Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edildi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Rusiya ordusu Belarus ərazisindən Ukraynaya daxil olub - Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya qoşunlarının Ukraynaya daxil olmaq üçün ölkə ərazisindən istifadə etdiyini etiraf edib. Bu barədə o, jurnalist Diana Pançenkoya müsahibəsində danışıb. Lukaşenko bildirib ki, müharibə başlayanda Rusiya ordusunun ayrı-ayrı bölmələri Belarus ərazisindən Ukrayna ərazisinə daxil olub. Onun sözlərinə görə, qoşunlar Çernobıl ərazisində sərhədi keçib. "Bəli, Belarus ərazisindən ayrı-ayrı bölmələr Ukrayna sərhədini keçdi. ... Niyə Rusiya qoşunları Çernobıl bölgəsində Belarus və Ukrayna arasındakı sərhədi keçdi - onu Zelenskidən soruşun", - deyə Aleksandr Lukaşenko qeyd edib.
Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir. Yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub
Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin avqustun 13-də Şiraz məscidində baş vermiş terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. Liderlər ticarət, nəqliyyat və logistika və enerji sahələrində ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər.
Pakistanda müvəqqəti hökumət öz işinə başlayıb. Nazirlər Kabinetinin üzvləri and içib. Müvəqqəti hökumətin tərkibinə 18 nazir daxildir. Baş nazir səlahiyyətlərini Ənvarul Hak Kakar icra edəcək. Müvəqqəti hökumətin xarici işlər naziri ölkənin Vaşinqtondakı keçmiş səfiri Cəlil Abbas Cilani olub.
Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27-ə çatdı
Gürcüstanın Şovi bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ərazidə xilasedicilər 6 nəfər itkin düşmüş şəxsin axtarışlarını davam etdirir. Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib.
“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalandı
“Neftçi” və “Beşiktaş” arasında əməkdaşlıq protokolu imzalanıb. UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” oyunu ərəfəsində İstanbul təmsilçisinin təşkilatçılığı ilə rəsmi yemək olub. Rəsmi yeməkdən sonra Bakı klubunun baş icraçı direktoru Fərrux Mahmudov və İstanbul təmsilçisinin ikinci prezidenti Engin Baltacı bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Daha sonra iki klub arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb. Razılaşmaya əsasən, “Neftçi” və “Beşiktaş” gələcəkdə əsas komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, akademiya məşqçiləri və futbolçuları arasında təcrübə mübadilələrinin aparılması, həmçinin, media, marketinq və digər sahələrdə bir-biri ilə qarşılıqlı əməkdaşlıq edəcək, təcrübələrini bölüşəcəklər.
Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir. Ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanır. Qeyd edək ki, yanğınsöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Məlumata görə, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir. Hər iki körpünün layihələndirilməsi 100 % yerinə yetirilib, tikinti işlərinin 98 %-i yekunlaşıb. Bu körpülər dəmir yolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq. Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.
Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alıb. Bu barədə "RBC Ukraine" Almaniya hökumətinə istinadən məlumat yayıb. Yeni yardım paketi çərçivəsində Almaniya Ukraynaya IRIS-T qısa mənzilli zenit-raket kompleksinin 2 buraxılış qurğusunu təhvil verib. Hava hücumundan müdafiəni gücləndirmək üçün buraxılış qurğuları da paketə daxildir. Almaniya hökuməti qeyd edib ki, bu il Kiyev Berlindən 5.4 milyard avroya hərbi yardım alıb.