"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
9-10-2022, 15:50
22 pensiyaçını öldürən cinayətkar yaxalandı


22 pensiyaçını öldürən cinayətkar yaxalandı

ABŞ-ın Texas ştatında iki yaşlı qadını qətlə yetirdikdən sonra qiymətli əşyalarını oğurlayan 49 yaşlı Billi Çemirmir saxlanılıb. Bu barədə "NBC News" məlumat yayıb. Araşdırmalar zamanı onun daha 20 nəfəri öldürdüyü məlum olub. 87 yaşlı Meri Bruks və 81 yaşlı Luti Harrisin həyatına son qoyan cinayətkarın iki il ərzində təqaüdçüləri öldürdüyü, onların əşyalarını oğurladığı bildirilir. Qurbanlardan biri sağ qala bilib. 91 yaşlı zərərçəkmiş deyib ki, naməlum şəxs onun arxasınca evə gəlib, mənzilinə daxil olub, onu yastıqla boğmağa cəhd edib, sonra qızıl-zinət əşyalarını alıb. Billi Çemirmirin 22 qurbanını eyni yolla öldürdüyü güman edilir.
9-10-2022, 15:45
Xankəndidə ara qarışdı - Ermənilər Arayikə 30 dəqiqə vaxt verdilər


Xankəndidə ara qarışdı - Ermənilər Arayikə 30 dəqiqə vaxt verdilər

Xankəndidə qarışıqlıq yaranıb.
Butov.az xəbər verir ki, gecə saatlarında şəhərin mərkəzindəki “Dirçəliş” meydanına toplaşan ermənilər separatçıların başçısı Arayik Arutyunyandan onların qarşısına çıxmağı, suallarını cavablandırmağı tələb ediblər. Meydana toplaşan etiraz aksiyasının çoxsaylı iştirakçıları Arayik Arutyunyana 30 dəqiqə vaxt veriblər, əks halda tədbir görəcəklərini bəyan ediblər. Kortəbii etiraz aksiyasına qoşulan qondarma “Arsaxın müdafiəsi uğrunda” adlı "hərəkat"ın nümayəndəsi “Hraparak”a bildirib ki, Azərbaycan Prezidentinin Praqada səsləndirdiyi “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, razılaşmayanlar hara istəsələr gedə bilərlər” fikirləri erməniləri ciddi narahat edib. Təşvişə düşən Qarabağ erməniləri separatçıların başçısı Arayik Arutyunyandan açıqlama verməyi tələb edirlər. Lakin meydana Arayik deyil, qondarma "dqr parlamenti"nin "sədri" Artur Tovmasyan gəlib. O, aksiya iştirakçılarının suallarını cavablandırmağa çalışsa da, əsəbiləşən kütlə Tovmasyanı rədd edib. A.Tovmasyan deyib ki, Arayik Arutyunyan meydana gəlməyəcək, çünki hazırda Xankəndi şəhərində deyil. Bundan sonra toplaşanların narazılığı bir qədər də güclənib. Meydana separatçıların "polis qüvvələri" gətirilib. Yalnız bundan sonra etirazçılar aksiyanı yekunlaşdıraraq dağılışıblar.
9-10-2022, 15:38
İçində 85 nəfərin olduğu qayıq batdı


İçində 85 nəfərin olduğu qayıq batdı

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində qayıq batıb. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Qəza nəticəsində azı 10 nəfər ölüb, daha 60 nəfər itkin düşüb. Məlumata görə, göyərtəsində 85 nəfərin olduğu qayıq güclü daşqınlar səbəbindən batıb. Anambra əyalətinin qubernatoru Çukvuma Çarlz Soludo 10 nəfərin suda boğulduğunu açıqlayıb. Bundan başqa, axşam saatlarına kimi 15 nəfərin xilas edildiyi deyilir.
9-10-2022, 11:53
"Nur ocağı" ədəbi məclisi Xasay Yusifovun şeirlərini təqdim edir

"Nur ocağı" ədəbi məclisi Xasay Yusifovun şeirlərini təqdim edir

Dedilər
Sevda yollarının yolçusu oldum,
Halımı sormadan Məcnun dedilər.
Baxıb görkəmimə ağlı kəsənlər,
Sevda yolçusudur, yorğun dedilər.
Düşdüm qarasınca bir bəstəboyun,
Ürəkdən sevmişdim, qamətin, boyun.
Çəkirdim yolunda min cürə oyun,
Gördülər, gözələ vurğun dedilər.
Xasay Yusif heç dönərmi sevgidən,
Ağla könül, nə gəlir ki, əlindən?!
Mən necə küsməyim yatan bəxtimdən,
Oyanmaz bəxtimə yorğun, dedilər.
Amanatı
Qoy bir də yalvarım, ay ana torpaq,
Sənə tapşırdığım yar amanatı.
Solub çəmənzarı, sökülüb bağı.
Vədəsiz sökülən bar amanatı.
Şamama tayında vaxtsız saraldı,
Bağı viran qaldı, meyvə saraldı,
Şaxta vurdu, yarpaqları saraldı,
Heyva amanatı, nar amanatı.
Xasayın ağlamaq olar peşəsi,
Yandırar sinəsin dərdin təşnəsi,
Sənə tapşırdığım eşqin pərisi,
Bir daha qayıtmaz, yar amanatı.
Ata
Əzəl məsləhətdir qəbul edənə,
Hər evin dayağı atadır, ata.
Harda olsa əzəməti bilinər,
Dünyanın ən uca dağıdır ata.
Ya varı- dövləti başından ayşsın,
Ya da şam etməyə çörək tapmasın,
Ya da əyyaş olsun, övlad saymasın,
Kimlikdə yazılan atadır, ata.
Kim saydı, saymadı, nə mənası var?
Atanın atatək öz dünyası var.
Xasayam, həm abrı, həm həyası var,
Cəmi sultanların tayıdır, ata.
Qocaldım
Yalçın qayalarda seyr edən könlüm,
Endi zirvələrdən, yaman qocaldım.
Taleyin şilləsi dəydi üzümə,
Qızardı yanağım, güman qocaldım.
Ömrüm sürükləndi xəzana doğru,
Qar yağdı başımdan saqqala doğru,
Apardı gəncliyim görünməz oğru,
Düşdüm arxasınca pünhan qocaldım.
Tarixin təkəri dayanmaz yəqin,
Yatmış qara bəxtim, oyanmaz yəqin ,
Ay Xasay, cavanlıq görünməz yəqin,
Getdi cavanlığım, yaman qocaldım.
SAMUX
Azərbaycan ölkəsində,
Uçalmısan şöhrətinlə.
Bir can olaq sən də, mən də,
Bizim Samux, ana Samux,
Can qurbandır sana Samux.
Mingəçevir göldə çimək,
Meşələrdə cilvələnək.
Ceyrançöldə çiçək dǝrǝk,
Bizim Samux, ana Samux.
Can qurbandır sana Samux.
Xasay candan qurban sənə.
Anan qədər oldun mənə,
Nəğmə deyim qoy şəninə.
Bizim Samux, ana Samux,
Can qurbandır sana, Samux.
Saçım ağarır
Küsüb bu dünyanın etibarından,
Ağarır, ay ellər, saçım ağarır.
Zaman gərdişindən, nadan sözündən
Ağarır, ay ellər, saçım ağarır.
Nadan at oynadıb "mənəm, mən " deyir,
Gədalar dartınıb kişiyəm deyir,
Fələyin payından könlüm qəm yeyir,
Ağarır, ay ellər, saçım ağarır.
Ay Xasay, bu dünya de kimə qaldı,
Fələk nə vermişsə hamsını aldı.
Pozuldu bağlarım viranə qaldı,
Ağarır, ay ellər, saçım ağarır.
Yurd yeri
Ata-babalardan miras qalıbdır,
Gələcəyin gərəyidir yurd yeri.
Ana, bacı, namus, qeyrət məkanı ,
İnsanlığın and yeridir, yurd yeri
Yaxşı saxla, qoyma gözdən yad alar,
Yurdun yoxsa sevgi səndən yad olar.
Yurd yolunda can qoyubdur babalar,
Baş tacıdır, ləyaqətdir, yurd yeri
Xasay deyər, sən arzumsan, diləyim,
Düşmənə səngərsən, dosta gərəyim,
Ev-eşiyim, son beşiyim, yurd yerim,
Yaxşı saxla, əmanətdir, yurd yeri.

Olma
Ölməyə nə var ki, ömrün sonunda,
Ğözü qapılarda qalandan olma.
İllərlə yığdığın varı, dövləti
Bir quru nəfəsə satandan olma.
Ömrün xəzanında əsərsə külək,
Kişinin qəsdinə girməyə fələk.
İllərlə nazını çəkdiyin mələk,
Özgə umuduna qalandan olma.
Kişi ad qazanar ağıl-səriynən,
Eldə keşt eyləyər öz əməlindən,
Xəstə şəfa umar hər gördüyündən,
Göz görəndən şəfa umandan olma.
Elə yaşa, səndən sonra iz qala,
Gələcək nəsillər yadına sala.
Ay Xasay, qismətin yaxşılıq ola,
Arxasınca lənət yağandan olma.
Ay Dədə Şəmkir
Kəlbəcəri yağmaladı yağılar,
Dağları haraylı, ay Dədə Şəmşir.
Qız-gəlinin qara örpək bağladı.
Sinəsi yaralı, ay Dədə Şəmşir.
Yoxa çıxıb o yaylağın yay, yazı,
O dağların əvəliyi, yarpızı
Dəstələmir bənövşəsin dağ qızı,
Nəğməsi havalı, ay Dədə Şəmşir.
Murovdağın aparıbdır saçları,
Dəlidağın çatılıbdır qaşları,
Qırxbulağın selə dönüb yaşları,
Gölləri sonalı, ay Dədə Şəmşir.
Ağdaban yaylağı, o gözəl diyar,
Düşmən tapdağında gözü qan ağlar.
Xasayam, könlümdə bir qübarım var,
Məzarı haraylı, ay Dədə Şəmşir.
SİZ OLAN YERDƏ!
Əvvəl salam olsun bir dostlar sizə,
Daha qocalmaram, siz olan yerdə.
Bir günlük ayrılıq, bir illik həsrət,
Bir daha sınmaram, siz olan yerdə.
İstəmirəm bu dünyanın malını,
Göydən yağsa zinətini, varını.
Siz varsınız, belə xəznə azdımı,
Bir daha yanmaram, siz olan yerdə.
Ayrılıq qəm qoru, istidir oddan,
Ya dostdan ayrıldın, ya da ki, yardan.
Əlbir olaq, ayrılmayın Xasaydan,
Ölümdən qorxmaram, siz olan yerdə.
9-10-2022, 11:46
"Nur ocağı" ədəbi məclisi Ramilə Əliyevanın şeirlərini təqdim edir:

"Nur ocağı" ədəbi məclisi Ramilə Əliyevanın şeirlərini təqdim edir:

Vətən
Yenə kədərlidir, yenə qəmlidir,
Ruhumu titrədən bu anın, Vətən.
Həsrət qorxuludur, gözü nəmlidir,
Yüksək zirvələrdə dumanın,Vətən.
Şəhid xəbəriylə açıldı səhər,
Yenəmi göz yaşı, yenəmi qəhər?
Yenə ölməzliyin kitabın yazdı,
Vətən sevdalısı olan Şəhidlər.
Bir Vətən sevgisi ürəyimizdə,
Sanki bir məşəlli yoldu bu sevgi.
İsti otaqlardan, rahat yataqdan,
Soyuq səngərlərə doldu bu sevgi.
Oğullar Vətənçün qurban getdilər,
Deməyin heç zaman öldü Şəhidlər.
Uca bir millətin, yenilməz xalqın,
Zəfər salnaməsi oldu Şəhidlər.
Vətən, açılacaq nurlu sabahlar,
Kədər yox olacaq, bitəcək həsrət,
Müqəddəs ruhların məskən saldığı,
Torpaq gülüstana dönəcək, əlbət.
Şəhid
Yenə payız fəsli gəldi yurduma,
Yenə xəzan oldu, töküldü yarpaq.
Əzəli-əbədi yurd yerimizdir
Şəhid qanı ilə yoğrulan torpaq.
İndi qəm nidası düşüb köksümə,
Səmadan bir həsrət qoxusu gəlir,
Vətən ana kimi basıb köksünə,
Gör neçə Şəhidin yuxusu gəlir.
Şəhidin məqamı ucadan uca
Nə desək bəlkə də azdı, Şəhidlər
Öz Vətən eşqiylə, Yurd sevgisiylə
Şərəfli bir tarix yazdı Şəhidlər!
Həsrətimin duyğusu
Mən bir qəmli həsrətin
Nakam qalmış arzusu,
Mən bir coşğun dənizin
Aşıb-daşan duyğusu,
Mən bir qumlu Sahilin
Tənha qalmış iziyəm.
Mən bir ömür yaşadım,
Duyğuları rəngbərəng.
Mən bir bağı becərdim,
Hər tərəfi gül-çiçək.
Qayğılar hücum çəkdi ,
Məni hədəf seçərək
Yordu bu zaman oxu,
Taleyimdən keçərək.
Çox həsrətin duyğusu
Yuva salıb gözümdə,
Çox mahnının bəstəsi
Yarım qalıb sözümdə,
Bəzən ağrıya dönür
Yanlışım da, düzüm də,
Mən kədərdən yarandım,
Kədər mənim özümdə.
Öz kədərli dünyamın
Sahilində itmişəm,
Bəlkə də yorulmuşam,
tükənmişəm, bitmişəm.
Şəhid balam
Canım balam, gözlərimin işığı,
Ürəyimdə qübar qoyub getmisən.
Tellərinə daha çatmır sığalım,
Sevincimi nübar qoyub getmisən.
****
Arzularım yarım qalıb gözümdə,
Taqətim yox, güc qalmayıb dizimdə,
Sənlə olan hər kəlməmdə,sözümdə,
Acı, şirin nə var qoyub getmisən.
****
Elmir balam, könlüm səni soraqlar,
Vaxtsız gəldi yaz ömrünə son bahar,
İndi mənim Şəhid adlı dünyam var,
Məni sənsiz naçar qoyub getmisən.
****
Sən dilimin şirin-şəkər sözüydün,
Sən qəlbimin atəşiydin, közüydün.
Hər işində dəqiq idin, düzüydün,
Bir əzəmət,vüqar qoyub getmisən.
****
Vətən üçün əsgər oldun, ər oldun,
Şəhid oldun, torpağa sipər oldun.
Gözümdə yaş, könlümdə qəhər oldun,
Mən ananı bimar qoyub getmisən.
****
Şəhid balam, cənnət olsun məkanın,
Ali olsun, uca olsun, məqamın.
Aygün anan həsrətində hər anın,
Vaxtsız solan bahar qoyub getmisən,
Bir əzəmət,vüqar qoyub getmisən.
Ömrümüz
Bir nəğmə səslənir sakit, astaca,
Bir həzin mahnıya dönür ömrümüz,
Bizmi günahkarıq yoxsa zəmanə,
Niyə ulduz kimi sönür ömrümüz?
Əlimi uzatsam yetmir əlinə,
Səslənsəm sözlərim çatmır yerinə,
Qoşulub qəlblərin duyğu seline,
Ümmantək çağlayır, daşır ömrümüz.
Həsrətin quyusu dərindən- dərin,
Yorulub yollarda ayaq izlərim,
Büdrəmə ayağım,əsmə dizlərim,
Tükənib taqətdən düşür ömrümüz.
Həyat dalğalar tək coşur, çağlayır
Qəlbimdə duyğular qaysaq bağlayır
Ümidlə sabahı hey soraqlayır
Dolanbac yollarda çaşır ömrümüz.
Bu ömrü bizlərə verib Yaradan
Yaşanar bir tale ağdan- qaradan
Tanrı hifz eləsin min bir bəladan
Çətin dolayları aşır ömrümüz.
Vətən
Dünya sirli bir nağıla bənzəyir-
Acısı da, şirini də bizimdir.
Vətən eşqi ruhumuzu bəzəyir,
Vətən çoşqun harayımdır, səsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!
Anaların laylasıyla böyüdük,
Qəlbdə Vətən sevgisiylə öyündük.
Vahid idik- parçalandıq, bölündük,
Hünərin var bu həsrətə döz indi,
Vətən mənim ruhumdur, nəfəsimdir!
Düşündükcə vətənimi, yurdumu,
Vəsf elədim ocağımı, odumu.
Xatirələr dilləndirdi duyğumu,
Vətən mənim yaşamaq həvəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!
Biz dünyada nələr görüb gəlmişik,
Bir həsrətin soyuğunda dinmişik.
Zərrələrə, qətrələrə dönmüşük,
Cığırında itib-batan izimdir,
Vətən mənim ruhumdur, nəfəsimdir!
Ana yurdum, çiçəklənən diyarım,
Sənsən fikrim, xəyalım, duyğularım!
Xoşbəxt olsun elim, obam, mahalım,
Ağrı, acı kifayətdir, bəsimdir!
Vətən mənim ruhumdur, nəfəsimdir!
Bacarmıram mən
Ruhum bir körpənin laylası mənim,
Göz yaşım bir yağış damlası mənim,
Hislərim qəlbimin aynası mənim
Başqa cür olmağı bacarmıram, mən
Dünya bir saraydır şahı,əyanı
Hanı mətləb bilib söz anlayanı?
İnsan itirəndə abrı-həyanı
Onu anlamağı bacarmıram,mən
Bir nağıl ömrünü yaşayırıq biz,
Yorulur fikrimiz, əməllərimiz
Hər kəsə laqeyd, səssiz- səmirsiz
Ürək daşımağı bacarmıram, mən
Kimsəni incidib qəlbinə dəymək
Könlünü sındırıb, qəddini əymək
Doğruya göz yumub yanlışı öymək
Bunu heç bir zaman bacarmaram, mən
Ədalət insanın içində gərək
Mərhəmət don deyil,biçilsin geyək
Vicdanının yoxdursa rəzilsən demək
Belə bir həyatdan güc almıram mən
Yəqin yaşamağı bacarmıram,mən...
Şəhid balası
Bapbalaca oğlandır
Kövrək, həssas, şipşirin
Onun körpə dünyası
Nələr çəkir bir bilin.
Ata həsrəti çəkir,
Onun kövrək ürəyi.
Ata onun qüruru,
Ata onun gərəyi.
Göz yaşları içində
O, hıçqırır, ağlayır.
Ata, bir de, hardasan?
Atasın soraqlayır.
Baxışlarda lal sual,
Düşüncələr qarışıq.
Biz hələ, çox sualın
Cavabın tapmamışıq.
O, bir Şəhid övladı,
O, bir Şəhid balası.
Şəhidliyə yüksəlib
Onun məğrur atası.
Atasıyla fəxr edir,
Qürur duyur balaca.
Amma gözündə yaş var,
O,ağlayır astaca.
Ata onun varlığı,
Atasız dünya heçdi.
"Atam bizi sevirdi
Amma Vətəni seçdi".
Ağlama, oğul bala,
Gözün yaşla dolmasın.
Atan Şəhid olub ki,
Gül bənizin solmasın.
Atan şərəfli əsgər
Mübarizdi, mətindi.
Xatirəsi qəlbinin,
Ruhuysa cənnətindi.

Qaldı
Könlümün ağrısı,qəlbim niskili
İlişib bəmbəyaz telində qaldı
Səninçün darıxır qəmli ürəyim
Sənsizlik bir həsrət selində qaldı.
Baxır hey yollara qəmli gözlərim
Kədərdən yol biçir nəmli gözlərim
Daha susqunlaşıb sənli sözlərim
Şirin kəlmələrim dilində qaldı.
Titrəyir ruhumun sarı simləri
Məndən uzaq gəzir sevinc dəmləri
Sənlə keçib gedən o xoş günlərin
Duyğusu bir bahar yelində qaldı.
Doğuldun baharda ömrün qış oldu
Zamanın dövranı tərs gərdiş oldu ,
Ağrılar-acılar mənə tuş oldu
Sacımın tumarı əlində qaldı.
Sən mənim ömrümün əfsanəsiydin,
Sən mənim ruhumun həzin səsiydin,
Şeirdin, nəğməydin, sən nəfəsiydin,
Hissim o nəğmənin zilində qaldı.
ATA
Sənə əl uzatdım,çatmadı əlim,
Səslənmək istədim,dönmədi dilim,
Sənsiz keçir artıq hər ayım,ilim
Nəm olub gözümə dolmusan,ata.
Kövrək xatirəmdə qalmısan,ata.
***
Hər il torpaq yazlibasın taxacaq
Çox sevdiyin bənövşələr çıxacaq
Bu sənsizlik məni daim sıxacaq
Könlümə həsrətdən yolmusan,ata?
Kövrək xatirəmdə qalmısan,ata.
***
Şirin-acı xatirələr hallanır,
Qəmli gözlər keçmişlərə boylanır
Fikrim sənli günlərimə yollanır
Qəlbimə bir niskil salmısan,ata.
Kövrək xatirəmdə qalmısan,ata.
***
Kədər kölgələnib yetim gözündə,
Artıq itib yanlış-doğru sözümdə
Səndə gördüm iradə də,dözüm də
Yenə fikirlərə dalmısan,ata.
Kövrək xatirəmdə qalmısan,ata.
***
Qəmli xatirələr ruhumu didir
Sənsizlik duygusu məni incidir
Agriya-acıya dözmək çətindir
İndi soyuq məzar olmusan,ata.
Kövrək xatirəmdə qalmısan ata.
Bahar duyğusu
Təbiət canlanır, arzular kimi
Hər yerdə Baharın ətri duyulur.
Bir həzin nəğmənin qanadlarında
Bir kövrək şeirin sətri duyulur.
Təbiət səsləyir fəsli Baharı,
Soyuğu, şaxtası gedir sazağı.
Yaşıla bürünür Vətən torpağı
Bir həzin meh belə, əsdi duyulur.
Əssin ömrümüzdə bahar yelləri
Titrətsin qəlblərdə sarı simləri
Kədəri aparsın bahar selləri
Gözlərdə bir sevinc hissi duyulur.
Gecikmə, tezcə gəl , nazlı Baharım
Qoy sənə nəğmələr qoşsun Diyarım
Qərib bir yolçuyam,saf duyğularım
Şeirdi, nəğmədi,səsdi duyulur.
Duyğum
Ülvi bir sevgidən yaranmışıq biz
Safdır hislərimiz,əməllərimiz
Hər şeydə gözəllık duyan qəlbimiz
Şirin bir sevdanın havasındadır.
Arzumuz şirindir, sevgimiz dərin,
Bəzən titrək olar duyğun, sözlərin,
Yollara dikilmiş qəmli gözlərin,
Bir həsrət dərdinin dəvasındadır.
Qoy bahar ətrini versin təbiət
Gözəllik ruhunu oxşasın əlbət
Səni incitməsin yersiz söz-söhbət
Deməsinlər bu qəm yuvasındadır.
Bir ananın iki şəhid balası
Bir ananın iki şəhid balası,
Bir ürəyin iki həsrət laylası,
Vaqif, Mehman yenilməzlik qalası
Əzəmətdi, fəxarətdi, yurduma

Uca Allah, güc-qüvvət ver orduma.
***
Bu dünyaya mərd oğullar gətirdin
Gül bağçanda tər çiçəklər bitirdin
Vətən eşqin qəlblərinə ötürdün
İki şəhid oğul verdin xalqıma
Qadir Allah, güc-qüvvət ver orduma.
***
Zeynəb ana Mehmanını arzular
Vaqif üçün gör nə qədər arzu var
Bu ananın əzəməti xan çinar
Kök salıbdır vətənimə,yurduma
Uca Allah, güc-qüvvət ver,orduma.
***
Zeynəb anam, gözün yaşla dolmasın,
Gül bağçanı daha xəzan almasın
Vətən, daha qoy şəhidin olmasın
Gözəl günlər nəsib olsun xalqıma
Qadir Allah güc-qüvvət ver, orduma.
Gözəlliklər ruhunuzu oxşasın

İnsan qəlbi arzularla doludu,
Həyat qısa, ömür karvan yoludu,
Bir təbəssüm bir ürəyin nurudu.
Gözdə gülüş, qəlbdə sevinc solmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Ümidlərlə qoy döyünsün ürəklər,
Çiçək açsın xoş arzular, diləklər,
Sarsılmasın,bükülməsin biləklər.
Mərd namərdin ümidinə qalmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Dalğalansın üçrəngli bayrağımız,
Azad olsun müqəddəs torpağımız ,
Alovlansın odumuz,ocağımız,
Qərib, köçkün çadırları olmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Vətən eşqi xoş arzudur,diləkdi,
Duyğularım təzə-tərdi, kövrəkdi,
Görən gözdü, duyan qəlbdi, ürəkdi.
Ümidimiz vaxtsız xəzan olmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
***
Azərbaycan, Ana yurdum var olsun,
Düşmən məyus, pis niyyətlər xar olsun,
Tanrı bizə kömək olsun,yar olsun
Qəlb niskillə, gözlər yaşla dolmasın,
Gözəlliklər ruhunuzu oxşasın.
Bağışla
Bir ömür istədim səssiz səmirsiz
Bir ömür bəxş etdin qarla, yağışla.
Taleyin nisgilli yamaclarında
Gəzərkən, ey ömrüm,məni bağışla.
Bir ömür istədim sevinclə dolu,
Bir ömür bəxş etdin kədərdi yolu,
Varmı bu həsrətin bir sağı, solu
Gözlərimdə qalan nəmi, bağışla.
Düşünmə, ey könül, bu hələ sondu,
Bir çox xəyallarım şaxtaydı dondu.
Bu ömür bir sirli nağıla döndü,
Saçlarıma düşən dəni, bağışla.
Dağlara baxıram dumandı,çəndi
Bir sükut ağrı tək qəlbimə endi
Bəlkə də anlamaq ,duymaq çətindir
Könlümə saplanmış qəmi, bağışla.

9-10-2022, 06:31
Oktyabrın 10-da şair-dramaturq, publisist Şəkər Aslanın və pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin doğum günüdür. İndi haqq dünyasında olan bu unudulmaz simaların 85 yaşları tamam olur.Şəkər Aslanın 80 illiyi ərəfəsində Əjdər müəllimdən xatirələrini yazmasını xahiş etmişdim.Əjdər müəllim xatirələrini məktub şəklndə yazıb mənə ünvanladı.İndi həmin xatirələri saytın izləyicilərinə təqdim edirəm.
Ruhları şad olsun.
"Söz" Jurnalının baş redaktoru Sevda Əlibəyli
“SÖZ” JURNALININ  BAŞ  REDAKTORUNA AÇIQ  MƏKTUB

“SÖZ” JURNALININ BAŞ REDAKTORUNA
AÇIQ MƏKTUB


Ömrün yollarında dumanlar, çənlər
Min yol xatirəsi gələcək dilə.
Nə qədər yaşayır onu sevənlər,
O qədər yaşayır özü də hələ...
Şəkər Aslan
Çox hörmətli Sevda xanım!
Sizin hazırda baş redaktor olduğunuz “Söz” jurnalının hər sayını maraqla qarşılayıram. Dərc etdiyiniz biri-birindən maraqlı, oxunaqlı məqalələri, hekayələri, şeirləri, xatirələri, təbrikləri... digər oxucular kimi, mən də böyük həvəslə oxuyuram, xeyli məlumatlanıram. Jurnalın dizaynı, illustrasya bəzəyi onun məzmununu əyaniləşdirir, daha da zənginləşdirir.
Hər yeni nəşr olunmuş “Söz”ü açarkən ilk səhifədə keçmiş tələbə yoldaşım, uzun müddət dostluq etdiyim, görkəmli şair və jurnalist Şəkər Aslanın portret-şəkli ilə rastlaşıram. Hər dəfə sanki onu təzəcə görürmüşəm kimi seyr edirəm, ötən günlərdəki onunla bağlı xatirələrimi yada salıram, şeirlərindən bildiyim misraları dodaqaltı pıçıldayıram. Şəklin altında yazılmış sözləri hər dəfə fərəhlə oxuyuram: “Jurnalın naşiri və ilk baş redaktoru Şəkər Aslan olmuşdur.”.
Təkcə bu faktın özü göstərir ki Siz nə qədər böyük ürəyə, sənət və dostluq sədaqətinə maliksiniz.
Çox hörmətli Sevda xanım!
Neçə gün öncə mənə telefon açıb bildirəndə ki, Şəkər Aslanın 80 illik yubileyinin keçirilməsi təşəbbüsü irəli sürülüb, çox sevindim. Deyəndə ki, bir xatirə yazısı ilə “Söz”də çıxış edim, qürurlandım. Çünki Şəkər Aslan bir dost, yoldaş, həmkar olaraq mənim xatirimdə daimi yaşayan bir insan, ədəbiyyatımızda özünə məxsus yüksək poetik mövqeyi olan sənətkardır. Belə bir şəxsiyyət haqqında xatirə yazmaq kədərli olduğu kimi,həm də qürurludur.

Şəkər Aslanla ilk tanışlığım 1955-ci ilin sentyabr ayına təsadüf edir. O zaman hər ikimiz Azərbaycan Dövlət Pedaqoji İnistitununa qəbul olunmuşduq, filalogiya fakültəsində təhsil alırdıq. O lənkəranlı gənclə tezliklə dostlaşdıq, həmfikrə çevrildik. Tələbə yoldaşlarımızdan Azərbaycan radiosunun diktoru Sabutay Quliyevlə, Astaradan gəlmiş gənc Əhədulla Qəmbərovla(sonralar o Əhəd Muxtar imzası ilə ədəbi yaradıcılıq fəaliyyəti göstərirdi), dərbəndli gənc Nəriman Ağasıyevlə (o da şair idi) birlikdə müzakirələr aparır, nitq qaydaları, şeir, hekayə yazmağın xüsusiyətləri haqqında, o zamankı məşhur əsərlərdəki obrazlar barəsində söhbətlər edir, yazdığımız şeirləri biri-birimizə oxuyurduq. Çox sevdiyimiz müəllim və ədib İsmayıl Şıxlının apardığı tələbələrin ədəbi-yaradıcılq dərnəyində iştirak edirdik. Böyük həvəslə ədəbi prosesləri öyrənməyə çalışırdıq.
Birinci kursu başa vurduq, yay tətilinə çıxdıq. İntizarla sentyabr ayının gəlməsini, yenə birlikdə olacağımızı gözləyirdik. Düşünürdüm ki, Sabutay Quliyev bizi yenə futbol yarışlarına aparacaq, diktorluq sənətinin möcüzələrindən danışacaq. Amma mən düşünən kimi olmadı. Sentyabr gəldi. Tələbə yoldaşlarımız auditoryalarda dərslərə başladı, böyük alim və müəllimlərimiz Mikayıl Rəfilinin, İsmayıl Şıxlının, Şıxəli Qurbanovun, Həmid Əliyevin, Zeynal Tağızadənin, Paşa Əfəndiyevin, Şükür Sadıqovun və digər bizə dərs deyənlərin muhazirələrini dinlədikcə dinləmək istəyirdik. Bir həftə keçdi, ikinci həftə keçdi, nə Şəkər Aslan gəldi, nə də Sabutay Quliyev. Öyrəndik ki, Şəkər Lənkəran rayon qəzetində işə başlayıb, Sabutay isə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə keçib.

Şəkər Aslan çox istiqanlı, mehriban, səmimi bir gənc idi. Sentyabrn sonunda ondan məktub aldım. O, şeirlər yazmasından, Moskvaya- M. Qorki adına Ədəbiyyat İnstituna oxumağa gedəcəyindən yazırdı. İndi unutduğum, o zaman isə Şəkərə həvəslə oxuduğum bir şeirimdən bir beyiti də bəyəndiyini bildirib, mənə yazmışdı. Beləcə biz məktublaşmalarla fəaliyyətimizi biri-birimizə izhar edirdik...
İllər keçdi, ali təhsili başa vurduq,hərə öz işi ilə məşğul idi. Şəkərlə əlaqələrimiz yenə də davam edirdi. Şəkəri Lənkəran rayon qəzetinin redaktoru vəzifəsinə təyin etmişdilər. Tez-tez mətbuatda dərc olunmuş şeirlərini oxuyurdum. Ara- bir şeir kitabları çap olunur, kütləvi tirajla yayılırdı, oxucuların böyük marağına səbəb olurdu.
1970-ci illərin ortalarında Lənkəranda ezamiyyətdə olarkən, Şəkərlə görüşdüm, xeyli söhbətləşdim. Rəhbəri olduğu qəzetin redaksiyasına getdik. Qəzetin yaradıcı heyəti ilə, eyni zamanda, rayon mətbəəsinin imkanları ilə məni tanış etdi. Jurnalist və naşir peşəkarlığı sohbətindən sonra Boladi kəndinə - Şəkərin ata yurduna gedəsi olduq. Burada sohbətimiz yenə də ədəbiyyatdan, poeziyadan oldu, o mənə bir silsilə yeni şeirlərini oxudu. Qeyd etmək istərdim ki, Şəkər Aslanın poeziysı, həm sənətkarlıq baxımından, həm də səmimiliyi, təbii xalq ruhuna uyarlığı ilə seçilirdi. Onun ruhuna, ilhamına, sənət duyğularına “Cənub mirvarisi” Lənkəran-Astara ovalığının, füsünkar Hirkan meşələrinin, yaşıllığa bürünmüş Talış dağlarının gözəllikləri bələnmişdi. O gözəlliklər insanı valeh edəcək dərəcədə Şəkər Aslan poeziysında açıq-aydın verilirdi. Şəkər Aslanın insanlıq aləmi, şəxsiyyət tutumu da bu gözəlliklərdən zinətlənmişdi.
Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi Dilruba Camalova da 1955-ci ildə bizim kimi APİ-yə qəbul olunanlardan idi. Ancaq o, riyaziyyat fakültəsində təhsil alırdı. Tələbə yoldaşlarımızdan olan Dilruba xanım bir müddət riyaziyyat müəllimi işlədikdən sonra partiya işinə irəli çəkildi, raykomun birinci katibi vəzifəsinə qədər yüksəlmişdi. Biz Şəkərlə Dilruba xanımın iş yerinə getdik, orada onunla görüşdük. Dilruba xanım Şəkərin həm redaktorluq fəaliyyətindən, həm də yaradıcılığından böyük razılıqla söhbət açdı. Onu Lənkəranın mənəvi sərvəti kimi dəyərləndirdi...

Sonralar Şəkərlə həm Lənkəranda, həm də Bakıda görüşlərimiz olurdu. O, Bakıda olarkən ali təhsilə başladığı APİ-yə də baş çəkir, oradakı əbəbi-bədii tədbirlərdə iştirak edirdi. Səhv etmirəmsə, 1980-ci illərin sonlarında APİ-dəki görüşümüz zamanı o mənə Moskvada nəşr olunmuş “Живу у моря” kitabını hədiyyə etdi. Digər kitablarını da mənə göndərmişdi.
Biz bəzən ürək sohbətləri edirdik. Onun mənəvi dünyası, poeziya aləmi çox zəngin idi. Amma müəyyən problemlərlə qarşılaşır, maddi çətinliklərlə üzləşirdi. Söz yox ki, iradəli idi, zəhmətkeş idi, qazancı gündəlik dolanışığına çatırdı, amma bazar iqtisadiyyatının tələbləri ilə uyğunlaşa bilmirdi...
Şəkər insanlarda xeyirxahlıq, qayğıkeşlik, sədaqətlilik, sözübütövlük dəyərlərini çox sevirdi. Həmişə yaxşılara rast gəlmək, yaxşıların nümunəsini yaymaq cəhdində idi. Onun şair qəlbi sözü ilə əməli bir olmayan insanlardan tez incik düşürdü. Təsadüfi deyildir ki, bu acını dilə gətirərək yazmışdı:
Həyatda yol getdim xeyirlə-şərlə,
Dedim ayırd edim yaxşını pisdən.
Üz-üzə gəldikcə nakişilərlə,
Sevdim kişi ruhlu qadınları mən.

Çox hörmətli Sevda xanım!
Siz həmin kişi ruhlu qadınlardansınız. Şəkər Aslan poeziyasına, Şəkər Aslanın başladığı quruculuq əməllərinə sədaqətlə yanaşaraq onu təbliğ edir, “Söz”ün hər sayında Şəkər Aslanı yad edirsiniz.
Şairin bugünlərdə keçiriləcək 80 illik yubileyinə hazırlıq təşəbbüsləriniz, Şəkər Aslan poeziyasının səsləndirilməsinə çalışmağınız, həm onun əbədi yaşarlığına bir nişanə, həm də sədaqətinizə bir örnəkdir.
Allah Sizə yar olsun!
Böyük şairimiz Şəkər Aslanın ruhu şad olsun!


Əjdər AĞAYEV
pedaqoji elmlər doktoru, professor
Azərbaycan Yazıçılar Birliyinin üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!