Edamını gözləyən reper azad edildi .....                        Koreyada hərbi vəziyyət ləğv ediləcək .....                        Matçda xəsarət alan futbolçunun son durumu AÇIQLANDI .....                        Ərdoğan Putinlə danışdı .....                        Xırdalanda yanğın - Sakinlər təxliyə edildi - VİDEO .....                        Azərbaycan matçında bədbəxt hadisə .....                        Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi .....                        Utilizasiya portalı istifadəyə verildi .....                        Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA .....                       
2-12-2024, 18:36
YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi


YAP bələdiyyə seçkiləri ilə bağlı qərar verdi

Dekabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan bildiriblər ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın daha bir mühüm ictimai-siyasi proses ərəfəsində olduğunu qeyd edib. “Məlum olduğu kimi, 2025-ci il yanvarın 29-da ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Siyasi sistemin aparıcı qüvvəsi olan YAP indiyədək bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb və inamlı qələbələrə imza atıb. Xalqın etimadını layiqincə doğruldan YAP növbəti bələdiyyə seçkilərinə də yeni reallıqlar və çağırışlar fonunda böyük qələbə əzmi ilə qatılır”, - deyən Tahir Budaqov bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsinin hər biri üzrə YAP-ın öz namizədlərini irəli sürəcəyini diqqətə çatdırıb.
Sonra iclasın gündəliyində olan məsələlər haqqında məlumat verilib.
İclasda ilk olaraq “Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı” müzakirə edilərək təsdiq olunub.
Daha sonra Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət Mərkəzi Seçki Qərargahının yaradılması haqqında qərar qəbul olunub.
İdarə Heyətinin qərarı ilə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi, həmçinin səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.
İclasda çıxış edən YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri – Arif Rəhimzadə, Hikmət Məmmədov, Mübariz Qurbanlı və Aynur Sofiyeva seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün qarşıda duran vəzifələrdən danışıblar.
İclasa yekun vuran Tahir Budaqov əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin də mütəşəkkil həyata keçirilməsi üçün partiyanın bütün resurslarının cəlb olunacağına əminliyini ifadə edib və bu prosesdə iştirak edəcək partiya üzvlərinə müvəffəqiyyətlər arzulayıb.
2-12-2024, 18:30
Xalq artisti məhkəmədə uduzdu


Xalq artisti məhkəmədə uduzdu

"Natiq" ritm qrupunun rəhbəri, Azərbaycanın Xalq artisti Natiq Şirinovun mülki iddiası Sumqayıt Şəhər Məhkəməsində araşdırılaraq qərar çıxarılıb.
Musiqiçi Ramal Cahangirovun müəlliflik hüququ Xalq artisti Natiq Şirinova məxsus olan "Qavaldaş nağara" tətbiqi sənət əsərini müxtəlif tədbirlərdə ifa etməsi tərəflər arasında məhkəmə mübahisəsi yaradıb.
Natiq Şirinov məhkəməyə müraciət edərək müəlliflik hüququnun pozulması ilə bağlı mülki iddia qaldırıb. O, Əqli Mülkiyyət Agentliyində rəsmi qeydiyyatdan keçirdiyi layihəsinin R.Cahangirov tərəfindən istifadəsinin qarşısının alınmasını tələb edərək, musiqiçiyə qarşı 55 min manatlıq təzminat iddiasını qaldırıb. Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Aynur Behbudovanın sədrliyi ilə keçirilən prosesdə yekun qərar qəbul edilərək Xalq artistinin iddiası təmin edilməyib.
Qeyd edək ki, "Qavaldaş nağara" adlı tətbiqi sənət əsəri 2019-cu il 11 dekabr tarixində 12/C-10851-19 nömrəsi ilə Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb. Natiq Şirinov həmin sənət əsəri əsasında yaradılmış alətdən Azərbaycanda ilk dəfə keçirilən "Avroviziya" mahnı müsabiqəsinin açılış mərasimində istifadə edib.
2-12-2024, 18:23
Emin Ağalarova yeni vəzifə verildi


Emin Ağalarova yeni vəzifə verildi

Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, Şuranın iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı, maşınqayırma, neft-kimya, bank sektoru, logistika və digər sahələrdə fəaliyyət göstərən 90-dan artıq qurum və təşkilat üzvü iştirak edib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əməkdaşlığın inkişafını vurğulayıb, iqtisadi - ticarət əlaqələrinin şaxələndirilməsi kontekstində Azərbaycan – Rusiya İşgüzar Şurasının tərəfdaşlıq mexanizminin əhəmiyyətini qeyd edib. Bildirilib ki, birgə investisiya layihələrinin həyata keçirilməsi və ikitərəfli ticarət potensialının reallaşdırılması istiqamətində görülən işlər işgüzar dairələr arasında əlaqələri daha da möhkəmləndirir ki, bu da hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.
İki ölkənin biznes dairələri tərəfindən yaradılmış Azərbaycan – Rusiya İşgüzar Şurasının fəaliyyəti barədə məlumat verən Səməd Qurbanov qurum tərəfindən iki ölkə arasında ticarət və işgüzar əlaqələrin inkişafı, Azərbaycan biznes ictimaiyyətinin maraqlarının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışıb.
İclasın gündəliyinə uyğun olaraq, Şuranın İdarə Heyətinə seçkilər keçirilib, Azərbaycan – Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov, sədrin müavinləri isə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və “Nardaran Invest” MMC-nin direktoru Qəmbər Bənənyarlı seçiliblər.
Şuranın yeni seçilmiş İdarə Heyətinin sədri Emin Ağalarov sahibkarlar arasında biznes dialoqun intensivləşdirilməsi və hər iki ölkənin işgüzar dairələri üçün tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Şuranın fəaliyyətinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əlaqələrin inkişafına verdiyi töhfəyə görə Səməd Qurbanova Fəxri Fərman təqdim edilib.
Qeyd edək ki, 2016-cı ildən fəaliyyət göstərən İşgüzar Şura Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Rusiya – Azərbaycan İşgüzar Şurası və iki ölkənin digər dövlət qurumları və müvafiq ictimai təşkilatlarla fəal əməkdaşlıq edir.
2-12-2024, 18:18
MSK-nın bugünkü iclasında nələr müzakirə edildi


MSK-nın bugünkü iclasında nələr müzakirə edildi

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 2-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiq edilib.
Sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən siyasi partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bələdiyyə seçkilərinə hazırlıq istiqamətində proseslərin gedişi barədə məlumat verilib və cari məsələlərə baxılıb.
2-12-2024, 17:38
Silahı ilə ehtiyatsız davranan polis öldü


Silahı ilə ehtiyatsız davranan polis öldü

Bakıda polis nəfəri xidməti tabeli silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən məlumatı
təsdiqləyiblər.
2-12-2024, 15:16
"Nidanın gücü, gücün nidası!"


"Nidanın gücü, gücün nidası!" adlı yazı müsabiqəsi keçirilir

Təşkilat "Nidanın gücü, gücün nidası!" adlı yazı müsabiqəsini davam etdirir.

"Uşaqların Gələcəyi Naminə" təşkilatı, Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsini davam etdirir. Bu barədə təşkilatın sədri Könül Quliyeva məlumat verib. Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcəkdir. Yazılar 02 dekabr 2024-cü il tarixdən 15 dekabr 2024-cü il, saat 18:00-dək təqdim olunmalıdır. Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə [email protected] elektron ünvanına göndərməlidir. Yazının həcmi minimum 1 səhifə, yaxud 1 səhifə yarım olmalıdır. Yazı kompyuterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir. Müsabiqənin yekunlarına əsasən I, II, III yerlər üçün sertifikatlar və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc olunacaq. Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək. Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcək. Hər hansı bir sual yaranarsa (050) 969 38 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
2-12-2024, 08:39
“Mən Gedirəm” kitabının təqdimatı keçirildi

Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs edən “Mən Gedirəm” kitabının təqdimatı keçirildi

“Mən Gedirəm” kitabının təqdimatı Mingəçevir şəhər Heydər Əliyev mərkəzində baş tutmalı idi. 30 noyabrda tezdən dostum Zərdabi Abbasovun maşınıyla müəllif Mənsurə Qaçayqızı, şairə Könül Vuqarlı, Fəridə Abdullayeva və mən yola rəvan olduq. Qeyd edək ki, “Mən Gedirəm” kitabının müəllifi Mənsurə Qaçayqızıdır...
Mingəçevir şəhərinin girişində bizi qarşılayıb şəhidin yaşadığı ünvana apardılar. Evin qarşısında Şəhid Fuad Xankişiyevin adına inşa olunmuş bulaq diqqətimizi cəlb elədi. Abidənin sol hissəsində Fuad Xankişiyevlə döyüşdə şəhid olan şəhidlərin şəkilləri vurulmuş stent, digər tərəfdə isə 44 Günlük vətən müharibəsində Mingəçevirdən olan şəhidlərin şəkilləri olan lövhə, bu mənzərəyə başqa bir rəng qatırdı. Bura bir cəng meydanına bənzəyirdi. Heç şübhəsiz ki, bu mənzərə yetişməkdə olan Azərbaycan gəncliyinə vətənpərvərlik, vətəni necə sevmək və uğrunda qəhrəmancasına şəhid olmaq kimi böyük duyğular aşılayır.

Şəhidimizin anası Xankişiyeva Saqibət bizi evin girişində qarşıladı. Nur üzlü şəhid anası qonaqpərvər xanım ailə üzvləri ilə bizi gözləyirdi. Şəhidin bibisi də bizi qarşılayanların arasında idi. Çox səmimi qadındır. İlk olaraq biz evdə yaradılmış şəhidin ev muzeyini ziyarət etdik. Evin hər bir qarışında şəhidin əl izləri görünürdü. Məlumat üçün qeyd edim ki, şəhid Fuad Xankişiyevin güclü idmançı kimi müxtəlif yarışlarda iştirak edib qələbə qazanması divara asılmış medallrından, dekor-dizayner kimi sənət sahibi olduğu da onun divarları bəzəmiş əl işlərindən görünürdü. Divrarlarda əşyalardan düzəldilmiş və özündə böyük məna daşıyan rəsmlər böyük bir muzeyi xatırladırdı. Şəhid Fuad Xankişiyevin ötən illərdə nələri öyrəndiyi bütövlükdə onun əl işlərində əks olunmuşdu. Saqibət xanım şəhid oğlu haqqında onun necə bir qorxmaz, cəsarətli, düşüncəli və vətənpərvər olduğu barədə bizə məlumat verib, yaratdığı hər bir rəsm barədə xatirələrini bizimlə bölüşürdü...
Sonda muzeydə xatirə şəkilləri çəkdiririk.

Şəhidlər Xiyabanını ziyarət etdik

İlk olaraq yaxınlaşırıq Mingəçevir şəhidlər xiyabanına. Qeyd edək ki, şəhidlər xiyabanı şəhərin mərkəzində yerləşir. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar bu xiyabanda dəfn olunub. Şəhidlərin məzarını bir-bir ziyarət edirik. Saqibət xanım tanıdığı şəhidlər barədə bizə geniş məlumatlar verirdi. Xiyabanın digər tərəfində isə itkin düşən şəhidlərin şəkillərinin stenti yerləşdirilib. Oranı da ziyarət etdik. Birdən Milli Qəhrəman Natiq Qasımovun stentdə şəkilini görüb ayaq saxlayırıq. Səngər tv-nin efirindən Aqil Alışovun Natiq Qasımov barədə məlumatları davamlı olaraq səsləndirməsini bir anlıq xatırlayıram. Onun düşmən mühasirəsində necə mətn və cəsarətlə döyüşdüyü və sonda üçrəngli bayrağı heç kimə vermədən əsir götürüldüyü anlardan danışıb, xatirə şəkili çəkdiririk.
Heydər Əliyev Mərkəzində tədbir başladı

30 noyabr 2024-cü il tarixdə Mngəçevir şəhəri, Heydər Əliyev Mərkəzində Mənsurə Qaçayqızının şəhid Fuad Xankişiyev haqqında yazdığı kitabın təqdimatı başladı. Tədbirin aparıcısı ilk olaraq tədbir barədə məlumat verib sözü mənə verir. Mən də dərhal çıxışıma başlayıram. Müəllifin “Mən Gedirəm” kitabına niyə bu adı verməsi barədə düşüncələrimi bölüşüb, kitabdakı ayrı-ayrı yazılar barədə məlumat verirəm. Müəllif bu kitabda əsas olaraq şəhidin necə qorxmaz vətənpərvər, idmançı, dekor-dizayner olması barədə ayrıca məlumat verdiyni bildirirəm. Kitabın adınnın məhz “Mən Gedirəm” olması isə ayrıca səbəbləri özündə ehtiva edir. Müəllif digər bir epizodda isə qəhrəman şəhidin döyüş yolundan yazır. Həmçinin onun döyüş yoldaşlarının söylədiklərini kitabda qeyd edib. Kitabda eyni zamanda şəhidin yaxınları, dostları, müəllimləri və onu tanıyanların xatirələri qeyd olunub. Belə kitabların cəmiyyətdə gənclərə vətənpərvərlik hisslərinin necə aşılanmasında hansı rol oynadığını hər kəs bilir. Bura daxildir qəhrəmanlar haqqında yazılan kitablar, məqalələr, çəkilən filmlər. Əlbəttə ki, bu isə hər kəsdə böyük ruh yüksəkliyi yaradır...
Növbəti söz Şairə Könül Vuqarlıya verildi. O, da kitab haqqında danışıb, özünün yazdığı şeiri səsləndirdi.
Sonra tədbirdə çıxış üçün söz Mingəçevir şəhər icra hakimiyyətinin veteranlarla iş şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətova verildi.

Seymur bəy özü haqqında məlumat verərək bildirdi ki, biz rəhmətlik şəhid Fuad Xankişiyevlə birlikdə Füzuli cəbhəsində döyüşdə olmuşuq. “Onu qorxmaz, vətənpərvər və cəsarətli bir insan kimi tanıyırdım. Mən bu kitabı sona qədər oxumuşam. Müəllifə çox böyük təşəkkür edirəm. Belə kitabların davamlı olmasını arzulayıram. Bu kitablar gənclərimizə vətənpərvərlik ruhu aşılayır. Saqibət xanımla ara-sıra danışırıq. Son danışığımızda mənə dedi ki, kitab təqdimatı olacaq. Səni ora dəvət edirəm. Düzü, təcili iş üçün Bakıya getməliydim. Amma mən fikirimdən daşındım. Dedim ki, mən mütləq bu tədbirə qatılacam. Və bu gün buradayam. Burada oturan şəhid anaları bizim üçün çox əzizdir. Bizim borcumuz onların xidmətində durmaqdır. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin.”-deyə çıxışçı sözünü yekunlaşdırdı.
Daha sonra Mədəniyyət həmkarlar idarəsinin Mingəçevir şöbəsinin müdiri Leyla Məmmədova, Aran Regional mədəniyyət idarəsinin əməkdaşı Zəfər Hacıyev, Zərdabi Abbasov çıxış edərək bu kitabın cəmiyyətə nə qədər faydalı olacağından danışıb, yekunda müəllifə uğurlar arzuladılar.
İlahiyyətçı Cavid Ələmdarov isə çıxışında çox maraqlı məqamlara toxunaraq bunları ifadə etdi. “Şəhidlərin məqamı cənnətdən də yuxarıdadır. Onlar Allahın yanındadır, Allah yolunda şəhid olublar. Allah rəhmət eləsin cəmi şəhidlərimizə”.

Sonra söz “Mən Gedirəm” kitabının müəllifinə verildi. Müəllif tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə təşəkkür edib, kitab barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Mən bu kitabı yazarkən sanki şəhidimizin döyüşdüyü əraziləri xəyalən gəzdiyimi və onlarla bərabər düşündüyümün duyğularımda canlandığını hiss edirdim”- deyə müəllif həyacanla çıxışına yekun vurur.
Daha sonra Fuad Nəbiyev Şəhid Fuad Xankişiyev haqqında çəkdiyi film barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra, filmin nümayişinə başlandı.
Tədbirin sonunda şəhidin anası Saqibət Xankişiyeva tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə və digər tədbir iştirakçılarına minnətdarlıq edib, müəllifə təmənnasız kitab yazdığına görə xüsusi təşəkkürünü bildirdi. “24 illik ömrü 100 səhifəlik bir kitaba yerləşdirdik. Gələn ayaqlarınız var olsun, hər birinizə minnətdarlığımı bildirirəm”-deyə Saqibə Xankişiyeva göz yaşlarını silə-silə tədbirə yekun vurdu.
Sonda xatirə şəkili çəkildi.
Subut Mehdiyev,
araşdırmaçı jurnalist


Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!