"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 6-02-2023, 15:26
KARVAN YOLU

KARVAN YOLU

Ulu Yaradanın möcüzələrindən biri də Karvan Yoludu, o yol ki, zəvvarların azmadan, sağ-salamat mənzil başına çatması – müqəddəs yerləri ziyarət etməsi üçün bələdçilik edir. Ulduzlar toplusu olan bu “səmavi yol” insan övladlarının arzularına qovuşmasına xidmət edən yoldu...
Azərbaycan millətinin bu günkü Karvan Yolu Zəngəzura, Göyçəyə, İrəvana gedən yolu – bizim üçün dünyanın ən müqəddəs məkanına, Məkkə-Mədinəyə gedən kimi, dədə-baba yurdlarına gedən yol. Bu yol azadlıq yoludu, haqq yoludu, Qarabağdan, Şuşadan keçən yoldu – odlar ayaqlayandan, necə ağrı-acılar görəndən sonra, necə igid oğullarımızın, şəhiddlərimizin müqəddəs qanı bahasına gedilən yol. Bu, həm də zamanın hər cür haqsızlıqlarına qatlanmış, iblisdən yaman olan düşmənin çirkin, murdar sifətini görmüş, saysız-hesabsız üzüntülər yaşamış didərgin insanların sınaq yoludu – həm Allah qarşısında, həm də müqəddəs baba yurdlarına dönüşün sınaq yolu. Özünə “türkəm”, “azərbaycanlıyam”, “müsəlmanam”, “haqqın tərəfindəyəm”, – deyən hər kəsin sevə-sevə, göynəyə-göynəyə, yana-yana illərlə, ümidlə gözlədiyi yoldu bu yol.
Bu səfərin gerçəkləşməsi üçün tarix bizə gözəl bir şans yaradıb – Karvan Yolumuza parlaq ulduzlar düzüb ki, biz təkcə 1988-1991-ci illərdə yox, iki yüz ilə yaxın bir zaman kəsiyində zaman-zaman baba yurdlarımızdan min bir siyasi hiylə ilə, min bir əzabla qovulan, didərgin salınan, sürgünlərə, məşəqqətlərə, deportasiyalara, soyqırımlara məruz qalan insanların övladları öz halal torpaqlarına qayıtsınlar. Bu gün ən parlaq ulduzlarımız məhz Karvan Yolunda parlamalıdırlar ki, qədim İrəvanımıza, Zəngəzurumuza, Göyçəmizə dönə bilək.
Qərbi Azərbaycanlıların öz yudrlarına dönməsi ilə İrəvan qalasında öz yurdlarını qoruyarkən rus süngüsü ilə qətlə yetirilən, şəhid olan Hüseyqqulu xanların ruhlarını şad etmiş oluruq. Bunun üçün əlimizdən gələni etməli, yüz illərdi Təbrizə, Dərbəndə, İrəvana – dörd-beş yerə parçalanan və öz dədə-baba torpaqları ilə həmsərhəd olan millətin bütövləşməsi üçün tarixi şansdan bəhrələnməliyik. Bu gün Azərbaycan dövləti, dövlət rəhbəri, Azərbaycanı sevən hər ziyalı, hər kəs üçün Qərbi Azərbaycana qayıdış işi, konsepsiyası müqəddəs Karvan Yolunda bir ulduz olmağı bacarmaqdı. Bu məqsəd üçün atılan hər addım bizi tarixi qələbəyə aparır, itirdiklərimizi qaytarmağa aparır, özümüzü özümüzə qaytarmağa, müqəddəs qəbirlərimizi və ziyarətgahlarımızı ziyarətə aparır. Bu müqəddəs səfərə hazırlaşan hər kəs özlüyündə bir zəvvardı, onun büründüyü ehram onun mənəviyyatı, ata-babasına olan məhəbbəti, millətinə, dövlətinə, torpaqlarının bütövlüyünə sədaqətidi...

Əksinə, bu işə mane olanlar üçün isə ən yüngül söz: “Sapı özümüzdən olan baltalar”dı. Zəngəzura, Göyçəyə... – qədim Azərbaycan torpaqlarına qayıdış üçün Qərbi Azərbaycan İcmasının apardığı məqsədyönlü iş üçün dövlətimizin rəhbərinin xeyir duası, tövsiyə, kömək və göstərişi bu gün gündəmdədi və Azərbaycanı sevənlər üçün bir sevinc, qürur dolu tarixi hadisədir. Bu işdə baba yurdlarına dönüş var, mədəni, mənəvi irsimizin, yüz illərdi itirilənlərin bərpası var və hər şeydən qabaq düşmən ayağı altında olan torpaqlarımıza – ata-baba yurdlarımıza qayıdış var . Buna kömək etmək, xeyir-dua vermək əvəzinə bəziləri, özü də özünə “ziyalı” deyən, yüksək vəzifələrdə işləmiş, babasının qəbirləri düşmən ayağı altında olanlar hədyan deyir, irad tuturlar. Gündəmdə qalmaq naminə, “mən də varam” naminə öz mənliyini ayaqlar altına atan, təlxəklik edənlər düşünmürlərmi ki, bu, millətin, dövlətin ümumxalq işidir. Bu, yağı dəyirmanına su tökmək, dünyanın hegemon dövlətlərindən dəstək alan, başımıza min cür müsibətlər gətirən çox hiyləgər və bizə qarşı sonsuz nifrəti olan, son dərəcə haqsız bir düşmənə dəstək olmaqdı. Və çox maraqlıdır ki, elə bir ziyalıya qara yaxmağa çalışırlar ki, özlərinin və gördüyü işlərin çəkisi o ziyalının – Əziz Ələkbərlinin Qərbi Azərbaycanla bağlı tədqiqiatlarının, əsərlərinin bir vərəqinin çəkisi qədər deyil. Onların bu çirkin addımları təkcə Ə.Ələkbərliyə yox, həm də mənə və mənim kimi yüz minlərlə Qərbi Azərbaycanda doğulmuş insanlara qarşıdır. Və həm də dövlət rəhbərinə qarşıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti doğum günündə Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə: – doğum günümü ancaq ailə üzvlərimlə qeyd eləmişəm və hesab edirəm ki, bugünkü gün istisna deyil, yenə də ailə üzvlərimlə birlikdə qeyd edirəm, – deməsi Azərbaycanı sevən və bizə düşmən olanlara çox tutarlı bir mesaj deyilmi?!
Burda Azərbaycanın bütöv olması üçün millətimizin birliyinə, bütün çətinlikləri, problemləri yalınız doğma insanlarla həll etməyin mümkünlüyünə eyham deyilmi?! Bəli, prezidentin Qərbi Azərbaycan İcmasına rəhbərlik etməyi ehtimad etdiyi insana – Ə.Ələkbərliyə qarşı deyilən hər söz Azərbaycanın bütövlüyü üçün çalışan hər kəsə deyilən sözdü. Siz fərqindəsinizmi bu alim hansı əzab əziyyətlə, hansı zəhmətlə Qərbi Azərbaycanla bağlı qırxa yaxın tədqiqat əsərini ərsəyə gətirib?! Siz fərqindəsinizmi ki, bu gün sizin gündəmdə olmaq üçün bir ziyalıya qarşı dediyiniz söz yurdlarımıza dönmək üçün qayıdan karvana mane olmaqdı. Siz düşünə bilərsiniz ki, mən həmin icmanın şöbə müdiri olduğuma görə ona yarınmaq üçün bu sözləri deyə bilərəm...
Mən Əziz müəllimi otuz ilə yaxındır ki, tanıyıram və bəlkə də kitabları işıq üzü görəndə də, dörməmişdən qabaq da ilk oxucularından biri mən olmuşam. Biz bir məfkurənin, bir əqidənin adamları olduğumuzdan, onun millətə, dövlətə və dövlətçiliyimizə xidmət etdiyindən, həm də dədə-baba torpaqlarımızın tarixini yaratdığından mən onun silahdaşı, milli ideya, milli mənlik soydaşıyam. Bizim bir-birimizə hörmət və münasibətimiz də vətənpərvərlikdən qaynaqlanır. Mən onlarla bədii, publisistik əsərlərin, kitabın müəllifi olan yazaram və bədii yazılarımdakı vətən həsrəti, yurd istəyi, başımıza gələn fəciələri də Əziz müəllim özününkü sayır və sayıb. Otuz ildən çoxdur ki, mənim bütün əsərlərimin redakroru da məhz Əziz Ələkbərlidir.
Biz tanış olduğumuz ilk gündən ata-baba yurdlarımıza qayıtmaq amalı üçün çalışmışıq. Mən yazıçı kimi bədii əsərlərimdə, telejurnalist kimi verilişlərimdə, Əziz müəllim də bir alim kimi öz tədqiqatlarında, araşdırmalarında. Belə bir insana qara yaxmaq millətinə, dövlətinə qara yaxmaqdır, düşməni sevindirib, dostu kədərləndirməkdir. Sizdə vətənpərlik, təəssübkeşlik olsa Qərbi Azərbaycandan, ya ölkəmizin başqa guşələrindən olan ziyalılar kimi gəlib deyərdiniz ki, mən nə kömək edə bilərəm. Azərbaycan Respublikasının Prezidentinin QAİ-nin binasının açılışındakı çıxışına qulaq asandan sonra siz qayıdış konsepsiyası haqqında təklifinizi vermiş olsaydınız öz ziyalılığınızı ortaya qoymuş olardınız.
Amma çox təssüflər... Elə ümummilli təəssübkeşlik var ki, orda nə iqtidar, nə müxalifət, nə də Şəkili-Bakılı sərgilənmir, 44 günlük müharibədə olduğu kimi. Qərbi Azərbaycana qayıdış da o müharibənin davamıdır, amma topsuz-tüfəngsiz – silahsız, sülhlə. Burda ziyalı da, fəhlə də, qulluqçu da mərhum S.Vurğunun dediyi kimi olmalıdır:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən...

Qərbi Azərbaycanlı “ziyalısı”, dediyin sözlərin, atdığın addımın fərqindəsənmi ki, bu gün Şimaldan, Cənubdan, Qərbdən Vətənimizə olan düşmən təpkilərinə dəstək olursan?! Ay ata-baba qəbirləri düşmən ayağı altında olan insan. Görünür sizin kimilər üçün fərqi yoxdu – rəhmətlik Sabir demiş: “millət necə tarac olur-olsun nə işim var, düşmənlərə möhtac olur-olsun nə işim var?!”
Sizin Əziz Ələkbərliyə atdığınız “tolamazdı” balalarınıza, babalarınıza atdığınızdı, əgər özünüzü dərk edirsinizsə. Bəli, bu gün Qərbi Azərbaycan İcmasının yolu Karvan Yoludu – dədə-baba yurdlarımıza gedən yol!
Miraslan BƏKİRLİ
yazıçı-jurnalist



Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!