Paytaxtın mərkəzində evlər söküləcək: Park salınacaq - VİDEO
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir. Hazırda isə Yasamal rayonunun "Sovetski" adlanan ərazisində söküntü işləri dövlət tərəfindən aparılır. Bu ərazilər dövlət ehtiyacları üçün alınır və yaxın gələcəkdə burada böyük parkların salınması planlaşdırılır. "Sovetski" adlanan ərazidə ilin sonunadək 4 200-dən çox mənzilin sökülməsi nəzərdə tutulur. Dövlət layihəsinə əsasən, indiyədək "Sovetski"də 600 mənzil tam, 850-yə yaxın mənzil isə qismən sökülüb. Məqsəd Bakını müasir görkəmdə, daha avanqard və rahat şəhərə çevirməkdir. Yenidənqurma işləri aparılan ərazilərdə mədəniyyət abidələrinin və dövlət əhəmiyyətli tikililərin sökülməsi nəzərdə tutulmayıb. Yəni müasirliklə tarix vəhdət təşkil edəcək. Bu isə dövlətin mədəni irsə həssas yanaşmasının bariz nümunəsidir. Söküntü işləri paytaxtın tarixi binalarını qorumaqla yanaşı, yaşıllıq ərazilərinin genişləndirilməsinə yönəlib. Necə ki, illər əvvəl Mərkəzi park da eyni məqsədlə salınıb. Beləliklə, şəhərin mərkəzində həm ekoloji mühit yaxşılaşacaq, həm də sakinlərin asudə vaxtlarının daha rahat təşkili təmin olunacaq. Nəticədə paytaxt Bakı daha insanyönümlü şəhərə çevriləcək. Sakinlərin sözlərinə görə, hazırda ərazidə hava bir qədər küləklidir və insan azdır. Lakin yay aylarında burada sıxlıq yaşanır: "İndi hava bir az küləklidir, adam azdır. Amma yayda burada tərpənmək olmur. Ərazi nə qədər böyük olsa, bir o qədər yaxşı olar, inşallah". Digər sakin isə qeyd edib: "Bura insanların istirahət üçün seçdiyi məkandır. Xüsusilə həftəsonları daha da abadlaşdırılsa, çox gözəl olar". Qeyd edək ki, paytaxtın yeddi rayonunda - Yasamal, Binaqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu və Suraxanıda istismar müddətini başa vurmuş binaların sökülməsi nəzərdə tutulub.
İordaniya ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək
İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək. İordaniya Radio və Televiziya Korporasiyasına istinadən yayılan məlumata görə, anonim rəsmi "The New York Times"a müsahibəsində bildirib ki, İordaniya öz ərazisinin İrana qarşı hücumlar üçün plasdarm kimi istifadəsinə icazə verməyəcək. Rəsmi nümayəndə əlavə edib ki, İordaniya ABŞ ilə İran arasında davam edən danışıqların regionda müharibənin qarşısını alacaq siyasi razılaşma ilə nəticələnəcəyinə ümid edir. Həmçinin bildirilib ki, ABŞ-nin İordaniyadakı hərbi mövcudluğu iki ölkə arasındakı müdafiə sazişləri çərçivəsində həyata keçirilir.
Bakıda yeni marşrut xətti işə düşüb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Belə ki, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib. Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçirilir.
Liviyada polis paytaxt Tripolin yaxınlığında sahilə çıxmış beş şəxsin cəsədini aşkarlayıb. Bu barədə AlJazeera məlumat yayıb. Qeyd edilir ki, bunlar sığınacaq axtaran şəxslərin cəsədləridir. Eyni zamanda Yunanıstan rəsmiləri Krit sahilləri yaxınlığında baş verən ayrı bir hadisədə üç nəfərin öldüyünü açıqlayıb. Liviyada cəsədlər sahilyanı Qasr əl-Axyar şəhərinin sakinləri tərəfindən tapılıb. Bu barədə yerli polis əməkdaşı məlumat verib. Məlumata görə, Polis bölməsindən bildirib ki, tapılan cəsədlərin hamısı qaradərili şəxslərə məxsusdur və onlardan ikisi qadın olub. Sakinlər bir uşağın cəsədinin də sahilə çıxdığını görüblər, lakin dalğaların onu yenidən dənizə apardığını bildiriblər. Bu faciə Beynəlxalq Miqrasiya Təşkilatının bir neçə həftə əvvəl yaydığı məlumatdan sonra baş verib. Həmin məlumata görə, Liviyanın qərbində, Tripoli yaxınlığındakı Zuvəra şəhəri sahillərində 55 nəfəri daşıyan rezin qayıq çevrildikdən sonra 53 miqrant, o cümlədən iki körpə ölüb və ya itkin düşüb.
ABŞ İranın uranı zənginləşdirməsindən tamamilə imtinasında israr edir ki, bu da Vaşinqtonun danışıqlarda "qırmızı xətti"dir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bunu "Fox News"a müsahibəsində bildirib. "Biz ora getməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp mənə və Cared Kuşnerə təlimatlar verdi, "qırmızı xət"ləri qeyd etdi - zənginləşdirmə yoxdur, bütün materialları çıxarmalıyıq", - o deyib. Uitkoff həmçinin iddia edib ki, bir həftə ərzində Tehran nüvə silahı yaratmaq üçün lazım olan səviyyəyə qədər kifayət qədər zənginləşdirilmiş urana sahib ola bilər. O əlavə edib ki, Tramp İranın ABŞ-nin hərbi qüvvələrinin Yaxın Şərqə yerləşdirilməsinə və "təzyiqə baxmayaraq təslim olmaq istəməməsindən" təəccüblənir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!