Vaqif Rüstəmov –75Sadə və mənalı
ziyalı ömrü...1980-cı illərin ortaları idi, “Bakinskiy raboçiy” qəzetinin Mil-Muğan zonası üzrə xüsusi müxbiri vəzifəsinə təyin edilmişdim. Hardasa 27-28 yaşım vardı. Yadımdadır, güllü-çiçəkli bir bahar günü İmişliyə gəlmişdim. Birinci katib paytaxtdan gələn qonaqlarla harasa tədbirə getmişdi. Dedilər ki, ən tezi 1 saata qayıdar. Yəni boş, asudə vaxtım yaranmışdı. Hörmətli İmişli camaatının dili ilə desək, “eycahanllıq” idi.
İmişli Rayon Tarix Diyarşünaslıq muzeyinə baş çəkməyi qərara aldım. Muzey raykomdan cəmi 70-80 metr aralıda, milli memarlıq üslubunda yeni inşa edilmiş binada yerləşirdi. Qarşısında səliqə ilə rəngarəng güllər əkilmişdi. Xüsusilə təzə açmış ağ, qırmızı, çəhrayı qızılgüllərə baxanda ürəyim açıldı. İçəri daxil oldum. Düşündüm ki, nə yaxşı ki, muzeylərdə bəzi idarələrdə olduğu kimi, “Bura niyə gəlmisiniz, sizə kim lazımdır?” - deyə soruşmurlar.
O vaxtlar zona müxbirləri bölgələrdə fəaliyyət göstərən muzeylərdən az-az hallarda yazılar hazırlayırdılar. Bəlkə də elə buna görə muzeyin gənc, mehriban, gülərüz direktoru mənim qəfil gəlişimə həm təəccüb etdi, həm də çox sevindi. “Xoş gəlibsiniz. Mən özüm də ara-sıra respublikanın aparıcı qəzetləri ilə əməkdaşlıq edirəm” -dedi.
“Bilirəm, imzanızı tanıyıram. Vaqif Rüstəmovsunuz!” Mənim bu sözlərimə cavab olaraq onun mənalı gözlərində dərin minnətdarlıq ifadəsi oxudum. Əllərini qızılı qıvrım saçlarına çəkdi. Simasında xoş ovqat yaranmışdı. Böyük həvəslə muzeyin fəaliyyəti, buradakı eksponatlar barədə xeyli söz açdı. Dedi ki, rayon ziyalıları, məktəblərin yuxarı sinif şagirdləri bura tez-tez gəlirlər. Hətta muzeyə nadir məişət əşyaları hədiyyə edənlər də olur.
Vaqif müəllimlə sonra xalqımızın tarixii, mədəniyyəti, ayrı-ayrı görkəmli şəxsiyyətləri barədə xeyli söhbət etdik. Səlis və məntiqli danışığı, hərtərəfli biliyi, geniş erudisiyası, xüsusilə pozitiv aurası məndə ona qarşı dərin rəğbət hissi yaratdı. O gündən başlanan dostluq əlaqələrimiz bu gün də davam edir. Heç vaxt bir-birimizdən zərrə qədər inciməmişik. Əksinə, hər dəfə görüşəndə şad olmuşuq, hal-əhval tutmuşuq, uğurlarımıza sevinmişik.
Vaqif Rüstəmov Allahın lütfü ilə ömrünün 75 illik zirvəsinə çatır. Onun həyatını, demək olar ki, əzbər bildiyim üçün, bəzi avtobioqrafik məlumatları oxucuların nəzərinə çatdırmağı özümə borc bilirəm.
Vaqif 1951-ci il martın 14-də İmişli şəhərində doğulub, burada da boya-başa çatıb. Atası Misir kişi İmişliyə ailəsi ilə birlikdə 1939-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndindən köçüb.
Rüstəmovlar ailəsi tez-tez Daşkəsən kəndinə gedərək oradakı doğmalarına baş çəkiblər. Xüsusilə yay aylarında Mildən Muğana getməyin bir ayrı səfası var. Axar-baxarlı bu kənd öz gözəl təbiəti, saf suyu, sərin bulaqları ilə Vaqifi hələ uşaq yaşlarından özünə cəlb edib. Sonradan ali təhsilli tarixçi kimi Qarabağla, eləcə də Daşkəsənlə bağlı xeyli araşdırmalar aparıb, bu barədə məqalələr yazaraq dərc etdirib.
Xatırladaq ki, Daşkəsən kəndinin akademik Mehdi Mehdizadə kimi görkəmli yetirməsi olub. Bu böyük pedaqoq 30 ilə yaxın Azərbaycanın maarif naziri vəzifəsində çalışıb, respublikamızda təhsilin inkişafı üçün danılmaz xidmətlər göstərib. Vaqif Rüstəmov ömrü boyu akademikin uzaq qohumu olması ilə fəxr edib, amma heç vaxt bu böyük alimin mənzilinin qapısını döyməyib. Ümumiyyətlə, o, nə özü, nə də övladları üçün heç bir xahiş və təmənnada bulunmağı sevmir.
Vaqif Rüstəmov orta məktəbdə əla qiymətlərlə oxuyub. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib və təyinatla İmişli rayonundakı Xubyarlı kənd orta məktəbində işləməyə başlayıb. Enerjili, təşəbbüskar pedaqoq ilk gündən şagirdlərin qəlbində tarix fənninə dərin maraq oyatmağa çalışıb və buna nail olduqca çox sevinib.
Xubyarlıda çox savadlı və bacarıqlı bir tarix müəlliminin çalışdığı, həm həmkarları, həm də kənd əhalisi arasında dərin hörmət qazandığı barədə müsbət xəbərlər tezliklə hər yerə yayılıb. Bu, İmişli rayon partiya komitəsinin birinci katibi Qadir İsmayılzadənin diqqətindən yayınmayıb. Qeyd etmək lazımdır ki, Qadir müəllim partiya işinə məhz təhsil sahəsindən gəlmişdi və öz peşəsinə dərin sevgi və məsuliyyətlə yanaşan gənc pedaqoqlara böyük qayğı ilə yanaşırdı. Qadir İsmayılzadə hər dəfə Xubyarlıya yolu düşəndə kənd orta məktəbinə də baş çəkib və “qızılı saçlı” gənc tarix müəllimi ilə ayrıca söhbət edərək onun qayğı və problemləri ilə maraqlanıb. Vaqif müəllimin savadı, etikası, davranışı birinci katibin xoşuna gəlib. Məhz Qadir İsmayılzadənən təşəbbüsü ilə Vaqif Rüstəmov 1983-cü ildə rayon mərkəzində yeni açılan İmişli Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsinə təyin edilib.
Ədalət naminə demək lazımdır ki, Vaqif Rüstəmovun rəhbərliyi ilə İmişli Rayon Tarix Diyarşünaslıq Muzeyi qısa müddət ərzində nəinki bu rayonun, eyni zamanda respublikanın ən qabaqcıl mədəniyyət müəssisələrindən birinə çevrilib. O illərdə respublikanın bir çox tanınmış simaları, eləcə də böyük alim, vətənpərvər ziyalı Xudu Məmmədov bu muzeyin qonağı olub, Vaqif müəllimi dinləyəndən sonra deyib ki, “sizin tarixmizə ekskursiyanızdan çox razı qaldım. Bundan sonra da çalışın ki, gələcək nəsillərimiz tariximizi sizin kimi dərindən öyrənsinlər. Axı Vətəni sevmək onu tanımaqdan başlayır!”
Bir müddətdən sonra Vaqif Rüstəmovu Mədəniyyət Nazirliyinin Tarixi Abidələrin Mühafizəsi və Bərpası İdarəsində işləmək üçün paytaxta dəvət ediblər. O, burada da öz işini sevən, məsuliyyətli kadr kimi fərqlənib, respublikanın əksər bölgələrindəki muzeylərdə olub, yerlərdə muzey işinin səmərəli təşkili üçün əməli tapşırıqlar verib. Sonra qısa müddət Nərimanov rayon icra hakimiyyətində müvəkkil vəzifəsində çalışıb.
Vaqif Rüstəmov muzey işini əla bilsə də, ruhən pedaqoq idi. Hiss edirdi ki, təhsil sahəsində çalışsa, millətinə, onun övladlarına daha çox fayda verə bilər. 2001-ci ildən Bakının Yeni Günəşli qəsəbəsindəki “V” massivində yerləşən 278 nömrəli orta məktəbdə tarix fənnindən dərs deməyə başlayıb. 16 il bu qabaqcıl təhsil müəssisəsində şagirdlərə tariximizi sonsuz sevgi ilə tədris edib. Onun dərs dediyi məzunların çoxu hər il qəbul imtahanlarında yüksək bal toplayıblar. Vaqif müəllim artıq 7-8 ildir ki, təqaüddədir. Təqaüdə çıxandan sonra o, çoxları kimi, elə mənim üçün də gözlənilməz olaraq, bədii və publisistik yaradıcılıqla intensiv surətdə məşğul olmağa başladı. Əvvəlcə bir xeyli şeir və hekayələr yazdı, sonra nəsrə keçdi. Əvvəlcə Qaçaq Süleymandan bəhs edən eyniadlı romanı geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandı. İkinci romanını isə “Səsverən qaya” adlandırdı.
Vaqif Rüstəmov 3-4 il əvvl muğamsevərlər arasında “Dədə Süleyman” kimi tanınan mərhum xanəndə Süleyman Abdullayev haqqında “Səsin sorağında...” adlı elə bir dəyərli sənədli-publisistik əsər qələmə aldı ki, bu əsər bir çox məziyyətləri ilə çoxlarını yaxşı mənada təəccübləndirib. Mən şəxsən bu qiymətli əsəri oxuduqca ürəyimdə müəllifə dəfələrlə “əhsən!” demişəm. Bu yaxınlarda isə onun Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Səxavət Alı oğlu İsmayılov adlı bir nəfərin İkinci Dünya müharibəsindən sonra qürbətdə keçən keşməkeşli taleyindən bəhs edən “Yurd həsrəti” adlı yeni kitabı nəşr olunub. Qürbətin möhnəti, əlbəttə, çox ağır, dözülməz olur. Vaqif Rüstəmov təcrübəli qələm sahibi kimi qəhrəmanının narahat psixoloji durumunu ustalıqla aça bilib.
...Vaqif Rüstəmov hazırda Yeni Günəşlidə 9 mərtəbəli evin sonuncu mərtəbəsində yaşayır və onun mənzilinin eyvanından bir vaxtlar dərs dediyi məktəbin həyəti ovuc içi kimi aydın görünür. O, bəzən səhərlər dərsə tələsən şagird və müəllimləri uzaqdan müşayiət edərək kövrək xatirələrə dalır.
O, xoşbəxtlikdən, nikbin və müdrik insandır. Düşünərm ki, sadə, mənalı, maraqlı bir ömür yaşadığı üçün Vaqif Rüstəmovun geriyə boylanıb sevinməyə, yaşanan mənalı günlər, aylar, illər üçün qürur duymağa tam mənəvi haqqı var!
Məsaim ABDULLAYEV,Əməkdar mədəniyyət işçisi.