"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 8-06-2024, 17:27
İLAHİ SÖZÜN MÖCÜZƏSİ


İLAHİ SÖZÜN MÖCÜZƏSİ

Milli ruhumuzu sazın tellərində yaşadan, türkün böyüklüyünü çaldığı havalarda «dilə gətirən», sazı sinəsinə sıxaraq təzanəni simlərə toxundurub könlümüzün uçuşunu -Turan dünyasına yönləndirən, can evimizi ağappaq işıq selinə bürüyən Məhəbbət Kəlbəcərli «Aşıq təcnis deməsən…» kitabıyla (Bakı, 2024) - cığalı təcnislərlə, təcnis gəraylılarla, bir sözlə, ürəyə təsirsiz ötüşməyən təcnislərlə görüşümüzə gəlib və xoş gəlib. O, bu görüşüylə də əvvəlki görüşləri kimi sevincimizə sevinc qatmağı bacarıb, bizi sözün sehrində gah aşıq Ələsgər, gah Dədə Şəmşir dünyasında, gah da Azaflı Mikayıl, aşıq Əkbər dünyasında «gəzdirərək» ruhumuza sığal çəkə-çəkə, beynimizin qırışlarını sözlə aça-aça torpağa, yurd yerinə, vətənə daha qırılmaz tellərlə bağlaya bilib. Bizi fikir dünyasına qərq edərək dünyanın açılmayan sirlərilə üz-üzə qoyub və biz bu «sirləri» onun təcnislərində tapdığımıza sevinir, tapmayanda da ruhdan düşmürük, çünki Məhəbbət Kəlbəcərli ruh şairidir, könül adamıdır, eşq adamıdır və həm də Qorqud öyüdlü bir ağsaqqaldır. O, həm də dünyamızın dərviş şairidir, sufi şairidir. Onun dərvişliyi də, sufiliyi də eşq adamı, könül adamı olduğunu heç kimdən yox, qələmə aldığı və bizə ünvanladığı təcnislərdən öyrəndim.

Təcnislə «baş-başa» qalmaq, hər təcnisin hər misrasında gizlənmiş mənanı, fikri, fəlsəfi düşüncəni üzə çıxarmaq, arayıb-araşdırmaq, necə deyərlər, bu «dolaşıq kələfin» ucunu tapmaq üçün gərək dünya fəlsəfəsindən, dünya bilgilərindən az-çox xəbərdar olasan. Məhəbbət Kəlbəcərli həm öz fəlsəfi baxışlarını, fəlsəfi fikir və düşüncələrini sazda «gizlənən» milli qaynaqlardan alır, həm də aşıq elminə dərindən bələd olduğu üçün bildiklərinin üstünə dünya fəlsəfəsindən öyrəndiklərini də əlavə edib qələmilə möcüzələr yarada bilib. Bu möcüzələr onun inci kimi ipə-sapa düzülmüş təcnisləridir. Gəlin aşıq-şairin «Qəm şirə çəkdi» cığalı təcnisindən bu misralara diqqət yetirək:
Ürəyim bağlandı kaman telinə,
Naləsi nə dedi, görün teli nə?
Teldən salar…
Pərdədən, teldən salar.
«Payız» gəlib çatdımı,
Yolunu teldən salar.
Vaxtsız Məhəbbətin qumral telinə,
İllərin əliylə qəm şirə çəkdi!

Bu misralarda bir insan ömrü təsvir edilib. İnsanın yaz ömründən payız ömrünə qədərki vaxtı poetik sözün gücüylə təsvir edən şair az sözlə romanlara sığmayan fikri qələmə alıb. Payız insan yaşa dolanda yolunu teldən salır, yəni insanın saçını ağardır, belini bükür, ömrün sonunun yaxınlaşdığını bəyan eləyir. İllərin əliylə qumral tellərə qəm şirə çəkir, qayğısız günləri qayğılı günlər, sevincli günləri kədərli günlər əvəz eləyir. Vaxt ötüşdükcə kaman telinə bağlanan gənclik eşqi, gənclik həvəsi də pərdədən, teldən düşüb əlçatmazlığa qərq olur. Bu, misralar adi misralar deyil, şeirlə yazılmış olum və ölüm haqqında fəlsəfi fikirlərdir…
Ustadcasına, aşıq Alı, aşıq Ələsgərcəsinə deyilmiş bu misraların fəlsəfi yükü ağırdır, çox ağırdır. Şairin təcnisləri dərdə, sevincə, təsəlliyə, təskinliyə çevrilir, ona görə də şeir olur. Bu təcnislər ürəyə o qədər yaxındır ki, ruhu o qədər doğmadır ki, sanki hər misranı sən özün yazıbsan, sən özün qələmə almısan. Bax, əsl şeir belə olur və şairin təcnislər toplusunda sözlərin tərpəndiyini, diri olduğunu, nəfəs aldığını yüz ildən sonra da görəcəklər. Görəcəklər ki, Məhəbbət Kəlbəcərlinin oxuculara ünvanladığı, ədəbiyyat xəzinəmizə ürəklə, cəsarətlə daxil etdiyi kitabları - eləcə də «Aşıq təcnis deməsən…» təcnislər toplusu bir günlük, bir aylıq, bir illik oxunmaq üçün deyil, əbədilikdir, günəş sönənəcən oxunmaq üçündür. Belə bir cinaslar toplusunun müəllifi xoşbəxt taleli şair deyilmi?
Xoşbəxtliyi maddiyyatda yox, mənəviyyatda görən şairin bir təcnisinin qiyməti şah xəzinəsindən daha dəyərli deyilmi? Pul xərclənib qurtarar, dəyərini itirə bilər, amma Məhəbbətin təcnisləri heç vaxt dəyərdən düşməyəcək, öz əhəmiyyətini, məna zənginliyini həmişə qoruyub-saxlayacaq və özü ilə bərabər şairi də yaşadacaq. Xalqın yaddaşında, sazın ruhunda yaşamaq hər kəsə qismət olan xoşbəxtlik deyil və hər şair də «təcnis meydanı»nda Məhəbbət Kəlbəcərli ilə üz-üzə gələ və bu misraları qələmə ala bilməz:
«Haq» dedim - gözümə barmaq uzandı,
Yalan doğru çıxdı, düzümdən mənim.

Şair təcnislərində təkcə özünü yaşatmır, həm də Aşıq Alının, aşıq Ələsgərin, Dədə Şəmşirin, Azaflı Mikayılın, aşıq Əkbərin… ruhunu yaşadır. Çünki onun təcnislərini oxuyanda o qüdrətli və ölməz sənətkarları da istər-istəməz xatırlamalı olursan.
Məhəbbət Kəlbəcərli sözün həqiqi mənasında söz adamıdır, sözə könül verən, sözlə nəfəs alan söz ustadının misraları sevgilə, məhəbbətlə, vətən həsrətilə, olum və ölümlə, insan iztirabları, insan qayğıları ilə…eləcə də xalqın dərdilə, kədərilə yüklənib. Bu yükün ağırlığını ürəyində gəzdirən şair yazdıqları ilə mənəvi təskinlik tapır, ruhən sakitləşir, yeri-göyü az qala yandıra biləcək odlu nəfəsi sözlərə, misralara hopub oxucuya böyük təsir göstərir, onun dünyasına nüfuz edir, onu dərin düşüncələrə qərq edir və oxucu hər misrada «gizlənən» mənanı, fikri tapmaq üçün filosofsayağı fikrə gedir:
İfadə tərzinin gözəlliyi, obazlılıq və bədiilik Məhəbbət Kəlbəcərli şeirinin əsas xüsusiyyətlərindən biridir. Onun şeir dilinin məziyyətlərindən gələn poetik ifadələr şair sözünün qüdrətindən, mötəşəmliyindən xəbər verir:
Axır Məhəbbəti o gözlər əydi,
Toxundu qəlbimə göz «dəydi», gülüm!
Bu misraları oxuduğum zaman mənə elə gəldi ki, sevgi, məhəbbət haqqında bundan qüvvətli söz demək mümkün deyil. Bəli, Məhəbbətin şeirlərində dəbdəbəli sözlərə, yersiz ifadələrə rast gəlmədim. Şairin misralara hopmuş hiss və duyğuları, fikir və düşüncələri şeirə bir gözəllik qatır, təravət və istilik gətirir. Bədii sözdən bacarıqla istifadə edən şair misralarında sözlər inci kimi elə düzülüb ki, onların birinin yerini dəyişsək, bu nizam pozular və nəticədə məna da dəyişilər, fikir də.
Özünəməxsus ifadə tərzinə malik olan şairin şeirləri də özünəməxsus qəribə bir səmimiyyətlə səslənir. Şeirin gözəlliyi də elə onun səmimiyyətindədir.
«Aşıq təcnis deməsən…» təcnislər toplusunu düşünə-düşünə, hər misranın məna yükünü araşdıra-araşdıra oxudum və düzü, heyrətdən əllərim üzümdə qaldı. Məni heyrətləndirən şairin nadir poetik tapıntıları, nadir cinasları, cinaslı qafiyələri idi. Məni heyrətləndirən həm də şairin ustad aşıqlara məxsus ifadə tərzi, ifadə üslubu, tanıdığım təcnis ustalarından heç də geridə qalmaması, əksinə onlarla bir sırada, həm də birinci sırada dayanması oldu.
Görəsən, bu misraları aşıq-şair Məhəbbət Kəlbcərlidən savayı kim yaza bilər?
Mənim işim sənlə deyil, bağladı,
Zəncir zülfün divanə tək bağladı.
Sənin həsrətinlə «kitab bağladı»,
De, duydunmu Məhəbbət tək yazarı?

Məhəbbət tək yazarı duymaq üçün öncə gərək aşıq Ələsgəri, Dədə Şəmşiri, aşıq Əkbəri… duyasan! Bu misraları yazmaq üçün gərək aşıq Ələsgər ruhunu öz ruhunda daşıya biləsən. Bu, hər şairə qismət olan işdirmi? Hər halda bu qismət Məhəbbətin payına düşüb və bu gözəl tale payına görə şair Tanrıya şükür eləməsin, bəs neyləsin?!
«Aşıq təcnis deməsən…» təcnislər toplusunu hər şairin, hər aşığın, aşıq ədəbiyyatı ilə məşğul olan hər bir tədqiqatçının, folklorşünasın, bir sözlə, saza-sözə könül verən hər kəsin stolüstü kitabı olacağına ürəkdən inanıram. Bu inam ürəyimdə şairin ilk təcnisinin ilk misralarını oxuyan zaman yarandı və kitabı oxuyub başa vurandan sonra bu inam daha da möhkəmləndi. Elə bu inamla da Məhəbbət Kəlbəcərliyə üzümü tutub deyirəm: «Azərbaycan aşıq ədəbiyyatı xəzinəsini qiyməti olmayan incilərlə - təcnislərlə daha da zənginləşdirdiyinə görə sağ olun! Sağ olun ki, varsınız! Sizin varlığınız elə aşıq ədəbiyyatının varlığı deməkdir. Aşıq ədəbiyyatı dünya var olduqca yaşayacaq və deməli, siz də yaşayacaqsınız…».

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı - publisist, AYB-nin və AJB-nin üzvü.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!