Butov.az xəbər verir ki, iyulun 24-də “Borçalı” Cəmiyyəti İdarə Heyətinin iclası keçirilib. İclasda Borçalı Türklərinin Elat Mədəniyyəti Günü ilə bağlı son durum müzakirə olunub. Gürcüstanda Elat Bayramı üzrə Təşkilat Komitəsinin bu gün Dmanisi rayon rəhbərliyilə görüşünün nəticələri haqda xəbər alındıqdan sonra Cəmiyyətin İdarə Heyəti bəyanat qəbul edib. Bəyanatda deyilir: "2009-cu il iyul ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər il eyni tarix və eyni məkanda baş tutan Borçalı türklərinin Elat Mədəniyyəti günü – Elat Bayramı tədbiri on minlərlə soydaşımızın və dünyanın müxtəlif yerlərindən qatılan çoxsaylı qonaqların iştirakı ilə mükəmməl dostluq və qardaşlıq bayramı olaraq simvollaşmış və ənənə halını almışdır. Elat mədəniyyəti Gürcüstan daxilində milli azlıq olaraq Borçalı türklərinin (Gürcüstan azərbaycanlıları) yaşam tərzi, tarixi ilə birbaşa bağlıdır. Borçalı türkləri bu yaylaqlarda min illərdən bəri özünəməxsus mədəniyyət, yaşam tərzi formalaşdırmışdır. Yaylaqlar Borçalı türklərinin həyatında müqəddəsləşmişdir. Belə ki, hər bir elin həm aranda, həm də yaylaqlarda yurdu var və özünün icad etdiyi bir çox dəyərlərlə öyünür. Elat ənənələri həm də əl tutmaq, yardımlaşmaq, başqa mədəniyyətlərə, dinlərə, millətlərə sevgi ruhu üzərində formalaşmış əxlaqi keyfiyyətlər aşılayır. Bu, gerçəkdən mükəmməl bir mədəniyyətdir. Əsrlərlə soydaşlarımızın məişətində yaşayan Elat ənənələrinin XXI əsrdə yenidən gündəmə gətirilməsində hədəf də məhz xalqlar, dövlətlər arasında mehriban dostluq əlaqələrinin formalaşmasına dəstək, eyni zamanda yad, destruktiv ünsürlərin pozuculuq səylərini zərərsizləşdirmək məqsədi daşıyır”.
Bəyanatda deyilir ki, “Elat” həm də soydaşlarımızın vətəndaş və insan hüquqlarının təmin olunmasına da böyük dəstəkdir. Ancaq təəssüf ki, Gürcüstanın indiki iqtidarı hakimiyyətə gəlişinin ilk günlərindən Elat Bayramına və Borçalı Cəmiyyətinin fəaliyyətinə qarşı ögey münasibət sərgilədi:
“2013-cü ildən Elat Bayramını əngəlləmək üçün süni maneələr yaratmağa və gələcəkdə xoşməramlı tədbirlərimizi əngəlləmək üçün saxta əsaslar hazırlamağa başladılar. Bunun nəticəsi olaraq 2014-cü ilin iyun ayında “Borçalı” Cəmiyyəti İH-nin üzvü Salman Murğuzlunun, həmin ilin oktyabr ayından isə Cəmiyyətin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qadağa qoydular. Bu qadağaların Elat bayramının keçirilməsinə mane olmadığını gördükdə isə 2016-cı ilin iyul ayının 26-da Elat Bayramının səhnə tərtibatını, baş şüarlarını, bütövlükdə isə mahiyyətini təhrif edərək həmin məkanda Dmanisoba adlı saxta tədbir təşkil etməklə bir başa soydaşlarımızın mədəniyyətinə dözümsüzlük nümayiş etdirib, həm ölkə konstitusiyası, həm də beynəlxalq hüquqa sayğısızlıq göstərmiş oldular. Elat Bayramına Hazırlıq üzrə Təşkilat komitəsi üzvlərinin və “Borçalı Cəmiyyəti” İctimai Birliyinin baş verənlərə dözüm sərgiləməklə Gürcüstanın Kvemo Kartli quberniyası və Dmanisi rayon rəhbərliyi ilə bu problemin dialoq vasitəsi ilə həllinə çalışmasına baxmayaraq bu gün – 24 iyul 2017-ci il tarixində Gürcüstan rəsmiləri, özəlliklə Dmanisi rayon İcra Hakimiyyətinin başçısı açıq formada bu tədbirin keçirilməsində maraqlı olmadıqlarını nümayiş etdirmiş və Elat Bayramını elat mədəniyyəti ilə heç bir mahiyyət bağlılığı olmayan “Dmanisoba” adı altında keçirəcəklərini bəyan etmişlər. Dmanisi rayon İcra Hakimiyyətinin başçısı (qamqebelisi) Qoqita Barbakadze Elat Bayramına hazırlıq üzrə Təşkilat komitəsinin Elat Bayramının birlikdə keçirilməsi ilə bağlı kompomis təkliflərini də belə qəbul etməmişdir. “Borçalı” Cəmiyyəti İB bəyan edir ki, Dmanisi rayon rəhbərliyinin bu davranışı Gürcüstan-Azərbaycan-Türkiyə dostluğunu, Borçalının qədim mədəniyyətini hədəf alan, milli diskriminasiyaya rəvac verən bir addımdır”.
“Borçalı" Cəmiyyəti soydaşlarımızın milli-mədəni haqlarının pozulması ilə müşayiət olunan bu addımı Dmanisinin yerli hakimiyyətinin növbəti məsuliyyətsiz, sayğısız və eqoist davranışı kimi dəyərləndirir və bu hərəkəti kəskin şəkildə qınadığını bildirir. Cəmiyyətin İdarə Heyəti Gürcüstan hakimiyyətindən tələb edib ki, üç ölkə arasında münasibətlərə kölgə salmağa çalışan bu hərəkətin arxasında duran amillərin aşkarlanıb üzə çıxarılması üçün lazım olan addımları atsın və xalqlarımızın dostluğuna mane olmağa cəhd göstərən qüvvələr cəzalandırılsın.
Baş verənləri nəzərə alaraq "Borçalı Cəmiyyəti” İctimai Birliyi 26 iyul 2017-ci il tarixində keçirilməsi nəzərdə tutulmuş Elat Bayramına qarşı Gürcüstan hakimiyyətinin bu davranışını iki xalq və iki dövlət arasındakı münasibətləri düşünülmüş şəkildə pozmaq cəhdi kimi dəyərləndirir və həmin tarixdə Armudlu yaylasında keçiriləcək Elat Bayramının növbəti dəfə təxirə salındığını bəyan edir. “Cəmiyyət” elan edir ki, 26 iyul tarixində Gürcüstan hökuməti tərəfindən Armudlu yaylasında keçirilməsi nəzərdə tutulan tədbirin nə soydaşlarımıza, nə də onların mədəniyyətinin ayrılmaz parçası olan Elat Bayramına heç bir aidiyyatı yoxdur. Eyni zamanda “Borçalı Cəmiyyəti” İB Beynəlxalq qurumları Gürcüstanın mövcud iqtidarının Gürcüstan içərisində milli azlıqlara qarşı antidemokratik hərəkətlərinə qiymət verməyə dəvət edir.
“Borçalı Cəmiyyəti” İB bəyan edir ki, Cənubi Qafqazda sülh və barışın təcəssümü olan Borçalı Türklərinin Elat Bayramı qeyd şərtsiz olaraq davam etməlidir: “Bu bayramın təşəbbüskarı olan "Borçalı Cəmiyyəti” də Gürcüstanın ərazi bütövlüyü prinsipinə daim sadiq olmuş, bundan sonra da öz fəaliyyətini bu prinsip üzərində və soydaşlarımızın hüquqlarının təmini istiqamətində quracaqdır. Çünki " Cəmiyyət"in Azərbaycan və Gürcüstan xalqları arasında münasibətlərin dostluq və qardaşlıq telləri üzərində qurulması prinsipi dəyişməz və əvəzolunmazdır. Yaşasın Gürcüstan, Azərbaycan və Türkiyə qardaşlığı!".