Rusiyanın Krasnoyarsk vilayətinin Norilsk şəhərində bir şair qızımız yaşayır – Südabə İRƏVANLI adında. Bir az bundan əvvəl onun şeirləri ilə tanış oldum.
Bu şeirlər olduqca səmimi, oxunaqlı, obrazlı deyimlərlə yüklü, cəlbedici bir təsir bağışladı mənə... Vətən həsrəti ilə alışıb yanan misralar, millət, el-oba həsrəti ilə yoğrulmuş kəlmələr məni öz qoynuna aldı. Azərbaycan deyə yuxusu ərşə çəkilmiş Südabə öz qürbət yanğısını odlu qələmi ilə ağ kağızın üstə naxışlayır. Ancaq həsrətin sızıltısı onu heç vaxt tərk etmir.
Südabə İrəvanlı Pəmbək mahalının Soyuqbulaq obasındandır. 1985- ci ildən Norilskdə yaşayır. 30 ilə yaxın müddətdə ən böyük intizarı vətən həsrətidir.
Hələ orta məktəbdə şeir yazmağa başlayan Südabə bu haqda heç kimə heç nə demirdi.
Norilskə gələndən sonra şeirlər həm Azərbaycan, həm də rus (tərcümə olundu) dillərində işıq üzü görməyə başladı. “Yanan ürəklər”, “Vətən həsrət olanda”, “Aysberq” almanaxlarında bir çox şeirləri işıq üzü gördü.Südabə İrəvanlının 2013- cü ildə “Vətən səndə gözüm qaldı” şeirlər kitabı
çapdan çıxmışdır. Ona yeni yaradıcılıq uğurları arzulayaraq çeirlərinn bir neçəsini Butov.az saytının oxucularına təqdim edirik:
Eldar İSMAYIL
SƏNI
Titrək əllərimi qoyub sinənə,
Yalvara-yalvara öpəcəm səni.
Sonra da başını qoyub dizimə,
Silib dodağımla gözündən nəmi,
Yarıb ürəyimə bükəcəm səni.
Səninçün çiçəyə,gülə dönəcəm,
İstəsən kənizə,qula dönəcəm,
Yanıb eşq oduna külə dönəcəm,
Yandırıb özümlə qüssəni,qəmi,
Yarıb ürəyimə bükəcəm səni.
Saçıma mirvari düzəcəm yenə,
Qarşında nazlanıb süzəcəm yenə,
Məhəbbət gölündə üzəcəm yenə,
Qoymaram yaxandan tuta dərd əli,
Yarıb ürəyimə bükəcəm səni.
Mənim ruhum da sən, ürəyim də sən,
Verərəm canımı, canım istəsən.
İrəvan qızını atıb getmə sən,
Axtarma uzaqda könül həmdəmi,
Yarıb ürəyimə bükəcəm səni.
QURTAR BU DARDAN
Vətəni bir ovuc pula satanı,
Ağalıq taxtını qula satanı...
Vicdanı, namusu, kölə satanı,
Vətən oğlu, seyr eləmə kənardan...
Amandır, Vətəni qurtar bu dardan!
Yağının əlində qalan qızların,
Həyatı, varlığı yalan qızların...
Əsir gəlinlərin, solan qızların,
Qeyrəti sənindir, baxma kənardan...
Amandır, Vətəni qurtar bu dardan!
Dünyanın çərximi dönüb tərsinə,
Açılmaz dərdlərin, bilməm tərsi nə..?
Quzğuna yem olub neçə tər sinə,
Göz yumma bunlara belə kənardan...
Amandır, Vətəni qurtar bu dardan!
Ay Südabə, naşı elə naşıdı,
Mərd oğullar ürəyimin başıdı.
O yurd-yuva gözlərimin yaşıdı,
Dolanma kənardan.baxma kənardan...
Amandır, Vətəni qurtar bu dardan!
MƏNİ
Deyirlər ki,divanəyəm,dəliyəm,
Neylim axı,dara salıb yar məni.
Dodağıyla möhür vurub alnıma,
Sevgi adlı tora salıb yar məni.
O mənə gül deyir, gah çiçək deyir,
Gözümdə hamıdan sən göyçək deyir.
Vəd verir, söz verir, gələcək deyir,
Gəlmir, edir para-para yar məni.
Bu məhəbbət məhbəs kimi görünür,
Gah ötəri həvəs kimi görünür,
Geniş dünya qəfəs kimi görünür,
Bilmirəm ki,hara salıb yar məni.
Dolanır başımda eşqin havası,
Təkcə odur dərdlərimin davası.
Dağılıbdı eşqimizin yuvası,
Zimistana, qara salıb yar məni.
Südabəni gözdən kənar qoymayır,
Göz yaşından şərbət içir,doymayır.
Gedim deyim:daş ürəklim, gəl buyur,
Al xəncəri,doğra məni, yar məni.
BU GECƏ
Titrəyir könlümün sevdalı simi,
Fikrinlə baş- başa qaldım bu gecə.
Sənin ürəyini, sənin qəlbini,
Deyirsən: əlindən aldım bu gecə.
Dilimdə əzbərsən, gözlərimdə nur,
Adın çəkiləndə dilim od tutur...
Alışıb yanarsan, bir az uzaq dur,
Bu eşqin əsiri oldum, bu gecə!
Xəyalım yollarda yol açdı qaldı,
Yollarım uzaqdı, dolaşdı qaldı...
Yuxum da yuxuna culaşdı qaldı,
Buludtək boşaldım, doldum bu gecə!
Südabə mələkdir,Südabə pəri,
Sən tapa bilməzsən belə dilbəri.
O sənə vürülüb sevəndən bəri,
Mən özüm çiçək tək soldum bu gecə!
28. 09. 2014.