21-12-2022, 19:03
Yunanıstan təxribatlara davam edir - Hulusi Akar"Yunanıstan provokativ addımlar atmağa davam edir". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Qonşumuz Yunanıstan destabilizasiyanı körükləyən provokativ hərəkət və bəyanatlarına, irridentist və hücum siyasətinə təəssüf ki, davam edir. Hər keçən gün buna yeni təxribatlar əlavə olunur. Son olaraq Yunanıstan tərəfindən NATO təlimləri zamanı silahsız olaraq uçuş həyata keçirən təyyarələrimizə radar kilidi atılıb", - nazir Yunanıstana xəbərdarlıq edib.
21-12-2022, 18:58
Ermənistan sülhlə bağlı addımlar atmalıdır - Hulusi Akar"Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan və Gürcüstandan olan həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Bu gün Cənubi Qafqazla bağlı vəziyyəti müzakirə etdik. Əməkdaşlığın dərinləşdirilməsinə böyük ehtiyac var", - Akar qeyd edib. Nazir onu da bildirib ki, sülhlə bağlı Ermənistan addımlar atmalıdır.
21-12-2022, 18:51
Sülhməramlılar Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək - Şoyqu2023-cü ildə Rusiya sülhməramlıları Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. "Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır və olmağa davam edəcək",- deyə Şoyqu bildirib. Qeyd edək ki, Rusiya sülhməramlı qüvvələri 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən 5 il müddətinə Qarabağa yerləşdirilib. Geridə qalan iki il ərzində sülhməramlılar öz missiyalarını yerinə yetirmək əvəzinə, erməni separatçılarına dəstək nümayiş etdiriblər. Bu isə Azərbaycan cəmiyyətinin haqlı etirazına səbəb olub və sülhməramlı qüvvələrin vaxtından əvvəl Qarabağdan çıxarılması tələb olunub. Şoyqu isə bugünkü açıqlaması ilə rus hərbçilərin gələn il də Qarabağda qalacağını rəsmən bəyan etmiş oldu.
21-12-2022, 18:48
“Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur” - Putin "Hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır". Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib. O qeyd edib ki, NATO ölkələri Ukraynaya dəstək olur: "Rusiyaya qarşı bütün NATO ölkələrinin potensialından istifadə olunur. Bu məlumdur". Putin ordu rəhbərliyi qarşısında çıxışı zamanı ölkəsinin atdığı addımlardan da danışıb. "Hazırda 300 min səfərbər olunmuş canlı qüvvənin 150 mini poliqonlarda hərbi təlim keçir. Digər yarısı - 150 min nəfər isə döyüş əməliyyatları zonasındadır. Düşünürəm ki, bu kifayətdir. Lakin hərbi komissarlıqların işini təkmilləşdirmək lazımdır", - Rusiya lideri bildirib.
21-12-2022, 18:42
Maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur - Putin"Bizim maliyyələşmə ilə bağlı heç bir məhdudiyyətimiz yoxdur". Bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib. "Mən müdafiə nazirinin, baş qərargah rəisinin və burada təmsil olunan bütün komandirlərin nəzərinə çatdırmaq istəyirəm ki, bizim ordunun maliyyəşdirilməsi ilə bağlı heç bir məhdudiyyətimiz mövcud deyil. Ordu nə istəyirsə, hökumət verir. Ümidvaram ki, cavab olaraq qoyulan bütün müvafiq nəticələrə nail olunacaq", - Putin çıxışında bildirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə əməliyyatlar dövründə 120 şəxsə "Rusiya qəhrəmanı" adının verildiyini açıqlayıb.
21-12-2022, 18:39
Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib - Şoyqu"Ukraynanın silahlandırılmasında 27 ölkə iştirak edib". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu MN-də keçirilən kollegiya iclasında deyib. Onun sözlərinə görə, bu vaxta qədər Ukraynanın silahla təmin olunması üçün 97 milyard ABŞ dolları xərclənib. Şoyqu, həmçinin Ukraynada 500 NATO peykinin çalışdığını iddia edib. "Ukrayna cəbhəsində NATO-nun qərargah zabitləri, artilleriyaçıları fəaliyyət göstərir", - deyə nazir qeyd edib. O həmçinin bildirib ki, qismən hərbi səfərbərlik çərçivəsində 830 min insan iqtisadiyyatın dəstəklənməsi məqsədilə çağırışdan azad olunub.
21-12-2022, 18:34
Vasif Talıbovun oğlu atasıyla bağlı danışmaqdan imtina etdi“Atamla bağlı heç bir şey danışmaq istəmirəm. Mən Bakıda yaşayıram və öz işimlə məşğulam”. Bunu açıqlamasında Dövlət Miqrasiya Xidmətinin baş idarə rəisi Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri postundan kənarlaşdırılan atası Vasif Talıbovun istefası barədə suala cavabında deyib. Rza Talıbov istefadan sonra atası ilə əlaqə saxlamadığını bildirib: “Hazırda danışmamışam. Heç bir məlumatım yoxdur”. “Atanızın uzun illər tutduğu postdan getməsini necə qarşıladınız” sualına isə Rza Talıbov: “Hər kəsin öz işi var”, - deyərək, əlavə şərh verməkdən imtina edib.
21-12-2022, 18:31
Ukraynanın müdafiə nazirinə sui-qəsd təşkil edildiUkraynanın müdafiə naziri Oleksey Reznikova qarşı sui-qəsd təşkil olunub. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, həmçinin Ukraynanın kəşfiyyat orqanının rəhbəri Kiril Budanova qarşı da oxşar təxribata cəhd edilib. Məlumata görə, bu cəhdlərin qarşısı alınıb və hər iki dövlət xadimi fəaliyyətini davam etdirir. Qeyd olunub ki, sui-qəsd cəhdlərinin Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkili ehtimal edilir.
21-12-2022, 18:27
“Qarabağ məsələsində Azərbaycana dəstək olduğumuza görə bizə qarşı çıxanlar var” - ƏrdoğanTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə ölkə müxalifətini tənqid edib. Ərdoğan bəzi müxalif qüvvələrin Qarabağ mövzusunda hakim partiyaya qarşı çıxdığını bildirib. "Qarabağ məsələsində Azərbaycana dəstək olduğumuza görə bizə qarşı çıxanlar var", - deyə Türkiyə prezidenti söyləyib. Qeyd edək ki, II Qarabağ müharibəsi zamanı Türkiyə parlamentində Azərbaycana dəstəklə bağlı imzalanan ortaq bəyanata AKP, MHP, həmçinin müxalif partiyalar olan CHP və İYİ Partiya imza atsa da, Xalqların Demokratik Partiyası (HDP) bundan imtina etmişdi.
21-12-2022, 18:23
“Taliban” hakimiyyətindən qadın hüquqlarını pozan addımƏfqanıstanda “Taliban” hakimiyyəti qadın müəllimlərin və qız şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı göstəriş verib. Məlumatı TASS yayıb. Bildirilib ki, dekabrın 21-də ölkə paytaxtı Kabulun məktəblərin bir sıra məktəblərinin rəhbərliyinə qadın müəllimlərin işə gəlməmələri ilə bağlı “Taliban”ın əmri göndərilib. Valideynlər bildiriblər ki, onların qızlarını silahlı yaraqlılar məktəblərə buraxmayıb. Məlumata görə, “Taliban” hökuməti əvvəllər ibtidai sinfin qız şagirdlərinin dərslərdə iştirakına icazə versə də, indi onlara qadağa qoyub. Qeyd olunub ki, dekabrın 21-də silahlı radikallar səhər saatlarında Kabul Universitetinin qapısında toplaşaraq qız tələbələrin təhsil müəssisəsinə buraxılmamasını yoxlayıblar. “Taliban” hökuməti növbəti bildirişə qədər universitetlərdən qız tələbələr üçün dərslərin dayandırılmasını tələb edib. Onlar bu məhdudiyyətləri ölkədə “uyğun İslam mühiti”nin yaradılmasının “zəruriliyi” ilə izah edib.