Bu il avqustun 2-də Nizami Kino Mərkəzində milli kinomuzun 119 yaşını qeyd etdik. 2018-ci il kinomuz üçün daha əlamətdar olacaq.120 yaşlı kinomuzun hardan başlayıb, nələrdən keçib hansı mərhələyə yetişməsi həqiqətən də düşündürücüdür.
Kino xalqımızı, onun mürəkkəb taleyini, tarixini, yaşam tərzini, ənənələrini nə dərəcədə ifadə edə bilib?
Musiqinin, sözün, rəngin kinoda payı nə qədərdir? Tamaşaçı nələri götürə, öyrənə bilir bu filmlərdən?
Azərbaycan kinosunun 120 illik yubileyi bütün bu suallar ətrafında fikirləşmək üçün səbəbdir. Ona görə də elə bu gündən “525-ci qəzet”də yeni bir layihəyə başlayıb.
“Azərbaycan kinosu-120” loqosu altında oxuculara təqdim ediləcək yazıların mövzuları müxtəlif ola bilər. Bu yazılar lap son illərdə çəkilən filmlərdən də bəhs edə bilər, kinonun tarixinə də nəzər sala bilər.
Bir sözlə, elə kinonun özündə olduğu kimi - hər hansı çərçivələrə uymaq, qayda daxilində yazmaq, təhlillər aparmaq niyyətindən uzağam. Şübhəsiz ki, kinoşünaslığa bir iddiam da yoxdur. Sadəcə bu yubileyə öz töhfəmi vermək, kino sevgimi azacıq da olsa ifadə etmək istəyirəm. Ona görə bu yerdə oxucularımıza gələn il yubileyə kimi yazıb bitirəcəyim “Ekran” adlı kitabımın anonsunu verirəm.Bu layihə çərçivəsində müxtəlif kino xadimləri, aktyorlar, rejissorlar, sənətşünaslarla söhbətlər də nəzərdə tutulub. Elə layihəmizin başlanğıcında Milli Kinomuz haqqında ilk söhbəti Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevlə etdik.- Ədalət müəllim, gələn il Azərbaycan kinosunun 120 yaşı tamam olur. Son günlərdə mətbuatdan Mədəniyyət və Turizm nazirliyinin bu əlamətdar hadisəyə ciddi hazırlaşdığını izləyirik. Xüsusən son illərdə çəkilən filmlərin ictimaiyyətə çatdırılması, təbliğatı baxımından mühüm addımlar atılır. Amma istərdim ki, bunlar haqda danışmazdan əvvəl kinomuzun tarixinə nəzər salaq...
- Əlbəttə, Azərbaycan kinosunun yaranma tarixçəsi, inkişafı son dərəcə maraqlıdır. Bilirik ki, dünyada kinonun yaranma tarixi 1895-ci il dekabrın 28-də Parisdə Lümyer qardaşları tərəfindən çəkilmiş kinosüjetlərın ilk nümayişindən başlayır. 1898-ci ildə isə fransız əsilli fotoqraf və kinooperator Aleksandr Mişon tərəfindən ilk dəfə Azərbaycanda yerli mövzuda “Bibiheybətdə neft fontanı yanğını”, “İlişdin”, “Qafqaz rəqsi”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi” kimi bir neçə sənədli kinosüjetlər çəkilməyə başlanıb və bununla da Azərbaycan kinematoqrafının əsası qoyulub. Və maraqlıdır ki, elə həmin il avqustun 2-də bu filmlər xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara nümayiş etdirilib. Sovet inqilabına qədər Azərbaycanda “Arvad”, “Arvadlar ərlərini mənsəbə necə çatdırırlar”, “Ayaqyalın məhəbbət”, “Ölümünə bir saat qalmış”, “Arşın mal alan” (rejissor Boris Svetlov), “Neftin çıxarılması”, “Bakıda xalq azadlığı bayramı” və s. bədii və sənədli filmlər çəkilib.
İbrahim bəy Musabəyovun eyniadlı əsərinin motivləri əsasında 1916-cı ildə rejissor Boris Svetlov tərəfindən ekranlaşdırılan “Neft və milyonlar səltənətində” filmi isə Azərbaycanın ilk tammetrajlı bədii filmi kimi tarixə düşüb. Filmdə Lütfəli bəy rolunda məşhur aktyor Hüseyn Ərəblinski çəkilib və bu rolla adını ilk azərbaycanlı kino aktyoru kimi tariximizə yazıb.
Azərbaycan 1920-ci ildə XI Qırmızı Ordu tərəfindən işğal olunandan sonra ölkədə kino tarixinin yeni dövrü başlayıb. Kinematoqraf yeni ideologiyanın - sovet hökümətinin güclü təbliğat vasitəsinə çevrilib. Reportaj səciyyəli “XI Qırmızı Ordu hissələrinin Bakıya gəlişi”, “Sovet Azərbaycanının 1-ci ildönümü” xronikal lentləri Sovet Azərbaycanı kinosunun ilk nümunələridir.
1923-cü il aprelin 28-də Bakıda Azərbaycan Foto-Kino İdarəsi nəzdində 1-ci Dövlət Kinofabrikinin rəsmi açılışı olub. Kinofabrikdə çəkilən ilk film isə 1924-cü ildə ekranlara çıxan rejissor Vladimir Ballyuzekin 2 seriyalı “Qız qalası” bədii filmi idi. Kinofabrik sonralar “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı” kinostudiyası, 1958-ci ildən isə “Azərbaycanfilm” kinostudiyası adlandırılıb. 1959-cu ildən isə kinostudiya Cəfər Cabbarlının adını daşıyır.
20-30-cu illərdə Kinofabrikdə “Bismillah”, “Hacı Qara”, “Sevil” “Lətif”, “İsmət”, “26 komissar”, “Almaz”, “Bakılılar”, “Kəndlilər” kimi bədii filmlər çəkilib. Abbas Mirzə Şərifzadənin 1925-ci ildə lentə aldığı “Bismillah” filmi azərbaycanlı kinorejissor tərəfindən çəkilmiş ilk bədii film kimi tarixə düşüb.
- 30-40-cı illər nə qədər ziddiyyətli bir zaman olsa da, bu dövrə nəzər salanda kino tariximizdə mühüm hadisələrin baş verdiyini görürük...- Bəli, 30-cu illərdə Azərbaycan kinosunda üç hadisə xüsusilə diqqəti cəlb edir. Birincisi, Azərbaycanda ilk dəfə animasiya kinosunun əsasının qoyulması. Belə ki, 1933-cü ildə “Cat” təlimat filmində animasiyadan istifadə edilib, 1935-ci ildə isə “Abbasın bədbəxtliyi” adlı animasiya filmi çəkilib. İkincisi, 1935-ci ildə kinomuzun ilk səsli bədii filmi olan “Mavi dənizin sahilində” kinokomediyası lentə alınıb. Üçüncüsü isə 1937-ci ildə ölkədə ilk dəfə filmlərin Azərbaycan dilində səsləndirilməsinə başlanıb, bütün SSRİ-də məşhur olan “Çapayev” bədii filmi dilimizə dublyaj edilib.
40-cı illər filmlərinin isə əsas mövzusunu vətənpərvərlik, müharibə kimi mövzular təşkil edirdi. Əsasən, sənədli kinoya daha çox müraciət olunduğu bu dövrdə ən böyük kino hadisəsi 1945-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən yenidən ekranlaşdırılması oldu. Kino tariximizin incilərindən hesab olunan film bugünədək dünyanın 130-dan çox ölkəsində uğurla nümayiş etdirilib. Həmin musiqili komediya 1965-ci ildə 3-cü dəfə də ekranlaşdırıldı.
XX əsrin 50-ci illərinin ortalarında ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş bir çox azərbaycanlı kinematoqrafçılar “Bakı” kinostudiyasında fəaliyyətə başlayıblar. Bunların arasında Həsən Seyidbəyli, Əjdər İbrahimov, Şamil Mahmudbəyov, Lətif Səfərov, Tofiq Tağızadə, Ənvər Məmmədxanlı, İmran Qasımov, Xan Babayev, Rasim Ocaqov, Kamil Nəcəfzadə kimi sonradan kino tariximizdə silinməz izlər qoyacaq şəxslər var idi. 1950-ci illərin ikinci yarısında “Görüş”, “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Ögey ana”, “Bir qalanın sirri” və s. kimi filmlər istehsal edilib. Bu filmlərdən “O olmasın, bu olsun” kinokomediyası ilk milli rəngli bədii film kimi kino tariximizə daxil olub.
- Beləliklə, kinomuzun keçdiyi inkişaf mərhələsinə nəzər saldıqca gəlib çatdıq 60-cı illərə. Bu dövr ümumiyyətlə mədəniyyətin hər bir sahəsində intibah dövrü hesab oluna bilər...- Haqlısınız. XX əsrin 60-70-ci illərini Azərbaycan kinosunun da intibah dövrü adlandırmaq olar. Bu dövrdə çəkilmiş filmlərdə tarixə və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili və s. məsələlər əsas yer tuturdu. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Şərikli çörək”, “Qaraca qız”, “Bir cənub şəhərində”, “Babək”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Tütək səsi”, “İstintaq” və s. filmlər məhz bu dövrdə çəkilib. Bu dövrdə kinoda öz sözünü demiş kinematoqrafçılarla yanaşı, Anar, Elçin, Alla Axundova, Yusif Səmədoğlu, Ramiz Fətəliyev, Arif Babayev, Eldar Quliyev, Oktay Mir-Qasım, Yalçın Əfəndiyev, Tofiq İsmayılov, Gülbəniz Əzimzadə, Zaur Məhərrəmov, Rasim İsmayılov, Mayis Ağabəyov, Həsənağa Turabov, Şəfiqə Məmmədova, Həsən Məmmədov, Şahmar Ələkbərov, Rasim Balayev kimi yeni bir nəslin kinoya gəlişi canlanmaya səbəb oldu.
Azərbaycanda animasiya kinosu müharibədən əvvəl yaransa da, bu sahədə dönüş XX əsrin 60-cı illərinin sonundan başlayıb. 1968-ci ildə “Azərbaycanfilm”də animasiya sexi yaradıldıqdan sonra “Fitnə”, “Bahar əyləncələri” , “Dınqıl, sazım, dınqıl”, “Meşəyə insan gəlir”, “Göyçək Fatma” və s. animasiya filmləri istehsal edildi.
80-ci illərdə isə Azərbaycan kinosu “Ölsəm, bağışla...”, “Yaramaz”, “Şeytan göz qabağında”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Atları yəhərləyin”, “Ötən ilin son gecəsi”, “Bəyin oğurlanması”, “Yol əhvalatı” və digər bədii fimlərlə daha da zənginləşdi.
- Ədalət müəllim, kollektiv sənət sahəsi olan kino bir çox peşə sahiblərinin birgə fəaliyyəti nəticəsində meydana gəlir. Sizcə, Azərbaycan kinosunun inkişafında ümumiyyətlə hansı sənətkarların rolu var?- Kino bir qayda olaraq rejissorun əsəri sayılır. Ona görə mən lap ilk filmlərimizdən bu günə kimi kino incilərimizi yaradan, xalqımıza bəxş edən rejissorların adlarını çəkmək istərdim. Şübhəsiz ki, bir müsahibədə hamısının adını çəkmək çətindir. Amma bununla belə bəzilərini xüsusi qeyd etməliyəm. Abbas Mirzə Şərifzadə, Səməd Mərdanov, Rza Təhmasib, Hüseyn Seyidzadə, Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Eldar Quliyev, Tofiq Tağızadə, Əlisəttar Ağakişiyev, Arif Babayev, Rasim Ocaqov, Oqtay Mir-Qasım, Tofiq İsmayılov, Gülbəniz Əzimzadə, Rafiq Əliyev, Ramiz Fətəliyev, Elxan Cəfərov, Cavid Təvəkkül, Zaur Məhərrəmov, İlqar Safat, İlqar Nəcəf, Rövşən İsax və b.nın adlarını çəkə bilərik. Ancaq təbii ki, biz burada yazıçılarımızın, kinodramaturqlarımızın, bəstəkarlarımızın, həmçinin operatorlarımızın və rəssamlarımızın da xidmətlərini xüsusi vurğulamalıyıq. Cəfər Cabbarlı, İmran Qasımov, Mehdi Hüseyn, Anar, Elçin, İsi Məlikzadə, İsa Hüseynov, Ramiz Fətəliyev, Natiq Rəsulzadə və b. kinodramaturqların, Xan Babayev, Əsgər İsmayılov, Arif Nərimanbəyov, Teyyub Axundov, Rafiq Qəmbərov, Zaur Məhərrəmov, Valeri Kərimov, Kənan Məmmədov, Mirzə Mustafayev, Ələsgər Ələkbərov, Tofiq Sultanov, Faiq Qasımov, Sərdar Vəliyev, Şərif Şərifov, Rafiq Quluyev, Amin Novruzov, Rafiq Əliyev, Nizami Abbas, Nadir Mehdiyev kimi operatorların, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyev, Cahangir Cahangirov, Polad Bülbüloğlu, Arif Məlikov, Rafiq Babayev, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu, Müslüm Maqomayev, Vasif Adıgözəlov, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Səyavuş Kərimi və b. bəstəkarların, Nadir Zeynalov, Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, Məmməd Hüseynov, Fikrət Bağırov, Kamil Nəcəfzadə, Mayis Ağabəyov, Rafiz İsmayılov, Firəngiz Qurbanova, Rafiq Nəsirov, Fikrət Əhədov, Tamilla Dağıstanlı, Adil Azay, Əziz Məmmədov, Fikrət Ələkbərov kimi rəssamların və digər peşə sahiblərinin kino sənətimizin inkişafında müstəsna xidmətləri olub.
- XX əsrin 90-cı illərində sovetlər birliyinin süqutundan, ölkəmizin müstəqilliyini əldə etməsindən sonra digər sahələrdə olduğu kimi, kinoda da durğunluq yarandı, istehsal olunan filmlərin sayı xeyli azaldı. Bu dövrü necə dəyərləndirərdiniz?- Bu dövr ölkəmiz üçün həm fərəhli, həm də son dərəcə çətin bir dönəm idi. Bəlli hadisələr, xalqımızın başına gətirilən faciələr sənətə də öz mənfi təsirini göstərmişdi. Amma bu dövrdən danışarkən, təkcə kino sahəsindəki durumu deyil, mədəniyyətin, incəsənətin bütün sahələrini təhlil edərkən Ulu Öndər Heydər Əliyevin xidmətlərini vurğulamalıyıq. Ümummilli lider ilk öncə sahənin inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsini əsas prioritet seçmişdi. Bu illərdə “Mədəniyyət haqqında”, “Kinematoqrafiya haqqında”, “Kinematoqrafiya sahəsində əməkdaşlıq haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kitabxana işi haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi. Həmçinin, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün vacib olan Azərbaycan Dövlət Film Fondu yaradıldı. Onu da deyim ki, möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”ına uyğun olaraq 2008-ci ildə Dövlət Film Fondu üçün yeni binanın tikintisinə başlanıldı və 2009-cu ildə bina istifadəyə verildi.
- Uzun illərdir ki, ölkəmizdə Milli Kino günü qeyd olunur və hər il bu bayram münasibətiylə tamaşaçılara yeni Azərbaycan filmi təqdim edilir. Bu günün tarixçəsindən danışaq...- Bilirsiniz ki, uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı il mayın 14-də “Neft və milyonlar səltənətində” bədii filminin ilk nümayişindən hesab olunub. Əslində isə qeyd etdiyimiz kimi, milli kinomuzun tarixi məhz 1898-ci il avqustun 2-dən, Aleksandr Mişonun çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını”, “İlişdin”, “Qafqaz rəqsi”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi” sənədli kinosüjetlərin nümayişindən başlayır. 18 dekabr 2000-ci ildə Ulu Öndərin imzaladığı sərəncamla 2 avqust Azərbaycan Kinosu Günü - kino işçilərinin peşə bayramı kimi qeyd edilir. Və haqlısınız ki, hər il tamaşaçılara yeni film təqdim olunur. Bu il də İlqar Nəcəfin “Nar bağı” filmi çox böyük maraqla qarşılandı.
- İstərdim müstəqillik əldə edildikdən sonra kinomuzun vəziyyəti, yeniliklər və perspektivlər mövzusuna qayıdaq. Artıq söylədiniz ki, Ulu Öndərin qəbul etdiyi bir sıra qərarlar ümumiyyətlə mədəniyyət sahəsində irəliləyiş idi. Bu qanunların real nəticələrini yada salaq...- Yenə daha əvvələ qayıdıb söyləyim ki, sovet dövründə Azərbaycanda kino sahəsində dövlət siyasətini həyata keçirən Foto-Kino İdarəsi, Kinematoqrafiya İşləri üzrə İdarə, Kinematoqrafiya Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Kinematoqrafiya Komitəsi, “Azərkinovideo” İB kimi qurumlar fəaliyyət göstəribdir. Sovetlər birliyi dağıldıqdan sonra dövlət kino siyasətinin “Azərkinovideo” İB tərəfindən həyata keçirildiyi 1990-cı illərdə kino sənayesi tənəzzül dövrünü yaşayıdı. O zamanlar film istehsalı üçün dövlət büdcəsindən maliyyə ayrılmırdı. 2001-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Azərkinovideo” İB ləğv edilərək kino sahəsində dövlət idarəetmə funksiyası Mədəniyyət Nazirliyinə verildi. 2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv olunaraq, onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yarandıqdan sonra kino siyasəti bu qurum tərəfindən həyata keçirilməyə başladı.
Təsadüfi deyil ki, 2001-ci ildə Mədəniyyət Nazirliyinə daxil olduqda kinonun illik büdcəsi 250 min manat idisə, 2003-cü ildə bu rəqəm 0,6 mln manat, Mədəniyyət və Turizm Nazirliyi təşkil olunduğu 2006-cı ildə 3,3 mln., 2016-cı ildə isə 5,9 mln. manat olmuşdu.
- Bəs, özəl prodüser mərkəzlərinin fəaliyyətini necə dəyərləndirirsiniz? Peşəkar, yəni arzuolunan səviyyədə filmlər çəkirmi bu mərkəzlər?- Müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı şəraitində yaşayan Azərbaycanda 25-dən artıq müstəqil kommersiya studiyası və kinoşirkəti fəaliyyət göstərirdi. Bu gün isə ölkəmizdə kino sahəsində fəaliyyət göstərən 30-dan çox özəl prodüser mərkəzi var və onların sayı gündən-günə artmaqdadır. Özəl studiyalar tərəfindən son 3-4 ildə 60-dan çox bədii film çəkilib. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müstəqil studiyalarda çəkilmiş, yüksək bədii keyfiyyətə malik “Hökmdarın taleyi”, “Aktrisa”, “Nəfəs”, “40-cı qapı”, “Düyün”, “Bir addım”, “Sahə”, “Buta” və s. filmlər müxtəlif beynəlxalq kinofestivallarda mükafat və diplomlara layiq görülüb.
- Ədalət müəllim, bütün bu nikbin statistika ilə bərabər etiraf edək ki, kino ilə bağlı həllini gözləyən problemlərimiz də var...- Bəli, əsasən kinoteatrlar mövzusu bizi çox narahat edir. Sovet dövrünün sonlarında Bakıda 24, bölgələrdə 60-a qədər qış kinoteatrı olmaqla, ümumilikdə ölkənin şəhər, kənd və qəsəbələrində 2000-dən çox səyyar və stasionar kino qurğusu mövcud idi. Bu gün Mədəniyyət və Turizm nazirliyinin nəzdində yalnız Nizami Kino Mərkəzi günün tələblərinə uyğun şəkildə fəaliyyətini davam etdirir. Bununla belə, 2000-ci illərdən başlayaraq özəl kinoteatrlar yaranmağa başlayıb ki, hazırda ölkə ərazisindəki müasir texnoloji avadanlıqlarla təchiz olunmuş “28 Mall”, “Gənclik Mall”, “Azərbaycan Cinema”, “Amburan Mall”, “Aygun City”, “Xəmsə Park” (Gəncə), “Park Bulvar”, “Metro Park”, “Alov qüllələri”, “Zaqulba”, “Masallı” və s. kimi kinoteatrlarda 50-dən artıq kinozal tamaşaçılara xidmət göstərir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində uğurla fəaliyyət göstərən, son dərəcə yüksək səviyyədə qurulan, inşa edilən və açılışında ölkə başçısının iştirak etdiyi 250-dən çox Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Mədəniyyət Sarayı və klub film nümayişi üçün bütün lazımi şəraitə və video-texniki avadanlıqlarla malikdir. Amma bununla belə, biz hesab edirik ki, belə kinoteatrların sayı daha çox olmalıdır və onlar milli kinonun təbliğatına xüsusi fikir verməlidirlər.
- Bilirik ki, ölkəmizdə kino ilə bağlı ictimai təşkilatlar var. Ümumiyyətlə, sənət adamlarının bir yerə toplanması, müzakirələr, polemikalar aparması, müəyyən birgə qənaətlərə gəlməsi son dərəcə faydalıdır. Sizcə bu kino təşkilatları çağdaş kinematoqrafa təsir edə bilirlərmi?- Bilirsiniz ki, 2012-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradıldı. İttifaqın əsas məqsədi Azərbaycan kinematoqrafının, milli inkişaf strategiyasının müəyyənləşdirilməsinə, cəmiyyətimizin, tariximizin ən önəmli hissələrindən, əxlaqi etik problemlərdən bəhs edən, gənclərdə yüksək vətənpərvərlik hissləri tərbiyə edən əsərlər yaradılmasına köməklik göstərməkdir və məncə, bu istiqamətdə kifayət qədər uğurlu fəaliyyət göstərirlər. Həmçinin, 1999-cu ildə təsis olunan Azərbaycan Professional Kinorejissorlar Gildiyası 2001-ci ildən Avropa Kinorejissorları Federasiyasının (FERA) üzvüdür. 2012-ci ildə isə Azərbaycan Prodüserlər Gildiyası yaradılıb. Gildiyada dövlət studiyaları ilə yanaşı, özəl prodüser mərkəzləri və özəl studiyalar təmsil olunur.
Azərbaycan Professional Kinoaktyorlar Gildiyası isə daha öncədən, 2006-cı ildən fəaliyyət göstərir. Bu cür təşkilatların, gildiyaların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, onların yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdir.
- Son illərdə də mədəniyyət sahələriylə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. İstərdim ən vacibləri haqqında fikirlərinizi bölüşəsiniz.
- Daha öncə Ulu Öndərin mədəniyyətlə bağlı mühüm sərəncamlarından danışdıq.
Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Ulu Öndərin ənənələrini uğurla davam etdirir. Onun tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”, “Azərbaycanda teatr sənətinin inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” sərəncamların imzalanması çoxəsirlik Azərbaycan mədəniyyətinin daha da inkişafına və çiçəklənməsinə geniş yol açmış oldu. 2008-ci il 4 avqust tarixli sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”yla isə Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsası qoyuldu.
Bu məqamda mən Heydər Əliyev Fondunun da xidmətlərini xüsusi vurğulamaq istəyirəm. Çünki Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı, milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini illərdir ki, davam etdirir. Dünyanın ən nüfuzlu kino festivallı olan Kann Film Festivalında Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə Azərbaycanı təmsil edən xüsusi pavilyon fəaliyyət göstərirdi. Bunun da nə demək olduğu sizə aydındı...
Fikrimcə, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş “Arşın mal alan” bədii filminin Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan Hollivudda bərpa edilərək rəngli formatda hazırlanması olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən kino layihəsi “Bakı, mən səni sevirəm” adlanır. “Mosfilm” kinokonsernində istehsal olunan “Bakı, mən səni sevirəm” layihəsi hər biri doqquz dəqiqədən ibarət olan qısametrajlı filmləri özündə birləşdirir. “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi beynəlxalq layihələrin bir növ davamı kimi reallaşan “Bakı, mən səni sevirəm” layihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır.
2013-cü ildən Arzu xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Media Mərkəzində ötən müddətdə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar, müxtəlif videoçarxlar hazırlanıb, Azərbaycanın gözəlliklərinin fotosalnaməsi yaradılıb. Həmçinin Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmlər çəkərək tamaşaçıların ixtiyarına verib. Fransanın “C&C” şirkəti ilə birlikdə istehsal edilən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” (rejissor Robert Maqnerot) adlı sənədli film “National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanıb. Mərkəz tərəfindən istehsal olunan, Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb.
- Ədalət müəllim, kino sahəsində son illərdə qazandığımız bu nailiyyətləri sadaladıqca bir sual çıxır ortaya... Cəmiyyətdə son illərdə çəkilən filmlərə maraq nə üçün azdır? Bəlkə bu filmlər yetərincə təbliğ olunmur, yaxud tamaşaçıya lazımi kimi təqdim edilmir?- Bu da kino ilə bağlı ağrılı yerlərimizdəndir. Bu problemin həlli yolunda son zamanlarda ciddi addımlar atılıb. Amma mən bunlar haqqında danışmazdan öncə bəzi statistik rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi yarandıqdan bugünədək kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 44 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 208 sənədli, 22 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı çəkilib, ümumilikdə 344 adda film məhsulu istehsal edilib. O cümlədən, Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə dövlət sifarişi ilə 9 bədii, 85 sənədli film həsr olunub, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film çəkilib. Eyni zamanda, Bakı şəhərində üç dəfə Beynəlxalq Turizm Filmləri Festivalı, iki dəfə Beynəlxalq İdman Filmləri Festivalı təşkil olunub. Birinci Bakı Turizm Filmləri Festivalına dünyanın 38 ölkəsindən 215, ikinciyə 55 ölkədən 405, üçüncüyə isə 71 ölkədən 420 film, birinci Bakı İdman Filmləri Festivalına 19 ölkənin 50, ikinciyə 33 ölkədən 115 film təqdim olunmuşdu. Bakı Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT), Bakı İdman Filmləri Festivalı isə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.
Onu da xüsusi qeyd etməliyəm ki, Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafının uğur konsepsiyasını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədi ilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan Kinosu Günləri keçirilib.
- Xarici ölkələrdə Kino Günlərimizin keçirilməsindən danışdız. Ümumiyyətlə, xaricdə bu filmlərə reaksiyalar necədi, məsələn beynəlxalq kino festivallarda layiqincə təmsil olunuruqmu?- Məncə, bu mövzuda da kifayət qədər nikbin nəticələrimiz var. Dövlət sifarişi əsasında çəkilmiş “Nabat”, “40-cı qapı”, “Çölçü”, “Azərbaycan xalçası” , “Axınla aşağı”, “Qırmızı bağ”, “İçəri Şəhər”, “Qisas almadan ölmə”, “Onun atası”, “Sonuncu”, “Nar bağı” və s. bədii, sənədli və cizgi filmlərimiz beş qitəni əhatə edən 50-dən çox ölkədə, o cümlədən, böyük kino ənənələrinə malik Fransa, Almaniya, İngiltərə, ABŞ, Kanada, Avstraliya, Yaponiya, Çin, Rusiya və Hindistanda keçirilən beynəlxalq kinofestivallarda 200 dəfədən çox nümayiş etdirilib. Bu sahədə böyük nüfuza malik olan beynəlxalq kinofestival müsabiqələrinə qəbul edilmiş Azərbaycan filmlərindən 21-i “Ən yaxşı film”, 6-sı “Ən yaxşı rejissor işi”, 9-u “Ən yaxşı aktyor işi”, 4-ü “Ən yaxşı ssenari” mükafatlarına layiq görülüb, ümumilikdə isə 60-dan çox filmimiz müxtəlif nominasiyalar üzrə laureat adı qazanıb.
- Öncəki sualıma bir daha qayıdıb soruşmaq istəyirəm ki, bəs tamaşaçının bu uğurlarımızdan xəbəri varmı? Sadaladığınız filmlər cəmiyyətin diqqətini çəkə bilirmi?- Artıq söylədik ki, gələn il Milli Kinomuzun 120 yaşı tamam olur. Mədəniyyət və Turizm nazirliyi elə bu əlamətdar hadisəyə hazırlıq olaraq kinonun təbliğatı, kino sənətimizin inkişafı üçün bir sıra mühüm qərarlar qəbul edib. Nazir Əbülfəs Qarayev artıq bununla bağlı əmr imzalayıb və bu əmrdən irəli gələn məsələlərin icrasına başlanılıb. Planlaşdırdığımız bəzi məsələləri diqqətinizə çatdırmaq istərdim. 15 sentyabrdan başlayaraq Bakıda və ölkənin bütün rayonlarındakı Heydər Əliyev Mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Həmçinin, özəl kinoteatrların gündəlik repertuarlarında da Azərbaycan filmləri üçün seansların ayrılması nəzərdə tutulub. Milli filmlərin hərbi hissələrdə, hərbi məktəblərdə, eləcə də təhsil və islah-əmək müəssisələrində müntəzəm şəkildə nümayiş olunması nəzərdə tutulub. Bunun üçün müvafiq nazirliklər və dövlət strukturları ilə işgüzar əlaqələr yaradılıb. Eyni zamanda, nazirliyin veb saytında və dövri nəşrlərində kino fəaliyyətinin təbliği ilə bağlı işlər genişləndiriləcək. Yaxın günlərdə biz KİV nümayəndələrinin iştirakı ilə milli kinonun təbliği məsələlərinə həsr olunmuş dəyirmi masanın da keçirilməsini planlaşdırırıq. Bütün bunların müsbət nəticə verəcəyinə, kinoya tamaşaçı marağını artıracağına inanıram.
- Bəs gənc nəslin, yeni gələn kino mütəxəssislərinin həvəsləndirilməsi, fəaliyyətlərinin stimullaşdırılması üçün hansı işlər görülür?- Milli kinoya gənc mütəxəssislərin cəlb olunmasının zərurətini nəzərə alaraq müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunub. Onlardan “Bu meydan, bu ekran”, “Kino və tənqid”, “Vətən and yerimizdir”, “Yenifilm.az”, “Xəzər”, cizgi filmləri üçün ssenari, bir dəqiqəlik cizgi filmləri müsabiqələrini qeyd edə bilərəm. “Bu meydan, bu ekran” müsabiqələrinə gənc rejissorlar və prodüserlər tərəfindən yüzlərlə kino layihələsi təqdim olunub. Münsiflər heyəti tərəfindən seçilərək müsabiqə qalibləri olan müstəqil prodüser mərkəzlərində Nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Bundan əlavə, dünyanın müxtəlif ölkələrində kino təhsili alıb yaşayan azərbaycanlı gənclər “Azərbaycanfilm”ə cəlb edilib, 9 qısametrajlı bədii filmdən ibarət “4.1 Şəhər motivləri” və “40-cı paraleldə” kinoalmanaxlarının çəkilməsi onlara həvalə olunub.
Bundan əlavə son illər ərzində 10 gənc təhsil almaq üçün Nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib.
Müsabiqələrin faydasını nəzərə alaraq biz bu il Azərbaycan cəmiyyətinin həyatını əks etdirən qısametrajlı filmlər üçün ssenari müsabiqəsi də elan edəcəyik. Eyni zamanda, “Kino mövzusunda yazan ilin ən yaxşı jurnalisti mükafatı”nın da təsis olunması nəzərdə tutulub. Planlarımız çoxdur, hamısını həyata keçirməyə zaman lazımdır.
- Ədalət müəllim, artıq bir neçə gündən sonra “Azərbaycan kinosu-120” adlandıra biləcəyimiz böyük layihə işə başlayır. Bu mövzuda son olaraq nə demək istərdiniz?- Mən sizin qəzetiniz vasitəsiylə oxuculara, kinoya aidiyyatı olan hər kəsə, bu sənətlə məşğul olanlara da, sadə tamaşaçılara da üzümü tutub söyləmək istəyirəm ki, vətənpərvərlik həm də sənin xalqına aid olan mənəvi sərvətin, sənətin, mədəniyyətin təəssübünü çəkməkdi. İstəyirəm hamımız səfərbər olaq, kinomuzun yubileyinə bacardığımız töhfəni verək. Ən adi tamaşaçının öz dostuna bir film məsləhət görməsi də, kinoşünasın geniş resenziyası da, yaxud jurnalistin kiçik bir reportajı da kinoya xidmətdir. Bu yolda əlimizdən gələni əsirgəməyək.
PƏRVİN,
“525-ci qəzet”