İran hakimiyyəti soydaşlarımıza yardım olunmasını əngəlləyib
Bu yaxınlarda İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində evsiz qalan minlərlə azərbaycanlı molla rejiminin qeyri-insani rəftarı ilə üzləşib. Küçələrdə gecələyən soydaşlarımız İranın rəsmi qurumlarından kömək istəsə də, yerli hakimiyyət onları üzləşdikləri çətin vəziyyətdən xilas etmək üçün heç bir iş görməyib, bu azmış kimi azərbaycanlılara yardımların göndərilməsini əngəlləyib. Daha ətraflı AzTV-nin hazırladığı videomaterialda:
Rusiya ilə NATO arasında müharibənin olmaması üçün səy göstərəcəyik - Şolts
Almaniya kansleri Olaf Şolts Ukraynadakı müharibədən danışıb. Marburqda keçirilən görüşdə o, müharibəni Rusiyanın hərbi ekspansiyası üçün çoxdan düşünülmüş plan adlandırıb. Kansler Berlinin Rusiya ilə NATO arasında müharibənin baş verməməsi üçün hər cür səy göstərəcəyini qeyd edərək, bunun dəhşətli hadisə olacağını vurğulayıb. Onun sözlərinə görə, Putin üçün Kiyev və Brüssel arasında aparılan danışıqlar ərazilərin zorla ələ keçirilməsi üçün sadəcə bəhanə olub.
Prezident Avropa İttifaqının energetika üzrə nümayəndə heyətini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı tədbirdə iştirakına görə Kadri Simsona təşəkkürünü bildirib. Prezident İlham Əliyev ötən ilin iyulunda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sənədə uyğun olaraq, ölkəmizin qaz istehsalını 2027-ci ilədək artırmaq niyyətində olduğunu və Aİ-yə üzv ölkələr arasında qurulan interkonnektorlar vasitəsilə yeni bazarlara çıxış imkanlarının yarandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Yaşıl enerji üzrə nazirlərin 1-ci iclasının, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında nazirlər səviyyəsində görüşün keçiriləcəyini qeyd etdi. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük resurslarının olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış sənədin də ölkəmizin bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin Avropa bazarına çıxarılması üçün böyük perspektivlər vəd etdiyini bildirdi. Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılacaq müzakirələr nəticəsində yeni təşəbbüslərin və ideyaların yaranacağına ümidvar olduğunu qeyd etdi. Kadri Simson Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna görə təşəkkürünü ifadə etdi və Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin qaza tələbatının ödənilməsində oynadığı rolunun, enerji təhlükəsizliyinə verdiyi töhfələrinin yüksək qiymətləndiririldiyini diqqətə çatdırdı. Qonaq dedi ki, hazırda Aİ məkanında enerji təhlükəsizliyi baxımından gərgin zamanda Azərbaycanın dəstəyi və yardımı yüksək qiymətləndirilir. Energetika məsələləri üzrə komissar bildirdi ki, Aİ Azərbaycanla təbii qaz, yaşıl enerji sahələrində əlaqələri genişləndirməkdə maraqlıdır, həmçinin Azərbaycanla elektrik enerjisi ilə bağlı əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək onu nəzərdən keçirir və bu istiqamətdə də əməkdaşlığa hazırdır. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına verdiyi töhfəsinin və Brüssel sülh prosesinin əhəmiyyəti vurğulandı.
Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rumıniya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Azərbaycan etibarlı tərəfdaşdır - Rumıniya prezidenti
Cənub Qaz Dəhlizi özünün Avropanın enerji təhlükəsizliyi üçün strateji vacibliyini sübut edib. Hazırda bu dəhliz həmişəkindən daha vacibdir. Bunu Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Rumıniya dövlət başçısının sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra geosiyasi vəziyyət dəyişib. Klaus Yohannis qeyd edib ki, Avropa İttifaqı və üzv ölkələr enerji resursları istiqamətində alternativlərə üz tutub. Bu mənbələrdən biri də Azərbaycandır və Azərbaycan etibarlı tərəfdaşdır. Rumıniya dövlət başçısı xatırladıb ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın əsası 2009-cu ildə qoyulub: “2022-ci ildə biz enerji sahəsində görünməmiş çətinliklərlə üzləşdik. Bu çətinliklərə cavab vermək üçün Aİ hərtərəfli addımlar atıb. Azərbaycandan idxal olunan qaz regionumuzun bütün ölkələrinin enerji təchizatına stabillik gətirib. Biz Azərbaycanın və Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qiymətləndiririk. Biz Xəzər dənizindən daha çox təbii qazın hasil edilməsində maraqlı olaraq qalırıq”.
Enerji təchizatımız davamlı şaxələnir - İlham Əliyev
Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq. Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. “Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Putin Ukraynaya tank verilməsinə münasibət bildirdi
Rusiya prezidenti Vladimir Putin Qərbin Ukraynaya tank tədarük etməsinə münasibət bildirib. Bu barədə o, Stalinqrad döyüşündə qələbənin ildönümü şərəfinə təşkil olunan konsertdə çıxışı zamanı danışıb. Putin 80 il əvvəl baş vermiş hadisələrlə paralellər aparıb, Rusiyanın yenidən alman tankları tərəfindən təhdid edildiyini deyib. “Avropa ölkələrini məsuliyyətsizcəsinə Rusiya ilə yeni müharibəyə cəlb edənlər, görünür, başa düşmürlər ki, Rusiya ilə müasir müharibə tamamilə fərqli olacaq. Biz onların sərhədlərinə tank göndərmirik, lakin zirehli texnika təhlükəsi yaranarsa, Rusiya təhdidlərə yalnız zirehli texnika ilə cavab verməyəcək”, - deyə Putin qeyd edib.
Avropa İttifaqı Ukraynaya yeddinci hərbi paketini hazırlayıb
Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə yeddinci yardım paketini ayırıb. Bununla bağlı Aİ Şurası qərar qəbul edib. Qərara əsasən, Avropa Sülh Mexanizmi çərçivəsində Avropa İttifaqı Şurası Ukrayna Silahlı Qüvvələrinə 500 milyon avro dəyərində yeddinci yardım paketi qəbul edib. “Ukrayna öz ərazilərini və xalqını Rusiyanın işğalçı müharibəsindən qorumaq üçün lazım olan bütün hərbi texnika və təlimləri almalıdır. Onlar təkcə öz ölkələrini deyil, həm də ümumi dəyərlərimizi və beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edirlər. Bu gün yeni tədbirlər həlledici bir zamanda aydın mesaj verir: biz Ukraynaya lazım olduğu qədər və lazım olduğu müddətdə dəstəyimizi davam etdirəcəyik”, - Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib. Qeyd edək ki, yeddinci paketlə Aİ-nin Ukrayna üçün Avropa Sülh Mexanizmi çərçivəsində ümumi töhfəsi 3,6 milyard avroya çatacaq.
Avropa İttifaqı Rusiyaya yeni sanksiya tətbiq edəcək
Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibənin başlanmasının ildönümündə - fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə səfəri zamanı danışıb. “Biz və G7-dəki tərəfdaşlarımız Rusiyanın neft məhsullarına qiymət həddi tətbiq edəcəyik və işğalın başlanmasından düz bir il sonra - fevralın 24-dək biz 10-cu sanksiyalar paketini qüvvəyə mindirməyi hədəfləyirik”, - fon der Leyen deyib. Avropa Şurasının rəhbəri Şarl Mişel yanvar ayında bildirmişdi ki, Aİ Rusiyaya qarşı yeni sanksiyaların müzakirəsinə davam edir. Avropa Parlamenti bu gün, fevralın 2-də “Lukoyl” və “Rosatom”un Aİ-dən çıxarılmasını və Rusiyadan uran idxalının dayandırılmasını tələb edən qətnamə qəbul edib.
İsveçrənin Türkiyənin İstanbul şəhərində yerləşən baş konsulluğu fəaliyyətini dayandırıb. Bu barədə "Euronews" məlumat yayıb. Buna səbəb kimi terror təhlükəsi göstərilib. Qeyd edək ki, bundan əvvəl Almaniya, Niderland, Böyük Britaniya və Fransa da eyni səbəbi əsas gətirərək İstanbuldakı konsulluqlarını bağlayıblar. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu addımı psixoloji savaş adlandırıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!