Sahibə Qafarova spikerlərin sammitində mina problemini qaldırdıMilli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 6-da sammitin açılış mərasimi keçirilib. Milli Məclisin sədri sammitdə "Ərzaq və enerji təhlükəsizliyi, iqtisadi çağırışlar" mövzusunda çıxış edib. Spiker çıxışında belə tədbirlərin qlobal həmrəyliyin, əməkdaşlığın və çoxtərəfliliyin inkişafına böyük töhfə verdiyini söyləyib, hamımızı narahat edən məsələlərin müzakirəsində parlamentarilərin fəal iştirakı üçün vacib olduğunu qeyd edib. Milli Məclisin sədri deyib ki, müasir dövrdə bəşəriyyət mürəkkəb və bir-biri ilə əlaqəli olan problemlərlə üzləşir. COVID-19-un mənfi təsirləri, iqtisadi sahədəki çətinliklər onsuz da mürəkkəb olan digər çağırışları daha da kəskinləşdirib. Xüsusilə, ərzaq və enerji təhlükəsizliyi əksər ölkələr üçün prioritet məsələyə çevrilib. Beynəlxalq ictimaiyyət təcili, lakin qısamüddətli tədbirlər görməklə vəziyyətə cavab verməyə çalışır. Spiker deyib ki, davamlı bərpaya nail olmaq üçün daha sistemli, sabit və uzunmüddətli yanaşmalar tətbiq edilməlidir. Sahibə Qafarova bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinə diqqət çəkib. Spikerin sözlərinə görə, onların ümumi platforma kimi rolu birgə fəaliyyət və kollektiv səylərlə daha da genişləndirilə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq səviyyədə əməkdaşlıq müsbət təsir göstərə bilər. Spiker Sahibə Qafarova milli hökumətlərlə yanaşı, parlamentlərin də bu prosesdə iştirakına diqqəti cəlb edib. O deyib ki, qanunvericilik, büdcə tərtibatı və nəzarət sahələrində, xüsusilə də qabaqcıl təcrübənin mübadiləsi baxımından parlament əməkdaşlığının təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Eyni zamanda, parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlıq bizim birgə işimizi daha da dərinləşdirəcək, onu daha konkret və nəticəyönümlü edəcək. Milli Məclisin sədri çıxışında vurğulayıb ki, dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb. Bu mənada kənd təsərrüfatının inkişafı, özünü əsas ərzaq məhsulları ilə təmin etmək səviyyəsinin yüksəldilməsi dövrün tələbidir. Bugünkü iqtisadi çağırışlar fonunda kənd təsərrüfatına sərmayə qoymaq, özəl sektoru dəstəkləmək COVİD-dən sonrakı bərpa baxımından xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məşğulluq baxımından da əhəmiyyətli bir sferadır. Onun sözlərinə görə, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi büdcə tərtibi prosesində parlament-hökumət əməkdaşlığının əsas diqqət mərkəzində olmalıdır. Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verən sədr Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə dövlət investisiyaları, subsidiyalar, fermerlərin vergidən azad edilməsi və güzəştli kreditlər kimi tədbirlər ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı nəzərəçarpacaq nəticələr əldə etməyə imkan verib. O, Azərbaycan parlamentinin də qida təhlükəsizliyinin təmini istiqamətində lazımi hüquqi addımlar atdığını, cari ilin may ayında bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı yeni qanun qəbul etdiyini bildirib. Çıxışına davam edən Milli Məclisin sədri deyib ki, enerji təhlükəsizliyi də beynəlxalq gündəmin əsas çağırışlarından biridir. Neft və qaz istehsalçısı olan Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. On ildən artıqdır ki, Azərbaycan beynəlxalq bazarların etibarlı neft və qaz tədarükçüsüdür. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, məsələn, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərləri və Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji xəritəsini tamamilə dəyişib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanın Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir nümunəsidir. Alternativ və bərpa olunan enerjinin inkişafı da enerji gündəmimizdə mühüm yer tutur. Yaşıl texnologiyalardan istifadə ətraf mühitin mühafizəsini təmin etməklə yanaşı, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Spiker deyib ki, bu, davamlı inkişafın bütün ölçülərinə müsbət təsir göstərəcək. Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri təmiz ətraf mühit və yaşıl inkişafdır. Bu gün ölkəmizdə günəş və külək elektrik stansiyası layihələri həyata keçirilir. Hazırda ölkəmizin ümumi enerji tutumunda bərpa olunan mənbələrin payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılmasıdır. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğaldan azad edilməsinin ölkəmizin ərzaq və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin kənd təsərrüfatı və bərpa olunan enerji potensialı böyükdür. O, təəssüflə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ekosistemi, meşələri, biomüxtəlifliyi, su ehtiyatları işğalın dağıdıcı təsirlərinə məruz qalıb. Ermənistanın çoxlu sayda mina basdırması bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. Mina partlayışları nəticəsində 250-yə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Buna baxmayaraq, Azərbaycan kənd təsərrüfatı və bərpa olunan enerji layihələri ilə bu ərazilərin inkişafını davam etdirir. Azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib və burada "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında geniş yenidənqurma işləri həyata keçirilir.