53 mindən çox şagird imtahan verdi .....                        Doğuş zamanı körpə öldü - TƏBİB-dən AÇIQLAMA .....                        Türkiyədə 4,1 bal gücündə zəlzələ .....                        Bina uçdu - 11 ölü, çox sayda yaralı .....                        Türkiyədə uçuşlar ləğv edildi .....                        Trampa qarşı etiraz aksiyası .....                        Ermənistanda rüşvət əməliyyatı - Məmurlar saxlanıldı .....                        Oğlum həbs edilməyib, yanımdadır - Şərurlu İsfəndiyar .....                        İrəvanda kütləvi dava - Ölən və yaralananlar var .....                       
11-03-2023, 23:07
Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib


Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirinə məktub göndərib

Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa əsaslanmaqla təhlükəsiz və ləyaqətli şəkildə qayıdışa dair konsepsiya hazırlamışdır. İcma qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədir və onun yerinə yetirilməsi üçün dialoq yolunu seçmişdir. Bu müstəvidə, İcma öz mövqeyini siyasi-diplomatik kanallarla beynəlxalq təşkilatlara və aidiyyəti dövlətlərə izah edir.
Şübhəsiz ki, qayıdış prosesi üzrə siyasi müstəvidə aparılmalı prosesin mühüm bir hissəsini Ermənistan hökuməti ilə dialoq təşkil etməlidir. Ermənistan tərəfinin bizə qarşı törətdiyi böyük müsibətləri tarixi yaddaşımızda saxlamaqla bərabər qəbul edirik ki, sülh və inkişafın təmin edilməsinin yolu dialoq və barışıqdan keçir.
Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məramla İcmamız Ermənistan Respublikasının baş naziri Nikol Paşinyana məktub göndərərək, onu qayıdış məsələsi üzrə dialoqa başlamağa çağırıb. İcma məktubunda Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla, Ermənistan hökumətini Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa çağırır. Məktubda, həmçinin azərbaycanlıların öz yurdlarına qayıtmalarından sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməli olduğu vurğulanır.
Məktubda azərbaycanlıların öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.
İcma məktubunda qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə dialoqa hər zaman hazır olduğunu qeyd etməklə bərabər, vurğulayır ki, azərbaycanlıların qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarının təmin edilməsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir.
Ədalət və barışıq naminə biz insan haqları və reinteqrasiyaya əsaslanan sülhpərvər yanaşma seçdik və dialoq çağırışı ilə birbaşa Ermənistan hökumətinə müraciət etdik. İndi Ermənistan hökuməti buna qarşılıq verərək, bizimlə xoş niyyətlə dialoqa başlamalı və azərbaycanlıları öz evlərindən didərgin salaraq onları onilliklər ərzində düçar etdiyi ədalətsizliyə son qoymalıdır.
İcma qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi istiqamətində beynəlxalq hüquq əsasında sülhpərvər səylərini əzmlə davam etdirəcək.
10-03-2023, 05:23
NİSGİLLİ ÖMÜR KARVANI...SON DURACAQ.

NİSGİLLİ ÖMÜR KARVANI...SON DURACAQ.
(Bibim Səltənət Vəkilovanın parlaq xatirəsinə ittihaf olunur!)

Müstəqilliyimizin ilk illərində professor Kərim Həsənov (Vəkilov) və İ. Həbibbəylinin “Nəsil şəcərəsi” adlı kiçik həcmli kitabı nəşr edilmişdir. Bu Azərbaycanda nəsil şəcərəsi janrında yazılmış ilk əsər hesab oluna bilər. Bu kitab Azərbaycan tarixində müstəsna xidmətləri olan Qazax Sultanlığı (Tiflis), İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzası və Dərbənddə böyük mülklərə və idarəetmə hüququna malik olan vəkilovlar nəslinin Naxçıvanda məskunlaşan qanadından bəhs edirdi.
“Nəsil şəcərəsi” kitabının çapından (1992) məmnun qalsaq da bir sıra məsələlərə öz narazılığımızı bildirmək üçün qardaşım Mobillə mərhum Kərim müəllimin yanına getdik. Kərim müəllim həmin vaxtı Bakı Dövlət Universitetinin nəşriyyatının müdiri idi. O, dəyərli bir qohum, nəslimiz üçün çox qiymətli bir insan idi. Biz iki qardaş gənclik çılğınlığımıza salıb Kərim müəllimə öz iradlarımızı bildirdik. Əsas iradımız ondan ibarət idi ki, kitabda Xalq Qəhrəmanı Balo bəy Vəkilov haqqında niyə yazmamısınız?
Rəhmətlik Kərim müəllim bizim iradlarımıza çox təmkinlə qulaq asdı və bizi sakitləşdirdi. Dedi sizdən əvvəl bir yaşlı xanım zəng vurub Balo bəyə görə mənə kəskin irad bildirdi. Ancaq narahat olmağa dəyməz bu ilk nəşrdi sonra təkminləşdirilib yenə çap ediləcək. Sizin də nə materiallarınız təklifiniz varsa gətirin böyük məmnuniyyətlə kitaba əlavə edək. Yuxarıda qeyd etdiyimiz kimi “Nəsil şəcərəsi” kitabında əsasən vəkilovlar nəslinin Naxçıvanda (Şərur-Dərələyəz) yaşayan hissəsinin tarixinə işıq salırdı. Amma girişdə nəslin Qazax və İrəvanda yaşayan qanadına da toxunulmuşdu. Biz qardaşım Mobillə birlikdə Vaqif Səmədoğlu ilə bu mövzuda söhbət etmək üçün onun yanına getdik. Vaqif Səmədoğlu həmin vaxtı Yazıçılar Birliyində otururdu. Biz eyni çılğınlıqla və bir az da minnətlə Vaqif Səmədoğlu ilə görüşdük ona nəsil şəcərəmizlə bağlı bəzi suallar verdik. O, bizə Naxçıvan və İrəvanda yaşayan vəkilovlarla qohumluqlarından danışdı. Vaqif Səmədoğlu bizə çox böyük qonaqpərvərlik və mehribanlıq göstərdi. Sonra bizə dedi ki, mən bu işləri o qədər də yaxşı bilmirəm bu məsələləri İlyas (atamın əmisi İlyas Vəkilov) əmimlə Mehdixan (Səməd Vurğunun böyük qardaşı Mehdixan Vəkilov) əmim daha yaxşı bilirdi. Sonra isə məni Mehdixan Vəkilovun oğlu Cavanşir Vəkilovla tanış etmək üçün ona zəng vurub danışdı. Beləliklə Vaqif Səmədoğlu bizim üçün Vaqif əmi oldu. Doxsanıncı illərin əvvələrindən Vaqif əmi dünyasını dəyişənə kimi bu doğma münasibət davam etdi. Dünyasını dəyişdikdən sonra isə həyat yoldaşı dəyərli Nüşabə xanım Vəkilova ilə “Vaqif Səmədoğlu Mərkəzi” təsis edərək onun irsini yaşatmağa çalışırıq.

Nəsil tariximizin digər səciyyəvi xüsusiyyətlərinə keçməmişdən əvvəl bəzi fikirlərə toxunmaq istəyirəm. Bu mənada Xalq Şairi Vaqif Səmədoğlunun və professor Leyla Vəkilovanın nəslimiz haqqında söylədikləri dəyərli fikirləri gənc nəsil üçün əsl örnəkdir.
Profesor Leyla Vəkilova: “Vəkilov ailəsi xüsusi ailədir. Bu ailədə sənə özün üçün yox xalqın üçün yaşamağı öyrədirlər!”
Vaqif Səmədoğlu: “Mənsub olduğum vəkiloğulları nəsli ilə fəxr etməyim üçün mən buna layiq olmalıyam. Gərək mənəvi cəhətdən, bu nəsil dənizinə girmək üçün kifayət qədər iradən olsun. Əgər iradən olmasa, üzməyi bacarmasan adi dənizdə batdığın kimi nəsil dənizində də bata bilərsən. Vəkiloğulları nəslinin əsas üç fəaliyyət istiqaməti var. Birinci hərbi, ikinci ədəbiyyat, poyeziya, üçüncüsü diplomatiya”
Burada Peyğəmbər Əfəndimizin nəsillə bağlı üç hədisini qeyd etməklə bu məsələlərə dair şəxsi düşüncəmin məhz islam ehkamlarına söykəndiyini çatdırmaq istəyirəm. Məhəmməd Peyğəmbər (s.s) deyir: “Öz nəsli üçün vuruşub ölənlər bizdən deyildir”, “Öz nəslini öyənlərin aqibəti peyin böcəyindən də urvatsız olacaq”, “Nəslini öymə, nəslinin adını da batırma”.
Mənsub olduğumuz vəkilovlar nəslinin tarixi Azərbaycanın tarixinin bir parçası kimi öyrənilməsi və gənc nəslin buna layiqli övladlar kimi yetişməsini zəruri hesab edirəm.
Unutmayaq ki, Vəkilovlar nəsli Azərbaycan xalqının tarixinə Azərbaycanın ilk xalq şairi Səməd Vurğun, xalq şairi Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, xalq qəhrəmanı Balo bəy Vəkilov, körkəmli dövlət xadimi Mehdixan Vəkilov, Azərbaycanın Təbriz şəhərindəki konsulluğunun qurucusu, ilk baş konsul, diplomat Cavanşir Vəkilov, Cümhuriyyət Parlamentinin üzvü, 23 yaşında isə daxili işlər naziri işləmiş Mustafa bəy Nadir bəy oğlu Vəkilov, Azərbaycanın ilk hüquqşünasları Abbas bəy Vəkilov, Həsənalısultan bəy Vəkilov, Teymur bəy Vəkilov, İstiqlal bəyannaməsinin mətninin müəllifi, Cümhuriyyət Parlamentinin ən gənc deputatı Rəhim bəy Vəkilov, Azərbaycanın ilk həkimi Məmmədrza ağa Vəkilov, Azərbaycanın ilk və yeganə topoqrafiya generalı, Azərbaycanın siyasi xəritəsinin müəllifi İbrahim ağa Vəkilov, vergilər naziri olmuş Şöhrət Vəkilov, əməkdar mühəndis Ramiz Vəkilov, səhiyyə naziri Fəxri Vəkilov, tədarük naziri Qəzənfər Vəkilov, görkəmli iqtisadçı İbrahim Xəlil oğlu Vəkilov (Məmmədov), dünya şöhrətli jurnalist Leyla Vəkilli, ilk hüquq professoru Mustafa ağa Məhəmməd ağa oğlu Vəkilov, ilk uşaq evinin yaradıcısı Badisəba xanım Vəkilova-Köçərli, ilk qadın kimya elmləri doktoru Fatma xanım Vəkilova, general-polkovnik Kərim Vəliyev, ilk kənd qız məktəbinin yaradıcısı Mədinə xanım Vəkilova-Qiyasbəyli və b. şəxslər bəxş etmişdir.

Qayıdırıq bu yazının tarixçəsinə. 26 fevral 2023-cü ildə əziz bibim Səltənət Vəkilova həyata əbədi olaraq gözlərini yumdu. Bu bizim 26 fevral tarixində itirdiyimiz ikinci bibimiz idi. Xocalı soyqırımında Dilarə bibim (bibimiz qızı) şəhid olmuşdu. 28 iyul 2018-ci ildə böyüyüb boya-başa çatdığmız Bərdə rayonunun İmirli kəndinə qonaq getmişdik. Səltənət bibimlə görüşdük. Sevinc İncəlinin babam “Ermənilərə qarşı şücaətlə döyüşən Əhməd bəy Vəkilov kim olub?” adlı məqaləsi ilə tanış olan bibim mənə dedi ki, mənim haqqımda bir yazı yaz. Mən də baş üstə dedim. Bibimlə Çivə kəndində (ata-baba kəndimiz) Musavatçıların repressiyaları onların siyahısının necə ələ keçirilməsi və.s mövzuda söhbət etdik. Lakin mən daha geniş məqalə yazım deyə yazını sonraya saxladım lakin sən saydığını say gör fələk nə sayır deyib atalar. Mən öz vəfa borcumu yerinə yetirə bilmədim. Nəhayət bibimin mənsub olduğu ailə haqqında bu yazını yazmaq qərarına gəldim.
Bibim Səltənət Vəkilovanın atası Əhməd bəy (bəzi sənədlərdə Amo kimi qeyd edilib) Həsən bəy oğlu Vəkilov Naxçıvan Xanlığının Şərur-Dərələyəz qəzasının naibi olmuş Həsənalı Sultan Vəkilovun nəvəsidir. Əsasən Qazax Sultanlığı İrəvan, Naxçıvan (Şərur-Dərələyəz) ərazilərində məskunlaşmış vəkilovlar nəsli XV əsrdə Türkiyə ərazisindən Qazax Sultanlığına oradan isə Naxçıvan və İrəvan ərazisinə yayılmışlar. Nəslin hərəkət trayektoriyası ilə bağlı tədqiqatçılar arasında fərqli fikirlər mövcuddur. Vəkilovlar nəslinə əsas titullar Səfəvi dövləti tərəfindən verilmişdir. İrəvan və Naxçıvan xanlıqları Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Qafqaz canişini Paskeviçin göstərişi ilə fransız əsilli rus səyyahı İvan İvanoviç Şopen İrəvan və Naxçıvan əhalisinin siyahıya alınmasını həyata keçirmişdir. İ.İ.Şopenin hazırladığı “Dərələyəz mahalının kameral təsviri”nə (dəyərli alim Nazir Əhmədli tərəfindən nəşr edilib) əsasən Şərur-Dərələyəz qəzasının ondan artıq kəndi Vəkilovlar nəslinin məhək daşlarından olan Həsənalı Sultan Vəkilovun şəxsi mülkü olmuşdur. Həsənalı Sultan Vəkilov Şərur mahalının Yaycı kəndində doğulmuş sonra isə Çivə kəndinə köçmüşdür. Həsənalı Sultan Vəkilov Çivə kəndinə köçdükdən sonra Yaycı, Düdəngə, Günnüt kəndindən əhali gətirərək kəndin daha da sıx məskunlaşmasını təmin etmişdir.
Çivə kəndinin ən ağır günləri 1918-ci ildə Andranik Ozanyanın dəstələrinin Şərur-Dərələyəz qəzasına hücumlarından sonra başlamışdır. Səltənət xanımın atası Əhməd bəy Vəkilovun yaşadığı Çivə kəndi erməni-müsəlman qırğınlarının ən qaynar nöqtələrindən biri olmuşdur. Bölgəyə hücumlar xalq qəhrəmanı Balo bəy Vəkilovun (Əhməd bəy Vəkilovun əmisi Cəlil bəy Vəkilovun oğludur) rəhbərliyi ilə könüllü özünümüdafiə dəstəsinin yaradılmasına səbəb oldu. Bu dəstənin ən fəal üzvlərindən biri də Əhməd bəy idi. O, bütün döyüşlərdə Balo bəylə birlikdə şücaətlə iştirak etmişdir. Dəstədə İsmayıl bəy, Əli bəy, Hüseyn bəy, Qafar bəy, Yusif bəy, Kərbəlayı Əşrəf bəy, Paşa bəy, Kərbəlayi Firudin bəy və başqa Vəkilovlar o cümlədən Çivə kəndinin qəhrəman camaatı ermənilərə qarşı döyüşlərdə iştirak etmişlər.

Ermənilərin hücumlarından birində Balo bəy, Əhməd bəy və Kərbəlayi Əşrəf bəy öz döyüş dostları ilə birlikdə böyük bir kötüyün içini oyub oraya çoxlu miqdarda barıt doldururlar. Sonra həmin kötüyü partladırlar. Ermənilər gurultunu eşidib vahimələnirlər ki, Çivəyə Osmanlı Türkiyəsindən top gətirildiyini düşünərək böyük bir ərazini qoyub qaçırlar. Sonralar ermənilər Çivəni bir neçə dəfə mühasirəyə alırlar. Ancaq müdafiəçilərin müqavimətini qıra bilmirlər. Ağır döyüşlərdən sonra Dərələyəzin müdafiəçiləri Çivə ətrafına yığışırlar. Bu zaman Vedibasar istiqamətində də qızğın döyüşlər gedirdi. Orada müdafiəçilərə Abbasqulu bəy Şadlinski başçılıq edirdi. Qüvvələr nisbətinin kəskin dəyişməsi ilə əlaqədar Dərələyəzin , Naxçıvanın (o cümlədən Vedibasarın) əhalisi geri çəkilməli olur. Əhməd bəy Vəkilov əmisi oğlu xalq qəhrəmanı Balo bəy Vəkilov və Çivə müdafiəçiləri də Naxçıvanın bütün əhalisi ilə birlikdə Arazın o tayına–Cənubi Azərbaycana üz tuturlar. Mərhum tarixçi alim Əli Əliyev özü bu hadisələrin canlı şahidi olmuş və "Biz əzablı bir ömür yaşadıq" xatirə memuarında Balo bəy Vəkilov və Çivə müdafiəçilərinin Cənubi Azərbaycana keçməsini təsvir etmişdir.
Əhməd bəyin ailəsi xalq qəhrəmanı Balo bəyin dəstəsi ilə birlikdə Arazı keçsələr də İran ərazisində ayrı düşürlər. Onların ayrı düşdükləri ağır dönəmlərdə yaşadıqları həyəcan dolu günlər ayrıca tədqiqat mövzusudur. Bu ağır günlərin şahidi olmuş nənəm Şəhrəbanu xanım da həyəcanlı günləri ömrünün son günlərinə kimi yaddaşında yaşatmışdır.
Bir müddət Cənubi Azərbaycanda qaldıqdan sonra müdafiəçilər yenidən geri qayıdır. Bu zaman Əhməd bəyin atası Məşhədi Həsən bəy bu hadisələrin ağırlığına xalqın faciəli vəziyyətinə dözmür, Naxçıvan şəhərində vəfat edir. Xalq qəhrəmanı Balo bəy Vəkilov geri qayıdandan sonra Bakıya gedir, Məhəmməd Əmin Rəsulzadə ilə görüşür. Məhəmməd Əmin Rəsulzadə onlara öz kəndlərinə qayıtmağı məsləhət görür. Bu dövrdə Dərələyəzin əhalisinin bir hissəsi Qarabağa köçür. Balo bəy və Çivə müdafiəçiləri isə öz kəndlərinə qayıdır. Yenidən döyüşlər şiddətlənir. Bu döyüşlərdə xalq qəhrəmanı Balo bəy və Çivə müdafiəçiləri o cümlədən Əhməd bəy özlərini məğlubedilməz qəhrəman kimi göstərirlər. Ermənilər xalq qəhrəmanı Balo bəyin başına mükafat təyin edirlər. Lakin istəklərinə nail ola bilmirlər.
Bolşevik Rusiyası Azərbaycan Cümhuriyyəti hakimiyyətinə son qoyduqdan sonra rus imperiyasının və yerli bolşeviklərin köməyi ilə əhalisi yalnız Azəraycan türklərindən ibarət olan Çivə kəndi Ermənistanın inzibati ərazi bölgüsünə daxil edildi. Əhməd bəy Vəkilov və xalq qəhrəmanı Balo bəy Vəkilovun mənsub olduğu vəkilovlar nəsli repressiyalara, təqib və təzyiqlərə məruz qaldı. Onların bütün mülkiyyəti evləri, torpaq sahələri, bağları alınıb kolxoza verildi. Vəkilovların bir hissəsi 37-ci il faciəsinin qurbanı oldu bir hissəsi isə el-obanı tərk etmək məcburiyyətində qaldılar. Əksəriyyəti soyadlarını dəyişmək məcburiyyətində qaldılar. Əhməd bəy Vəkilovun anadangəlmə lal olması onu represiyyadan xilas etsə də bəy ailəsindən olduqları üçün 1940-cı ilə kimi kolxoza üzv olmağa qoymurlar. Nəhayət, Əhməd bəy Vəkilovu da 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycan ərazisindən deportasiya edirlər. Əhməd bəy Vəkilovun adı köçmə sənədinə qeyd edilsə də o, doğma yurdunu tərk etmək ona qismət olmur. Hadisələrin ağırlığı və faciəliliyi onun da həyatla vidalaşmasına səbəb olur. Övladları isə öz doğma yurd–yuvalarından deportasiya olunaraq Bərdə rayonunun İmirli kəndinə köçməil olurlar. Bu qeyd edilənlər Səltən Vəkilovanın mənsub olduğu ailəsinin ictimai məzmun daşıyan həyat hekayəsinin bir parçasıdır.

Səltənət xanımın babası Həsən bəy Vəkilov Sara və Xədicə xanım adlı iki xanımla evli olub. Həsən bəyin Sara xanımla nigahından Əhməd bəy Səkinə və Tovuz adlı iki qızı doğulub. Xədicə xanımla evliliyindən isə Əhəd və Məhəmməd adlı iki oğlu olub (Əhəd və Məhəmməd hər ikisi çox gənc yaşlarında dünyasını dəyişib). Sonradan Əhməd bəy övladlarına öz qardaşları Əhəd və Məhəmmədin adını qoyub. Əhməd bəy ilk evliliyi Çivə kəndindən Zeynəb adlı xanımla olub. Bu nigahdan onun Leyla və Sidiqə adlı qızı olub. Sidiqə xanım doğulanda anası dünyasını dəyişib. Sonra Əhməd bəy Danzik bəylərindən Həsən bəy Vəkilovun qızı Şəhrəbanu xanımla ailə qurub. Nənəm Şəhrəbanu xanımın Zeynəb adında bir bacısı da var idi. Zeynəb xanım Vəkilova Şərurun Yeycə kəndində Mirəhməd ağa Seyidovla ailə qurmuşdu bu nigahdan doğulan Yusif Seyidov ailədə başqa bacı-qardaşı olmadığı üçün xalası uşaqları ilə bacı-qardaş kimi böyümüşdülər. Uşaq yaşlarımızdan Yusif əmi kimi tanıdığımız bu şəxs Azərbaycanın məhşur dilçi alimi professor Yusif Seyidov idi.
Əhməd bəylə Şəhrəbanu xanımın nigahından İsa, Musa, Mustafa, Məhəmməd, Əhəd adlı oğlu Səltənət adlı qızı dünyaya gəlib. Əhməd bəyin qızı Leyla xanımın taleyi acı sonluqla bitib. Danzik kəndində Sultan bəylə ailə quran Leyla xanım çox cəsur emosional bir xanım olub. At belində aynalı tüfəng çiynində Danzik kəndindən Çivəyə qayıdarkən yolda ermənilər qarət məqsədi ilə öldürüblər. Meyidini 2-3 gün sonra tapmaq mümkün olmuşdur. Böyük bir acı ilə ailəsi onu dəfn edərək nisgilini öz ürəklərində daimi yaşatmışlar. Sidiqə xanım Vəkilova isə həmkəndlisi Oruc Nürəliyevlə ailə qurmuş bu nigahdan onu Nuriddin, Məhəmmədəli, Dilarə, Yaqub, Əzət adlı övladları olmuşdur. Sidiqə xanım və Oruc kişinin hədsiz gözəl simaları daima doğmalarının xatırladığı xarakterik cizgilərindəndir. Sidiqə xanımın gözəl siması qızları Dilarə və Əzətdə özünü təcəssüm etmişdir. Çivə kəndinin bolşevikləri tərəfindən ağır repressiyalara məruz qalan vəkilovlar ailəsi Dərələyəzdən deportasiya zamanı məhz Bərdə rayonun İmirli kəndində köçməkləri də Sidiqə xanımın övladlarının həmin kəndə köçmələri ilə bağlı olub. Əmim İsa Vəkilovdan bu cür ağır repressiyalardan sonra nədən kəndin camaatı ilə birlikdə İmirliyə köçdüklərini soruşduqda bildirdi ki, nə edim bacımın uşaqlarını ata bilməzdim. Ailəmiz üçün əziz olan digər bibimiz Sidiqə xanım dünyasını dəyişməzdən əvvəl Şərurun Arbatan kəndində qardaşı İsa müəllimlə qızı Əzət xanımı görmək istəməsi və kənddəki bulağın suyundan istəməsi də nisgilli həyat hekayəsinin acı finalı kimi yaddaşlarda qalıb.
Qayıdaq bu günlərdə dünyasını dəyişmiş Səltənət bibimə o gözəl siması, kişi səxavəti, namus-qeyrəti ilə Azərbaycan xanımının ən xarakterik obrazını özündə əks elətdirən bir xanım idi. Mənsub olduğu ailəsinə və nəslinə çox bağlı idi. Həyatda ən çox təəssüf etdiyi məsələlərdən biri ali təhsil ala bilməməsi idi. Mühafizəkar bəy ailəsinə mənsub olduğu üçün qardaşları onun oxumasını uyğun bilməmişdilər. Bibim təfəkkürlü insan idi onun oxumaması heç vaxt hiss edilmirdi. Bibim və ailəsi üçün həyatın ağrı-acısını hiss etdirən dönəm qardaşları Məhəmmədi gənc yaşlarında vaxtsız itirmələri olmuşdu. Bibim üçün Məhəmməd əmimin ruhu ən müqəddəs and yeri idi. Təəssüf ki, Məhəmməd əmimin ailəsi bu günlərdə daha böyük bir acı yaşadı. Atasının taleyini yaşayan ailənin böyuk övladı kübarlığı və mədəniyyəti ilə seçilən Məhəmməd əmimin böyük qızı Mətanət Türkiyə xəstəxanasında cərrahi əməliyyatdan sonra 49 yaşında faciəvi şəkildə dünyasını dəyişdi. Demək olar ki, bütün nəslimiz bu ölümdən sarsıldı. Ölümündən bir qədər əvvəl eşitdiyi bu xəbər bibimin duyduğu son acı oldu demək olar.
Gözəlliyi ilə diqqət mərkəzində olan Səltənət bibim gənc yaşlarından həmkəndlisi Vəli Ələkbərovla ailə qurub. Bu nigahdan onun Razim, Həcər, Nazim, Ələkbər, Sona adlı övladları olub. Səltənət bibimin həyat yoldaşı Vəli Ələkbərov Bərdə rayonunda sayılıb-seçilən kişilərdən olub.
Dəyərli bibim Səltənət xanımın mənsub olduğu vəkilovlar ailəsinə həsr edilmiş bu yazı ilə onun qarşısında vəfa borcumu yerinə yetirə bilməsəm də mənim üçün az da olsa təskinlikdir. Ruhu şad olsun!

Səməd Vəkilov
"Bütöv Azərbaycan" qəzeti
10 mart 2023
10-03-2023, 05:08
*Odlar Yurdunun İgid Qəhramanı*

*Həsənquliyev Şirindil Cavad oğlu*
*(18.09.1968 Qafan – 26.01.1992 Daşaltı)*

*Odlar Yurdunun İgid Qəhramanı*

Biz ikinci Qarabağ müharibəsində qazandığımız qələbə ilə “qaçqın” və “məcburi köçkün” kimi terminləri lüğətimizdən silməyi bacardıq. Ancaq “itkin” sözü hələ də həm dilimizdə, həm də ürəyimizdə sağalmaz yaraya çevirilib. “İtkin”, çox ağır ifadədir. Varlığı ilə yoxluğu bilinməyən, erməni əsirliyində ömrünün ən gözəl günlərini qurban verən bu insanların ailələri hələ də övladlarının yolunu gözləyirlər.
Həsənquliyev Şirindil Cavad oğlu...
Ermənistanın Qafan rayonundan məcburi köçkün düşən Həsənquliyevlər ailəsinin üzvü olan Şirindil, 1968-ci ildə Qafan rayonunun Açağu kəndində anadan olmuşdur. 1974-cü ildə həmin kəndin səkkizillik məktəbinə daxil olmuş, səkkizillik təhsili bitirdikdən sonra Şəhərcik məktəbində orta təhsili başa vurmuş, Bakıya gələrək İnşaat İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. 3-cü kursu bitirdikdən sonra Monqolustana hərbi xidmətə getmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra təhsilini davam etdirməklə bərabər tikintidə usta işləmişdir. 1991-ci ildə torpaqları düşməndən qorunmaq üçün könüllü olaraq İnşaat və Memarlıq İnstitutundakı təhsilini yarımçıq qoyub, Şıxovda yerləşən könüllülər batalyonuna yazılmışdır. Bacısı Nazlı onu küçəyə qədər yola salıb. Şirindil müharibəyə yollananda bacısına söz verir ki, bir həftəyə qayıdacaq, amma...
Bir çox tələbə yoldaşları ilə bərabər Milli Ordumuzun yaradılmasında böyük səyləri olmuşdur. Milli Orduda komandir müavini idi. İlk döyüş yolu Malıbəyli kəndində başlamışdır. Döyüşlərdə dəfələrlə qəhrəmanlıq göstərmişdir. Döyüşlərin birində ermənilər Şirindilin dostunu ələ keçirmiş və vəhşicəsinə öldürmüşdür. Dostunun qisasını almağa çalışan və torpaqlarımızı düşmən tapdağına vermək istəməyən Şirindilin son döyüş yolu isə Daşaltıda olmuşdur. O Daşaltı faciəsinin qurbanı olaraq 26.01.1992-ci ildə itkin düşmüşdür.
“Anam əhdinə çatmadı, amma mən son nəfəsimə qədər qardaşımın yolunu gözləyəcəm”,- deyir Nazlı xanım. Bu həsrət Şirindilin qardaşını da məzara aparıb. İndi bu evdə Şirindildən miras qalan, 31 ildir onun sözlərini yaşadan saralmış məktub var. O məktub ki, Şirindilin anasına hədiyyə etdiyi bayraqla birlikdə 28 il Zinyət ana ürəyinin başında gəzdirib, göz bəbəyi kimi qoruyub saxlayıb.
Doğmalarının gözündə sonsuzadək yaşayacaq, bir sətir məktubla, bir parça bayrağa dönən oğulları- Həsənquliyev Şirindil Cavad oğlunun xatirəsinə ehtiramla...
Aytac Hacıyeva
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin birinci kurs tələbəsi
"Bütöv Azərbaycan" qəzeti
10 mart 2023
10-03-2023, 04:41
“KƏLƏĞAYI  ƏLVAN,  QIYĞACI”


GÜLLÜ ELDAR TOMARLI



KƏLƏĞAYI ƏLVAN, QIYĞACI”
O, baharda dünyaya gəldi, bayram günü - 1821-ci il matın 22-də. 105 il yaşadı, yaratdı, məclislərdə saz çaldı, söz dedi, dövranda və insanlarda gördüyü gözəllikləri təbliğ etdi, öyüd-nəsihət verdi, əyrilikləri tutarlı sözüylə qamçıladı. Baharın gəlişi ərəfəsində də 1926-cı il martın 7-də dünyasını dəyişdi. 200 il əvvəl 105 il ömür sürən haqq aşığı, müdrik Dədə Ələsgər sanki Dədə Qorquddan bəri yol gəlmişdi, saz tutub söz qoşanlar çox oldu, Ələsgər isə sazıyla, sözüylə zülmətdə bir işıq oldu.
Bahar təkcə yeni fəslin - Şərq dünyasında yeni ilin gəlişi, təbiətin oyanışı, çiçəklənməsi, gecə ilə gündüzün bərabərliyi deyil, həssas və duyğulu insanlarda qanın qaynaması, hisslərin coşub-daşması dövrüdür. Bahar sevgi, vüsal, əhd-peyman fəslidir, təbiətin yeni doğulmuş körpə kimi saf, payız toylarının təməlinin qoyulduğu çağdır. Çərşənbə gününü sevənlərə doğmalaşdıran, müqəddəs günə çevirən Aşıq Ələsgərin adı gələndə gənc aşiqlərin urəkləri təlatümə gəlir, qanı coşur, sevginin qanadları onları çeşmə başına aparır:
Çərşənbə günündə, çeşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, keçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.


Dədə Ələsgər aşıq poeziyasında iki qeyri-adi çərşənbə və çeşmə obrazı yaradan ozan-şairdi. Ələsgər uzaqgörənliyi çeşmə başının əvvəlki gur yığnağının olmayacağını, milli geyimli, başı kələğayılı, çiyni səhəngli, dili, gülüşü, baxışı təbii qızların naz-qəmzəsindən əsər qalmayacağını, sevgi kasadlığından gənclərin əziyyət çəkəcəklərini öncədən anlamışdı. Ona görə də həftədə heç olmasa bir gün - çərşənbə günü bir ilahi yerdə - yorulmadan sevgi nəğmələri zümzümə edən çeşmənin başında gənc aşıqləri həqiqi sevgiyə, əhd-peymana dəyər verməyə, burda təməli qoyulacaq, qurulacaq ailə ocağını qorumağa çağırırdı. Bax, budur, Dədə olmaq!
Ələsgər çeşmə başındakı “camalı bayram ayına bənzəyən, buxağından ətri-bənövşə gələn, qoynu gülşən, bahar, yaz olan” sərv boylu, tuti dilli, ləbi qönçə, yanağı lalə gözəlləri görəndə dövrandan, gözəllərdən şikayət edir, ağsaqqal gileyindən də əl çəkmir: “Keçən günü yada sal, qoca baxtım, daha köç təblini çal, qoca baxtım.” Ancaq gözəlin “qaş oynatması onun xəstə könlünü güldürsə də, işvəyü nazıyla adamı öldürsə də, qəmzəsində nahaq qanlar dolansa da”, aşıq-şairin ruhu əbədi cavandı:

Axşam-sabah, çeşmə, sənin başına,
Bilirsənmi, necə canlar dolanır?!
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır.

... Məni qoca gördü, ürbəndin açdı,
Ala gözlərinə gözüm sataşdı.
Huş başımdan getdi, xəyalım çaşdı,
Mürgi-ruhum asimanlar dolanır.


Haqq aşığı, Dədə titulları daşıyan Aşıq Ələsgərin yaradıcılığındakı bahar təravəti, dağ çayları kimi sözün, sazın çağlaması yəqin ki, onun baharda doğulmasından, bahar oğlu olmasından qaynaqlanır. O, sözün və sazın qüdrəti ilə möhtəşəm lövhələr də yaratdı, haqq aşığı kimi dövrünün eybəcərliklərini də cəsarətlə tənqid etdi, müdrik Dədə kimi öyüd-nəsihət də verdi.
Baharda doğulan Ələsgərin poeziyasındakı təbiətə, torpağa bağlılığın, ilahi gözəlliklərə vurğunluğun nəticəsidir ki, onun şeirləri 200 ildir ki, söz və sazsevərlərin yaddaşında əbədi yaşayır. Aşıq Ələsgərin bir neçə “Dağlar” rədifli şeiri var. Bu şeirlərdə mövzu eyni olsa da, dağların hər fəsildəki halı başqadır. Poetik düşüncənin bəzəyi təşbehlər, bənzətmələr, epitetlər və digər məcazlar o qədər mükəmməldir ki, sanki Dədə Ələsgər sözlə ecazkar təbiət tablosu yaratmışdır. Ələsgər qədər dağların əzəmətini, ilahi gözəlliyini duyan aşığa Azərbaycan aşıq ədəbiyyatı təşəkkülündən bəri az-az rast rast gəlmək olar. Hər fəslin bircə misra ilə təsvirinə fikir verək:
Hər cür çiçək açır, laləzar olur...
Yayın əvvəlində dönərsən xana...
Payızın zəmhəri qoyur virana...
Xəstə üçün təpəsində qar olur...



Aşıq Ələsgərin şeirlərində xalqın həyatı, güzəranı, milli kökə söykənən adət-ənənələri, mənəvi dünyası, əxlaqı keyfiyyətləri, yenilməzliyi, sözübütövlüyü önə çəkilib. “Qüdrətdən səngərli, qalalı, sərdara söz deməyən, şaha baş əyməyən dağlar”ın bahar əhvalından çox yazılıb. Ələsgərin təfəkküründəki dağlarsa daha cəsarətlidi, əyilməzdi, məğrurdu, haqq-ədalət tərəfdarıdı, hamıya eyni gözlə baxır:
Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar.

Dünya ədəbiyyatının tanınmış nümayəndələrindən biri Aşıq Ələsgəri “xalq universitetini bitirmiş böyük sənətkar”, Mirzə İbrahimov “xalqın ürəyindən doğan şair”, Süleyman Rüstəm Dədə Ələsgərin yaradıcılığını “xəzansız bahara bənzəyən poeziya”, aşığın tədqiqatçısı Tamilla Əliyeva “Türk xalqlarının ensiklopediyası” kimi dəyərləndirmişdir.
Samsunlu şair Zeynalabdin Makas bir qərinə əvvəl “Ələsgərlə söhbət” edirdi, dərdləşirdi:
Sənin hər kəlmənlə tanış olanda,
Həyat olur bahar fəsli, Ələsgər.

Bu şeir yazılanda Qərbi Azərbaycanda, Göyçədə acı rüzgar yenicə əsməyə başlamışdı, Qarabağa doğru gələn qara buludlar Fransadan Azərbaycana tərəf irəliləməkdəydi. Bunu türk şair anlamışdı yəqin. O, düşmənin xislətini anlatmaq üçün hələlik daha qədim dövrə səyahət edirdi:
...Kərəmi oduna yaxmadan əvvəl,
Yenə bədəsildi Əsli, Ələsgər.
... Doğma yurda yad ayağı dəyəndən,
Sazının telləri paslı, Ələsgər.
... Biz səni Göyçəli bilirik axı,
Necə deyim Vardenisli, Ələsgər?!


Axırıncı misradakı eyhamı, incə və düşündürücü məqamı unutmayaq. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı müsahibələrinin birində qeyd edir ki, Ələsgər irsi Avropada, Amerikada, Şərq ölkələrində tanıdılmalıdır. Azərbaycan ədəbiyyatının, eləcə də Dədə Ələsgər irsinin beynəlxalq aləmdə tanıdılması Qərbi Azərbaycanın, Göyçənin və digər işğal altında inləyə-inləyə doğmalarını gözləyən torpaqların qədim-qayım Türk yurdu olmasının sübutudur. Aşıq Ələsgərin şeirlərindəki coğrafi yer adları Göyçənin əsl sahibinin kim olmasından xəbər verir. Aşığın yaradıcılığı müntəzəm və geniş araşdırıldıqca tarixin dərin qatlarına daha gur işıq düşər. Ən azı son 35 ildə erməni vandallarının ulu Göyçəmizin torpağına, tarixinə, yerüsü və yeraltı sərvətlərinə, kimliyimizin tarixi yaddaşı coğrafi adlara barbar münasibəti, şanlı tariximizin üstünə qara pərdə çəkmək cəhdi beynəlxalq aləmin diqqətinə çatdırılar. Göyçə niyə Vardenis olub sualı Qərbi maraqlandırar. Axı Ələsgər kim və haralı olduğunu şeirlərində söz möhürləriylə təsdiqləyib:
Atam Alməmməddi, Göyçə sakini,
Adım Ələsgərdi, yaxşı bil, tanı!
...Adım Ələsgərdi, Göyçə mahalım,
Dolanım başına, mən qadan alım.

Bir tədbir haqqında da söhbət açmaya bilmərəm. Erməni ikiüzlülüyünün daha bir bariz nümunəsidir bu. 1972-ci ildə Moskvada Aşıq Ələsgərin 150 illik yubileyində Ermənistan Yazıçılar Birliyinin rəhbəri, təqribən 20 il sonrakı məlum hadisələr dövründə Türkün qatı, qansız, əzazil düşməni kimi məşhurlaşan Sero Xanzadyan Aşıq Ələsgəri xalqın bağrından qopan sənətkar, insani duyğuların ən böyük tərənnümçüsü adlandırırdı. Düşmən fikri olsa da bu dəyərlə öyünə bilərik.
Aşiq Ələsgərin şeirləri xalq ruhunun, mənəviyyatının güzgüsüdür. Bu güzgüdə qürur duyduğumuz anları da görürük, utancverici cəhətləri də. Haqq aşığı Ələsgər insanın daxili gözəlliyini zahiri gözəlliklə birlikdə tərənnüm edən sənətkardır.
Yaranma tarixi bəzi mənbələrdə IV əsrə gedib çıxan, Azərbaycan xanımlarının ənənəvi və milli geyiminin ən çox istifadə olunan elementlərindən biri kələğayı ismətin, mənəvi saflığın, xanım-xatınlığın rəmzinə çevrilmişdir. Rəng dünyası, naxış və ornament zənginliyi, istifadə yerindən asılı olaraq fərqliliyi ilə seçilən, xanımların əhval-ruhiyyəsinin - sevincinin, kədərinin, yaşının göstəricisi kələğayı baş örtüyü olmaqla yanaşı, həm də müalicə xüsusiyyətinə malikdir. O qədər incə, zərifdir ki, 150 qram çəkisi var, xanımın barmağındakı üzüyün ortasından da keçə bilir.
Kələğayıda ən çox yayılmış bədii naxış elementi butadır. Buta alov, atəş, həyat rəmzidir. Azərbaycanın ən qədim ipəkçilik mərkəzləri Basqalda və Şəkidə Odlar yurdunun övladları üçün odun, alovun önəmini göstərən butalı kələğayılar daha çox istehsal olunur. Kələğayılardakı nar çiçəyi və meyvəsi, aypara, həndəsi elementlər milli kimliyimizin təsdiqidir.

2014-cü il noyabrın 26-da YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına Azərbaycan xalqına aid daha bir əlamətdar element – “Ənənəvi kələğayı sənəti və simvolizmi, qadın baş örtükərinin hazırlanması və istifadəsi” daxil edilmişdir. Bu böyük nailiyyətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu misilsizdir. Xalqımız yaşayır, yaradır, onun tarixi və mədəni irsi hər zaman geniş təbliğ olunmalı, dünyaya, gələcək nəsillərə çatdırılmalıdır.
Dövlətimizin mədəni irsə, milli dəyərlərə qayğısından ruhlanaraq, kələğayı muzeyi yaratmaq ideyamı alqışlayanlar məni ruhlandırdı. Məsləhət, qayğı, kömək etmək istəyənlərin sayəsində məqsədimə nail oldum. Nənəmin “urvatı”ndan bolluca bəhrələnib kələğayımı örtüb başıma, bir yola çıxdım, uğur qazandım. İndi 150 kələğayı məndən qayğı, sığal, nəvaziş istəyir. Bundan heç yorulmuram. Axı mən həmişə hərəkətdəyəm. İşim də var, dilim də, dilçəyim də. Tanıyanlar mənə həmişə “dil-dil ötürsən” - deyirlər. Nənəmin iki kələğayısı vardı, onun nəvəsi Güllü nənənin 150. Bəli, estafeti mənə ötürən nənəmi belə yaşatdım.
Kələğayı muzeyimi ziyarət edənlər – 150-dən çox qədim və indiki kələğayıları görüb heyrətlənənlər, televizyalar kələğayıların isti məkanına tez-tez gəlməyi düşünürlər. Çünki bura özünəxas hiss və duyğularla doludur. Hamı da mənim kələğayıya sevgimin, qayğımın, diqqətimin haradan qaynaqlandığı ilə maraqlanır. Kələğayını ilk dəfə nənəmdə görmüşəm və ilk baxışdan sevmişəm. Nənəmin iki kələğayısı vardı - noxudu və qara rəngli. Nənəm noxudu kələğayısını mənə hədiyyə etmişdi. Dönə-dönə tapşırmışdı ki, bu nənənin gəlinlik hədiyyəsidi, urvatıdı, yaxşı saxla, qoru. Çətinlik çəkəndə - ev-eşiyim olmayıb kirayə qalanda nənəmin hədiyyəsini göz bəbəyi kimi qorumuşam. Əvvəllər kələğayıdan istifadə etməyə çəkinsəm də, necə qarşılayacaqlar narahatlığı keçirsəm də, necə qarşılandığını görüb ürəkləndim, kələğayı sevgisinin sehrinə düşdüm. Sonra yavaş-yavaş kələğayı axtarışına çıxdım, harda satıldısa, kim satmaq istədisə, pulum az olsa da aldım, bu sevgimə görə mənə kələğayı bağışlayanlar da oldu. İndi artıq bütün tədbirlərə kələğayı ilə gedirəm, ictimai yerlərdə kələğayı ilə gəzirəm. İndi mənə “kələğayı nənə” deyirlər, mənə elə xoş gəlir ki...
Muzey son zamanlar orijinal, bədii və estetik dəyəri yüksək, qeyri-adi, çox muzeylərin həsəd aparacağı eksponatlarla zənginləşdirilmişdir. Azərbaycan ədədiyyatının, musiqisinin, siyasətinin məşhur simaları - Nizami Gəncəvinin, Nəsimi, Xan qızı Natəvanın, Pənahəli xanın, Qasım bəy Zakirin, Üzeyir Hacıbəylinin, Mirvarid Dilbazinin, Xan Şuşinskinin portretləri həkk olunmuş əlvan rəngli və naxışlı kəlağayıları - muzeyin nadir eksponatlarını görənlər heyran qalır. Kələğayı üzərində portretlər çəkilməsi tətbiqi sənətin yeniliklərindəndir ki, bu da muzeyimizdə qorunur. Hətta Nizami Gəncəvinin portreti həkk olunmuş üç kələğayı muzeydə nümayiş olunur. Bu portretlər məşhur kəlağayı ustası Mürşüd Talıbovun muzeyə hədiyyəsidi. Muzeyə hədiyyə edilən rəssam-şair Sehran Allahverdinin “Kələğayı” kompozisiyası qiymətli sənət inciləri siyahısındadır.
Rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri də muzeyə hədiyyə olunmuşdur. Novruz atributlarını özündə cəmləşdirən “Novruz” kələğayısında tonqal, tonqalın içində səməni, səməninin yanında boyadılmış yumurtalar, “Yallı” rəqsi ilə halaya düzülən gənclər, məğrur Qız qalası bitkin süjetli ansambl kimi mükəmməldir. Gülnarə xanım bayram əhval-ruhiyyəli əsərini - bahar günündə çeşmə başında Aşıq Ələsgərin sinəsində sazla uzaqlara baxmağını, ətrafında çiyni kuzəli, əli Novruz xonçalı kələğayılı qızların dayandıqlarını, təbiətin çiçəklənən vədəsini seyr etdiklərini canlandırdığı “Kəlağayı əlvan, qıyğacı” kompozisiyasının üzərində işini tamamlayıb muzeyə hədiyyə edəcək. Bu əsərdə sanki Aşıq Ələsgər sazını duyğularla dolu ürəyinin üstünə basıb oxuyur:
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.

Görkəmli ədəbi tənqidçi Yaşar Qarayevin fikri maraqlıdır: “Azərbaycan folkloruna gedən yol Göyçədən başlayır.” Ədəbiyyatşünas və musiqişünas alim Fəxrəddin Salim “Dədə Qorquddan Dədə Ələsgərə” adlı fundamental monoqrafiyasında vurğulayır ki, Azərbaycan xalqının Göyçə kimi incisi, saz, söz, ozanlıq kimi dəyəri ölçüyə gəlməyən sərvəti vardır!
Göyçə saz və söz mühitinin yetişdirdiyi azman sənətkarlardan biri Aşıq Ələsgərin yaradıcılığında vəsf olunan “gülgəz yanaq”, “ayna qabaq”, “əyri telli”, “dodağı kip”, “ağzı, burnu nazik” “yaşılbaşlı sonalar”ı - el gözəllərini aşığın özü də kələğayısız təsəvvür etmirdi:
Başında herat kələğay,
Altının cunasına bax!
Tanrı bəxtəvərinin
Əlinin hənasına bax!
Boynunda mina silsilə,
Zülfünün şanasına bax!
Tökülü burma birçəyi,
Ucu qulağından gəlir!


Professor İsmayıl Məmmədliyə görə, Aşıq Ələsgər poeziyasında milli kolorit daha çox geyimin təsvirində üzə çıxır:

Başında herat kələğay,
Bənzər göllər sonasına.
Deyib-gülmək halal olsun
Belə gözəllər xasına.

Bəzənib başdan-başa,
Əbrü ətlaz, ala gözəl.
Heratı ipək kələğay,
Ötüb qəddi-dala gözəl.
Dili şəkər, dişi inci,
Dodaq batıb bala, gözəl.

“Biçarə” Aşıq Alı el gözəlinin “başına kələğay, şal əvəzinə dolanmaq” istəyirdi, onun şəyirdi Dədə Ələsgər üçün isə kələğayı gözəllərin gözəllik, ismət, məsumluq rəmzidir. Kələğayılı gözəllər özləri ilə bərabər kələğayını da gözəlləşdirir, urvatlı edir:
Sinəm dərd əlindən oldu yaralı,
Səni görənlərin çaşır xəyalı.
Bürüyüb zülfünü başının şalı,
Heratı kələğay şala yaraşır.


Azərbaycan gözəllərinin geyimi, baş örtüyü, danışığı, nazlı baxışı, qulac hörükləri ilə ağlı, düşüncəsi, xoş rəftarı, dilindən inci sözlər tökülməsi həmişə bir-birini tamamlayanda gözəllik aşiqləri və el aşıqları belə gözəllərə “gözəllər xası” deyiblər. El gözəlinə haqq aşığı Ələsgərin ərkyana eyhamı da o qədər səmimidir. Axı haqq aşığı üçün bütün milli dəyərlər önəmlidir:
Gözəl, sənin nə vədəndir,
Kəsilib qısa tellərin?
Kələğayı əlvan, qıyğacı
Üstündən basa tellərin.

Dədə Ələsgərin insanlıq, aşıqlıq meyarı bütün mənəvi keyfiyyətləri özündə birləşdirən etik-əxlaqi örnəklərdir. “Oturub-durmaqda ədəbin bilən, danışdığı sözün qədrini bilən, kəlməsindən ləlü-gövhər süzülən, saat kimi meyli haqqa dolanan, mərifət elmiylə dolu, doğru qəlbi, doğru yolu olan” Dədə Ələsgər mənəviyyat mücəssəməsiydi:

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

Yaxşı hörmət ilə, təmiz ad ilə,
Mən dolandım bu Qafqazın elini.
Pirə ata dedim, cavana qardaş,
Ana-bacı bildim qızı, gəlini.


Dədə Ələsgər nəfsini boğmağı bacaran, gözütox, tamahının düşməni idi:

Mən Allahdan istəmirəm
Çox dövlətim, malım ola.
Bir babatca güzəranım,
Dolanmağa halım ola.
Min batman zərim olunca,
Bir misqal kamalım ola.


Ədədi araşdırmaçı S.Quliyevanın “Ustad aşıqlarımız” seriyasından nəşr olunan “Aşıq Ələsgər yaradıcılığında gənc qızlara münasibətin təhlili” kitabında (2012) bu gün üçün həssas və mühüm bir məqama toxunulur: “Aşıq Ələsgər yaradıcılığı müasir dövrdə, xüsusilə, Qərbə sürətlə inteqrasiya etdiyimiz bir vaxtda gənc qızların şəxsiyyətinin təşəkkülündə böyük psixoloji əhəmiyyətə malikdir. Belə ki, aşıq öz qoşmalarının çoxunu el gözəllərinin tərifinə həsr etməklə, nəinki onların zahiri gözəlliklərinin təsvirini, həm də onların daxili gözəlliklərinin psixoloji təsvirini vermişdir. Bu baxımdan müasir dövrdə gənc qızların davranış və rəftarının düzgün formalaşmasında, onların mənəvi və əxlaqi inkişafında Aşıq Ələsgər yaradıcılığı psixoloji baxımdan öz aktuallığı ilə seçilir...
Aşıq Ələsgərin poetik irsi həm poeziyamızın üslub gözəlliyi baxımından, həm də dövrünün nəfəsini, ruhunu, mənzərəsini canlandırmaq baxımından maraq doğurur”.
Insan övladı üçün torpaqdan müqəddəs nemət tapılmaz. Torpaq Vətəndir, Anadır, son beşiyimizdir. Bir çox ilahi varlıqlarımızın qədrini vaxtında bilmədiyimizdən itirə-itirə gedirik. İtirdiklərimizin göynərtisindən ürəyimiz ağrıyanda peşman olsaq da, faydası olmur. Qərbi Azərbaycanın, onun gözəllik incisi Göyçənin hər qarışını haqq aşığı kimi diyar-diyar gəzən Ələsgərin yurdunun, eləcə də cənnətimiz Qarabağın bir çox ərazilərinin insanlıqdan uzaq bədxah ermənilərin tapdağında qalması el-obaya, maddi sərvətlərimizə, mənəvi dəyərlərimizə laqeyd münasibətimizin acı nəticəsidir.
Baharda doğulan, baharda bu fani dünyaya əlvida deyən, Azərbaycan aşıq şeirinin al-əlvan baharını yaradan, yaşadan Dədə Ələsgəri, digər saz, söz dahilərini, milli yaddaşımızın gözəllik, incəlik, ismət rəmzi kələğayımızı da qorumaq bu gün bizə tapşırılan ən vacib işdir. Bunun üçün ürəyimizdə Vətənə, torpağa, millətə, maddi və mənəvi varlıqlarımıza təmənnasız sevgi olmalıdır.
Sevgimiz tükənməsin!
"Bütöv Azərbaycan"
10 mart 2023
3-03-2023, 08:34
“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

“GÖYÇƏ HƏSRƏTLİ BİR ÖMÜR” ADLI KİTAB ÇAP OLUNUB

Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasının baş müəllimi olmuş Göyçəli şair Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” adlı 760 səhifəlik kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.
Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan müəllifin kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Şeirlərdə müasir həyatımızın müxtəlif sahələrinə - ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur. Kitabda hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.
Kitab “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Maksim Sarıqayanın əziz xatirəsinə həsr olunub. Kitaba ədəbiyyatşünas, şair Salman Qaralar “Gec tapıb, tez itirdiyim dostum” başlıqlı ön söz yazıb.
Şairə Güllü Eldar Tomarlı da Maksim Sarıqayanın yaradıcılığı haqqında “İkiyə bölünmüş Göyçəli və Göyçəsiz ömür” adlı məqaləsində öz fikirlərini oxucularla bölüşüb.
Kitabın redaktorları Güllü Eldar Tomarlı və Araz Yaquboğludur.
Kitabda çap olunan şeirləri şairin bacısı Əntiqə Cabbarlı və oğlu Ceyhun Şamiloğlu toplamışlar. Kitabın məsləhətçiləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və Maksim Sarıqayanın yaxın dostu Rəşid Süleymanov, dizayneri Vüsal Sehranoğludur.
Maksim Sarıqaya (Cabbarov Şamil Hümbət oğlu) 9 mart 1952-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Onu el-oba arasında hamı Maksim adıyla tanımışdır.
Şamil Cabbarov 1969-cu ildə Daşkənd kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. Şamil Cabbarov istədiyi fakültəyə daxil olmadığından institutda təhsilini davam etdirməmiş, 1971-ci ildə həqiqi hərbi xidmətə gedib.
1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə qəbul olub və 1979-cu ildə həmin institutu bitirərək məzunu olduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. O, 1986-1988-ci illərdə Daşkənd kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Müəllim işlədiyi ilk illərdən savadlı bir riyaziyyatçı kimi ad-san qazanmışdır. 1988-ci ildə ailəsi ilə birlikdə doğma Göyçə mahalından deportasiya olunan Maksim müəllim Bakı şəhərində məskunlaşmışdır.
Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində müəllim işlədikdən sonra Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

Onun “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında tədris edilmək üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı, “Elm və təhsil”, 2012), “Ali riyaziyyat kursundan mühazirələr və məsələlər” (I, II hissə, Bakı, “Elm və təhsil”, 2013), “Ehtimal nəzəriyyəsinin qısa kursu” (Bakı, 2016), “Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları” (Bakı, 2016) kitabları (həmmüəllif) da tələbələr üçün ən yaxşı metodik vəsaitlərdir.
Maksim müəllim həmçinin ədəbiyyatı da riyaziyyat qədər dərindən mənimsəmiş, müxtəlif janrlarında şeirlər yazmışdır. Şeirlərini “Maksim Şamil”, “Müəllim” və “Maksim Sarıqaya” imzası ilə çap olunmuşdur. “Tufandan tez yeli çatar” (Bakı, “Nurlan”, 2013) adlı şeirlər kitabı çap olunmuşdur. Kitabdakı ustadnamələrlə zəngin şeirlər tərbiyəvi ruhda yazılmışdır. “Sabirsayağı” tənqidi şeirlər də çoxluq təşkil edir.
Şamil Cabbarovun 9 mart 2022-ci ildə 70 illik yubileyi qeyd olunmuş, Azərbaycan aşıq yaradıcılığının inkişafandakı xidmətlərinə və Dədə Ələsgərin 200 illik yubileyi tədbirlərindəki aktiv iştirakına görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.
Dəyərli insan olan Maksim müəllim 22 mart 2022-ci ildə Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.
3-03-2023, 07:58
Yaxşı ki, böyümüşük!


ZAUR ƏRMUĞAN
Hekayə

Yaxşı ki, böyümüşük!

- Ay Ağarza, xoş gördük səni. Nə var, nə yox? İşlərin necədir? Nə edirsən, özün yatıb, özün dura bilirsənmi? -- deyə Məlik Ağarzanı görən kimi hal-əhval tutmağa başladı.
- Əşşi, bu zəmanədə adamdan hal xəbər alarlar? -- Ağarza könülsüz halda dindi, küçə qapısının ağzındakı daşın üstündən qalxdı, Məliklə əl-ələ tutub görüşdü.
- Nə olub yenə? -- Məlik yenə soruşdu. -- Qaş-qabağın yer süpürür, gəmilərin dəryada batıb?!
Ağarza başını qaşıya-qaşıya cavab verdi:
- Gəmi köpəkoğlu daha nə etsin?!
Batar də belə dəryada.
Məlik ciddiləşdi:
- Mənə bax, deyəsən, sözlü adama oxşayırsan? Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza əyilib yenə bayaqkı daşın üstündə oturdu. Məlik kərpicdən tikilmiş hasarın dibində çöməlib sualedici nəzərlərlə Ağarzanın sir-sifətini süzdü, dirsəyini qıçının üstünə qoyub ovcunu çənəsinin altına sıxdı.
Ağarza dedi:
- Ay Məlik, yenə sən bilərsən...
Məlik Ağarzanın sözünü ağzında qoydu:
- Guya sənə nə olub ki?! Oturduğun yerin iki min beş yüz metr dərinliyində nə var, onu bilirsən. Sən bilməyən şeyə qurd düşər ki. Bir əməlli-başlı danış görüm, nə olub.
Ağarza gözlərini yumub üzünü o yana çevirdi, gözlərini o tərəfdə açıb dodağının altında mızıldadı:
- Üçdə alacağın yox, beşdə verəcəyin yox! Əlini qoymusan əlinin üstünə, oturmusan yanımda. Sənin nə vecinə!
Məlik özündən biixtiyar ayağa qalxdı, səsini bir qədər artırıb bu dəfə acıqlı-acıqlı dedi:
- Üz-gözünü turşumuş qatıq kimi nə turşutmusan ey üstümə?! Danış də! Biz də bilək ki, nə olub? Təkər kimi nə pısmısan? Səni danışdırmaqdan ötrü cibinə pul basmalı deyiləm ki?!
Məlikin köpü yatdı. Dərindən bir ah da çəkib içini boşaltdı elə bil. Sonra yenə çöməldi. Ağarza başını aşağı dikəndə Məlikin özü də, səsi də mülayimləşdi:
- Can, Ağarza! Dərdin ürəyimə! Yetim elə yetimdir də! Kasıb nə vaxt dövlətli olur ki?! Gorun oldu ki, kəfənin də ola?! Nə olub ey?
Ağarza iki-üç dəfə "əşş", bir-iki dəfə də "of" deyəndən sonra üzünü Məlikə tutdu:
- Nə deyim ey?! Bu qədər dərd-sər olar?! Gün-güzəran bir dərd, arvad-uşaq bir dərd, azar-bezar bir dərd, qonum-qonşu bir dərd, toy-düyün bir dərd, hüzür bir dərd, borc dəftəri bir dərd, kredit bir dərd!... Ay kişi, mən olmayım, sən ol, dözə bilərsən bu qədər cəfaya? Dünyadır bu, həyatdır bu?
Məlik dostunu səbirlə dinləyib dedi:
- Darıxma! Düzələcək hamısı! Elə bundan ötrü narahatsan?
- Nə vaxt düzələcək? Mən öləndən sonra? -- Ağarza dilləndi. -- Deyirəm, ay Məlik, amma heyif o uşaqlıq vaxtlarımızdan! Nə yaxşı vaxtlar idi! Heç nəyin dərdini çəkmirdik, yaşayırdıq özümüz üçün. Ver yeyim, ört yatım, gözlə, canım çıxmasın! Dəf kimi idi, vallah! Dərdimiz nə idi ki?! Tut nə vaxt yetişəcək? Dərdə bax ey, sən Allah!
Məlik gülümsünüb cavab verdi:
- Uşaqlıq vaxtlarımızın da öz keşməkeşləri var idi, ay Ağarza. Sillə, təpik yeməkdən gömgöy göyərmişdik. O qədər davaya düşüb döyülmüşük ki! Onun, bunun qulluğuna getməkdən təngə gəlmişdik. Nə ixtiyarın var idi ki, əli ətəyindən uzun gələsən. Həddin nə idi ki, göndərildiyin yerdən gec qayıdasan. Yerə tüpürərdilər, deyərdilər ki, quruyunca gəl. -- Məlik yerindən qalxıb əllərini belinə qoyandan sonra yerə tüpürcək atdı. -- Sən başı daşlı da al günün altında ayağıyalın təng-nəfəs olurdun ki, söyülməyəsən, döyülməyəsən. Məktəbdə də günümüz, rüzgarımız yox idi. Bir ayağı üstündə qırx beş dəqiqə az dayanıb durmusan otağın küncündə? Məmmədağa müəllim boynunun ardına sillə çəkəndə gözlərindən od tökülürdü ki. Dinc dolanmırdıq axı. Dərs oxumurduq. Adam balası kimi sözə qulaq asırdıq ki?! Rəhmətlik dədən Bağır kişi çıxarardı kəməri şalvarının belindən, salardı səni ayağının altına. Əlindən güc-bəla ilə çıxıb bizə qaçıb gəldiyin günlər yadındadır?
Məlik sözünü deyib qurtardı. Özü də elə deyib qurtardı ki, elə bil indiyə kimi heç belə danışmamışdı.
Daha susmuşdu, daha danışmırdı, gözlərini Ağarzanın gözlərinə zilləyib onun nə deyəcəyini gözləyirmiş kimi kirimişdi.
Ağarza dedi:
- Sənin dərdin mənim dərdimdən də betər imiş ki!
- Bəs nə bilmişdin?! Başlamısan ki, uşaqlıq belə oldu, elə oldu. -- Məlik yenə qızışdı. -- Çoban Yarəhməd yadından çıxmaz. Sürüyə bir az gec gələn kimi gözünü yumub çomağını tullayardı haraya gəldi; Yarəhmədin çomağı, sənin başın! Yalan deyirəm?
- Çomaq da çomaq idi ha! Pa atonnan, kürəyimin ortası paralanırdı, az qala!
- Mən də onu deyirəm də. Yenə indi yaxşıdır. Sən də bir adamsan özün üçün. Beş kişinin içində adın çəkilir. Ev-eşiyin, suyun, çörəyin. Nə olub ki?! Uşaqlığın nəyi yaxşı idi? Uşaq olub, yenə qulluğa yüyürəcəkdin də! Qapaz da başında!
Ağarza çənəsinin altından boğazına axan isti təri cibindən çıxardığı dəsmalla silərək burnunu çəkib, qaşlarını yuxarı qaldırdı. Sonra ürəyindən tikan çıxaran bir kəlmə işlətdi:
- Dilinə qurban olum, a Məlik. Vallah, düz deyirsən. Yaxşı ki, böyümüşük!

"Bütöv Azərbaycan" qəzeti
3 mart 2023
3-03-2023, 00:01
Həzin, duyğusal görüş

Həzin, duyğusal görüş

( Fevralın 25-də Qafan Rayon icma nümayəndələrinin görüşü keçirilib)

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü büruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı.

Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan etdi.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış Konsepsiyası və bununla bağlı İcma qarşısında duran vəzifələr barədə ətraflı məlumat verdi. Xatırlatdı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. İcmanın başlıca məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiyaya məruz qalmış azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq səviyyədə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.
Prezident İlham Əliyevin tarixi çıxışı ilə daha çox bəlli edildi ki, Qərbi Azərbaycan məsələsi artıq dövlət əhəmiyyətli siyasi bir məsələdir. Biz Qərbi Azərbaycana qayıdanadək bu məsələ davam edəcək öz aktuallığını qoruyacaq.
İcmanın İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən öz çıxışında Qafan rayonunda anadan olduğunu bildirdi və qeyd elədi ki, Qərbi Azərbaycanda doğulmuş, uşaqlıq illərini orada keçirmiş, eyni zamanda deportasiya siyasətinin ağırlığını öz üzərində hiss eləmiş şəxs kimi, Qərbi Azərbaycan İcmasının işinin təşkilində yaxından iştirak etdiyi üçün özünü şanslı hesab edir. İcmanın fəaliyyəti, Qərbi Azərbaycana qayıdış məsələləri, beynəlxalq müstəvidə görüləcək və görülməli olan işlər haqda geniş məlumat verdi. Qeyd etdi ki, ilk dəfədir ki, 34 il ərzində Qərbi Azərbaycan məsələsi BMT masası üzərində müzakirəyə çıxarılıb və BMT -nin rəsmi dillərində 190 dövlət arasında deportasiya məsələsi yayılıb. Eyni zamanda bildirdi ki, bizim əsas məqsədimiz oğurlanmış mədəniyyətimiz, tariximiz barədə həqiqətləri masa üzərinə yatırıb dünya ictimaiyyətinə çatdırmaqdır.
Qayıdış konsepsiyasını analiz edən, çox saylı izahlar verən Ramil Həsən vurğuladı ki, "Düzdür, bizim -nənə babalarımız, Vətən -Vətən deyərək bizi tərk elədilər. Amma mən inanıram ki, gün gələcək biz Qərbi Azərbaycan torpaqlarından bir ovuc gətirib onların məzarları üzərinə qoyacağıq. Onu da bilin ki, Qərbi Azərbaycan torpaqlarımıza qayıdış könüllüdür, lakin biz inanırıq ki, hər bir Qərbi azərbaycanlı öz soykökü gələn yeri görməyi çox istəyir.
Biz o ərazilərə qayıtmaq istəyirik, ora bizim ata- baba yurdumuzdur. Bu hüquqi qanun təkcə orada doğulanlara yox, eləcə də ata soyu ilə gələn hər bir Qərbi azərbaycanlıya şamil edilir. Hər kəs o mülkdən öz haqqını-payını tələb edə bilər".
AMEA Tarix İnstitutunun “Qrbi Azərbaycan tarixi” şöbəsinin rəhbəri, tarixçi alim Cəbi Bəhramov çıxış edərək Qərbi Azərbaycanın, o cümlədən Qafan rayonunun tarixinin araşdırılması üzrə görülən işlərdən bəhs etdi. Tədbir iştirakçılarının tarixlə baxlı verdikləri sualları cavablandırdı.
Daha sonra Əkbər Vəliyev, Musa Məlikov, Eldar Qoşunoğlu, rəssam Səməni Qasımova, Nəzrin Fəyyaz, Şəhriyar Kərimov, Ülviyyə Namiq və başqaları çıxış edərək görülməli olan işlərdən, özlərinin İcmanın fəaliyyətinə dəstək naminə görə biləcəyi işlərdən, sosial mediada fəallıqdan, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyətin gücləndirilməsi zərurətindən danışdılar.
Bütün çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Qərbi Azərbaycan İcmasına göstərdiyi yüksək səviyyəli dəstəyə görə minnətdarlıq ifadə olundu. Eyni zamanda ölkə başçısının apardığı xarici və daxili siyasəti tam dəstəklədiklərini bildirdilər.
Tədbirin yekununda Eldar Abasov çıxışçıların irəli sürdükləri təkliflərə münasibət bildirdi. Qəbul edilmiş qərarlar və hər bir təklif haqqında da xüsusi tədbir görüləciyini, heç kəsin təklifinin nəzərdən yayınmayacağını vurğuladı.
Rəsmi hissədən sonra 35 ilin həsrətliləri baş-başa verib dərdləşdilər, xatirələr çözələndi. Kimisi sinif yoldaşını, kimisi uşaqlıq dostunu, qonşusunu tapdı. Xatirə şəkilləri çəkdirildi. Bir sözlə Zəngəzur mahalının qafan camaatı, kövrək duyğulu, xoş ovqata köklənən yeni bir gün yaşadılar. O günə şahidlik etdi:

Tehran BƏHRUZ,
“Bütöv Azərbaycan” qəzetinin Qərbi Azərbaycan üzrə xüsusi müxbiri. Fotolar müəllifindir.








































26-02-2023, 09:32
Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Qafan Rayon icma nümayəndələrinin görüşü olub

Hər bir Qərbi Azərbaycanlının gözlərində vətən həsrəti hiss edilirdi. Amma buna rəğmən onlarda sabaha inam hissi, bu hissi yaşatmağı bacarmaq duyğusu qabarıq şəkildə özünü biruzə verirdi. Tədbirdə əvvəlcə soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, Dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində əvəzsiz xidmət göstərib dünyadan köçənlərin və qardaş Türkiyədə zəlzələdən ölənlərin xatirəsi sükutla anıldı. Tədbiri giriş sözü ilə açan fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev sözü və aparıcılığı Qərbi Azərbaycan Qafan Rayon İcmasının sədri, professor Eldar Abasova verdi. Eldar Abasov ilk olaraq Qərbi Azərbaycan İcmasının qarşıda duran vəzifələrindən danışdı, eləcə də icmanın fəaliyyət proqramını elan elan etdi.

Sonra Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Ramil Həsən və başqaları çıxış etdilər, təkliflərini səsləndirdilər.
Görüş barədə daha ətraflı “Bütöv Azərbaycan” qəzetinin növbəti sayında, Qərbi Azərbaycan üzrə xüsusi müxbirimiz Tehran Bəhruzun geniş reportajından məlumat ala bilərsiniz.
18-02-2023, 22:27
Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının ilk iclası keçirilib.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının ilk iclası keçirilib.

Bu gün Qərbi Azərbaycan İcmasında Ziyalılar Şurasının ilk iclası keçirilib. Şuranın sədri, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynovun rəhbərliyilə keçən ilk tədbirdə Qərbi Azərbaycandakı dədə-baba yurdlarından mərhələlərlə deportasiya olunan soydaşlarımızın pozulmuş hüquqlarının bərpası və digər mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Tədbir barədə geniş materialı "Bütöv Azərbaycan" qəzetinin növbəti sayında oxuya bilərsiniz.

17-02-2023, 07:08
MƏNİM GÖZƏL TÜRKİYƏM

MƏNİM GÖZƏL TÜRKİYƏM

Bütün dünya bilir ki,
Sənin bayrağın enməz!
Bağrını min dərd sarsın,
Türk sarsılar, əyilməz!
Ey əziz qardaş ölkə,
Mənim gözəl Türkiyəm!
Sənə göz dəydi, nədi?!
Bəlkə mələklər deyə,
Bu nə tale, nə bəxtdi?!
Allah özü qorusun
Səni bu imtahandan!
Zəlzələlər, yanğınlar
Qoy əl çəksin yaxandan!
Axı, dünənə kimi
Dünya səni anırdı,
Görüb xoş növrağını,
Sevib xoş məramını
Qoynuna can atırdı.
Səfalı yaylaqların,
Çölün, çəmənin, bağın,
Dənizlərin, cayların
Aləmə "Gəl!" deyirdi.
Nə oldu birdən- birə
Fələyin çərxi çöndü?!
Ğül-çiçəkli Türkiyə
Bir gecənin içində
Qorxunc kabusa döndü?!
Bu bəla hardan gəldi,
Bu külək hardan əsdi?!
Yer yerindən oynadı,
Anaların fəryadı,
Balaların imdadı
Ucaldı, ərşə qalxdı.
Gözəl evlər, binalar
Yerin dibinə çökdü.
Xoşbəxt yurdlar, yuvalar
Xarabalığa döndü.
Vallah, belə zor olmaz,
Türkün bəxti kor olmaz!
Gözlərim qan ağlayır
Bu halını görüncə,
Mənim gözəl Türkiyəm!
Sənə qıcanan dişlər,
Sənə uzanan dillər,
Xain əllər, xəbislər,
Daha kimlər, kimsələr
Hələ az imiş, sanki--
Bir dərd də...heçdən gəldi,
Ğöydən, ya yerdən gəldi?!
Mənim gözəl Türkiyəm,
Dost qəlbi kövrək olar.
Səni məyus görəndə
Ürək alışar, yanar.
Eşit, gözəl Türkiyəm:
Sənin dərdin-- dərdimiz,
Kədərin-- kədərimiz!
Hər dəqiqə, hər bir an
Yanındayıq sənin biz!
İnşallah, tez sağalar
Yaraların, Türkiyə!
Təki, başın sağ olsun,
Tanrı türkü qorusun!
Qoy yaşasın, var olsun
Bu dostluq, bu qardaşlıq,
Azərbaycan-- Türkiyə!!!
Mirzə Yusif
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!