9-12-2022, 17:19
Sabir Rüstəmxanlı: “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur...”İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bəri 146 dəyişiklik edilib. 4-5 ildə bu qədər dəyişiklik olarmı? Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Onun fikrincə, dəyişikliklərin çoxu rüsum və cərimələrin artırılması ilə bağlıdır. “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur. Ya cərimələr artır, ya da qiymətlər dəyişir. Anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığı, qanun və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”, - deputat vurğulayıb.
9-12-2022, 17:15
Kanada bu ölkələrə sanksiya tətbiq etdiKanada Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib. Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib. Bundan əlavə, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Sanksiyalar siyahısına Myanmanın hərbi orqanları ilə əlaqəsi olan və hərbçilərin zorakılığına şərait yaradan 12 fiziki və üç hüquqi şəxs də daxil edilib.
9-12-2022, 17:13
Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandıQırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti yekunlaşıb. Aİİ-yə üzv ölkələrin dövlət başçılarının toplantısının sonunda 15 sənəd imzalanıb. Kremldən verilən məlumata görə, imzalanan sənədlərlə əldə olunan razılaşmalar müxtəlif sferaları əhatə edir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının sammitində Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri, habelə Ermənistanın baş naziri iştirak edib.
9-12-2022, 17:10
Ərdoğandan etirazçı çıxışTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizindəki adaların silahlandırılmasına etirazını bildirib. Prezident bu barədə “TRT World Forum”da çıxışı zamanı danışıb. “Biz hələ “F-16” məsələsini həll edə bilməmişik. Egey dənizində, Aralıq dənizində Yunanıstanı hesabsızca dəstəkləyərək təcavüzçü və təxribatçı cəhdlərə cəsarət verənlərə “eyvallah” demədik, deməyəcəyik. NATO-da bərabərik, amma adaları silahla doldurursunuz, təyyarələrlə doldurursunuz”, - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, 1924-cü ildə imzalanan Lozanna, eləcə də 1947-ci ildə imzalanan Paris müqavilələrinə əsasən, Yunanıstanın Egey dənizində Türkiyə sahillərinə yaxın ərazidə yerləşən adaları hərbiləşdirməsi qadağan edilib.
9-12-2022, 17:08
Qriqoryandan sülh müqaviləsiylə bağlı açıqlamaErmənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi ilə bağlı yeni məlumatlar açıqlayıb. Qriqoryan bu barədə Ermənistan parlamentinin iclasında danışıb. “Azərbaycanla sülh müqaviləsinin sadəcə 1 maddəsi razılaşdırılıb. Bu, Vyana Konvensiyasına uyğun olaraq, ölkələr arasında diplomatik əlaqələrin qurulması ilə bağlıdır. Başqa məsələlərdə dəqiq razılaşma yoxdur”, - deyə Qriqoryan bildirib. Onun sözlərinə görə, sülh müqaviləsinin mətni indiyə qədər 3 dəfə redaktə olunub: “Hazırda müqavilənin üzərində Ermənistan tərəfi işləyir”.
9-12-2022, 17:06
Baş nazir ərzaq bahalaşmasından danışdıCari ilin ötən dövründə Azərbaycanda ikirəqəmli inflyasiya əsasən, ərzağın 60%-dən çox bahalaşması hesabına formalaşıb. Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir: “Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub". Baş nazir vurğulayıb ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22 % təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya ikirəqəmli olub (13,8 %)”.
9-12-2022, 17:02
Zelenski ölkə böhranından danışdı“13 milyondan tondan artıq kənd təsərrüfatı məhsulunu 40-dan çox ölkəyə çatdırmışıq”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinə ünvanlandığı müraciətində deyib. “Bizim cəsur əsgərlərimizin Rusiyaya ilə müharibədəki gücü, eləcə də diplomatiyamızın gücü sayəsində Qara dənizdəki üç limandan ixracatı bərpa etməyi bacardıq. Burada Türkiyə və BMT ilə birgə fəaliyyətimizlə aclıq böhranının qarşısını aldıq”, - deyə Zelenski bildirib. O, fəaliyyətin Afrika ölkələri tərəfindən hiss olunduğunu xüsusi vurğulayıb.
9-12-2022, 16:54
Ukrayna xalqı Qərbin qurbanına çevrilib - PutinRusiya prezidenti Vladimir Putin deyib ki, hazırda çoxqütblü dünyanın inkişafında dəyişikliklər baş verir. Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin iclasının iştirakçılarına video müraciətində deyib. "Bu gün yeni kəskin çağırışlar yaranır, geosiyasi dəyişikliklər baş verir. Gözümüzün qarşısında həqiqətən çoxqütblü dünya nizamının konturları yaranır: Asiya, Afrika, Latın Amerikasında yeni inkişaf mərkəzləri formalaşır. Tarixin bu obyektiv proseslərinə müqavimət göstərmək sadəcə mümkün deyil”, - Putin qeyd edib. Rusiya prezidenti Ukrayna ilə aparılan müharibəyə də toxunub. Deyib ki, Qərb bütün vasitələrlə öz dominantlığını qorumağa çalışır, Ukrayna xalqı isə bu istəklərin qurbanına çevrilir. "Biz Ukraynada bu cür hərəkətlərin ağır nəticələrini görürük. Bir neçə ildir ki, Qərb həyasızcasına Ukraynanın resurslarını mənimsədi və istismar etdi, bu ölkəni faktiki olaraq müstəmləkəyə çevirdi. İndi də Ukraynanı silah və sursatla təmin etməklə, muzdlular göndərərək, onu intihar yoluna sövq edir”. Rusiya lideri bildirib ki, alternativ inkişaf modellərini saxlamaq üçün Qərb qeyri-qanuni sanksiyalar tətbiq edir, “rəngli inqilablar” texnologiyalarından istifadə edir və hərbi münaqişələri qızışdırır. Putin ŞƏT və MDB çərçivəsində daimi məlumat mübadiləsinin və hərbi-texniki əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib. O, həmçinin birgə sülhməramlı missiyaların müstəsna əhəmiyyətini qeyd edib.
9-12-2022, 16:50
Rusiya İran istehsalı yeni PUA-lar alıbRusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) yeni partiyasını alıb. Bu barədə Britaniya Müdafiə Nazirliyi Twitter-də kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. İddia olunur ki, Rusiya bir neçə yüz “Shahed-131” və “Shahed-136” pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyatını tükəndirib və çox güman ki, indi əlavə PUA-lar alıb. Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 “Sahed-136”nın vurulması barədə məlumat verib.
9-12-2022, 16:46
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5°, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacaq.