Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 14-07-2024, 16:17
Arzuları ürəyində qalan bala


Arzuları ürəyində qalan bala

Qubanın “Şəhidlər xiyabanı”nda əbədi uyuyan igid oğullarımızdan biri də rayonumuzun Davidoba kəndindən olan Cabbarov Orxan Hətəm oğludur. Orxanı artıq hər birimiz tanıyırıq. Lakin onun həyat və fəaliyyəti, döyüş yolu, daşa dönmüş arzu və istəkləri barədə bilmədiklərimiz bildiklərimizdən heç də az deyil. Odur ki, Şəhid Orxan Cabbarovu daha geniş oxucu auditoriyasına tanıtmaq məqsədilə atası Hətəm kişinin evinə yollandım. İçəridən yanıqlı bayatı səsi gəlirdi.
Əzizim oğlum getdi,
Sevincimi aldı getdi.
Quruca canım qalıb,
Əqlimi aldı getdi.

Ağırdır, oğul dərdi,
Çəkirəm oğul dərdi.
Yaman əydi qəddimi,
Çəkdikcə oğul dərdi.


Ehmalca həyət qapısının zəngini basdım. Qapını üzümə açan şəhidin atası Hətəm kişi idi. Hava soyuq olduğundan tez evə daxil olduq. Hələ də özümə gələ bilmirdim, nə deyəcəyimi, nəyi soruşacağımı unutmuşdum. Sükutu qapının səsi pozdu. İçəri daxil olan şəhidin anası Zülfiyyə və bacısı Gülşən idilər. Məqsədimi anlayan Zülfiyyə ana məni oğlunun şərəfinə otaqların birində təşkil olunan xatirə guşəsinə apardı. Qürurlu gözləri sual dolu ana ciyər parasını, qeyrətli Vətən oğlunu belə xatırladı:
“Orxan çox səliqəli oğlan idi. Onu dediyindən döndərmək mümkün deyildi. Orxan bilirdi ki, Vətən dardadır. Odur ki, döyüşə yollandı. Sonra da Tanrı əlimizdən dərgahına aldı onu.”
Bayaqdan qəhərlənmiş Hətəm kişi də göz yaşlarını silərək bizi oğlunun tərcümeyi-halı ilə tanış etdi.
Orxan Cabbarov 1994-cü ilin sentyabrın 29-da Quba rayonunun Davidoba kəndində dünyaya göz açmışdı. 2000-ci ildə ailə üzvləri ilə birlikdə Qazaxıstanın Rudniy şəhərinə köçmüş, 2001-ci ildə Rudniy şəhər 10 saylı orta məktəbinə daxil olmuşdur. 2006-cı ildə ailə üzvləri ilə birlikdə ölkəmizə qayıdaraq təhsilini şəhid Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta məktəbində davam etdirmişdir. 2013-cü il iyunun 4-də həqiqi hərbi xidmətə çağırılmış və 2015-ci ilin 1 yanvarına qədər N saylı hərbi hissədə xidməti başa vurmuşdur. 2017-ci ilin fevral ayının 15-dən mart ayının sonuna kimi MAHHXHQ-nın hazırlıq kursunda təlim keçmişdir. 2017-ci ilin aprel ayının 27-də N saylı hərbi hissədə BTR-82A-ya sürücü-mexanik vəzifəsinə təyin edilmişdir. 2020-ci ilin sentyabr ayının 27-də Vətənimizin azad olunması uğrunda başlanan Vətən müharibəsində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Orxan Cabbarov 8 noyabr tarixində düşmən üzərində qələbə çalınandan yeddi ay sonra, 2021-ci ilin iyul ayında Gizirlik kursuna daxil olub. 2021-ci il sentyabr ayında kursu bitirdikdən sonra xidmətini BTR komandiri vəzifəsində işğaldan azad olunmuş Laçın, Kəlbəcər rayonları ərazilərində gizir kimi davam etdirib.
2021-ci il 16 noyabrda cəsur döyüşçü, doğma Vətənini öz canından çox istəyən, bütün varlığı ilə torpağını, xalqını sevən 27 yaşlı Orxan Cabbarov komandiri olduğu BTR-də partladılaraq, ekipaj üzvləri ilə birlikdə şəhidlik zivəsinə ucalmış, 2021-ci il, 18 noyabrda Quba rayonun Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən gizir Orxan Cabbarov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Daha sonra 27 dekabr 2021-ci il tarixli Prezident Sərəncamı ilə Şəhid Orxan Cabbarov ölümündən sonra “III Dərəcəli Rəşadət” ordeni ilə təltif edilmişdir.
Kəndin girəcəyində Orxan Cabbarovun portreti qoyulmuşdur. Ürəyində şəhidlərin ruhunu yaşadan, onları öz doğma övladı sayan, xəmiri milli-mənəvi dəyərlərimizlə yoğrulan hər kəs bu portretin qarşısında ayaq saxlayaraq, onunla – uşaq yaşlarından vətənpərvər ruhda böyüyən Orxanla qəlbən söhbət etməyi özlərinə borc bilirlər.
Evin otaqlarının birində şəhid Orxan Cabbarovun xatirəsinə həsr edilən guşədə Orxanın şəkilləri, orden-medalları, onların vəsiqələri, çoxlu əl işləri diqqətimi cəlb etdi. Guşədə qoyulmuş masanın üstündə bir qovluq da var idi. Onu açıb baxdım.
Bu qovluqda Orxanın əllə çəkdiyi çoxlu sayda rəsmləri toplanmışdı. İndi də şəhidin bacısı Gülşən xanım qardaşı haqqında xatirələrini bizimlə bölüşərək bildirdi ki, Orxan ailənin ümidi, köməyi idi. Qardaşım kiçik yaşlarından rəssamlığa həvəs göstərirdi, təhsil aldığı məktəbin sərgi lövhələri və tədbirləri Orxanın əl işləri ilə bəzənərdi. Rəssamlıq bacarığı, yaxşı oxumağı və nizam-intizamı ilə fərqləndiyinə görə məktəb rəhbərliyi tərəfindən bir-neçə dəfə fəxri fərmanlarla təltif olunmuşdu.
İndi şəhid qardaşımdan yaddaşlarda yaşayacaq həzin xatirələr, bir də əl işləri qalıb...
Mənə elə gəlir ki, rəssamlıq bütün sənətlərin ən gözəlidir. Ona görə ki, rəsm əsəri duyğuları birləşdirir. Ona baxanda hər kəs xəyalının ifadəsi ilə bir zaman yarada bilər. Bu sənətin ucalığıdır. İnsan üçün bir yüksək məqam da var -Vətən! Vətənə olan sevginin ən yüksək forması məncə igid oğulların onun dar günündə harayına səs verməsi, onun azadlığı uğrunda gözünü qırpmadan canından keçməsidir.
Bu gün artıq əbədiyaşar qəhrəmanlarımız üçün rəsm əsərləri çəkilir, şeirlər yazılır, mahnılar bəstələnir, kitablar çap edilir. Çünki, bu qəhrəmanlar əbədi yaşamaq haqqı qazanıblar.
Baxışına nisgil, həsrət hopmuş şəhid Orxan Cabbarovun bu qısa ömür salnaməsini onun haqqında qələmə aldığım şeirlərdən birinin iki bəndi ilə bitirmək istəyirəm :
Gör neçə ürəyi fələk dağladı,
Anan ağı dedi, səni ağladı.
Bacın Gülşənin də üzü saraldı,
Gələndən bəd xəbər şəhid Orxanın.

Hər gün dilə gəlir, susmur o dillər,
Məzarın üstünü bəzəyir güllər.
Yas tutub, oxumur indi bülbüllər,
Gələndən bəd xəbər şəhid Orxanın.


Bəli, say-seçmə oğullarımızı itirdi Vətən. Torpaq uğrunda, namus-qeyrət uğrunda qurban getdi çinar boylu, şair ürəkli, Nəsimi dözümlü, Koroğlu nərəli ərənlərimiz.
Azərbaycan xalqının belə igid qəhrəman oğullarından biri olan Cabbarov Orxan Hətəm oğlu da ürəklərə köçüb, əbədiyyətə qovuşdu.
Uyu qardaşım! Küknar ağacları ilə əhatələnmiş Qubanın Şəhidlər xiyabanında rahatca uyu! Sənin məzarın bütün qubalıların ziyarətgahı olacaq.
Süleyman İSKƏNDƏROV,
A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin üzvü
12 aprel 2024-cü il
Qımıl kəndi


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!