İrandan ölkəmizə 32 milyon manat dəyərində nartotik gətirildiSon 45 gün ərazində “qara” bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı və Respublikanın digər bölgələrində silsilə əməliyyatlar həyata keçirilib.
Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Azər Bədəlov, Əmrah Əlizadə, Nurlan Bayramov, Elmin Məmmədov, tanışı Qüdrət Həsənov və Samirə Novruzəliyeva saxlanılıblar. Onlardan 20 kiloqram heroin, 29 kiloqram marixuana, 10 kiloqram tiryək və 8 kiloqram metamfetamin olmaqla ümumilikdə 67 kq narkotik vasitə və psixotrop maddə aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.
Qeyd edilən dövrdə Baş İdarə tərəfindən keçirilən əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 66 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 32 milyon manat olan 400 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, metamfetamin, eləcə də 7300 ədəd metadon həbi çıxarılıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Milli genefondumuza olduqca mənfi təsir göstərən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Daxili İşlər Nazirliyi tərəfindən mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.