Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 22-09-2024, 10:12
ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR


ƏDƏBİYYAT DÜNYANIN, HƏYATIN, İNSANIN MƏNASINA ÇATMAQ YOLUDUR

İnam Ata (Asif Ata) ilə bu ruhani təmasdan (müsahibədən) 31 il ötdü, 6 Köçəri ayı, 14-cü ildə (06.02.1993) yazılıb. Yazıda imperiyanın caynağından yenicə qurtulmuş, çaşqın durumda olan Azərbaycanın ədəbiyyatla bağlı çoxlu problemlərinə Ata münasibəti var.
İşıqlı Atalı: - Müqəddəs Ata, bu təmasda məqsədim Atamızın ədəbiyyatla bağlı düşüncələrini təqdim etməkdir. İlk sual belədir: Ocaq və ədəbiyyat. Doğrudanmı ədəbiyyat zamanın, şəraitin məhsuludur?
İnam Ata: - Ocağın məqsədi İnam, yalansız etiqad əsasında İnsanlaşma əməli yaratmaq, Azərbaycanda mahiyyətcə müqəddəslik səviyyəsində yaşayan xalq becərməkdir. Ədəbiyyatın məqsədi həyat hadisələrini mənalandırmaq, onun Mütləq - Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyətini aşkara çıxarmaqdır. Bu baxımdan Ocaq ilə Ədəbiyyat arasında qırılmaz birlik var.
Çoxları elə bilir ki, ədəbiyyat dünyanı yalnız əks etdirir. Bu, kökündən yanlış bir fikirdir. Ədəbiyyat hadisələri Mənaya, Mahiyyətə yüksəldir. Bu səbəbdən də yaxşı ədəbiyyat mütləq şəraiti ötür, mühiti ötür, yaxşı ədəbiyyat, hətta realist ədəbiyyat belə zamandan üstün olur. Bizdə isə yalnız bir şeyi daim təkrar edirlər ki, ədəbiyyatı zaman yetişdirir, şərait yetişdirir, mühit yetişdirir; unudurlar ki, şərait, mühit, zaman - siyasət yetirir, ayrı-ayrı ictimai quruluşlar yetirir, müəyyən hadisələr yetirir, lakin ədəbiyyatı zaman yetirmir. Əgər ədəbiyyatı zaman yetirirsə, onda ədəbiyyat zamanla gərək heç döyüşməsin. Ədəbiyyat daim zamanla döyüşür. Əgər ədəbiyyatı şərait yaradırsa, onda gərək ədəbiyyat şəraitlə döyüşməsin. O şərait əgər onun anasıdırsa, onda o, "şərait" adlanan anasıyla döyüşməsin. Həmçinin də mühit. Əgər ədəbiyyatı mühit yaradırsa, onda ədəbiyyat gərək öz yaradıcısı ilə döyüşməsin, onu mədh eləsin, vəsf eləsin. Əslində isə dünya ədəbiyyatında böyük nə varsa, ali nə varsa, ülvi nə varsa, o, zamana qarşıdır mühitə qarşıdır, şəraitə qarşıdır. Füzulilər, Nəimilər, Nəsimilər; onların heç biri zamançı olmayıb, şəraitçi olmayıb, mühitçi olmayıb. Hamısı şəraitə qarşı olub, mühitə qarşı olub, zamana qarşı olub, əsas odur ki, dünyaya qarşı olub.
Elə Ocağın da əsas fəlsəfəsi odur ki, İnsan gərək şəraitə sığmasın, mühitə sığmasın, zamana sığmasın, şəraiti, mühiti, zamanı ötsün. Bu səbəbdən də ədəbiyyatla Ocağın yönündə bağlılıq var, o bağlılığı açmaq gərək. Ədəbiyyatı bizim estetika, bizim tənqid, bizim ədəbiyyat çox balacalandırır, ədəbiyyatın yaradıcı mənası çox qısalır. Onun inikas mənası, əksetdirmə mənası çox şişirdilir; nəinki ədəbiyyat, ümumən insan təfəkkürünün özü təkcə əks eləmir bu dünyanı, onu yaradır, özü də təzədən yaradır. Dünyada aşiqlər olub, Məcnunu isə Füzuli yaradıb. Füzulinin yaratdığı Məcnun Füzulininkidir. Dünyada balaca Hamletlər çox olub, ancaq Şekspirin yaratdığı Hamlet olmayıb dünyada. Çoxlu balaca Qobseklər olub, ancaq Balzakın yaratdığı Qobsek Balzakın yaratdığı Qobsekdir və sairə.
Mənim zənnimcə, vaxt gəlib çatıb ki, ədəbiyyatın Mütləqliyindən əməlli-başlı, heç bir sıxılmadan danışmaq lazımdır. Ədəbiyyat - dünyanın, həyatın, insanın mənasına çatmaq yoludur. Ona görə də Asif Ata Ocağına gərəkli olan, çox emosional, idraki bir vasitədir.
İşıqlı Atalı:-Ədəbiyyatda forma-məzmun məsələsi barədə fikriniz?
İnam Ata: - Ədəbiyyatın başqa növlərindən fərqi ondadır ki, ədəbiyyatda məzmun gözəlliyi olduğu dərəcədə forma gözəlliyi var. Ədəbiyyat - məzmun gözəlliyi ilə forma gözəlliyinin birliyidir. Forma burada elə-belə yalnız ifadə deyil, o, Mənanın gözəllik səviyyəsində təzahürüdür. Ona görə də ədəbiyyat sözün gözəlliyidir, təkcə mənası deyil. Bu, məsələnin bir tərəfidir. Başqa idrak növlərində fikir gözəl olmaya bilər, ədəbiyyatda isə gözəl olmayan fikir qeyri-ədəbidir. Ona görə də çox yazıçılar var ki, yaxşı mənalı sözlər deyirlər, fikirlər söyləyirlər, gözəl olmur. İstedad - müəyyən mənada gözəl fikir deməkdir, gözəl söz deməkdir, gözəl səs deməkdir, gözəl rənglərin ahəngi deməkdir. İkinci bir tərəfdən sənətdə məzmunla forma arasında zahirilik və daxililik əlaqələri olmur. Haradasa fikir deyəndə daxili məzmunun zahiri izharı nəzərdə tutulur. Ümumiyyətlə, fikir xaricilik mənasındadır.
- Atanın fəlsəfi-bədii tənqidi dünya ədəbi tənqidçiliyində Göy halıdır - bu vaxtacan olmayan. Bu barədə Atanın özündən eşitmək oxucularımız üçün çox maraqlı olardı.
- İndiyə qədər olan tənqiddə zirvə Belinski tənqididir, eyni zamanda Brandes tənqidi də yüksək qiymətləndirilir. Başqa tənqidçilər də var, ancaq bu iki qütb - Belinski və Georq Brandes əsas sayılır. Bədiyyat da, ayrı-ayrı fəlsəfi fikirlər, düşüncələr də var, inkar etmək olmaz, ancaq mənə bunlar az gəldi: oradakı bədiilik də, fəlsəfilik də az gəldi. Onlar nə qədər istəsələr də, istəməsələr də, hər halda ədəbiyyatın özündən asılı oldular, hədsiz dərəcədə asılı oldular və fəlsəfə burada tam aşkarlanmadı, bədiiyyat da burada tam aşkara çıxmadı. Mən isə Şərq adamı və fəlsəfəyə bağlı olduğum üçün, eyni zamanda bədii ədəbiyyata çox meyil elədiyim üçün elə ilk tənqidçiliyimdən tənqidin yönünü tamamilə dəyişdim. Mənim əsas məqsədim - ədəbiyyatı yaxşı mənada vasitəyə çevirməkdir. Bunun ədəbiyyata qəti ziyanı yoxdur və qəti onu alçaltmır. Ədəbiyyatı vasitəyə çevirmək, ədəbiyyat vasitəsilə dünyanın, həyatın böyük fəlsəfi problemini həll eləmək.
Ədəbiyyat buna çox gözəl imkan verir. Buna ədəbiyyat qədər imkan verən heç nə yoxdur. Yəni əgər filosoflar fikirlərini təsdiq etmək üçün həyata müraciət edirlərsə, burada sən həyatdan artq olana - ədəbiyyata müraciət edirsən: burada filosofluq üçün təzə üfüqlər açılır.
Mənim bütün yazılarım bu filosofluqdur: "Sənət və şəxsiyyət", "Sənət və kəşf", "Fəlsəfə və poeziya", "Yerdəkilərin Göy Həsrəti", "Həqiqət və Yarımhəqiqət", "İnam və Şübhə"...Bunlar hamısı fəlsəfi məsələlərdir. Beləliklə, burada üstünlük fəlsəfənin özünə verilir. Əgər Belinskidə ədəbiyyat üstünlük təşkil edirdisə, burada fəlsəfənin özü əsas olur və bu, ədəbiyyatın xüsusiliyini inkar etmir, onu heç cür də alçaltmır, əksinə, onu daha da böyüdür. Onda rüşeym halında olan balaca fikirlər böyüyür. O dərəcədə ki, yazıçı özü bilmədiyini burada görür. Burada ədəbiyyat öz imkanlarından artıq olur. Bu, həmçinin bədiiyyata da aiddir.
Onu da deyim ki, Azərbaycan ədəbiyyatı nə qədər böyük olsa da, Azərbaycan tənqidi onun yanında balacadır. Hər kəs, mənim zənnimcə, azdan-çoxdan ədəbiyyatçı olan, yaxud özünü ədəbiyyatçı kimi qələmə verən adam başa düşür ki, Mirzə Fətəli Axundov tənqidi mifdir. O, tənqidi əsər yazmayıb, tənqid necə olmalıdır haqda məktublar yazıb. Onun dramaturgiyası özfəaliyyət səviyyəsindədir. Fəlsəfəsi yoxdur. "Kəmalüdövlə məktubları" fəlsəfi əsər deyil, yaxşı bir publisistikadır olsa-olsa.
Belinskidən öyrəndim, Brandesdən öyrəndim, onlar məni təmin etmədi, özümdən öyrəndim. İndi Azərbaycan ədəbiyyatında Asif Atanın yaratdığı fəlsəfi-bədii tənqid var, heç kəs bunu dana bilməz. Tamamilə təzə və dünya tənqidinin fövqündə.
- Müasir Azərbaycan ədəbiyyatı haqqında Ata fikrini bilmək istəyirəm.
- Müasir Azərbaycan ədəbiyyatı gərək indi tövbə eləsin. Tövbə ədəbiyyatı gərəkdir məncə. Tövbə eləsin ki, yolunu azmışdı. Ayrı-ayrı əsərlər yəqin ki, var. Söhbət yöndən gedir və "sosializm" adlanan bir varlığı süni şəkildə mədh eləyirdi.
Ədəbiyyat özünün mahiyyətindən uzaqlaşmışdı. Ədəbiyyat heç zaman şəraitlə, zamanla uyğunlaşmır, zamanı ötür. Zamana bərabər ədəbiyyat olmayıb. Burada isə hər şey sosializmə bağlanmışdı, kommunizmə bağlanmışdı. O dərəcədə ki, heç kəs görmürdü sosializm də həmişəlik deyil. Konkretlik adıyla ədəbiyyatı cılızlaşdırdılar, Əbədiyyətdən uzaqlaşdırdılar. Əbədi məsələləri mücərrəd məsələ adıyla damğaladılar. O tendensiya qalıb, beşgünlük ədəbiyyat yarandı. Kommunizmə ilişib qalan ədəbiyyat yarandı, partiyalılıq prinsipinə ilişib qalan ədəbiyyat yarandı. Ədəbiyyatın üfüqləri hədsiz dərəcədə daraldı.
İndi tövbə vaxtıdır. Təzə Füzulilərə qayıtmaq vaxtıdır, Nəsimilərə qayıtmaq vaxtıdır. Ədəbi ideyalar vaxtıdır. Ədəbiyyatın özü olması vaxtıdır: özgələşib ədəbiyyat.
- Ədəbiyyatda xəlqilik və dünyəvilik məsələsinə Ata necə baxır?
- İndikilər belə düşünürlər ki, əgər məni dünyanın hansısa bir əcnəbi ölkəsi çap edirsə, deməli, mən böyük adamam. İkincisi, əgər kimisə dünya tanıyırsa, o, böyükdür. Bu, illüziyadır. Səni dünya tanıyar, sən dünyada olmazsan. Səni dünya tanımaz, sən dünyada olarsan. Dünyəvilik coğrafi anlayış deyil, dünyəvilik məna anlayışıdır. Dünya boyda məna var sənin yaradıcılığında. Budur dünyəvilik. Sən Nizami Gəncəvi kimi Gəncədən qırağa çıxmazsan, dünyəvi ədəbiyyat yaradarsan. Və sən bizimkilər kimi orada-burada, Fransada, hardasa bir əyalətdə çap olunarsan, sənin ədəbiyyatın heç özünə də lazım olmaz, balaca bir otağına da, nəinki dünyaya.
Şəxsən mənim heç arzum yoxdur ki, məni tanısınlar haradasa. Mən burada otura-otura öz dünyəvi işimi görürəm. Heç dünya məni tanımasın da.
Hədsiz dərəcədə formalçı olmuşuq. Füzulini dünyada tutaq ki, Folknerdən az tanıyırlar, Heminqueydən az tanıyırlar. Məgər onlar bir yerdə Füzulinin bir beytinə bərabərdirlərmi? İndi deyək ki, Folkner böyükdür, Füzuli böyük deyil? Bu səviyyədə anlam var. Bu səviyyədə anlamaq - anlamsızlıqdır. Dünyəvilik - xəlqilik deməkdir. Xüsusi dünyəvilik yoxdur. Əgər xəlqilik əsildirsə, o, elə dünyəvidir. Şərq ölkələrindən başqa muğamatı tanıyan yoxdur. Məgər bunun muğamatın dünyəvi mahiyyətinə bir ziyanı var? Özündən küssün. Mahiyyətcə olan dünyəvidir, mənası dünyəvi mənadır, insanın pillə-pillə artması, müəyyən bir səviyyədə ilahiləşməsidir. Camaat savadsızlığından, idraksızlığından hər şeyi çox bəsitləşdirir, çox asanlaşdırır. Filan sənətkar getdi Amerikada qastrolda oldu, deməli, bu, dünyəvidir. Bu isə burada oturdu "Bayatı-Şiraz" yaratdı, dünyəvi deyil.
Son 70 ildə insanların beyni azaldı. Ona görə çox bəsit, çox yanlış, tələm-tələsik fikirlərlə dolub tənqid də, ədəbiyyat da, fəlsəfə də.
- Atamızın romantizm və naturalizmə qiyməti.
- Ümumən "izm"lərin əleyhinəyəm indiki səviyyəmdə. Burada çox ehtiyatlı olmaq lazımdır. Yazıçıları bağlayırlar məktəblərə, cərəyanlara bölməyə və yazıçı şəxsiyyəti itir. Məgər Bayron romantik məktəbin nümayəndəsi idi, yoxsa böyük şair idi?
Bu nümayəndəlik, bu məktəblər, bu sxemlər hamısı buxovdur, ədəbiyyat üçündür. Realizm: Balzak olmasaydı, realizm olacaqdı? Mən belə deyərdim: xəyalın gerçəklik üzərində üstünlüyü olur ki, sonra o da gətirib fəlakətə çıxardır və "romantizm" adıyla sxematik şəkildə təsvir olunan hadisə budur. Xəyala vurulurlar, hadisəyə vurulurlar, istəyə vurulurlar Bayronlar; sonra həyat bunların bütün bu istəklərinin hamısını məhv eləyir, onlarda dəhşətli bədbinlik əmələ gəlir.
15-ci, Bakı (1993-cü il, fevral)


Paylaş



Bölmə: Ədəbiyyat / Müsahibə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!