Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi - Lavrov
"Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya - 24" kanalına müsahibəsində deyib. "Azərbaycan öz ərazilərini işğaldan azad etdi", - deyə Rusiya XİN başçısı Qarabağdan danışıb. "KTMT Qafqazda vəziyyəti sabitləşdirmək yollarını tapmaqda Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. Ötən ilin sentyabrında baş verənlərdən sonra orada hər iki tərəfdən ümumilikdə 300-ə yaxın insan həlak oldu, biz dərhal qrup göndərdik. Biz Ermənistandan sorğu aldıq, KTMT-nin baş katibinin xüsusi ekspert missiyası Ermənistanın Azərbaycanla sərhəddə olan hissəsində yerləşdirilməsi barədə plan təqdim etdik", - Lavrov vurğulayıb. "Plan çoxdan hazırlanmışdı, amma Ermənistan tərəfi bizi tələsdirmədi. Nəticədə İrəvanda keçirilən sammitdə müvafiq qərarın mətni hazırlandı. Lakin İrəvan bildirdi ki, Azərbaycanın hərəkətləri qəti şəkildə pislənərsə, buna razı ola bilər. Heç də bütün ölkələr buna hazır deyildilər. Qarabağ müharibəsinin tarixi onilliklərə gedib çıxır", - deyə nazir əlavə edib.
Qərb Rusiyaya illərlə özünə gəlməyən zərbəni vurmağa çalışır - Lavrov
"Qərb Ukraynadakı vəziyyətlə bağlı inkişaf etməkdə olan ölkələrin neytrallığına hörmət etməlidir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya - 24" kanalına müsahibəsində deyib. "Fevralın 24-də Ukraynanın təşəbbüsü ilə hazırlanan "sülh sammiti" anti-Rusiya xarakteri daşıyır. Biz ildönümü üçün "hesabat" hazırlayırıq. Burada, o cümlədən Ukraynadakı ABŞ laboratoriyalarının fəaliyyəti haqqında məlumatlar olacaq. ABŞ-ın dünyada hegemonluğunu necə əldə etdiyini izah etməliyik. Onlar "sövdələşmə" edəndə əvəzində heç nə təklif etmirlər. Deyirlər ki, ya bizim istədiyimizi edərsən, ya da səni cəzalandırarıq. Qərb Rusiyaya elə bir məğlubiyyət yaşatmağa çalışır ki, o, onilliklər ərzində özünə gəlməsin", - nazir söyləyib. "Moldova Ukraynanın roluna göz dikib. Sandu Moldova və Rumıniyanın birləşməsinə hazırdır və o, həm də NATO-ya üzv olmaq arzusundadır. Gürcüstanı da Qərbdə yeni anti-Rusiya hesab edirdilər, ölkəni Saakaşvilinin aqressiv dövrünə qaytarmaq istəyirdilər, amma alınmadı", - deyə Lavrov bəyan edib.
Qərbin addımları bizim daha da irəli getməyimizə səbəb verir - Lavrov
"Rusiyada hər kəs Ukraynadakı vəziyyətin bitməsini istəyir, amma bizim üçün vacib olan vaxt deyil, rus xalqı üçün yaranacaq nəticələrdir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya - 24" kanalına müsahibəsində deyib. "Hərbçilər hər şeyin bitməsini deyil, öz işini necə yerinə yetirmək və itkiləri minimuma endirmək barədə düşünür. İndi biz çalışırıq ki, sərhədlərimizə təhlükə olmasın, amma Qərb uzaqmənzilli silahlar tədarük etməyə hazırlaşır, bu o deməkdir ki, biz daha irəli getməli olacağıq", - deyə Lavrov bildirib. "Şolts Ukraynaya təyyarə göndərməyəcəyinə söz verdi, amma onun mövqeyini necə tez dəyişdiyini bilirik. ABŞ xalqları öz tarixlərini xatırlamaq hüququndan məhrum edir, onların vəzifəsi hamını assimilyasiya etməkdir", nazir əlavə edib.
Ermənistan və Türkiyə işçi qruplarının görüşü keçirilib
Ermənistan və Türkiyə nümayəndələrindən ibarət işçi qrupları Ermənistan-Türkiyə sərhədi yaxınlığındakı Ararat bölgəsində görüşüb və Marqara körpüsünə baxış keçiriblər. Bu barədə “Joğovurd” qəzeti yazıb. “İşçi qrupunun üzvləri dekabr ayında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün iki görüş keçirib. Ermənistan Xarici İşlər Nazirliyindən verilən məlumatına görə, Ermənistan və Türkiyə arasında işçi qrupları səviyyəsində iyulun 1-də keçirilmiş görüşlər nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi prosesi davam etdirilib. Bu kontekstdə Marqara körpüsünə də baxış keçirlib", - qəzet yazıb. Söhbət 2022-ci il iyulun 1-də Türkiyə və Ermənistanın xüsusi elçiləri Serdar Kılıç və Ruben Rubinyanın görüşündə əldə olunan razılaşmalardan gedir. Həmin razılaşmada Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə sərhədini mümkün qədər tez keçməsi nəzərdə tutulur. Ölkələr arasında birbaşa hava daşımalarının tezliklə başlanması barədə də razılıq əldə olunub. “Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin növbəti görüşünün nə vaxt keçiriləcəyi hələlik məlum deyil, çünki əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində iş gedir və yalnız bundan sonra yeni görüşlə bağlı razılıq əldə olunacaq”, - qəzet qeyd edib.
Edilən hücuma görə məhsuliyyət İsrailin üzərinə düşür - Rəsmi Tehran
İranın İsfahan şəhərindəki hərbi zavoda dron zərbələri endirilməsi ilə bağlı rəsmi Tehrandan hadisəni kimin törətməsi barədə ilk dəfə açıqlama verilib. Bu barədə İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi danışıb. O, zərbələrə görə İsraili ittiham edib. Daimi nümayəndənin iddiasına görə, hərbi zavoda dron hücumlarını İsrail təşkil edib. "İsfahanda İran Müdafiə Nazirliyinin zavoduna edilən hücuma görə məsuliyyət İsrailin üzərinə düşür", - deyə İran rəsmisi bildirib. Qeyd edək ki, bir neçə gün öncə İranın İsfahan şəhərində yerləşən hərbi zavoda, o cümlədən digər regionlarda yerləşən bir sıra hərbi obyektlərə PUA-lar vasitəsilə zərbələr endirilib.
Paytaxtın Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin mağazanın arxa tərəfində yerləşən ehtiyat çıxışından ora daxil olduğunun şahidi olublar. Polislərin operativliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş Elvin Quliyev saxlanılaraq ərazi üzrə Polis Bölməsinə təhvil verilib. Həmin şəxs tutulan zaman əlində olan bıçaqla müqavimət göstərmək istəsə də, onun bu niyyətinin qarşısı polis əməkdaşlarının çevikliyi nəticəsində alınıb. Saxlanılan şəxsin üzərində axtarış aparılan zaman marketdən oğurladığı 1700 manat aşkar olunub. Elvin Quliyevin oğurluq niyyəti ilə obyektə daxil olması mağazanın təhlükəsizlik kameraları vasitə ilə də anbaan lentə alınıb. Saxlanılan şəxsin Xətai və paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Avroviziya seçimləriylə bağlı ittihama cavab gəldi
“Avroviziya 2023” Azərbaycan nümayəndə heyəti ittihamlara cavab verib. Nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim mərhələsinə qatılmış bəzi ifaçıların şəxsi sosial səhifələrində son iki gün ərzində yaydıqları iddialarla bağlı açıqlama verib. Açıqlamada deyilir: “Əvvəla qeyd etmək istərdim ki, bu iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi musiqi və ifası sayəsində bu mərhələyə çatıb. Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki, final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur. Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı xahiş edirəm”. " “Avroviziya 2023” Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar Qasımov isə bildirib ki, builki Avroviziya təmsilçimiz hələ bəlli deyil: “Bu qərar verilməzdən öncə yerli və beynəlxalq musiqi aləmindən təcrübəli insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə yazdırmışıq.”Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim prosesinə heç bir təsiri yoxdur: “Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır. Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib, şöhrət qazanmağı arzu edirəm.”
Gürcüstan hakimiyyəti Saakaşvilini yavaş-yavaş öldürür - Zelenski
Gürcüstan hakimiyyəti ölkənin eks-prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvilini yavaş-yavaş öldürür. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr Van der Bellenlə birgə mətbuat konfransında deyib. Zelenski Saakaşvilinin fotoşəkillərini göstərib. "Bir vaxtlar o, Gürcüstanın prezidenti olub. Mixail Saakaşvili. İstərdim ki, onun necə göründüyünə baxasınız. Bilirsiniz ki, onlar Saakaşvilini zəhərləyiblər və indi onu yavaş-yavaş öldürürlər”, - Zelenski bildirib. O vurğulayıb ki, Ukrayna müəyyən daxili məsələlərə böyük hörmətlə yanaşır, lakin Saakaşviliyə qarşı bu cür münasibət anlaşılmazdır. Qeyd edək ki, Saakaşvili fevralın 1-də keçirilən məhkəmədə videobağlantı vasitəsilə iştirak edib. O, Ukraynanın Rusiya Federasiyası üzərində qələbə qazanacağına əmin olduğunu bildirib. “Müharibədə qələbəmizə tam əminəm, qələbəni görəcək qədər yaşaya bilməsəm, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya məxsusdur”, - Saakaşvili bildirib.
Ukrayna tanklarını vuran hərbiçilərə pul mükafatı veriləcək
Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2" tipli tankları vuran hərbçilərə mükafat verəcək. Butov.az xəbər verir ki, 5 milyon rubl (təxminən 72 min dollar) mükafatı Rusiyanın FORES şirkəti təqdim edəcək. Kreml şirkətin təşəbbüsünü dəstəkləyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, rus hərbçiləri Qərbin Kiyevə tədarük edəcəyi bütün tankları məhv edəcək, lakin mükafat əsgərlər üçün əlavə stimul rolunu oynayacaq. Qeyd edək ki, ABŞ "Abrams", Almaniya "Leopard 2" tanklarını Ukraynaya göndərməyə qərar verib.
“Neftçi” üçüncü pillədəki mövqeyini möhkəmləndirdi
Azərbaycan Premyer Liqasında XX turun son oyununda “Neftçi” və “Zirə” klubları üz-üzə gəliblər. Matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “Neftçi” üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. “Zirə” isə 31 xalla dördüncü yerdə qalıb.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!