20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 29-09-2026, 07:25
Ömrün və sözün işıqlı çağı

Ömrün və sözün

işıqlı çağı


(Ramiz Babayevin Poetik dünyası)

Bəzi insanlar var ki, onlarla ilk tanışlıqdan illərin dostu, doğması kimi ünsiyyət qura bilirsən. Çünki daxillərindəki insanlıq sevgisi, ziyalılıq nuru və sözün şirinliyi insanı sehirləyir. Bu günlərdə 20 Yanvar metrosu yaxınlığındakı çayxanaların birində məhz belə bir ziyalı ilə - tanınmış şair, pedaqoq Ramiz Babayev ilə həmsöhbət oldum. Bir stəkan pürrəngi çayın ətrafında başlayan yaradıcılıq söhbətimiz məni sözün sehrli, saf və səmimi dünyasına apardı.
Bizimlə görüşü təşkil edən "Bütöv Azərbaycan Media Qrupu”nun rəhbəri Tamxil Ziyəddinoğlu oldu. Hər üçümüz çay içə-içə ədəbiyyatdan, bədii yaradıcılıqdan geniş söhbət açdıq. Ramiz müəllim görüşümüzün xatirəsi olaraq öz dəsti-xətti ilə yeni çapdan çıxmış "Ömrün payız çağında" kitabını mənə hədiyyə etdi. Naxçıvanda nəfis tərtibatla işıq üzü görən bu toplu, müəllifin sayca 9-cu kitabıdır.
Ramiz Abbasqulu oğlu Babayev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Doğma kəndində orta məktəbi bitirdikdən sonra Naxçıvan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurub yenidən doğma kəndinə gənc bir müəllim kimi qayıdıb. Onun təşkilatçılıq qabiliyyəti, dərin elmi savadı və sonsuz bədii təxəyyülü tez bir zamanda diqqəti cəlb edib və o, məktəb direktoru vəzifəsinə qədər yüksəlib.
Ramiz müəllim hələ gənc yaşlarından təkcə bir pedaqoq kimi deyil, həm də bədii yaradıcılığı, ürəyəyatımlı şeirləri ilə tanınıb və sevilib. Təsadüfi deyil ki, o, bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü və Prezident təqaüdçüsüdür.
Ramiz Babayevin şeirlərində müdrik düşüncələrin poetik ifadəsi sərgilənib. Şair həyatın, insan yaşamının gerçək üzünə ayna tutur, oxucunu halallığa, saflığa səsləyir. Onun poeziyasında milli ruh, vətənpərvərlik, dilimizə və tariximizə bağlılıq qırmızı xətlə keçir. O, "Mən türkəm" şeirində qədim tariximizə arxalanaraq millətimizin qüdrətini və gələcəyə olan inamını böyük iftixarla dilə gətirərək yazır:
Mən türkəm, qoy dünya eşitsin bunu,
Orxan Yeniseydən gəlir sorağım.
Bütün yer üzündə asılacaqdır
Mənim ay ulduzlu qızıl bayrağım.
Müəllifin ana dilimizə həsr etdiyi misralarda isə klassik poeziyamızın dadı-tamı, Arazın o taylı-bu taylı ağrısı və bütövlük həsrəti duyulur. "Ana dilim" şeirində dilimizin saflığını Vaqif və Vurğun nəfəsi ilə eyniləşdirir:
Vüqarlısan uca, əziz
Nəğmən şirin, sözün təmiz,
Bir aynasan saf - ləkəsiz,
Mənim Vaqif, Vurğun dilim,
Ana dilim, ana dilim.
***
Qoşmalısan, gəraylısan,
Araz kimi haraylısan,
O taylısan, bu taylısan
Bakı dilim, Təbriz dilim,
Ana dilim, ana dilim.

Təbiidir ki, hər bir sənətkarın ilham mənbəyi ilk növbədə doğulduğu torpaqdır. Naxçıvanın qədimliyi, onun ulu tarixi şairin "Mənim doğma Naxçıvanım" şeirində tərənnüm tapır:
Şərqin doğan günəşidi,
Nuhun sönməz atəşidi,
Qəhrəmanlıq nəğməsidi,
İgidlik, dostluq ünvanım.
Mənim doğma Naxçıvanım.

Ramiz Babayev həm də incə qəlbli bir sevgi şairidir. Onun məhəbbət lirikası həsrətlə, bəzən peşmançılıqla, bəzən isə gənclik xatirələrinin şirinliyi ilə yoğrulub. "Sevgi günahı" şeirindəki nisgil hər bir oxucunun qəlbinə toxunacaq gücdədir:
Nə vaxtsa çalınıb sınan saz kimi,
Asılıb qalmısan divarda belə.
Mənim o saf, ülvi, təmiz sevgimi
Heç zaman, heç yerdə gətirmə dilə.
***
Könlüm arzulamır heç zaman səni,
Eh, səndən yadımda nə qalıb axı.
Səndən mənə qalan saçımın dəni,
Məndən sənə qalan sevgi günahı.

O, "Yanıma qayıt" şeirində də qürurlu, lakin bir o qədər də həssas bir aşiqin daxili monoloqunu ustalıqla təsvir edir:
Bir gün sən yanımdan keçib gedəndə,
Könlüm od tutacaq, alışacaqdır.
Gizli axitdığın o göz yaşların,
Mənim həsrətimə qatışacaqdır.
***
Yanıma qayıdıb günün birində,
Həsrəti üstümə ələyəcəksən.
Mənim ürəyimi əlimdən alıb,
Hər dediyim sözə "can" deyəcəksən.

Şair başqa bir bədii nümunədə isə "İnanan deyiləm göz yaşlarına" deyərək hisslərini belə ifadə edir:
Keçmiş xatirələr qoy qalsın sənə.
Mənim bu günümü əlimdən alma.
Sən çox yalvarırsan sevirəm səni,
Məni o atəşə bir daha salma.

Şairin yaradıcılığında təbiət təsvirləri sadəcə mənzərə deyil, canlı bir aləmdir. Naxçıvanın füsunkar güşəsi olan Batabatın gözəlliyi onun misralarında elə canlanır ki, oxucu özünü həmin dağlarda, bulaqların başında hiss edir:
Baldırqanın, cacığın gül açıb çiçəkləri,
Həmərsünün gül ətiri məst eyləyir hər yeri,
Bura cənnətdir deyir gələn qonağın biri.
Səhərdən yamaclardan min cür çiçək dərmişəm -
Batabata gəlmişəm.
***
Bulaqlar nazlı - nazlı axıb gəlir dərəyə,
Hamı qonaqdır burda xoş üzə, duz çörəyə,
Gecə ulu dağlara duman gəlibdir deyə,
Mən də öz paltarımı qonaqlara vermişəm -
Batabata gəlmişəm.

Eyni zamanda "Yurduma bahar gəlir" şeirində qışın ağ yorğanını götürüb getməsi, təbiətin dirçəlişi və torpağın sinəsini dəlib keçən güllər-çiçəklər şair fəhmi ilə çox gözəl vizuallaşdırılır:
Yamacların qoynuna xalı salır göy çəmən,
Gündə min ruzi yağır ana torpağa göydən.
Bizə müjdə gətirir quşlar gəldiyi yerdən,
Torpağın sinəsini güllər çiçəklər dəlir.
Yurduma bahar gəlir.
***
Açılır budaqların qönçələri birbəbir,
Qış öz ağ yorğanını götürüb çıxıb gedir.
Günəş doğma yurduma işıq verir nur səpir,
Təbiət cana gəlir təzələnir dirçəlir.
Yurduma bahar gəlir".

"Ömrün payız çağında" kitabı bəlkə də ömrün illərini payız adlandırır, lakin Ramiz müəllimin yaradıcılığı heç vaxt solmayan, həmişə bahar təravətli qalan bənzərsiz bir söz xəzinəsidir. Hörmətli şairimizə yeni-yeni yaradıcılıq uğurları və uzun ömür arzulayırıq.

Hüseyn İsaoğlu,
yazıçı - publisist,
AYB və AJB üzvü


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!