“Ermənistan Azərbaycana Birinci Qarabağ müharibəsində həlak olmuş 10 nəfərə aid qalıqları təhvil verib”. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, Ermənistan tərəfi həmçinin Azərbaycana 2 xəritə təqdim edib. Sözügedən xəritələrdə həlak olmuş daha 4 şəxsin harada dəfn olunduğu barədə məlumatların yer aldığı bildirilib. Qeyd edək ki, Azərbaycanın rəsmi qurumları bununla bağlı hələlik məlumat yaymayıb.
Gürcüstanla Rusiyanı birləşdirən avtomobil yolu məhdudlaşdırıldı
Gürcüstan və Rusiyanı birləşdirən Yuxarı Lars yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Qoşqulu və yarımqoşqulu avtomobillərin yoldan istifadəsi yasaqlanıb. Məlumata görə, ekstremal hava şəraitinə görə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə verilən qərarın səbəbi güclü qar yağması olub. Çətin relyefə malik ərazidən keçən yolun hava şəraitinin normallaşmasından sonra bütün hərəkət iştirakçıları üçün tam açılacağı bildirilib. Qeyd edək ki, Gürcüstanla yanaşı, Ermənistanın da Rusiya ilə əlaqəsi bu yol vasitəsilə təmin olunur. Böyük Qafqaz dağlarından keçən yol xüsusən qış aylarında mütəmadi olaraq bağlanır.
İki azyaşlının həyatına son qoyan yanğından görüntülər
Dünən Sumqayıtda iki azyaşlının yanaraq öldüyü hadisə barədə bəzi məqamlar üzə çıxıb. Kimyaçılar yaşayış massivində baş vermiş hadisə zamanı uşaqların valideynləri evdə olmayıb. Qonşuların bildirdiyinə görə, həmin evdə baş verən yanğın zamanı qapı arxadan bağlı olub. Nəticədə azyaşlıların vaxtında mənzili tərk etməsi mümkün olmayıb. Qonşular qapını sındırıb açdıqda isə artıq gec olub. Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:
Bayden administrasiyası Çində koronavirus qadağalarına qarşı keçirilən etiraz aksiyalarını dəstəkləyir. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Blinken Ağ Evin bütün dünyada dinc etirazlarda iştirak edən nümayişçiləri dəstəklədiyini qeyd edib.“Əlbəttə, biz dəstəkləyirik... İstər Çində, istər İranda, istərsə də başqa yerdə insanların dinc şəkildə etiraz etmək, öz fikirlərini bildirmək, məyusluqlarını ifadə etmək hüququnu dəstəkləyirik”, - deyə o bildirib. Dövlət katibi qeyd edib ki, insan haqları və vətəndaş azadlıqları Amerika siyasətinin “əsasını təşkil edir”.
Xəzər dənizinin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılıb. Bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, suiti cəsədləri Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Tələf olan heyvanların sayının hesablanması davam edir. "Bu, son on ildə Xəzər suitilərinin kütləvi tələfatıdır", - nazirlik bildirib.
İran ölkədə davam edən etiraz aksiyalarını yatırmaq üçün Rusiyadan yardım istəyib. Bu barədə mərkəzi Londonda yerləşən "Iran International" nəşri məlumat yayıb. Nəşr hakerlərin əldə etdiyi məlumatlara istinad edərək bildirir ki, Tehran Moskvadan etirazların qarşısını almaqda kömək etməsi üçün xüsusi müşavirlər göndərməsini xahiş edib. Məlumatda qeyd olunub ki, Tehran uzunmüddətli nümayişlərə hazırlaşır və öz resurslarından - canlı qüvvə və texnikanın kifayət etməyəcəyindən narahatdır. Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl Rusiyanın İrana kütləvi etirazların yatırılması ilə bağlı məsləhət verə biləcəyini açıqlamışdı.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluqdan bildirilib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Neftlə bağlı qərara Azərbaycanın müsbət reaksiyası
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib. Bu barədə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib. “Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır”, - deyə o əlavə edib. “OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn il iyunun 4-də keçirilməsi razılaşdırılıb.
Xəzərdə canlıların məhvi davam edir - 1700 suiti cəsədi
Dağıstanda Xəzər sahilllərində tapılan ölü suitilərin sayı 1700-ə çatıb. Bu barədə bazar günü Xəzərin Ekoloji Mühafizəsi Mərkəzinin rəhbəri Zaur Qapizov məlumat verib. Mərkəzinin rəhbəri vurğulayıb ki, tapılan ölü suitilərin sayı daha çox ola bilər. Onun sözlərinə görə, heyvanlar fırtına nəticəsində həlak olublar. “Torlarda və ya dəriləri soyulmuş suitilərə rast gəlinməyib. Tamamilə bütöv cəmdəklərdir və onların artıq iki həftədir ki, öldükləri müəyyən olunub”, - deyə Qapizov bildirib. O, xatırladıb ki, bütün lazımi nümunələr götürülüb.
İngiltərədən komandasına 450 minlik mükafat şərti..
İngiltərə millisi futbol üzrə dünya çempionatının qalibi olarsa, yığmanın hər bir futbolçusu 450 min funt sterlinq mükafat alacaq. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Bildirilib ki, İngiltərə millisinin futbolçuları mundialda hər növbəti mərhələyə yüksəldiklərinə görə bonuslar almaq hüququna malikdirlər. Qeyd edək ki, İngiltərə yığması bu gün Qətərdə keçirilən çempionatın 1/8 finalında Seneqalla qarşılaşacaq.