Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər verib - Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi üzrə danışıqlardakı son vəziyyət barədə danışıb. Baş nazir “parlament saatı”nda bildirib ki, Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini Vaşinqtonda təqdim edib. “Vaşinqtonda Ermənistan Respublikası Azərbaycan tərəfinə sülh müqaviləsi ilə bağlı təkliflərini çatdırıb. Azərbaycanın reaksiyasını gözləyirik. Lakin reaksiya nöqteyi-nəzərindən müəyyən gərginlik tendensiyalarını görürük, bu gərginlik də konkret hadisələr və situasiyalarla bağlıdır”, - deyə baş nazir bildirib. O vurğulayıb ki, Ermənistan Respublikasının mövqeyi bəllidir: Azərbaycan qoşunları sərhəd ərazilərindən 2021-ci il mayın 11-dək mövcud olan mövqelərə çəkilməlidir. “Əslində beynəlxalq ictimaiyyət bizim bu mövqeyimizi dəstəkləyir. Ümid edirik ki, KTMT də bizim mövqeyimizi dəstəkləyəcək”, - Paşinyan bildirib.
“Putin uşaqları və qadınları vurur, bu barbarlıqdır” - Bayden
“Putin mülki hədəfləri, uşaqları və qadınları vurur, bu barbarlıqdır”. Ağ Evin məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden Balidə keçirilən G20 sammiti çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşü zamanı deyib. “Biz NATO üzrə tərəfdaşlarımız və G7 liderləri ilə Rusiyanın bu yaxınlarda Kiyevə və Ukraynanın qərbinə endirdiyi raket zərbələri ilə bağlı müzakirə apardıq. Baş verənlər qəddarlıqdır. Balidəki dünya liderləri qlobal sülhə doğru irəliləyiş əldə etməyə çalışarkən, Putin mülki hədəfləri, uşaqları və qadınları hədəf alır. Rusiya müharibəni dayandıra bilər və bunu etməlidir. Əgər istəsələr, sabah da dayandıra bilərdilər”, - Bayden əlavə edib.
Polşaya qəsdən raket hücumu edilməyib. Bunu Polşa Prezidenti Andrey Duda sərhəddəki olaya münasibət bildirərkən deyib. Dudanın sözlərinə görə, 1970-ci illərə aid S-300 raketinin Rusiya tərəfindən buraxıldığına dair heç bir sübut tapılmayıb. Buna baxmayaraq, Prezident qeyd edib ki, dünən baş vermiş hadisəyə görə Rusiya məsuliyyət daşıyır: "Ötən gün Rusiyanın Ukraynaya kütləvi, görünməmiş irimiqyaslı hücumu olub. Rusiya Polşa ilə həmsərhəd Volın və Lvov vilayətləri də daxil olmaqla, ölkə boyu müxtəlif tipli 100-ə yaxın raket atıb. Buna görə də, Rusiya hadisəyə görə məsuliyyət daşıyır". Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb.
Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 7 yaralı var
Ermənistan ordusunun hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Qriqor Qriqoryan “Kamaz” markalı hərbi yük maşınının qəzaya uğraması nəticəsində ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 7 əsgər yaralanıb, onlar qarnizon hospitalına yerləşdirilib, müayinə və lazımi tibbi yardım göstərilib. “Yaralı hərbi qulluqçuların həyatı təhlükədə deyil. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, - deyə məlumatda bildirilir.
Polşa ərazisinə "raket zərbəsi" ilə bağlı insidentdə Rusiyanın heç bir günahı yoxdur. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. “Rusiyanın Polşadakı insidentlə heç bir əlaqəsi yoxdur. Burada hər şeyi öz adı ilə çağırmaq lazımdır", - Peskov vurğulayıb. “Qərbin nümayəndələri baş verənlərlə bağlı real məlumat olmadan Polşaya “raket hücumu” ilə bağlı bəyanatlar veriblər. Bütün bu vəziyyət qızğın rusofobiyanın başqa bir nümunəsidir”, - Kremlin sözçüsü əlavə edib.
Baydendən Trampın yenidən prezident olmaq istəyinə reaksiya
ABŞ lideri Co Bayden Donald Trampın 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətinə reaksiya verib. Butov.az xəbər verir ki, Bayden Twitter-də sələfinin "nailiyyətlərini" xatırladan qısa video yayımlayıb. Trampın sadalanan “nailiyyətləri” arasında iqtisadiyyatı zənginlərə yönəltmək, rekord işsizlik, səhiyyə sisteminə hücum, ekstremistlərlə flört etmək, qadınların hüquqlarına zərbə vurmaq və s. qeyd edilib. Bayden videonun altına "Donald Tramp Amerikanı məğlub etdi" yazıb. Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqladığı barədə məlumat yayılıb. Onun köməkçiləri seçkilərdə iştirak üçün rəsmi ərizə veriblər. "Amerikanın qayıdışı indi başlayır!", - Tramp Floridadakı iqamətgahının qarşısında toplaşan tərəfdarlarına müraciət edərək deyib. Tramp eyni zamanda, ABŞ-ın hazırkı prezidenti Baydeni Ukrayna münaqişəsinin öhdəsindən gələ bilmədiyi üçün ölkəsini nüvə müharibəsi astanasına gətirdiyinə görə tənqid edib.
Bayden Sunakla Polşadakı raket insidentini müzakirə etdi
ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak G20 sammiti çərçivəsində Polşadakı raket insidenti ilə bağlı görüş keçiriblər. Butov.az xəbər verir ki, məlumatı Ağ Ev yayıb. Ağ Evin bəyanatında Bayden və Sunakın Ukraynaya raket zərbələri ilə bağlı müzakirələr apardığı və ABŞ və Böyük Britaniya hökumətlərinin Kiyevi dəstəklədiyi vurğulanıb. "Onlar həmçinin Polşanın şərqində baş verən partlayışı və Polşa ilə bağlı davam edən təhqiqata tam dəstəyimizi müzakirə ediblər", - məlumatda deyilir. Noyabrın 15-də axşam Polşa mediası iki raketin Polşa ərazisinə düşdüyünü - Ukrayna ilə sərhəddəki kənddə iki nəfərin həlak olduğunu bildirib. Ölkənin Xarici İşlər Nazirliyi Polşaya düşən raketin Rusiya istehsalı olduğunu bildirib. ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna-Polşa dövlət sərhədi yaxınlığındakı hədəflərə heç bir zərbə endirilməyib və bəzi dağıntıların dərc edilən fotolarının Rusiya silahları ilə heç bir əlaqəsi yoxdur.
Ərdoğan: "Rusiyanın açıqlamasına hörmət etməliyəm”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Polşaya düşən raketlərlə bağlı jurnalistlərin sualına cavab verib. Ərdoğan "Rusiyanın açıqlamasına hörmət etməliyəm” deyib: “Rusiyanın "Bu işin bizimlə heç bir əlaqəsi yoxdur" deməsi bizim üçün vacibdir. Baydenin raketlərin Rusiya istehsalı olmadığını deməsi onların Rusiya ilə heç bir əlaqəsi olmadığını göstərir. Məsələnin araşdırılması vacibdir”. Qeyd edək ki, dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub. ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 Liderlərinin Zirvə toplantısından sonra media mərkəzində mətbuat konfransı keçirib. Ərdoğan İstanbuldakı son terror hadisəsi ilə bağlı “İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdır” deyib. Prezident terrorla mübarizə ilə bağlı “Türkiyənin ədalətli mübarizəsi üçün bütün dost və müttəfiqlərimizin səmimi dəstəyini gözləyirik” söyləyib: “Terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik”. Ərdoğan çıxışında bu ifadələrdən istifadə edib: “Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə etsinlər, terrorçular onları gözləyən acı taledən qaça bilməyəcəklər”. ABŞ-dan F-16-ların tədarükü ilə bağlı danışarkən Ərdoğan, "cənab Bayden müsbət irəliləyişlərin olduğunu söylədi" deyib. Prezident taxıl dəhlizi ilə bağlı "danışıqlarımız davam edir və inanıram ki, bir problem yoxdur" söyləyib.
ABŞ: Polşaya düşən raket Ukrayna tərəfindən atılıb
Ötən gecə Polşa ərazisinə düşən raket, ilkin məlumatlara görə, Ukrayna hərbçiləri tərəfindən Rusiya raketini vurmaq üçün buraxılıb. Bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən məlumat yayıb. "İlkin məlumatlar göstərir ki, Polşanı vuran raket Ukrayna qüvvələri tərəfindən yaxınlaşan Rusiya raketinə atılıb", - agentliyin açıqlamasında deyilir. Dünən axşam saatlarında Polşanın Ukrayna ilə sərhədindəki kəndə raket atılıb və 2 dinc sakin həlak olub. ABŞ-dan verilən yeni açıqlamada raketin Kiyevin Rusiya raketlərini vurmaq üçün atdığı raketlərdən biri olduğu bildirilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!