Beyləqanda baş vermiş hadisənin yeni detallarıXəbər verdiyimiz kimi, dekabrın 2-də Beyləqan rayonunun Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib. Həmin gün kənd sakini, 27 yaşlı Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb. Belə ki, F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadəni və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək amansız cinayətə əl atıb. Hadisə ilə bağlı danışan Tatalılar bələdiyyə sədri Nurəddin Həsənalıyevin sözlərinə görə, belə hadisənin nə zamansa baş verəcəyi gözlənilən idi. Onun sözlərinə görə, hazırda kənddə vəziyyət polis nəzarəti altındadır: “Təəssüf, ağır cinayət oldu. Sözün düzü, bu cür hadisənin baş verməsi əslində gözlənilən idi, çünki ailələr arasında illərdir ki, ədavət hökm sürürdü. Biz dəfələrlə kənd camaatı ilə birgə yığışıb bu söz-söhbətə son qoymağa çalışsaq da, nəticəsiz olurdu. Fuadın atasına Nadir Quliyevi yaba ilə yaraladığına görə, 10 ildən çox iş verilmişdi. 6 ildən sonra azadlığa çıxdı. Bundan sonra yenə də ailələrin söz-söhbəti bitmədi, ədavət apardılar, biz onları barışdıra bilmədik”. Bələdiyyə sədri kənd sakinlərinin Quliyevlər ailəsinin dəfnində iştirak etmədiyini bildirib: “Öldürülən şəxslər Cəlilzadə ailəsi ilə düşmənçiliyi davam etdirirdi, onları dava-dalaşa təhrik edirdilər. Bir toyuğun başını kəsməyə adamın ürəyi gəlmir, o ki, qaldı bir ailəni güllələməyə. Cəlilzadə ailəsi təhlükəsizlik baxımından kənddən uzaqlaşdırılıb. Baş verə biləcək insidentin qarşısını almaq üçün kəndə polis əməkdaşları cəlb olunur, onlar hər şeyi nəzarətdə saxlayırlar”. “Ailənin 2 oğlu Bakıda fəhlə işləyirdi. Bu hadisədən sonra kəndə qayıtdılar. Onların və dayılarının razılığı ilə Tərgül Quliyeva və oğlanları qonşu Eyvazalılar kəndində dəfn olundu, Nadir Quliyev isə öz kəndində torpağa tapşırılıb”, - Nurəddin Həsənalıyev söyləyib. Qeyd edək ki, bir ailənin 4 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Fuad Cəlilzadənin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.