazmı? Hansı ki, şikayətçi tərəflər haqlı olaraq çox sayda yerli sakinlərin işsiz olduğu halda, İcra başçısının rayondakı müəyyən iş yerlərinə digər rayon sakinlərini təyin etməsindən, əvvəl çalışdığı iş yerində korrupsiya və dağıntıya yol verdiyinə görə işindən azad edilənlərin, yenidən vəzifəyə təyin edilməsindən narazılıq ediblər. Lakin, hələ də mövcud problemlərini kimsənin dinləmədiyini, əksinə mətbuata müraciət etdikləri üçün, bəzi səlahiyyətli şəxslər tərəfindən təpgilərə məruz qaldıqlarını deyirlər. (dogruxeber.az)
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikası Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair anlaşma memorandumunu təsdiq edib.
Bununla bağlı “Resmi Gazete” məlumat yayıb.
Qeyd edək ki, sənəd 2021-ci ilin dekabrın 22-də Bakı şəhərində imzalanıb.
“Omikron” ştammı “delta” ilə müqayisədə daha çox sürətlə yayılır. İnkubasiya dövrü isə daha qısadır – 72 saat. Bu isə o deməkdir ki, “delta” əvvəlki variantlarla müqayisədə tez yayıla bilirdisə, “omikron” daha tez bir zaman ərzində yayılır, lakin, klinik gedişatına görə əlamətlər “delta” ilə müqayisədə daha mülayimdir.
Bütöv.az xəbər verir ki, bunu açıqlamasında həkim-infeksionist Könül İsmayılova deyib.
Onun sözlərinə görə, ağır klinik gedişat və hospitalizasiya halları delta ilə müqayisədə aşağıdır.
“Lakin bu ştammın immun sisteminin üzülməsi olan şəxslərdə (QİÇS, uzunmüddətli immunsupressiv preparatlar qəbul edən şəxslərdə) ağır keçmə ehtimalı istisna olunmur. Simptomlarda oxşarlıq ola bilər, çünki bütün ştamlar SARS-cov 2 virusunun mutasiyalarıdır və tənəffüs yolları infeksiyasına aiddir. Ən çox üstünlük təşkil edən əlamətlər başağrısı və halsızlıqdır. Boğazda qaşınma, öskürək, ürək vurğularının sürətlənməsi, tərləmə kimi əlamətlərə də təsadüf etmək olar”, – deyə o bildirib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumata görə, ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K “Omicron” variantı aşkarlanıb.
Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.(trend)
Lənkəranda keçmiş bələdiyyə binasında yanğın baş verib.
Hadisə Vilvan kəndində qeydə alınıb. Ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli binanın 50 kvadratmetr sahəsində yanar konstruksiyaları və dam örtüyü yararsız hala düşüb.
Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, keçən əsrin 70-ci illərində tikilmiş bina 7 otaqdan və 1 dəhlizdən ibarətdir. Burada fəaliyyət göstərən bələdiyyə bir müddət əvvəl yeni binaya köçürülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxın aylarda təqaüdə göndəriləcəyi ilə bağlı məlumatlar səslənir.
Bütöv.az bizimxeber.az-a istinadən bildirir ki, 1958-ci il təvəllüdlü Saleh Məmmədovun artıq 64 yaşı var.
1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis olan Saleh Məmmədov 2017-ci ildən bu günə kimi Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri vəzifəsini tutur. Uzun və demək olar ki, vəzifə ilə dolu bir yol...
Bütün bu təcrübəyə baxmayaraq, onun fəaliyyəti ilə bağlı müxtəlif səpkili narazılıqlar mövcuddur. Regionlarda, əsasən Bakı kəndlərində üzun illərdir yolların baxımsız və təmirsiz qalması, məhəllə yollarına ümumiyyətlə nəzarətsilik, yalnız dövlət büdcəsindən ayrılan vəsaitləri gözləmək və sair hallar Saleh Məmmədovun yarıtmaz fəaliyyəti kimi əlaqələndirilir, onun vəzifədən uzaqlaşdırılmasını labüd edir.
21-ci əsdə Xəzər rayonunda küçə - Utanaq, yoxsa həzz alaq? - FOTOLAR » NUH informasiya agentliyi
Bu gün insanların işsizlik problemi ilə yanaşı daha böyük dərdi yolsuzluqdur. Yol dərdi bəlkə də bütün problemlərdən daha irəlidədir. Küçələri bərbad, baxımsız olan sakinlər ölkədə aparılan inkişafı necə görsün? Sosial etirazların səbəblərindən biri də yolların daha bərbad vəziyyətdə olmasıdır ki, biz bunun hər gün şahidi oluruq.
Elə bu səbəbdən də Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılacağına şəkk-şübhə yoxdur.
Məlumata görə, Saleh Məmmədov birlikdə işlədiyi yaxın qohumlarını vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Bu yaxınlarda qohumlar arasında müxtəqlif narazılıqların yarandığı ilə bağlı bəzi məlumatlar da var.
Ermənilərin xəstə təfəkkürə malik olması sirr deyil. Uzun illərdir yalançı tarix formalaşdıraraq, bütün dünyanı inandırmağa çalışırlar ki, “dənizdən dənizə” onların ölkələridir. Xüsusən də türklərin yaşadığı coğrafiyaya iddiaları daha qabarıqdır.
Bütöv.az JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bir müddət əvvəl İrəvanda aparılan arxeoloji qazıntılar zamanı üzə çıxan tarixi abidələr barədə elmi “məqalə” yazan erməni “alim”lər iddia etmişdilər ki, oradan tapılan tarixi nümunələr əsasında müəyyən ediblər ki, Ermənistan dövləti hələ I-II əsrlərdə mövcud olub və onun sərhədləri Stravrapoldan başlayıb, Fars körfəzində bitib. Bu şizofreniyadan başqa bir şey deyil. Zaman içində bu xəstəliklərini onların üzünə vurduqda isə hər dəfəsində daha sərsəm iddialarla çıxış edirlər. Onlardan daha biri bu günlərdə gündəmə gətirlib.
“Fakt” qəzetində çıxış edən erməni “alimçə” (maraqlıdır ki, adı qeyd olunmayıb) iddia edib ki, guya, Azərbaycan Qarabağda “qədim erməni irisini” məhv edir. Söhbətin hansı “irs”dən getdiyi isə məlum deyil. Ümumilikdə, Qarabağda “erməni irsi” anlayışı yoxdur. Əgər söhbət kilsələrdən gedirsə, onların albanlara məxsus olduğunu bütün dünya təsdiq edir. Mümkündür ki, erməni “alimçə” uksuslayıb, yerə basdıqdıqları və sonradan “qədim erməni xaçı” deyib, dünyayay yaydıqları daş-kəsəyi nəzərdə tutur.
Bundan başqa, həmin “alimçə” bir qədər də irəli gedərək, Qarabağla bağlı xəyal etdikləri yalanı dilə gətirib. Məsələn, o deyib ki, Qarabağ sadəcə bir məkan deyil, guya, bütöv bir erməni mədəniyyəti və tarixidir. 200 il bundan əvvəl köç etdikləri (rusların sayəsində) torpaqlarımızı öz adalarına çıxmaları həyasızlığın ən son həddidir.
Amma bu “alimçə” o qədər həyasız iddialara baş vurub ki, gülməkdən keçməmək mümkün deyil. Onun yazdıqlarını olduğu kimi təqdim edirik: “Yeri gəlmişkən, əgər bir gün Azərbaycan paytaxt Bakıda erməni izini yox etmək qərarına gəlsə, o zaman Bakıdakı bütün möhtəşəm tikililəri dağıtmalı olacaq. Çünki Bakı ermənilər tərəfindən tikilib, Bakıya çevrilib. Erməni izi isə hər yerdə, erməni neft biznesmenlərindən tutmuş, mədəniyyət və memarlıqla bitir. Tarix bütün bunları sənədləşdirib. Ona görə də nə qədər ermənilərin adını dərsliklərdə gizlətsələr də, tikdikləri binalar canlı şahiddir: Bakıda ən yaxşı binaları erməni memarları tikiblər”.
Bu artıq həyasızlıq da deyil. Bu hər nədirsə, xəstəlik mərhəsləini də aşıb. Bakının erməni şəhəri olması, guya, burada erməni neftxudalarının varlığı, nə bilib bina tikməsi artıq nonsensdir. İşin dəhşətli tərəfi odur ki, bunu alim adına iddia edən biriləri deyir. Yəni, bir xalqın tarixçisi bu qədər saxtakar, yalançı və həyasızdırsa, onun sıravi vətəndaşından tutarlı nəsə gözləməyin yeri yoxdur.