"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 27-04-2024, 15:30
“Övladımın qəhrəmanlığı ilə fəxr edirəm”


“Övladımın qəhrəmanlığı ilə fəxr edirəm”

Aprel ayının son günləridir. Günorta vaxtıdır. Seyrək buludların arasından boylanan aprel günəşi ilıq suları ilə yer üzünü isidir. Hava olduqca xoşdur. Belə günəşli bir gündə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İbrahimli Cavidan Nizami oğlunun əvvəllər yaşadığı ünvanını axtarırdıq. Gəlməzdən əvvəl zəng vurub anası Gülnaz xanımdan qaldıqları ərazini soruşmuşduq. İndi onun nişan vediyi ünvandakı binaların qarşısındakı geniş meydanda dayanmışdıq. Sadəcə olaraq, hansı giriş qapısından içəri girəcəyimizi bilmirdik. Bunu dəqiqləşdirmək üçün yenə də şəhid anası ilə danışdıq. Gülnaz xanım dedi ki, evimizə giriş həyətdəki “Xatirə bulağı”nın yanındandır. Əgər bulağı görürsünüzsə, o səmtə gəlin, indi uşağı qabağınıza göndərirəm. Telefon danışığımızı bitirib ətrafa boylandıq. Bir az irəlidə hündür ağacın altında “Xatirə bulağı”nı gördük. Vaxt itirmədən həmin səmtə addımladıq. Bulağın yanına çatmağa az qalmış binadan bir oğlanın qarşımıza çıxdığını gördük. O yaxınlaşıb salamlaşandan sonra zəng vuranların biz olduğumuzu dəqiqləşdirdi. Tanışlıq verərək şəhidin böyük qardaşı Kənan olduğunu söyləyəndən sonra “xoş gəlmisiniz” – deyib qabağa düşdü.

“Şəhid olmasaydı indi ömrünün 25-ci ilini yaşayacaqdı”

Şəhidin evi birinci mərtəbədə idi. Açıq qapıdan əvvəlcə Kənan, ardınca da biz içəri girdik. Kandarda şəhid anası ilə görüşdük. Gülnaz xanım bizə oturmağa yer göstərdi. Otaqlarda sakitlik idi. Bu sakitliyi həyətdə oynayan uşaqların səsi pozurdu. Oturan kimi diqqətimizi Cavidanın xatirəsinə düzəldilmiş guşə cəlb etdi. Guşəyə Cavidanın müxtəlif illərdə çəkdirdiyi şəkilləri, sənədləri qoyulmuşdu. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək şəhid olmuş oğlunun xatirə guşəsinə baxdığımızı görən Gülnaz xanım sözə başladı. Xatirələrin qanadında ötən illərə qayıdaraq Cavidanlı günlərindən danışdı. Dedi ki, illər yaman tez gəlib keçdi. Sanki bütün bunlar dünən, srağagün olmuşdu. Cavidan bir yaz günündə dünyaya göz açmışdı. O, evimizin sonbeşiyi idi. Onun gəlişi ailəmizin sevincini daha da artırmışdı. Bir-birinə bənzəməyən günlər sanki onu tez böyütdü. Cavidan şən uşaq idi, qaraqabaq deyildi. Kədəri heç vaxt özünə yaxın buraxmazdı. Təbiətcən dəçox sakit uşaq idi. Müəllimləri də həmişə ondan razılıqla danışardı. Sinif yoldaşları ilə də, qonşu uşalarla da çox mehiban davranırdı. Cavidan mehribançılığı ilə hamının sevgisini qazanmışdı. Onun kiminləsə mübahisə etdiyini, dava-dalaş saldığını xatırlamıram. Cavidan həm də xeyirxah uşaq idi. Həmişə özündən balacalara kömək edər, yol göstərərdi. Özündən böyüklərə isə hörmətlə yanaşardı. Əgər döyüşlərdə şəhid olmasaydı, indi ömrünün 25-ci ilini yaşayacaqdı...

“Komandirləri ona “xilaskar mələk” deyirmişlər”

Ananı qəhər boğduğuna görə gözləri yaşardı, danışa bilmədi. Cavidanın otaqdakı guşəsinə boylanıb yaşadığı qısa, lakin şərəfli ömür yolu ilə tanış olduq. Öyrəndik ki, o, 24 mart 2000 ci ildə Bakı şəhəri Badamdar qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə 236 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Ordusunun sıralarında Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirib. Cəbhə bölgəsində yerləşən "N" saylı hissəsində xidmət edib, həmişə yurdumuzun keşiyində ayıq-sayıq dayanıb. Cavidan İbrahimli ordu sıralarında sanitar-təlimatçı kimi də formalaşıb. Xidmət müddətində silahlarla bərabər, az-çox tibbin də sirlərinə yiyələnib. Erməni işğalçılarının təxribatı nəticəsində 2020-ci il sentyabrın 27 də Vətən müharibəsi başlayanda Cavidan İbrahimli könüllü olaraq döyüşlərə yollanıb. O, Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında iştirak edib. Döyüşlərdə cəsarətlə vuruşub, böyük hünər göstərib. Cavidan döyüşlər zamanı bir çiynində silah, bir çiynində tibb çantası gəzdirib. Əməliyyatlar zamanı yaralanan zabit və əsgərlərə ilkin tibbi yardım göstərərək həyatlarını xilas edib. Buna görə də komandirləri də, əsgər yoldaşları onu “xilaskar mələk” adlandırırmışlar. C.İbrahimli oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən əməliyyatlarda üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Oktyabrın 24-də qoynunda dünyaya göz açdığı Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İbrahimli Cavidan Nizami oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "Xocavəndin azad olmasına görə", “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Övlad itirmək ağır dərddir”

Gülnaz xanım göz yaşlarını silib qəhərini içində boğduqdan sonra yenə də Cavidanlı günlərindən danışdı. Dedi ki, İkinci Qarabağ müharibəsi başlayanda Cavidan könüllü olaraq cəbhəyə yollandı. Hər gün zəng vurub iştirak etdiyi döyüşlərdən danışırdı. Onun səsində böyük sevinc duyulurdu. Sevinə-sevinə deyirdi ki, mama, erməni işğalçıları qarşımızda dayana bilməyib geri çəkilir. Bu gedişlə qısa müddət ərzində sənin doğma yurdun Ağdamı da erməni işğalçılarından azad edəcəyik. Günlərin birində mən sizə Şuşadan zəng vuracam. Ondan bu şad xəbərləri eşidəndə sevincimiz aşıb-daşırdı. Mən Ağdam rayonunun Ətyeməzli kəndində dünyaya göz açmışam. Təəssüflər olsun ki, erməni işğalçıları 1993-cü ilin iyul ayında başqa ərazilərimiz kimi o gözəl yerləri də ələ keçirdilər. Cavidanın söylədiyi xoş xəbərlər ümid verirdi ki, yaxın zamanlarda Azərbaycan Ordusu Ağdamı da işğaldan azad edəcək. Hər gün sabahlarımız şad xəbərlərlə açılırdı. Ordumuz addım-addım kənd və qəsəbələri azad edə-edə üzü Qarabağa doğru irəliləyirdi. Amma oktyabrın 21-dən sonra Cavidandan zəng gəlmədi. Bundan çox nigaran qaldıq. Sonra qapımızı acı xəbər döydü. Komandiri zəng vurub Cavidanın şəhid olduğunu bildirdi. Bu xəbəri eşidəndə dünya başıma fırlandı. Axı onun heç 20 yaşı da tamam olmamışdı. Acı göz yaşları içində Cavidanı Badamdar qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırdıq. Dəfnində iştirak edən hərbçi yoldaşları onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan ürəkdolusu danışırdılar. Övladım haqqında eşitdiyim bu sözlər sanki yarama məlhəm olurdu. Düşünürdüm ki, mən Vətən üçün qəhrəman oğul böyütmüşəm. Övlad itirmək ağır dərddir. Təskinliyi yalnız onda tapıram ki, Cavidan yurdumuzun azadlığı uğrunda şəhid olub. Onun qırxı çıxar-çıxmaz həyat yoldaşım Nizami oğul itkisinə dözə bilməyib dünyasını dəyişdi. Ölümü ilə dərdimizin üstünə dərd gətirdi.

“Övladımın adını daşıyan küçə ilə gedəndə qürur hissləri keçirirəm”

Gülnaz xanım dedi ki, şəhid ailəsi kimi ona dövlət tərəfindən iki otaqlı mənzil verilib. Şəhid anası bu qayğı və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Şəhid anasından onu da öyrəndik ki, Cavidanın adı əbədiləşdirilib. Yaşadıqları küçə indi övladının adını daşıyır. Oğlunun dostları onun adına həyətdə “Xatirə bulağı” tikiblər. Hər gün binada yaşayanlar qəhrəmanın adını daşıyan bulaqdan su içib, xatirəsini hörmətlə yad edirlər. Şəhid anası dedi ki, övladımın adını daşıyan küçə ilə addımlayanda qürur hissləri keçirirəm. Övladımın qəhrəmanlığı ilə fəxr edirəm.
Cavidanın qardaşı Kənan ilə də söhbət etdik. Dediklərindən öyrəndik ki, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə onu da ordu sıralarına çağırıblar. “Bizi birbaş hərbi hissəyə gətirdilər. Elə həmin gün hamıya hərbi forma verdilər, silah payladılar. Ertəsi gün təlimlərə başladıq. Bir neçə gündən sonra bizi də müharibəyə aparacaqdılar. Məşğələlər zamanı silahları həvəslə öyrənirdik ki, döyüşlərdə erməni işğalçılarını dəqiq atəş zərbələri ilə məhv edək, düşməndən şəhidləimizin intiqamını alaq. Təəssüf ki, bu arzuma çata bilmədim. Evdən Cavidanın şəhid olduğunu dedilər. Aman Allah, bu nə xəbər idi eşidirdim. Müharibədə dünyalarca sevdiyim qardaşımı itirmişdim. Bu bəd xəbərə hönkür-hönkür ağladım. Qardaşım şəhid olduğuna görə məni ordu sıralarından tərxis etdilər. Kiçik qardaşım Şamxal da, mən də kiçik qardaşımız Cavidanla, onun qəhrəmanlığı ilə fəxr edirik”.
Gülnaz xanım övladı ilə bağlı başqa bir maraqlı məlumatı da verdi. Dedi ki, oğlumun ili ərəfəsində Türkiyədə yaşayan dostu zəng vurub dedi ki, Şəfiqə adlı bir qadın “Tvitter” səhifəsində Cavidanla bağlı paylaşım edib. Cavidan nə vaxtsa beş manatlıq pulun üstünə: “Şəhidləri unutmayın! İbrahimli Cavidan Bakı – Badamdar” sözlərini yazıb. Hansı yollasa pul Şəfiqənin əlinə düşüb. O da pulun şəklini çəkərək paylaşım edib. Sonra həmin beş manatlıq əskinası bizə göndərdilər. Bu məlumatı verəndən sonra Gülnaz xanım həmin pulu da, pulun şəklini də bizə göstərdi. Cavidanın bir vaxtlar üstünə öz xətti ilə yazdığı pul indi evlərində bərəkət rəmzinə çevrilib.
Şəhid anasının övladı ilə bağlı söz-söhbəti qurtarmır. Sözünün əvvəli də Cavidandır, axırı da. Gülnaz xanımın övlad sevgisi bitib-tükənmir. Heç vaxtda tükənməyəcək. Tükənməyən bu sevgi onu deyir ki, Cavidan yaddaşlarda igid bir əsgər, cəsur bir döyüşçü kimi əbədi olaraq qalacaq.

Vahid MƏHƏRRƏMOV


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!