Azərbaycan-Türkiyə birgə təliminin dekabrın 6-da keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə şəxsi heyət təltif olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar təlimdə fərqlənən bir qrup azərbaycanlı və türkiyəli hərbi qulluqçuları mükafatlandırıblar. Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri şəxsi heyət qarşısında çıxış ediblər. Cənab H.Akar çıxış edərək Baş Qərargah rəisi və digər qoşun növləri komandanları ilə birgə təlimin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etməkdən məmnunluğunu bildirib. Türkiyənin milli müdafiə naziri qeyd edib ki, dünyada təhdid və təhlükələrin artdığı bir zamanda ölkələrimizin və millətimizin təhlükəsizliyini yalnız güclü orduya sahib olmaqla təmin etmək mümkündür. Birgə təlimlər də qarşılıqlı təcrübə mübadiləsi və peşəkarlığın artırılmasında mühüm əhəmiyyətə malikdir. Türkiyənin hər zaman Azərbaycanın yanında, istənilən təhdid və təxribatlara qarşı tək yumruq kimi birləşməyə hazır olduğunu xüsusi bildirən Hulusi Akar vurğulayıb ki, dostumuzu birlikdə dost, düşmənimizi də birlikdə düşmən görürük. General-polkovnik Z.Həsənov çıxış edərək qardaş Türkiyə hərbi qulluqçularını ölkəmizdə görməkdən məmnun olduğunu qeyd edib. Müdafiə naziri vurğulayıb ki, təlimlərdə bütün qoşun növləri vəzifələrini yüksək səviyyədə yerinə yetiriblər. 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinə uyğun islahatlar həyata keçirilir. Biz şanslıyıq. Çünki Türkiyə Silahlı Qüvvələri dünyanın ən aparıcı ordularından biridir. Bir millət – iki dövlət olaraq biz bu şansdan səmərəli istifadə edirik. Türkiyə - Azərbaycan qardaşlığı əbədidir. Yaşasın, Türkiyə - Azərbaycan qardaşlığı!
Beynəlxalq hüquqla dövlətlərin sərhədlərinin tanındığı bir dövrdə dövlətlərarası mübarizə xeyli dərəcədə “kəşfiyyat-pozuculuq səngərləri”ndə baş verir. Ötən müddət ərzində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qonşu dövlətlərin xeyrinə casusluq edən şəxslər və onların əməlləri, xarici havadarların himayəsində fəaliyyət göstərən təşkilatlar barədə məlumatlar tez-tez gündəm olub. Bəs qeyd olunan Azərbaycan vətəndaşları xaricdən necə maliyyələşdirilir? Hazırda xaricdən pul vəsaitlərinin dövlət nəzarətindən gizli əldə edilməsinin xeyli dərəcədə qanunsuz pul köçürmələri yolu ilə təşkil edildiyi məlumdur. Kölgə iqtisadiyyatının mövcudluğu şəraitində xarici xüsusi xidmət orqanları üçün belə şəxslərə pul çatdırılması xeyli asanlaşır. Təsadüfi deyil ki, müasir dövlətlərdə “kölgə iqtisadiyyatı”na, eyni zamanda iqtisadi və milli təhlükəsizliyə təhdid olan mexanizmlərə qarşı sərt mübarizə metodları var. Ötən illərdə bir çox ölkələrdə terrorçu birləşmələrin, kriminal təbiətli siyasi radikal dairələrin, dini ekstremistlərin və casusların məhz heç yerdə dövlət qeydiyyatı və nəzarəti olmayan “həvalə” adı ilə tanınan və digər analoji pul çatdırma şəbəkələrinin imkanlarından istifadə edilərək maliyyələşdirilməsi müəyyən edilib. Müxtəlif səs-küylü işlər aparılıb. Vurğulanan məsələlərlə bağlı bir çox dövlətlər daxili və ölkələrarası hüquqi mübarizə mexanizmləri yaradıb. Heç kimə sirr deyil ki, korrupsiya cinayət əməllərinə qurşanmış şəxslər də qanunsuz pul köçürmələri üsullarından istifadə edərək cinayət yolu ilə əldə etdikləri külli miqdarda vəsaitləri ölkədən çıxarıblar. Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında 6 dekabr 2022-ci ildə qüvvəyə minən qanunla Məcəlləyə “Qanunsuz pul köçürmələrinə görə” cinayət məsuliyyəti nəzərdə tutan 206-1-ci maddə əlavə edildi, Azərbaycan Respublikası Prezidentinin həmin tarixli fərmanı ilə belə cinayət əməllərinə görə cinayət işləri üzrə istintaqın İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılacağı müəyyən edilib. Göründüyü kimi, Azərbaycanda qeyd olunan istiqamətdə, o cümlədən ümumilikdə “kölgə iqtisadiyyatı”nın bütün zərərli təzahürlərinə qarşı xüsusi islahatlar, sərt mübarizə tədbirləri həyata keçiriləcək.
Kütləvi şəkildə məhv olan suitilərin ölüm səbəbi bəlli oldu: İnsan vəhşiliyi
Dağıstanda Xəzər dənizinin sahilində 2 min 500-ə yaxın Xəzər suitisinin (Phoca caspica) cəsədi aşkarlanıb. Suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Zoologiya İnstitutundan bildirilib ki, baş verən hadisə son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Suitilərin ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün tələf olmuş heyvanlardan nümunələr götürülüb. Məsələ ilə bağlı açıqlama verən Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi dosent Süleyman Süleymanov bildirib ki, Xəzər suitisi yay aylarında Abşeron yarımadasının Bakı arxipelaqı adaları sularında dolanır, noyabr-dekabr aylarında isə çoxalmaq üçün Şimali Xəzərin Rusiya sularında sürü halında bir yerə cəmləşirlər: “Ehtimal olunur ki, Xəzər suitisinin kütləvi şəkildə qırılmasına səbəb həmin ərazilərə axıdılan çayların suyunun güclü çirklənməsi ola bilər. Digər səbəbin isə balıqçılar tərəfindən balıq əldə etmək üçün istifadə edilən partlayıcılarla bağlı olduğu güman edilir”. O qeyd edib ki, dəqiq səbəb heyvan cəsədlərindən götürülmüş patoloji materialının laborator analizinin nəticəsindən sonra bilinəcək. Bir neçə il əvvəl Xəzərin Azərbaycan sektorunda da suitilərin kütləvi tələfatının qeydə alındığını xatırladan S.Süleymanov bildirib ki, aparılan müşahidələr neft-qaz işlərinin daha da sürətlənməsi ilə əlaqədar olaraq son 10 ildə Xəzər dənizində güclü çirklənmə prosesinin getdiyini göstərir. Bu fakt təkcə Azərbaycan ərazisinə aiddir. S.Süleymanov hazırda Xəzər dənizinin Azərbaycan sektorunda ölü suitilərin aşkarlanmadığını, lakin yaxın günlərdə suiti leşlərinin Dağıstan tərəfindən Abşeron yarımadasının şimal sahillərinə dəniz axınları ilə gətirilməsi ilə bunun gözlənilən olduğunu bildirib.
Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi qeyd olunub. Bildirilib ki, memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək. Sərəncama əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşılıb.
Rusiyayla Türkmənistan arasında yeni sənəd imzalandı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkmənistanın XİN başçısı Reşit Meredov arasında görüş keçirilib. R.Meredovun Moskvaya səfəri çərçivəsində nazirlər sənəd imzalama mərasimində iştirak ediblər. Belə ki, iki ölkənin Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illəri əhatə edən əməkdaşlıq proqramı sənədi diplomatlar tərəfindən imzalanıb. Qeyd edək ki, oxşar sənəd Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Rusiyaya səfəri zamanı Rusiya və Azərbaycan XİN arasında da imzalanmışdı.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərində keçirilən təlimdə icra olunan tapşırıqları xüsusi quraşdırılmış monitorlar vasitəsilə canlı izləyiblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Sonda bütün istiqamətlər üzrə icra olunan tapşırıqlar videobağlantı vasitəsilə qoşulan komandir heyəti ilə birgə təhlil edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə hərbi təlimlərindən sonra Azərbaycan əsgərlərinə müraciət ünvanlayıb. Ərdoğan “Qardaş Yumruğu” təlimlərini yüksək qiymətləndirdiyini söyləyib. “Bizi heç kim ayıra bilməz. Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da güclənərək davam edəcək. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı candan sevirik” - Ərdoğan telefon vasitəsilə təlim iştirakçılarına müraciətində deyib. “Siz dosta güvən verdiniz, düşmənləri qorxutdunuz. Tək millət iki dövlət anlayışı ilə bu hərbi təlimləri uğurla başa çatdırdınız. Çətin ərazi və hava şərtlərində keçirilən hərbi təlimlər iki ölkə ordusunun güclənməyinə töhfə verəcək. Sizi bağrımıza basırıq”, - deyə Ərdoğan söyləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin getdiyi cəbhə bölgəsində səfərdədir. Zelenski bu barədə “Telegram” kanalında yazıb. “Bu gün Ukraynanın şərqi ən çətin istiqamətdir. Müdafiəçilərimizlə birlikdə burada - Donbasda olmaqdan qürur duyuram. İnanıram ki, gələn dəfə Donetskdə, Luqanskda görüşəcəyik. Əminəm ki, Krımda da”, - Zelenski qeyd edib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə hərbi təlimləri izlədikdən sonra vacib açıqlamalar verib. Nazir Zəngəzur dəhlizinin açılmasının vacib olduğunu diqqətə çatdırıb. “Liderlərimizin davamlı sülh və əmin-amanlıq üçün səyləri hamı tərəfindən dəstəklənməlidir. Biz, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində səmimi səyləri dəstəkləyirik. Bizim ən səmimi arzumuz regionda dəmir yolu və avtomobil əlaqələrinin bərpası, xüsusilə də Zəngəzur marşrutunun açılması, regionda hərtərəfli normallaşmanın təmin edilməsidir", - Türkiyənin müdafiə naziri vurğulayıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla birgə hərbi təlimləri izlədikdən sonra vacib açıqlamalar verib. Nazir çıxışında Türkiyə-Azərbaycan qardaşlığının önəmini vurğulayıb. “Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Hər cür təhdid və təhlükəyə qarşı kədərdə də, sevincdə də birlikdəyik. 30 ildir Ermənistan işğalı altında olan torpaqlarınızı işğaldan azad etdiyiniz vaxt bütün dünya bir daha bizim aramızdakı qardaşlığın ən gözəl nümunəsini gördü və dərk etdi”, - nazir deyib. “44 günlük şərəfli mübarizənin nəticəsi olaraq təkcə Ermənistana qarşı deyil, bu torpaqda ədalətsizliyə, qanunsuzluğa, çarəsizliyə göz yumanlara qarşı da böyük qələbə qazandınız, türkün gücünü göstərdiniz”, - deyə Akar sözlərinə əlavə edib.