Anar – 85
Nə xoş ki sizinlə müasirəm...Sevimli Anar müəllim!Doğum günüzü və yubiley yaşınızı təbrik edirəm. 80 illiyinizə həsr etdiyim yazını Şuşaya qovuşmaq arzusuyla bitirmişdim. Nə xoş ki, o arzumuza yetişdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə cəngavər ordumuzun dünyanı heyrətdə qoyan fədakarlığı sayəsində Şuşada, bütövlükdə Qarabağda qan ağlayan torpaqlarımızın həsrətinə son qoyuldu. Şuşamız yenə çal-çağırlıdır, yenə qonaq-qaralıdır. Xarı bülbül festivalı, Vaqif Poeziya günləri yenə Şuşada baş tutur.
Son 30 ildə ilk dəfə olaraq qalib ölkənin vətəndaşı, yazarı kimi yubileyinizi qeyd edirsiniz. Sizə-sevimli xalq yazıçımıza uzun ömür, sağlam canla yaradıcılıq uğurları arzulayıram.
80 illiyinizdə Sizə ünvanladığım təbriki yenidən oxucuların ixtiyarına verirəm.Çox hörmətli Anar müəllim!
Elə bilirəm ki, Sizinlə müasir olmasaydım, ədəbi dünyamda bir boşluq olacaqdı. Mənim üçün yaşadığım dövrün ən qiymətli milli sərvətlərindən birisiniz. Özü də yüzillər keçəndən sonra daha qiymətli olaraq istifadə olunacaq milli sərvət...
Biz zahirən o qədər də yaxın deyilik. Qəlbimə yaxın olan ən əziz ziyalılardan olsanız da, tədbirləri nəzərə almasaq, Sizi tanıdığım uzun illər ərzində qapınızı heç 5-10 dəfə döyməmişəm. Qıymamışam. O mənada ki, Sizin üçün ən qiymətli nəsnələrdən olan vaxtınızı almaq istəməmişəm. Yazıçılar Birliyinin üzvü təkcə mən deyiləm axı... Hər gələn qayğısı, problemi ilə Sizi nə qədər yükləyir? Lazım oldu-olmadı ilhamlı anlarınızı əlinizdən alanların sayı bir deyil, beş deyil... Yaxşı yadımdadır. Nədən ötrüsə qəbulunuza gəlmişdim. Söhbət əsnasında Yazıçılar Birliyinin üzvü olmadığımı biləndə təəccübləndiniz. – Ədəbi jurnalın baş redaktoru çoxdan Birliyin üzvü olmalıydı, yazılarınızı da oxuyuram, – dediniz. – Anar müəllim də Birliyin üzvü, mən də... utana-utana söylədim. Güldünüz.
Həmin il qəbul müvəqqəti dayandırılmışdı. Amma məni Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə növbəsiz qəbul etdiniz. Buna görə hər zaman Sizə minnətdaram. Həmin gün Sizin təşəbbüskarlığınız olmasaydı, yəqin ki, bu günə kimi Birliyin üzvü deyildim.
Hörmətli Anar müəllim!
Nə yaradıcılığınıza qiymət vermək səlahiyyətindəyəm, nə də oxuduqlarımı təhlil etmək fikrində... Dəfələrlə haqqınızda nəsə yazmaq istəmişən. Cürətim çatmayıb. Bu yazını yazmağa isə məni yubiley yaşınız sövq etdi. Öncədən deyim ki, kitabla, bədii ədəbiyyatla təmasda olduğum zamandan oxuduğum nasirlər sırasında birincilərdənsiniz. Neçə onillərdir ki, fikir dünyamı zənginləşdirənlər arasında Sizin öz yeriniz var. İstər nəsr, istər dramaturji, istər publisistik əsərlərinizin hər birini neçə dəfə oxuduğumu xatırlaya bilmirəm. Amma hər dəfə ilk dəfə oxuyurammış kimi başlayıram. Bu yazını yazanda nə Sizin kitablarınızı vərəqlədim, nə də haqqınızda yazılanları. Açığı, təsir altına düşməkdən qorxdum. Öz tanıdığım Anarı yazmaq istədim. Amma bu ərəfədə hörmətli qələm sahibi Arif Əmrahoğlunun Sizin haqqınızda yazdığı “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” kitabı əlimə düşdü. Qələminə qüvvət, mənim ürəyimdən keçənləri istədiyimdən də yüksək səviyyədə yazıb çap etdirib. İstər-istəməz yazdıqlarının təsiri altına düşdüm. Bu mənada Arif Əmrahoğlundan dönə-dönə üzr istəyirəm. Fikirlərimizin üst-üstə düşməsi hər ikimizin Sizə hörmət və məhəbbətdən irəli gəlir. “İstedadlı bədii əsər yazmaq sevincdir, amma sağlığında əsərinin, əməlinin bənzərsizliyi ilə tarixə çevrildiyinə müasirlərinin etirafına şahid olmaq xoşbəxtlikdir.”
Nə qədər haqlı fikir!
Hələ yazıb-oxumağı bacarmadığım zamanlarda Sizin hekayələrinizin ləzzətini radio dalğalarından duyurdum. Yazıb-oxumağı öyrəndim. İbtidai sinfi də bitirdim. Səməd Vurğundan, Şəhriyardan, Rəsul Rzadan, Mikayıl Müşfiqdən, Nigar Rəfibəylidən, Mirvarid Dilbazidən, Bəxtiyar Vahabzadədən, Nəriman Həsənzadədən, Məmməd Arazdan ... bir az aralandım. Nəsrə keçdim. Bu sırada İlyas Əfəndiyev, Elçin və Siz öndə idiniz. Ədəbiyyatda mühüm bir mərhələni təşkil edən altmışıncı illərdən bu yana mənim üçün canlı bir epoxasınız. Radioda telefonla bağlı bir hekayənizin radio tamaşasını tez-tez verərdilər. O qədər təsirlənmişdim, sonralar mən də bir hekayə yazdım (Siz Allah, “hekayə yazdım” ifadələrinə görə məni bağışlayın). Hətta Sizdən bir epiqraf da gətirdim: “Dünən sənin telefonun öldü.”
Hötmərli Anar müəllim!
Təəssüf ki, yaradıcılığınız elə ilk gündən istedadsızların əbədi mövzusudur. İstedadlılar istedadsızlara hər zaman əlçatmaz zirvə olduğundan gücləri yalnız paxıllıq hissləri ilə ürək bulandırmağa çatır. Günahkarsınızmı, zamanına sığmayan, sözü ötkəm Rəsul Rzanın, ipək kimi yumşaq Nigar Rəfibəylinin ailəsində dünyaya göz açmısınız?! İki böyük istedadın başqa cür barı ola bilərdimi?! Doğulduğunuz ailə mühitinə uyğun olaraq yəqin ki, uşaqlığınız da, gəncliyiniz də başqalarından fərqli keçib. Ədəbi, yaradıcı mühit, hər zaman nəinki Azərbaycanın, dünya xalqlarının, keçmiş SSRİ məkanının tanınmışları ilə zəngin ünvan. Ata-ananızın əbədi ayrılığından sonra ürək ağrısı ilə qələmə aldığınız “Sizsiz”in yazılıb dərc olunma tarixi mənim tay-tuşlarımın yaxşı xatirindədir. Jurnal variantından sonra əl-əl gəzən kitab hər ailənin stolüstü kitabına çevrilmişdi. Sənədli xatirələrlə dolu “Sizsiz”də belə valideynlərin övladı – özü də oğul övladı olmaq məsuliyyətini daşıdınız. “Sizsiz”də mənim fikrimcə, Rəsul Rza və Nigar Rəfibəyli Sizin valideynləriniz olmaqdan daha çox, Rəsul Rza və Nigar Rəfibəyliyə oğulluq missiyyasını daha çox yerinə yetirmisiniz. Arif Əmrahoğlunun fikirlərinə yenə istinad edirəm: “Doğmaların itkisi insanı silkələyən fərdi bir ağrıdır, faciədir. Hərənin öz dərdi var, insanın insanlığı bir də öz dərdinə hörmət etməsilə ölçülür. Gözlənilməyən və çağrılmayan itki Anarın şəxsi dərdilə yanaşı həm də bütün Azərbaycan xalqının dərdidir. “Sizsiz” şəxsi itki haqqında elegiya deyil, valideynlərin ölümü haqqında göz yaşları deyil. “Sizsiz” həyat, insan ömrünün mənalılığı, ölümün qaçılmazlığı haqqında düşüncələrdir.
Anarın Nigar Rəfibəyli haqqında xatirələri öz həyatı haqqında xatirələrə çevrilir. Xatirələrlə tanışlıq göstərir ki, ölümlü insanlar kimi R.Rza və N.Rəfibəylinin poeziyadan başqa, ANAR adlı başqa sevimli əsərləri varmış.”
Hörmətli Anar müəllim!
Yazını yazdıqca qəlbimdə yaxın-uzaq xatirələr, xəyalımda quş kimi uçan illər... 1981-ci ilin aprelin ikisində Rəsul Rzanın vida mərasimi və dəfni... Tələbə idim. Ömrümdə ilk dəfə belə nəhəng izdiham görürdüm. Sonralar da vida və dəfn mərasimlərində iştirak etmişəm. Amma o izdihamın əzəməti hələ də yaddaşımda yaşayır.
Anar müəllim!
Sizin haqıqnızda yazdığım anlarda unudulmaz Həsənağa Turabovun 75 illiyi ilə əlaqədar televiziyada verilişlər gedirdi. Yaşıd olduğunuzu bilmirdim. Ruhu şad olmuş Həsənağa Turabovu niyə xatırladım?... 1982-ci illərin əvvəlləri idi. Milli Dram Teatrında aktyorun yaradıcılıq gecəsi keçirilirdi. O zaman belə görüşlərə təşnə idik. Dəvətnamə tapmaq müşkül məsələ idi. İndi dəvətnamələri də rahat tapırıq, biletləri də. Təəssüf ki, həmin ovqatda deyilik... Dəvətnaməni bizə unudulmaz yazıçı-publisist Mailə xanım Muradxanlı vermişdi. Yoldaşımla getdik. İki ildi ailəliydik. Hər ikimiz tələbəydik... Yaradıcılıq gecəsində çoxları söz dedi. Amma etiraf edirəm ki, heç biri yadımda qalmayıb. Amma Sizin dedikləriniz indiyə kimi xatirimdədir. Gecəni indi xalq artisti olan Firəngiz Mütəllimova aparırdı. Ağ paltarda idi. Sizin dediklərinizdən: “Həsənağa Turabovun yaradıcılıq gecəsini məhz Firəngiz xanım aparmalıydı. Özü də beləcə ağ paltarda... “Şəhərin yay günləri”nin məşqləri gedirdi. Rejissor Tofiq Kazımov Həsənağa Turabovun oyunundan necə riqqətə gəldisə, ani olaraq məşqi dayandırdı. Hamımız onun nə deyəcəyini gözləyirdik. Tofiq müəllim vəcdə gələrək: “Həsənağa, qayıt gəl teatra, bu səhnə sənə yaraşır, sən bu səhnəyə,” dedi.
Bu həmin illər idi ki, Turabov teatrdan uzaqlaşmışdı.
İlk kitabım olan daxili xidmət general-mayoru Aydın Məmmədovun ömür yolunu yazırdım. Nədənsə bir-iki gün fasilə verdiyimdən fikirlərimi toplaya bilmirdim. Ağ vərəqlər qarşımda, qələm əlimdə... Səssizliyin bu yerində unudulmaz maestro Emin Sabitoğlu haqqında televiziyada veriliş başlandı. Siz danışdınız. Dost itkisinin ağrı-acıları içinizi göynədirdi. Hər kəlməniz iliyimə işləyirdi...
Gəl qoşulaq durnalara,
Vətən sarı uçaq, uçaq...
Göy boşluqdan gəmi üzər,
Yada düşər mavi Xəzər.
Altmış yaş necə yaxın
On beş yaşım necə uzaq.Sözləri Sizin, musiqisi Emin Sabitoğlunundur. Maestronun öz səsiylə, öz müşaiyətilə mahnı səsləndi. Mahnı bitdi. Siz isə xatirələrinizi davam etdirdiniz.
Hər ikisinin taleyinə 63 illik ömür qisməti yazılıbmış. Kitabın elə yerində qalmışdım ki, 15 yaşında artıq Astaraya sığmayan Aydın Məmmədov evdən xəbərsiz qatara oturub Bakıya gəlmişdi. Adi dəniz matrosluğundan daxili işlər nazirinədək yüksəldi, ləyaqətli, şərəfli bir ömür yaşadı.
Sizin televizyadakı söhbətinizdən, daha doğrusu, “On beş yaşım necə uzaq...” misrasından sonra sanki itmiş açarı tapdım. Kitabı böyük həvəs və sürətlə yazıb başa çatdırdım.
Anar müəllim!
“Söz” jurnalında müsahibələrdən birinə verdiyiniz cavab belə idi. “Ən çox sevdiyim iş yaradıcılıqdır”. Bakıda 10-15 il əvvəl baş verən sonuncu (təki sonuncu olsun) ağır zəlzələ zamanı evdən çıxanda kimi pullarını, kimi qızıllarını götürüb qaçıb. Siz isə əlyazmalarınızı. Nə dərəcədə həqiqətdir, deyə bilmərəm, çünki gözümlə görməmişəm. Amma yüz faiz inanıram.
Sevimli Anar müəllim!
Son illər çoxlarının düçar olmuş yaddaşsızlıq problemindən mən də əziyyət çəkirəm. Amma Sizinlə olduğum tədbirlərdə və ya televiziya verilişlərində mübaliğə olmasın, bütün dedikləriniz yaddaşıma yazılıb. Yəqin ki, bu deyim tərzinizin orijinal, duzlu olmasından irəli gəlir. Çoxları Sizi qaraqabaq kimi qiymətləndirir. Amma elə bir çıxışınız olmur ki, ora incə yumorunuz qatılmasın. Ciddi adamların yumoru da ciddi olur axı... “Poeziya” verilişinin növbəti sayı poeziya nəhəngi Rəsul Rzaya həsr olunmuşdu. Qonaqlarınız xalq şairi Fikrət Qoca və akademik Rafael Hüseynov idi. Yaşdan, müdriklikdən söz düşdü. Üçünüz də qeyd etdiniz ki, Rəsul Rza hələ cavanlığından yaşından böyük, müdrik olub. Rafael müəllim Fikrət Qocanın “Qoca”sı ilə əlaqədar nəsə dedi. Siz “Fikrət işini vaxtında tutub” dediniz. Başqası bu sözləri söyləsəydi, bəlkə də dodağım qaçmazdı. Amma Sizin dediyinizə ləzzətlə güldüm.
Uzun illər köməkçiniz işləyən Tovuz Teymurovanın Tacmahal şadlıq sarayındakı toy məclisinə astaralı rəfiqəm
Sakitə Ülvi ilə gəlmişdim. Bizdən bir qədər sonra Siz ömür-gün yoldaşınız Zemfira xanımla gəldiniz. Qonşu stollarda idik. Sakitə xanım sizinlə şəkil çəkdirmək istədiyini bildirdi. Durub Sizə yaxınlaşdım. Daha doğrusu, Zemfira xanıma. Həmin ərəfədə yenicə akademik seçilmişdi. Təbrik elədim və sizlərlə şəkil çəkdirmək istədiyimizi bildirdim. Zemfira xanım etiraz etmədi. Siz isə – sizə heç nə demir, davası mənimlə evdə olacaq – söylədiniz.
Zarafatınıza hamımız güldük. Belə yumor və zarafatlarınızla iştirakçısı olduğunuz tədbirlərdə çox rastlaşmışam. Xüsusilə Yazıçılar Birliyinin Natəvan klubunda. Haqqında tədbir olan yubilyarın və ya hər kimsənin ən orjinal dəst-xəttini xarakterini açmaqla tədbirdə xoş əhval-ruhiyyə yaradırsınız.
Anar müəllim!
Bəlkə də, tay-tuşlarınız olan digər qələm adamları kimi ehtiyacın, kasıbçılığın nə olduğunu bilməmisiniz (Deyim ki, təmtəraqlı, qeyri-adi geyiminizi də heç vaxt görməmişik). Amma istər ata, istər ana – Məmmədxanlılar və Rəfibəylilər tərəfindən acı repressiyalar, nigaran ömürlər, üzüntülər, faciələr Sizin nəslin taleyindən yan keçməyib. Nəslin sağalmayan ağrı-acıları bu günədək ürəyinizi göynədir.
Sadə geyim tərzi şəxsiyyət üçün o qədər də önəmli deyilmiş. Önəmlisi odur ki, hər hansı bir oxucunuz Sizinlə adi kostyumda rastlaşsa belə, Sizi sevən digər dost tanışına fəxarətlə bildirir: “Mən bu gün Anarla rastlaşdım” (Əvvəllər belə hallar tez-tez olurdu. Çünki çox zaman piyada gəzirdiniz).
Anar müəllim!
Ömrü boyu əyalətdə yaşayıb-yaradan şair-dramaturq Şəkər Aslana xüsusi diqqət göstərirdiniz. 1985-ci ilin fevral ayı idi. O zaman yerli qəzetdə işləyirdim. Siz xalq şairi Fikrət Qocayla Lənkərana Şəkər Aslanı görməyə gəlmişdiniz. Şəkər müəllim qəzetin yaradıcı kollektivini çağırıb sizinlə görüşdürdü. Yadigar olaraq şəkil də çəkdirdik.
1995-ci ilin yayında Şəkər Aslanın 60 illik yubileyinə hazırlaşərkən şair qəflətən dünyasını dəyişdi. Lakin bir neçə ay sonra indi haqq dünyasında olan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Dilruba xanım Camalova yubileyi keçirməyə nail oldu. Bakıdan xeyli qonaq gəlmişdi - bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, Milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov, Mədəniyyət və İnformasiya nazirini əvəz edən xalq şairi Nəriman Həsənzadə, xalq artisti Canəli Əkbərov, professor Gülrux Əlibəyli və başqaları. Şəkər Aslanın yubiley gcəsində də, qəbri üstündə də kövrək xatirələr söylədiniz.
Müəllifi və aparıcısı olduğunuz "Poeziya" verilişinin bir sayını Şəkər Aslana həsr etmişdiniz. Xatirə söyləmək üçün şair İltifat Salehlə məni dəvət etmişdiniz. Xatirələrimiz çox uzandı. Düşündüm ki, dediklərimizi kəsib doğrayacaqlar. Narahatlığımı Sizə də bildirdim. Dediniz, darıxma, 2 veriliş edərlər.
Belə də oldu.
Sevimli Anar müəllim!
XX əsrin altmışıncı illərindən XXI əsrə pərvazlanan sənət nurunuz yarım əsrdən artıqdır ki, milyonların qəlbini işıqlandırır.
“Qobustan” dərgisini – gözəl sənətlər toplusunu 1969-cu ildən yaratsanız da, mən dərgini 1979-cu ildən izləməyə başlamışam və o zamandan “Qobustan”ın orbitindəyəm. İtirdiyim illərin saylarını sonralar əldə edib istədiyim yazıları oxumuşam. Rafael Hüseynovun və digər sevdiyim qələm sahiblərinin yazılarını məhz “Qobustan”ın səhifələrində tapmışam. Fərqli dərgi olan “Qobustan”da fərqli üslubunuz nəzərə çarpırdı. Dərgi elə bir dörvdə nəşrə başlamışdı ki, mətbuatın hökmü məhkəmə hökmünə bərabər idi. Təzyiqlərə məruz qalsanız da, jurnalın orijinal yazı tərzini, mövzu orijinallğını qoruyub hifz edirdiniz.
Məlumdur ki, altmışıncılar nəsli arasında öncüllərdən biri Siz olmusunuz. Sizin nəslin yazarları sığmadığınız üfüqləri yeni yaradıcılıq tərzində tapırdı. Siz də özününzdən əvvəlkiləri bəyənmirdiniz. Fəqət bəyənmədiklərinizi nə söyür, nə də təhqir edirdiniz. Fikirlərinizin sübutu üçün yeni formalı, yeni deyim tərzi olan əsərlər qoyurdunuz meydana. Tarix boyu heç zaman gənclik keçmişi bəyənməyib. İndiki nəsil isə həddən ziyadə azad, sərbəst bir mühitdə yaşayıb yaratsalar da, xəbis hisslərindən əl çəkmir. Şöhrətinizi qısqanırlar. Onların qərəzli mövqelərinə dözsəniz də, bütün bunlar içinizdən keçir, səhhətinizə təsirsiz ötüşmür.
Anar müəllim!
Azərbaycan xalqının ana kitabı olan “Dədə Qorqud” dastanına əbədi ekran həyatı bəxş etməyiniz bütöv türk dünyasına ən böyük töhfədir.
Doğma yurd haqqında bundan gözəl nə demək olar!?
Vətəni sevmək və ya qorumaq əlinə silah alıb təkcə düşmənlə döyüşməkmi? Qarabağ göynərtisi, Qarabağ ağrısı, bütövlükdə vətən obrazı yazılarınızda, filmlərinizdə elə yüksəkdədir, sözünüzün qüdrəti, sözünüzün hökmü milyonları ardıyca apara bilər.
Yaradıcılığını yüksək qiymətləndirdiyiniz mətbuatımızın Molla Nəsrəddini – Mirzə Cəlili “Qəm pənəcərəsi”ndə necə də ağrılı məhəbbətlə əbədiləşdirmisiniz.
Səbuhi (M.F.Axundzadə) ömrünü «Sübhün səfiri»ndə əbədiləşdirdiniz.
Cavid əfəndini “Cavid ömrü”ylə yenidən xalqımıza qaytardınız.
Bütün teleflim, teletamaşalarınınzın ərsəyə gəlməsində xalq artisti Ramiz Həsənoğlunun xidməti danılmazdır.
“Dantenin yubileyi” – Kəbirlinskinin saflığından doğan sadəlövhlüyünə hər baxanda ürəyim göyüm-göyüm göynəyib.
“Otel otağı”nı “Azərbaycan” jurnalından oxuyub ağlamışdım. Hətta Sizə bir məktub da yazdım. Amma göndərmədim. Sonra film... Müasir ziyalının real portreti...
Hər birimizin uşaqlığını, gəncliyini əks etdirən nostalji hisslərlə dolu “Gün keçdi”...
Ömrü boyu, hətta ölümündən sonra da böhtanlara, dedi-qodulara məruz qalan, qəlbi büllur kimi saf Təhminə...
“Ötən ilin son gecəsi” ən azı hər il elə yazıldığı tarixdə göstərilir. Hər dəfə kövrək, nostalji hisslərlə duyğulanırıq. “Evləri köndələn yar” otuz ildən artıqdır, ruhumuzu saflaşdırır. Dəfə-dəfə baxsaq da, aktuallığını, reallığını, yumor hissini itirmir. Obrazların hər kəlməsi artıq aforizmə, zərb-məsələ çevrilmişdir... Bu yaxınlarda çox tanınmış bir şəxsin qırx mərasimində iştirak edirdim. Sanki “Evləri köndələn yar” tamaşasının elçilik səhnəsinin yas mərasiminə düşmüşdüm. Çoxları “məhzı” bu məclisə düşdüklərinə görə, axtardıqlarıyla burda rastlaşdıqlarına görə necə sevinirdilər.
***
Bəlkə də, bu mənim səhvimdir? – Ömrümdə nə bir xarici filmə baxmışam, nə seriala... Amma “Üzeyir ömrü”nü əzbər bilirəm. Əgər bir gündə film televiziyanın 2-3 kanalından göstərilsə, heç birini ötürmərəm.
Yüz yaşayın, Anar müəllim!
Şuşa əvvəl-axır bizim olacaq. Amma həmin cənnətməkan olmayacaq axı... Qarabağın şah tacı Şuşa nankor erməni vandalizminə məruz qalmış bir şəhərə çevrilib. Nə yaxşı ki, o cənnətməkan diyarı vaxtında filmdə əbədiləşdirmisiniz. Deyərdim ki, bu gün əlçatmaz olan Şuşanı lentə alıb əbədiləşdirmək yüzlərlə döyüşən əsgərin qəhrəmanlığına bərabərdir.
Filmə baxıram... saralıb solmuş fotolar, qədim Şuşa, yerli şuşalılar... Üzeyir bəyin canlı görüntüləri, canlı səsi... Balaca Üzeyir Şuşadan gedir. Faytona oturur, Qori şəhərinə yola düşür. Şuşanın şöhrətini daha uzaqlara yaymaq üçün...
Sonralar yenə də Şuşaya qayıdır. Lakin qonaq kimi. Qulaqlarında Şuşa nəğmələri, göz yaddaşında Şuşa mənzələri. Ömrü boyu bütün yazıb-yaratdıqlarının qəhrəmanları bu şəhərin sakinləri oldular. Uşaqlıqdan yaddaşına əbədi yazdığı nəvalar üzərində kökləndi. İstər dramaturji, istər publisistik, ən başlıcası musiqi istedadının püxtələşməsi üçün məhz Şuşada boya-başa çatmalıydı Üzeyir bəy. Gövhər ağa məscidindən uzaqlara yayılan azan səsi, məhəccərli eyvanlardan körpələrin muğam üstə ağlamaları, İsa bulağının ətrafında ən məşhur ifaçıların oxumalarına heyranlıqla tamaşası, Xan qızı Natəvanla söhbətləri...
Sevimli Anar müəllim!
Sizə yubiley təbriki ünvanlayanda xəyalıma gəlməzdi ki, yazını Şuşa həsrətilə, Şuşa nisgililə bitirəcəyəm. Nə yaxşı ki, belə alındı. İnanıram ki, lap yaxın yubileylərinizin birində “Üzeyir ömrü”nə Şuşada baxacağıq. Amin!
Sevda Əlibəyli,
“SÖZ” Jurnalının baş redaktoru