2025-ci ildə ən çox edam həyata keçirən ölkə .....                        22 yaşlı qadın əməliyyatdan 5 gün sonra öldü .....                        Azərbaycan bizim çox önəmli dostumuzdur - Kobaxidze .....                        FIFA ilin ən yaxşılarını açıqladı .....                        Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb .....                        Qəzada yaralanan kişi bir gün sonra öldü .....                        Ermənistan Avropa ölkəsi ilə strateji tərəfdaş oldu .....                        Ukraynada sülh nə vaxt bərqərar olacaq? .....                        2025-ci ilin ən yaxşı futbolçusu məlum oldu .....                       
14-06-2025, 19:44
Altmışıncıların poetikası": əsrdən-əsrə, nəsildən-nəslə...


Altmışıncıların poetikası": əsrdən-əsrə, nəsildən-nəslə...

"Altmışıncılar nəsli" nəinki sovet və Azərbaycan, eləcə də dünya ədəbiyyat tarixində xüsusi mərhələ hesab olunur. Bu nəsil ədəbiyyata, incəsənətə gətirdiyi yeniliklər, qatdığı fərqli rənglərlə tamamilə seçilirdi. Həmin dövrə xas olan məziyyətlərdən əsası da tarixi, ədəbi, ictimai prosesləri, habelə emosional yükü özündə daşıyan-bədii söz, musiqi, teatr, kino... üzərindən müəyyən mənada "pərdə"nin qalxması, real həyat həqiqətlərinə uyğun təsvirlərin yer almasıdır. Sanki dünya ədəbiyyatında "atmosfer dövranı" yaşanırdı. Bu gedişat sonradan əksər cəmiyyətlərin mənəvi inkişafının rüşeyminə çevriləcək və əbədi həyat qazanacaqdır.
D.Bıkovun "yetmiş illik sovet ədəbiyyatını heç bir tarixdən çıxarıb atmaq mümkün deyildir" fikirlərinin həqiqət yükünü qaldırdıqda görərik ki, nəinki sovet ədəbiyyatının altmışıncıları, ümumilikdə dünyada baş verən bu proses tarixi yaddaşın silinməz gerçəkliyidir. Təbiidir ki, dövrün içində ən mötəbər yerlərdən biri də Azərbaycan ədəbiyyatı və onun “altmışıncılar"ının payına düşür. Bu mənada professor Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" (Bakı, Mimta Yayımları, 2025, 304 səh.) adlı monoqrafiyası olduqca qiymətli, zamanın xarakteristikasına bələdçilik baxımından dəyərlidir. Həmçinin həmin dövrə bədii-publisistik baxış, elmi-nəzəri təhlil Azərbaycan nəsrinin parametrləri ümumdünya ədəbi kontekstində araşdırılır. Kitabın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və filologiya elmləri namizədi, dosent Ələmdar Cabbarlıdır. Monoqrafiyanın ön söz müəllifi filologiya elmləri doktoru, akademik Nizami Cəfərovdur. Adı çəkilən dəyərli elm adamları, habelə kitabın nəfis tərtibatı, müəllifin yaradıcı-elmi-bədii zəhməti, habelə milli-mənəvi dəyərlərdən doğan düşüncələrinin mayasında altmışıncılar nəslinə, onların bəşəri nəsrinə ehtiram dayanır. Ustad müəllimimiz Cahangir Məmmədli "Çağdaş Azərbaycan povestinin janr xüsusiyyətləri" başlıqlı məqaləsində qeyd edir ki: "Sonralar ədəbi ictimaiyyətin "altmışıncılar" adlandıracağı bu gənclər 60-70-ci illərdə nəsrə dəstə ilə gəldilər və məcbur elədilər ki, həm oxucu, həm də ədəbi-elmi-estetik fikir öz diqqət və marağını onlarda cəmləşdirsin".
Həmin dövrdə söz müəyyən anlamda fikir, düşüncə azadlığında dünyanı dolaşırdı. Ədəbiyyat, incəsənət adamlarına münasibət isə cəmiyyətlərə görə fərqli, yəni qeyri-bərabər idi. Buna baxmayaraq ideya, estetika, istiqamət eyni hədəfə tuşlanırdı. Ədəbiyyatçılar bir növ dünyanı dəyişmək, azad düşüncəli, saf ruhlu adam yaratmaq üçün səfərbər olmuşdular.
Sovet hakimiyyəti isə “Xruşov mərhələsində” şəxsiyyətə pərəstişi sözdə aradan qaldırsa da, ancaq sənəd üzərində bunun əksi idi, yəni ədəbiyyat müəyyən səviyyədə "azadlıq" qazanmışdı. Qərb ədəbiyyatında altmışıncılar bu kultu parodik şəkildə, ironik mənada işıqlandırır, şərh edirdilərsə, ancaq bizdə daha çox dram janrlarının üstünlüyü görünürdü: mütərəqqi ideyaların qələbəsi, haqqın gücünə sığınan sadə əmək adamının təntənəsi və s. Ekranlaşdırılan əsərlərin təsir imkanları daha geniş idi. Yaranan nəsr nümunələri qəribə personajları, ətalətsiz və ədalətsiz tipləri, şəxsiyyətin letargiya vəziyyətini, illüziyalarla dolu personajları, xəyalpərəstləri, maskalanmışları, marginalları ifşa edirdi. Sanki altmışıncılar həmin əsrin qanlı-qadalı dünya müharibələrindən və əlbəttə hələ də davam edən soyuq müharibələr, gizli qarşıdurmalar ərəfəsində yer üzünə göndərilmişdilər.
Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “Kuhi-Qaf və Simurq quşu” məqaləsindəki azad sözün, azadlıq mələyinin, “pəriyi-hürriyyət”in qüdrəti bəşəriyyəti dolanırdı, desək yanılmarıq. Həmin məqalədən oxuyuruq: "Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". ("Füyuzat" jurnalı).

Qeyd etdiyimiz dövrlərdə ukrayn ictimai fikrində İvan Dzyuba, Mikola Vinqranovski, Miroslav İrçan, İvan Svitliçni.., rus ədəbiyyatında Saxarov, Şaranski, Soljenitsin, Bukovski, Amalrik, Serqey Kovalev... və başqaları yer alırdısa, Azərbaycan ədəbiyyatında da Anarı, Elçini, B.Vahabzadəni, S.Əhmədovu, İ.Hüseynovu, İ.Məlikzadəni, F.Kərimzadəni... bu nəslin bayraqdarları saymaq olar. Onlar sovetin mədəni prosesləri əngəlləməsinə qarşı mübarizə aparır, ana dilinin zənginliyini qoruyur, milli-mənəvi tarixi yaşadır və müdafiə edirdilər. Beləcə, eyni qəlibdə, eyni trafaret üzrə formalaşmış sovet ədəbiyyatında eniş dövrü yaşanır. Yazıçı Anar nəinki bəhs edilən dövrdə, həmçinin o gündən-bu günə qədər yazdıqları ilə oxucu, izləyici qəlbinə rahatlıq gətirməyi yüksək ustalıqla bacarır. Məsələn, Anarın "Otel otağı" əsərində qəhramanın ölümü təkcə müharibənin gətirdiyi müsibətlərdən, Qarabağ dərdindən, ziyalının məişət qayğısından qaynaqlanmırdı. Burada Kərimin ürəyini partladan həm də yalan vədlər, saxta insanlar- cabbarlar, sədiyarlar olur. Anarın mənəvi böyüklüyü, yazıçı qüdrəti onda görünür ki, bu əsər həm də bugünlə ayaqlaşır. Türk dünyasının birliyinə gedən yolda yalançı vətənpərvərlər, boğazdanyuxarı təriflər, hətta tədbirlərdə sovet bayrağını qaldıran "ziyalılar" da peyda olur. Anar cəmiyyət qarşısında təkcə yazıçı missiyasını yerinə yetirmir, həm də bir təbib kimi yaramaz fərdlərin "şəfa" tapmasına xidmət edir. Məsələn, düşünürük ki, bircə "Macal" povestindəki öz mənliyini, şərəfini qurban verən Fuadı xatırlasaq kifayət edər. Görürük ki, altmışıncılar fərdi insanı diqqət mərkəzinə daşıyır. Sosialist realizminə xas olan ideoloji mövzuları dağıdan "altmışıncılar" fərdi insanın daxili dünyasını, psixologiyasını, düşüncələrini, sosial və mənəvi problemlərini açmağı bəşəri missiya olaraq davam etdirirdilər. Çünki təbəddülatlı dövrün altmışıncıları demokratik və insanlığa qayıdış yolu seçmişdilər. Və əgər "'Molla Nəsrəddin'i təbiət özü yaratmışdır", deyiriksə, sovet ideologiyasına qələm əyməyən altmışıncıları da elə bu xalqa, millətə zəmanə yetirmişdi, ifadəsi heç də birincidən geri qalmaz. Tanrı bir də siyasi-ideoloji sərhədlərin türkü-türkdən, qardaşı-qardaşdan ayırdığı bir zamanda bizə Nazim Hikməti yetirmişdi. O, kommunist təbliğatının daşıyıcısı kimi Türkiyədən ayrı düşərək ikinci Vətəninə — Azərbaycana sığınır. Nazim Hikməti zamanın şərtlərinə uyğun olaraq, zahirən sovet siyasi məqsədləri çərçivəsində qəbul etsək də, amma daxilən, batinən məsələ fərqli idi, onu xalq da, düşüncə adamlarımız da türklüyün, türk dilinin simvolu kimi qəbul edirdilər.
Təsadüfi deyil ki, o, Nizami, Füzuli, M.F. Axundov, M.Ə.Sabir, həmçinin müasirləri olan Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm haqqında məqalələr dərc etdirib. Onun Bakıya dəfələrlə gəlişi altmışıncıların mənəvi dünyasına istilik, yetkinlik gətirib. Bizdə belə bir qənaət də yaranır ki, Anarın "Otel otağı" əsərində Fəxrəddin Manafovun canlandırdığı baş qəhrəman — alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu daxilində müəyyən mənada Nazim Hikmət ruhu da vardır. Sanki müəllif Nazim Hikməti doğma torpağına əsərin sujet xəttilə səfərə çıxarır. Bu nəticəyə gəlməyimizin bir neçə səbəbi vardır: Anarın yetişdiyi ailə, hələ uşaqkən anası, Xalq şairi Nigar xanım Rəfibəylinin ona təlqin elədiyi nümunələr, qaynaqlar içərisində Nazim Hikmətin şeirləri, ələlxüsus da "Günəşi içənlərin türküsü"nün olması və s. Ümumiyyətlə altmışıncıların əksəriyyətinin kamil yetişməsində, məsələlərə xüsusi həssaslıqla yanaşmasında onların boya-başa çatdığı mühitin, ailənin təsiri heç də az deyildi. Çünki o ziyalılar həm də Azərbaycanın ən şərəfli, ən çətin anlarının canlı şahidləri idi. Onlar həm də çətin, həmçinin şərəfli "gecələrdən" keçmişdilər. O gecələrin işıqlı bir səhərində müstəqil günəşi doğmuşdur. O gecələrin sonunda sanballı əsərlər, şeirlər yaranmışdır. Bu mənada Rəsul Rzanın aşağıdakı şeirində sevinc və kədər doğmadır:

Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can sıxır qaranlıq gecə.
Deyirlər…
Deyirlər…
Gündüzlər necə?

Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə!..

Biz əgər iyirminci əsrin əvvəllərinə qayıtsaq, Əhməd bəy Ağayevi, Nəcəf bəy Vəzirovu, Əlimərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni... diri görəcəyik. Onların 1918-ci ilədək fəaliyyətlərinə, ərsəyə gətirdikləri qəzet və jurnallara, ictimai fəaliyyətlərinə nəzər yetirsək, yaratdığı əsərlərlə tanış olsaq görəcəyik ki, milli ideologiya, dövlətçilik təfəkkürü, dövrün feodal geriliyi, mədəniyyət, ədəbiyyat, əsas da dil məsələlərinə diqqət göstərmişlər. Bunun nəticəsi olaraq sonradan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapmışdır. Eyni əsrin yarısından qələmlərilə vuraşan yeni nəsil yazıçılar da klassik nəsli təmsil edən sələflərinin milli-mənəvi və ləyaqət yolunu heç şübhəsiz ki, davam etdirmişlər. Və bunun da nəticəsi kimi sonradan müasir və müstəqil Azərbaycan Respublikası qurulmuşdur. Bu gün Türk xalqlarının sıx birliyi fonunda, Turana gedən nicat yolunda, Qarabağımızın yenidən qurulduğu dönəmdə, cənab Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığı qiymətli Sərəncam ərəfəsində böyük şairimiz Zəlimxan Yaqub demişkən, "bizə qalın deyil, qalan kitablar lazımdır". Elə "Altmışıncılar nəsrinin poetikası" kimi...

Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

Əsgər İsmayılov,
BDU Jurnalistika fakültəsinin məzunu
14-06-2025, 14:56
Onlar 37 ildən sonra “Son zəng”i belə qeyd etdilər

Onlar 37 ildən sonra “Son zəng”i belə qeyd etdilər. FOTO

Bu gün hər yerdə son zəng çalınır. Artıq 14 İyun tarixini bayram kimi qeyd etmək bir adətə çevrilib. Keçmiş məcburi köçkün olan Xankəndi sakinləri də illər öncə reallaşdıra bilmədikəri arzularını bu gün Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə təşkil edilən "Son zəng" tədbirində gerçəyə çevirdilər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün son zəng orta məktəbdə 11-ci sinifi bitirib məzun olan şagirdlərlərlə bərabər düz 37 il əvvəl Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbinin 1987-88 tədris ilinin məzunları üçün də çalındı.Həmin ilin məzunları bilirdilər ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşərək köçkün həyatı yaşadılar. Bu səbəbdən də onlar orta məktəbin 11-ci sinfində təhsil alsalar da son zənglərini keçirə bilmədilər. Hər zaman doğma torpaqlara qayıtmaq ümidi ilə yaşadılar. Bütün Azərbaycan xalqı kimi onların bu arzusunu lokal xarakterli antiterror əməliyyatları zamanı Azərbaycan ordusu gerçəkləşdirdi. Ötən ilin sentyabr ayında istifadəyə verilən Xankəndi şəhər 4 nömrəli orta məktəb onlar üçün doğma bir məkandır. Bu il məktəbin şagirdləri bir araya toplanaraq, 37 il əvvəl yarımçıq qalan arzularını reallaşdırdılar. 1988- ci illin məzunları bu qürurverici günü birlikdə yaşadılar. Qocaman məzunlar ilk öncə onlarla birlikdə təhsil alan birinci Qarabağ müharibəsində - 1992- ci ildə şəhid olan sinif yoldaşları Fərhad Rəhman oğlu Atakişiyevin məzarını ziyarət edərək qəbriüstə gül dəstələri düzüblər.

Çünki onlar birlikdə oxumağı, birlikdə sevməyi və birlikdə kədərlənməyi öyrənmişdilər. Bunu 37 ildən sonra reallaşan həmin məktəbin məzun və müəllimlərinin görüşündə açıq-aydın görmək mümkün idi.Növbə ilə hər kəsin öz hisslərini bölüşdüyü tədbirdə çıxış edənlər, səbəbkarları təbrik ediblər. Son zəngin səsinə kövrələn bu məzunlar, bu gün mahnı sədaları altında sevinclə rəqs ediblər.


13-06-2025, 20:17
Yusifcanlılar doğma kəndlərinə qovuşdular...

Yusifcanlılar doğma kəndlərinə qovuşdular...

İllərdi torpaqlarımız düşmən tapdağında olarkən biz işğal günlərini qeyd edərdik. Bu gün isə doğma torpaqlarımıza möhtəşəm qayıdışımızı qeyd edirik. Dünən, 12 iyun 2025–ci il tarixində Ağdam rayonu, Yusifcanlı kəndinin sakinləri 12 iyun 1993-cu ildə təxminən elə bu saatlarda (səhər 9:00-10:00) qəfil, ayaqyalın-başaçıq tərk etməyə məcbur olduqları (həmin gün kəndin evləri yandırılmış, dinc sakinlər şəhid edilmiş və əsir götürülmüşdü) doğma kəndlərini ziyarət ediblər.

Yusifcanlı kəndindən olan tanınmış yazıçı, şair Zaur Ustacın “Vətən səsi”nə verdiyi məlumata görə, yeni çəkilən Ağdam – Füzuli magistral yolunun hərəkət istiqamətində, sol tərəfdə Yusifcanlı kəhrizinin gözündən təxminən 150-200 m məsafədə kəndə gedən əsas yolun sağ tərəfində üzərində “Yusifcanlı” yazılmış bildiriş və kəndin girəcəyində “Yusifcanlı şəhidləri” məlumat lövhələri quraşdırılıb.

Sonra kənd camaatı ötən o ağrılı-acılı günləri xatırlayıb və Şanlı Zəfərimizdən qürurla söhbət açaraq şəhidlərimizin ruhuna dua oxuyub, qazilərimizə cansağlığı arzulayıblar. Yaşasın Müzəffər Ordumuz və Ali Baş Komandanımız nidası ilə gələcək planlarından danışıblar.
Beləcə, bir kəndin doğma insanları birlikdə düz 32 ildən sonra öz doğma kəndlərində, kəhriz suyundan olan çay süfrəsi arxasında sevincini bölüşərək bu unudulmaz günü fotolarla tarixə, yaddaşa çeviriblər.
Gözümüz aydın olsun!




Mina RƏŞİD
11-06-2025, 18:11
Xüsusi nümayəndəliyin açıqlaması


Xüsusi nümayəndəliyin açıqlaması

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsinin təşkili istiqamətində üzərinə düşən vəzifələri icra edir.
Azərbaycan mediası bu ərazilərdə görülən işləri, dövlət orqanlarının fəaliyyətini hərtərəfli və geniş işıqlandırır, bununla da ölkə ictimaiyyətinin obyektiv məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifəni peşəkar şəkildə icra edir. Təəssüf ki, “Reaksiya TV” yutub kanalı kimi informasiya vasitələri yanlış məlumat əsasında, heç bir araşdırma aparmadan qərəzli materiallar yayaraq ictimaiyyətdə dövlətimiz tərəfindən həyata keçirilən bərpa-quruculuq, eləcə də sosial-iqtisadi inkişaf layihələri barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Xankəndi şəhərində yerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun yalan iddialar səsləndirməsi və həm aparıcı, həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən qərəzli şəkildə şərh edilməsi də bu qəbildəndir.
Vətəndaşın müraciətində səsləndirilmiş iddialara cavab olaraq bildiririk ki, “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə dövlət əmlaklarının istifadəsi ilə bağlı yaradılmış Təşkilat Komissiyası”na daxil olan çoxsaylı müraciətlərin araşdırılması, qaliblərin meyarlar üzrə seçilməsi və müsabiqənin keçirilməsi prosesi müəyyən zaman tələb edir. Vətəndaş Səfər Salmanov isə həmin prosedurları keçmədən qısa zamanda qalib edilməsi tələbində olub.
Müsabiqənin qalibi olduqdan sonra 2024-cü il aprelin 25-də Əmlak Məsələləri Dövlət Xidməti yanında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə Səfər Salmanov arasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərində yerləşən qeyri-yaşayış obyektləri üzrə icarə haqlarının qiymətləri və formalaşma meyarları mövcud olmayıb. İcarə haqlarının qiymətləri 2024-cü ilin aprelində yaradılmış “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixli qərarı ilə təsdiq edilib. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında qeyri-yaşayış obyektləri üzrə icarə haqları bu qiymətlər əsasında və heç bir ayrı-seçkilik edilmədən tətbiq olunur. “Xan Araz” restoranı ilə bağlı da eyni qaydalar tətbiq edilib və vətəndaşa obyekt üçün icarə haqqının yeni qaydalar üzrə hesablanması təklif olunub. Yeni icarə haqqı məbləği vətəndaşın iddia etdiyi kimi, 68 dəfə deyil, 64 faiz artım nəzərdə tutur. Lakin sahibkar tərəfindən müqavilənin imzalanmasından əsassız şəkildə imtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərir.
Bundan başqa, vətəndaş tərəfindən şəhərsalma və memarlıq normaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldə olunmadan qeyri qanuni tikinti - manqalxana inşasına cəhd göstərilib, ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumların iştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin vətəndaş tərəfindən guya obyektə 200 min manat dəyərində investisiya qoyulması faktı da öz təsdiqini tapmayıb. İlk növbədə, o, müvafiq sənədləri təqdim edə bilməyib, digər tərəfdən isə obyekt ona təhvil verilərkən aparılmış foto və video çəkilişlərlə faktiki vəziyyət müqayisə edilib, iddia edilən investisiya məbləğinin dəfələrlə şişirdildiyi məlum olub.
Təəssüf doğuran digər hal isə tez-tez “Reaksiya TV”nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir araya sığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir. Görünür, o, vaxtilə torpaqlarımızın itirilməsinə səbəb olan AXC-Müsavat hakimiyyətinin xəyanətkar siyasətini, o dövrdəki özbaşınalığı, anarxiyanı, silahlı dəstələrin hökmranlığını, işğalçılarla yanacaq alverini, rüşvət və korrupsiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini, insanların çörəklə sınağa çəkildiyini və bu kimi digər çoxsaylı halları unudub və ya kimsənin xatırlamadığını düşünür. Yəqin ki, S.Cəlaloğlu işğaldan azad olunmuş ərazilərin bərpasının Dövlət Proqramı əsasında həyata keçirildiyini bilmir və buna görə də orada özbaşınalığı təşviq edir. Onun dövlətin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən və güzəştlərdən xəbəri belə yoxdur.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və s. tərəfindən ödənilən sosial sığorta haqlarının 2023-cü il yanvarın 1-dən 10 il müddətində 100 faiz həcmində dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə həmin tarixdən istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak edilən kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilir.
Dövlətin təşviq mexanizmləri və aparılan işlər nəticəsində ərazi üzrə ümumilikdə 474 obyektin icarəyə verilməsi təmin edilib, bunlardan 299-u fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45,5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib. Fəaliyyətə başlamış obyektlər üzrə 1900-ə yaxın şəxs işlə təmin olunub. Digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5 mindən çox olacaq. Ərazidə dövlət və özəl qurumlarda çalışan, eləcə də öz yurdlarına köç etmiş 13 mindən artıq şəxsin məskunlaşması təmin edilib.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün dövlət tərəfindən yuxarıda qeyd edilən, eləcə də digər effektiv təşviq mexanizmi tətbiq olunur. Bütün bunların müqabilində sahibkarlardan ölkə qanunvericiliyinə ciddi əməl etməklə fəaliyyət göstərmələri tələb edilir. Rəqabət mühitini pozan tələblərin, özləri üçün əlahiddə imtiyaz və digər sahibkarlara ayrı-seçkilik yaradacaq şərtlərin irəlii sürülməsi qəbuledilməzdir. Təəssüf ki, yaradılan bütün əlverişli şəraitin müqabilində bəzi sahibkarlar tərəfindən bu cür əsassız tələblər irəli sürülür, tələblərə nail olunmadıqda isə şər və böhtan xarakterli məlumatların tirajlanmasına cəhdlər göstərilir.
Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada, qanunvericiliyin və “Jurnalistlərin Etik Davranış Qaydaları”nın tələblərinə zidd olaraq “Reaksiya TV”nin efirində səsləndirilən fikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isə ictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlandırmamaq mümkün deyil”.
11-06-2025, 11:39
Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir


Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir- FOTO

Xankəndi şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının artırılması məqsədilə yaşıllaşdırma aksiyası davam edir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin küçə və prospektlərində, park və xiyabanlarda 17500 ədəd mövsümi dekorativ kol və gül-çiçək əkilir. Mərkəzi küçələrdə 80 ədəd çinar və müxtəlif növ ağaçların, şəhərin bəzi ərazilərində isə 4 min kv metr qazon əkilməsi nəzərdə tutulur. Güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq və müxtəlif gübrələrlə zənginləşdirilib, aqrotexniki qulluq göstərilib, suvarılma təmin edilib. Həyata keçirilən aksiyanın məqsədi şəhər əhalisi və qonaqların xoş istirahətini təmin etməklə yanaşı, Xankəndinin ekoloji mühitinin sağlamlaşdırılmasını sürətləndirmək, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir. Qeyd edək ki, mövsümü gül əkini aksiyası qarşıdakı günlərdə də davam etdiriləcək.




9-06-2025, 12:58
ZAKİRƏ XANIM – XEYİRXAHLIQ RƏMZİ


YUBİLEY
ZAKİRƏ XANIM – XEYİRXAHLIQ RƏMZİ

Zakirə xanım Allahverdiyeva... Bu imzanı eşidəndə “Tut ağacı” mahnısı düşür yadımıza. Zakirə xanımın sözlərinə 20-dən artıq mahnı bəstələnib. Amma müəllifə əbədiyaşarlıq gətirən “Tut ağacı”dır.
75 yaşını qeyd edən Zakirə xanımla 45 ilin dostu, rəfiqəsiyik. ADU-nun (BDU) Jurnalistika fakültəsinin qiyabi şöbəsində birgə təhsil almışıq. Yaş etibarilə qrupumuzda hamımızdan böyük idi. Yəqin ki, dekanlıq-da xanımın yaşını nəzərə alaraq, bizə qrup nümayəndəsi seçdilər. “Mamaşa” deyib müraciət etdiyimiz Zakirə xanım qrupla ünsiyyətdə bu gün də həmin missiyasın-dadır.

Televiziyada işləmək zövq verirdi insana...

Zakirə xanım I kursdan ana televiziyamız olan AzTV-də “Günün ekranı” xəbərlər proqramında işləyirdi. Sonra ədəbi-dram verilişləri baş redaksiyasına keçdi. Əvvəl incəsənət, sonra ədəbiyyat şöbəsində redaktor oldu. Çox səmimi, orijinal müəllif verilişləri də var idi. Yadımdadır, "Kitab köşkü"nü intizarla gözləyərdim.
O illərlə bağlı yaddaşında o qədər xatirələr var, hərəsi bir kitaba sığmaz. Hər zaman deyir ki, orda işləmək zövq verirdi insana. Mühit özü maraqlı idi. Əlçatmaz saydığın insanlarla görüşmək xoşbəxtlik idi. Dünya şöhrətli bəstəkarlar Niyazi, Fikrət Əmirov, Qara Qarayev... qonağı olub. Xalq yazıçıları İlyas Əfəndiyevin, Mirzə İbrahimovun evində çəkilişlər aparıb. Xalq şairləri Osman Sarıvəlli, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Qasım Qasımzadə... qonağı olan daha neçə ədəbiyyat, incəsənət adamıyla görüşlərini indi də unutmur. Təəssüflənir ki, həmin verilişlərlə bağlı arxivində heç bir lent yazısı qalmayıb. “Qızıl Fond”da nə qalıbsa, odur.
Ziyalı kollektivdə işləməyi xoşbəxtlik sayır. Gəray Fəzli, Nahid Hacızadə, Firudin Ağayev, Cəlal Bərgüşad, Həbibə Məmmədxanlı, Tariyel Vəliyev, Ramiz Həsənoğlu, qardaşı Rauf Süleyman, Qurbanəli Şərif, Elmira Şirməmmədova, Məhərrəm Bədirzadə... neçə-neçə ədəbiyyat adamı, rejissor, operator, diktor... Sonra orijinal dəsti-xəttə malik Sadıq Elcanlı qatılıb kollektivə.
Böyük redaktor Həbibə Məmmədxanlı ilə aralarındakı mehri-məhəbbəti, ehtiramı nostalji hisslərlə xatırlayır. Cavidin yadigarı Turan xanımla teleməkanda tanış olub. Bacı qədər yaxın olduğu Həbibə xanımın yanına gələrmiş. Həbibə xanımın vəfati Zakirə xanımı da doğmaları qədər sarsıdır. Bu ayrılığın nisgilini bölüşmək üçün Turan xanımın görüşünə gedib, dərd ortağı olurmuş. Sonra Turan xanım da dünyasını dəyişir. O günlərdən danışanda Turan xanımın xarakterini də açır: “Repressiya qorxusu o qədər iliyinə işləmişdi, danışığında xəsislik vardı, söhbətcil deyildi”. İfadələrini dediyi kimi işlədirəm. Elə kövrək danışır, sanki o zamanın içindədir. Turan xanım dünyasını dəyişəndən sonra isə könül dünyasında bir boşluq yaranır. Öz itkiləri də az deyil. Ana məclisinə gedə bilmir. Bir dəfə bir yerdə olduq. Nə hala düşdüyünü gözlərimlə gördüm.

Ailədə Azərbaycançılıq ruhu
çox yüksəkdir


Onu işə götürən, müsahibələrində “Televiziya əbədi məhəbbətimdir” deyən Elşad Quliyevi də xoş xatirələrlə anır. Sonra münasibətləri ailəvi dostluğa çevrilib.
Teleməkan təkcə Zakirə xanıma yox, övladları Arzuya, Xanəliyə də doğmalaşıb. Oqtay Zülfüqarovun yaratdığı ansamblda mahnı da oxuyublar. Arzunu filmlərdə uşaq rollarına çəkmək istəyiblər. Nədənsə ana razılaşmayıb. Arzu BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib, akademik Gövhər xanım Baxşəliyevanın rəhbərliyi altinda ərəb filologiyasından müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur. Təhsil sahəsində fəaliyyət göstərir. Eyni fakültənin yuxarı kursunda təhsil alan Azad Cəbrayılovla ailə qurub. Bu il Arzu xanımla birgə ömürlərinin 35 ilini başa vuran Azad Cəbrayılov sonra Qərb Universitetini də bitirib, başqa ixtisasa yiyələnib. Oğlu Nəriman İsveçrədə təhsil alıb, orada fəaliyyət göstərir. Qızı Təhminə anasının arzularını reallaşdırır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan “İçəri Şəhər” filmi qısa müddətdə dünyanı dolaşdı. İdeya rəhbəri və ssenari müəllifi (İlqar Safatla birgə) olduğu filmdə Təhminə Rafaella həm də baş rolun ifaçısıdır. Film gənc qızın Qarabağ müharibəsi veteranı Rafaelə olan sevgisindən bəhs edir. "İçəri Şəhər" "World Hyuston" Beynəlxalq Film Festivalında qadın roluna görə “Ən yaxşı nominant” elan olunub. 5-ci "Van gölü" festivalında da "Ən yaxşı aktrisa" mükafatina layiq görülüb. Film dünyanı gəzib, hər yerdə də mükafata layiq görülüb. Filmdə ən çox nəzərimi cəlb edən Təhminənin rolunu - Arzunu özü səsləndirməsidir. Bütün bağça, orta, ali təhsilini rus və ingilis dillərində alan Təhminə Rafaella rolunu ana dilində mükəmməl səsləndirir. Ümumiyyətlə, ailədə azərbaycançılıq ideyaları, ana dilinə hörmət mühüm məsələlərdəndir, çox güclüdür.
Baş rola çəkildiyi “Banu” və “Məryəm” filmləri də Təhminə xanıma dünya şöhrəti gətirib.
Gənc Təhminə bu yaxınlarda özünü rejissor kimi də sınayıb. "Qadın" adlanan qısametrajlı filmin ssenari müəllifi olmaqla yanaşı, həm də baş rolun ifaçısıdır. Film ekranlara çıxdığı qısa müddətdə məşhur festivallara düşüb və yüksək qiymətləndirilib.
Zakirə xanımın oğlu Xanəli əvvəl Xalq Təsərrüfati İnstitutunu (İqtisadiyyat Universiteti), sonra Qərb Universitetini bitirib. Həyat yoldaşı Rəminə xanım həkimdir. Böyük qızı Sona Amerikada universitet bitirib. Facebook şirkətinin aparıcı simalarındandır. Aişə Kolumbiya Universitetinin tibb fakültəsində oxuyur. Rafail Amerikada universitet təhsili alır.
Zakirə xanımın həyat yoldaşı Rafail Allahverdiyev 16 il əvvəl dünyasını dəyişsə də, ocağı yerindədir, yadigarları ocağa yalnız baş ucalığı gətirirlər.

Nə tələbəlik illərində, nə də televiziyada işlədiyi dövrdə Zakirə xanımın şeir yazdığını, rəssamlıqla məşğul olduğunu bilmirdim. Sonralar söhbətlərindən öyrəndim ki, uşaqlıq dövründən yazırmış. Abşeronun Fatmayi kənd orta məktəbində sizə ədəbiyyat fənnini tədris edən Mikayıl müəllim onun ilk qələm təcrübələrini oxuyanda şagirdini ruhlandırırmış. Divar qəzetində dərc olunan şeirinin se-vinci bu gün də yadındadır.

Əvvəldə dediyim kimi, Zakirə xanım qrupumuzda hamımıza əziz, ana və bacıdır. Amma Rəhilə Səfərəliyeva ilə daha yaxındır. Bəlkə də uzun illər ana televiziyada birgə işləmələri yaxınlaşdırıb onları. Bu gün minnətdarlıqla bildirir ki, kitablarının çapına onu Rəhilə xanım təhrik edib. Bu təhrikdən sonra şeirləri beş kitabda işıq üzü gördü - "Duman, al apar məni", "Bihuşam dən düşən telin ətrindən", "Açıl səhər", "Bir zəng gözləyirəm", "Duman, al götür beni". Hələ çapını gözləyən neçə kitablıq şeirlər var və yaranmaqdadır.
“Tut ağacı”.
Səni bu nəğmə ilə soraq verirlər


Elə ilk kitabının çapından sonra şeirlərinin taleyinə gün doğur. Yeni əsrin əvvəllərində bi nəğmə “Tut ağacı” səyyah kimi dünyanı dolandı. Abşeron bağlarının, Bakı kəndlərinin əzəli və əbədi rəmzi “Tut ağacı”.

Tut ağacı, tut ağacı,
Aman yerim, güman yerim,
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.

Qumlu sahil, şıltaq Xəzərin lacivərd suları, aydın üfüqlər, ulduzlu sərin axşamlar, meynəliklərin, tut bağlarının bənzərsiz ətri, tut ağacından asılmış yelləncəklərdən quma sallanan yalın ayaqlar...
Sözlə çəkilmiş nə gözəl mənzərə!
Üç abşeronlu xanımın ürəyinin hərarətiylə ərsəyə gəlib ürəkləri riqqətə gətirən "Tut ağacı"! Xanımlığı və incə qəlbiylə hamımıza örnək olan Zakirə xanımın könül rübabından qələminə süzülən misralar Aygün Səmədzadənin bəstəsiylə Aygün Bəylərin səsiylə süslənib ürəyimizə axır.
Təsadüfi deyil ki, yaradıcılığının zirvəsi olan "Tut ağacı" "Nəğmələrin nəğməsi-2002" müsabiqəsində mahnı nominasiyasında I dərəcəli diploma layiq görüldü. İndi Səni bu mahnıyla soraq verirlər. "Tut ağacı" bu gün də yaradıcılığının zirvəsidir.

Çadır şəhərciklərində uşaqların sevincini
bu gün də unutmur

Zakirə xanımın elə işləri, xeyirxah xidmətləri var ki, onları yazmasam, günah olar. Və bunları mənə söylədiyinə görə Rəhilə Səfərəliyevaya minnətdarlıq düşür. Çadır şəhərciklərində yaşayan qaçqınlara mütəmadi yardımı müxtəlif qadın cəmiyyətlərindən göndərib. Çox zaman Rəhilə də onlarla gedirmiş. Yardımdan bəhrələnən qaçqınlar hər dəfə Zakirə xanımı görmək arzusunda olduqlarını bildirirlər. Rəhilə bu arzunu ona çatdıranda təvazökarlıq edir. Nəhayət, bir gün yardım aparanlara qoşulub Saatlıya gedir. Qaçqınlarla səmimi görüşləri qəlbində bir rahatlıq yaradıb. Saatlı rayonunda çadır şəhərciyinin rəhbərliyi "Saatlının fəxri vətəndaşı" vəsiqəsini xeyriyyəçi xanıma təqdim etməklə məsuliyyət hissini daha da artırıb. Yaxın illərə kimi himayədarlığını qaçqınlardan əsirgəməyib.
Salyan şəhərində isə uşaqların sevincini bu gün də unutmur. Uşaq evindəki oğlan uşaqlarının sünnət mərasimini keçirir. Bakıdan apardığı həkimlərə rayonun əlaqədar təşkilatlarının kollekivi də qoşulub. Sonra qazanlar asılıb, samovarlar qaynadılıb. Zəngin süfrə arxasında uşaqlara unudulmaz bir gün yaşadıb. Bakıdan apardığı pal-paltarı elə paylayıb, uşaqlar hədiyyənin kim tərəfindən verildiyini bilməyiblər.
“Sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamı xarakterinin bu gün də dəyişməz cizgilərindəndir.



Zakirə xanımdan yazı yazmaq istəyəndə rəssamlığın-dan söz açmaq fikrindən uzaq idim. Düşünürdüm ki, qüdrətim çatmaz. Zakirə xanım Qarabağın qara günlərində fikirlərini hüznlü səslə bildirirdi: "Qarabağın şah tacı Şuşamızın ağrılı günündə mən də ağrı-acımı, kədərimi kağızlarla bölüşürdüm. Boş qalmış evlər, üzü Kəbəyə dayanmış başdaşları. İçimdəki kədəri rəngsiz tonlarla ifadə etdim. Şuşanın, Qarabağın qələbə xəbərindən sonra əlvan rənglərdən istifadə edəcəyəm”.
- İnşallah, əlvan rəngli tabloların Qarabağda, Şuşada sərgilənsin, - demişdik.
Şükür ki, Ali Baş Komandanın rəhbərliyi, cəngavər igidlərimizin şücaəti sayəsində Qarabağ torpaqları işğaldan azad edildi. Zakirə xanımın da fırçası al-əlvan rəngə boyandı, indi al-qırmızı lalələr, çəhrayı güllər çəkir...

* * *
Zakirə xanım növbəti yubiley yaşını da təmtəraqdan uzaq qeyd edir - oğul, uşaqlarıyla, sevdikləriylə...
Nə xoş ki, qələmi hələ əlindədir. Sevgiylə, həsrətlə, ağrı-acılarla, intizarla dolu hisslərini duyğulara çevirib yazıb-yaradır.
Fırçası əlvan rəngə boyanıb, gözəllikləri ürəyincə əks elətdirə bilir, ruhumuzu oxşayır.
Yubiley yaşında özündən özünə ən gözəl hədiyyə — son illərin şeirləri və boyakarlıq işləri toplanmış “Tut ağacım” kitabı.
Təbrik edirik, Zakirə xanım, axarlı olsun.

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru





6-06-2025, 18:54
QHT könüllüləri ailələrə yardım edib


QHT könüllüləri ailələrə yardım edib

Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biridir. Uşaqların dəyərlər sisteminin yaranmasında, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Məhz bu səbəbdən uşaqların düzgün inkişafında valideynlər öz məsuliyyətlərini dərk etməli, onların cəmiyyət üçün sağlam, yararlı, təhsilli böyüməsində hər zaman örnək olmalıdırlar. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duracaq mühüm şərtlərdən biridir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün ətrafımızda müxtəlif xəstəliklərdən əziyyət çəkən, övladlarına arzuladığı münasibəti göstərə bilməyən ailələr də az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi hər birimizin borcudur.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi bu sahədə öz ənənələrinə sadiq qalaraq, təşkilatın sədr müavini, “Sosial İnteqrasiya Departamentinin” rəhbəri Zeynəb Dilbazinin təşkilatçılığı ilə İslam dünyasının ən müqəddəs bayramlarından biri olan “Qurban Bayramı”münasibətilə Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailəyə qurban əti paylanılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva AVRASİYA.NET saytına açıqlamasında bildirib ki, qurban əti QHT könüllüləri tərəfindən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin bütün kollektivi hər il bu kimi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahibi Zeynəb Dilbaziyə minnətdarlıq edir və onunla əməkdaşlıqdan zövq aldığını bildirir.
3-06-2025, 17:36
I Türk Dünyası Uşaq Festivalı


I Türk Dünyası Uşaq Festivalı

Bildiyiniz kimi, Bakıda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Festival 24-31 may tarixində Elmlər Akademiyası parkında təşkil edilmişdi.
Bu il ilk dəfə ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalı da keçirildi.
Səhər saatlarından başlayan festivalda Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdlərinin ifasında tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının əsəri əsasında səhnələşdirilən "Melisa" tamaşası nümayiş etdirildi. Qeyd edək ki, yazıçının “Melisa” əsəri Azərbaycan, türk, ingilis, rus, fars və alman dillərində nəşr olunub.

Sonra festival uşaq ədəbiyyatı ilə bağlı müxtəlif panel müzakirələrlə davam etdi. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı Narıngül Nadir, Sevinc Nuruqızı, Mina Rəşid uşaqların bayramını təbrik edərək, bütün dünyaya sülh arzuladılar. Sevinc Nuruqızının söylədiyi “Vətəndən uca”, “Ağ xoruzun hekayəsi” adlı şeirləri istər uşaq, istərsə də, yaşlı tamaşaçıların böyük marağına səbəb oldu.
Mina Rəşid ədəbiyyatımızda Qarabağ mövzusundan danışdı, o qeyd etdi ki, yazdığı şeirlər onun həm də həyatı ilə bağlıdır. O, Ağdamda doğulub, Birinci Qarabağ müharibəsində atası gözləri önündə şəhid olub, iki qardaşı qazidir. O, bu gün Şanlı Zəfərimizi, dogma torpaqlarımıza möhtəşəm qayıdışımızı böyük həvəslə vəsv etməkdən qürur duyur. “Vətən səsi” nin əməkdaşı olan Mina Rəşidin “Füzuli”, “Laçın”, “Ağdərə”, “Xarıbülbül” və digər mənəvi dəyərlərimizə həsr edilmiş şeirləri maraqla qarşılandı.

Bundan sonra uşaq ədəbiyyatının tanınmış nümayəndələri Rafiq Yusifoğlu və Qəşəm İsabəyli "Klassik uşaq ədəbiyyatına müasir baxış" mövzusunda çıxış etdilər. Rafiq Yusifoğlu ədəbiyyatın gücündən danışdı. O, buna şahid olduğunu söylədi.
Festival çərçivəsində məktəblilər şeir nümunələri səsləndirdi və musiqili və bədii kompozisiyalarla çıxış etdilər.

Qeyd edək ki, I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilib.

Günel Quliyeva
3-06-2025, 14:11
ZEYNALLI ŞƏFAQƏT DÜNYA ÇEMPİONU OLUB[

ZEYNALLI ŞƏFAQƏT DÜNYA ÇEMPİONU OLUB

Əslən Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Zeynallı Şəfaqət Polşanın Pulavi Şəhərində keçirilən 10-cu Dünya çempionatında böyük uğura imza atıb. O, bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülüb və kürsünün ən yüksək pilləsində yer alaraq bayrağımızı qaldırıb, himnimizi səsləndirib, qızıl medalla təltif olunub.
Bu münasibətlə Sumqayıt şəhərində dünya çempionunun ailəsi tərəfindən keçirilən tədbirdə Qarakilsə rayonunun Şəki kənd İcmasının nümayəndələri – Şəki kənd İcmasının sədri Azadə Novruzova, icma üzvləri Ələkbər Həziyev, Yamən Novruzov, Gülçöhrə Kərimova, Finarə Nurullayeva da iştirak edib. Şəki kənd İcmasının sədri Azadə Novruzova tədbirdə çıxış edərək Dünya çempionu Şəfaqət Zeynallıya və onun ailəsinə, müəllimlərinə, məşqçilərinə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, MM-in deputatı Əziz Ələkbərovun təbrikini çatdırıb. Azadə Novruzova çıxışında eyni zamanda, ölkəmizdə idmanın inkişafına Prezident İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi dövlət qayğısından, idmançılar üçün yaradılan geniş imkanlardan bəhs edib. Şəki kənd İcması tərəfindən qalibə gül dəstəsi, hədiyyə təqdim edilib.
Qeyd edək ki, Şəfaqət şəhid nəvəsidir. Zeynalov Mürsəl Əyyub oğlu 1993-cü ildə Vətənin düşməndən müdafiəsi zamanı şəhid olub. Atası Zeynalov Elbrus Füzuli şəhərindən, anası Hacıyeva Rəfiqə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindəndir. Şəfaqət isə 22 mart, 2008-ci ildə Beyləqan şəhərində anadan olub.

Şəfaqət 2014-cü ildə ibtidai təhsilinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə başlayıb, 2019-cu ildə Füzuli rayon 40 nömrəli ümumi orta məktəbdə davam etdirib. 2022-ci ildə 14 yaşında karatedə ilk addımını ataraq, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev adına klubun tərkibində məşqə başlayıb. Şəhid Kərəm Mirzəyev adına karate klubunun rəhbəri Aqil Soltanov, şəxsi məşqçisi Səfərov Cahid Mübarək oğludur. Şəfaqət Zeynallı 2022 və 2024-cü illərdə Ənənəvi Karate üslübu Fudokan üzrə Respublika çempionu olub. O, nümayəndə heyətinin tərkibində 06 may, 2025-ci il tarixində Azərbaycanın ənənəvi karate üzrə milli komandası Fudokan üslubu üzrə 10-cu Dünya çempionatında iştirak etmək üçün Polşanın Pulavi şəhərinə yola düşüb. Milli komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndəsi Vüsal Abdullazadə rəhbərlik edib. Zeynallı Şəfaqət 09 may 2025-ci il tarixində bütün rəqiblərini məğlub edərək, Dünya Çempionu adına layiq görülüb. Qeyd edək ki, Milli Komandanın Baş Məşqçisi Bəşir Mahmudov olub.

Finala çıxışda - yarım final döyüşündə 3:5 hesabı ilə Serbiyalı rəqibindən geridə qalan idmançımız döyüşün bitməsinə 9 saniyə qalmış hücuma keçib və ippon yəni 3 xallıq zərbə endirib. Lakin Serbiyalı hakim öz idmançısının tərəfin saxlayıb, xalı döyüş bitəndən sonra keçirtdiyini qeyd edib. Bu qərarla razılaşmayan Baş məşqçi Bəşir Mahmudov hakimlərə video qeydlərini göstərib və öz etirazını bildirib. Bir müddət müzakirədən sonra hakimlər idmançımıza xalı və qələbəni veriblər. İdmançımız finala yüksəlib və Qələbə qazanıb.
Dünya çempionu Şəfaqət Zeynallını bu yüksək nailiyyəti münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.



3-06-2025, 06:11
Azərbaycan aşiqi - sevgili Nasirimiz!


Azərbaycan aşiqi - sevgili Nasirimiz!

(Kimlər gəldi, kimlər getdi...)

“Azərbaycan Kültür Ocağı İdarə Heyətinin dəyərli üzvü, Almaniyada Azərbaycanın Musiqi sənətinə böyük töhfələr vermiş tanınmış musiqiçi və sənət fədaisi Nasir Təfazzoli 25 may 2025-ci il tarixində, Berlində 68 yaşında vəfat etmişdir.
Nasir Təfazzoli Təbrizdə musiqisevər bir ailədə dünyaya göz açmış, erkən yaşlarından musiqiyə olan həvəsi və istedadı ilə seçilmişdir. Gənc yaşlarında Almaniyaya köçmüş, burada milli musiqimizin qorunması, inkişafı və təbliği uğrunda yorulmadan çalışmışdır. Onun musiqi fəaliyyəti həm Almaniyada, həm də Avropanın bir neçə ölkəsində böyük hörmət və sevgi ilə qarşılanmış, dəfələrlə Azərbaycan musiqisi konsertlərində çıxış edərək, xalqımızın zəngin musiqi irsini geniş auditoriyalara çatdırmışdır.
1988-ci ildə Berlində Azərbaycan Kültür Ocağının qurucularından biri olaraq, ocağın fəaliyyətində fəal iştirak etmiş, diasporada milli-mənəvi dəyərlərin yaşadılması və inkişafı istiqamətində mühüm işlər görmüşdür. Nasir Təfazzoli həmçinin öz təşəbbüsü ilə yaratdığı musiqi qrupu ilə Azərbaycan muğamını, xalq və klassik musiqmizi Almaniyada və digər ölkələrdə böyük sevgi və ustalıqla təmsil etmişdir. Xanəndə kimi səsi ilə insanlara toxunan, dinləyicilərin qəlbinə yol tapan mərhum, milli mədəniyyətimizin əvəzsiz daşıyıcısı olmuşdur. N.Təfazzoli həm də diasporanın nümunəvi nümayəndəsi kimi, Azərbaycan tərəfdən rəsmi şəkildə Bakıya dəvət olunmuş, orada mədəniyyətimizi və musiqimizi təbliğ etməkdə önəmli rol oynamışdır.
Onun musiqi irsi və mədəniyyətimizin təbliğində gördüyü fədakar işlər Azərbaycanın diaspor fəalları və musiqi ictimaiyyəti tərəfindən daim böyük ehtiramla xatırlanacaqdır.
Onun qəfil itkisi həm doğma Vətənimizdə, həm də xarici ölkələrdə Azərbaycan musiqisini sevənlər arasında dərin kədər yaratmışdır. Biz bu ağır itki qarşısında mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.
Mərhumun xatirəsi Azərbaycan musiqi tarixində və milli mədəniyyətimizin qorunmasında əbədi yaşayacaq, onun sənətinə və insanlığına olan böyük hörmət və minnətdarlığımız daim ürəklərdə yaşanacaqdır.
Azərbaycan Kültür Ocağı.
- Berlin

26.05.2025”

... May ayının 5-də Rəşid Behbudov adına Mahnı Teatrındakı o kövrək, təlatümlü ifasını xatırlayıram. Ondan əvvəl evimizdə Almaniyadan gəlmiş şair-ozan dostlarımız Şahturna xanım-Ozan Şair cütlüyü ilə birlikdə qonaq olduğu anları da gözlərim önünə təkrar-təkrar gətirir, fələyin bu üzüdönüklüyünə daxilimdən gələn etiraz səsimi səssiz hıçqırıqlarımla bildirməkdən başqa çarə tapmıram.
“Günəş” Dostluq Ansamblı ABŞ-da yaradılıb. Bununla belə, yaradıldığı gündən bütün dünyaya səpələnən istedadlı insanların bir qismini öz ətrafında toplaya bilib. Demək olar əksəri Təbriz əsilli, Güney doğumlu istedadlı soydaşlarımızın doğma, isti ocağına çevrilib bu ansambl. Adları bəlli olduğu kimi, ünvanları da “bəllidir” bu könül sahiblərinin. Günəşin məskəni ellər-oymaqlar, dərələr-dağlar, okeanlar-dənizlər, insanların nəğməkar könülləri olduğu kimi, bizim bu “Günəş”in də ünvanı səyyaridir: “Vətən” deyəndə Azərbaycan, “Azərbaycan” deyəndə Vətən adlı bir qibləgaha üz tutub, o işığa doğru uçar, uçarlar. Odur ki, faktiki ünvanları olmasa da, mənəvi və ruhani ünvanları könüllər evidir bizim “Günəş”çilərin.
Hər bazar günü “Günəş” ansamblı üzvlərinin Zoom proqramı ilə üç saatlıq musiqili-elmi-ədəbi toplantıları baş tutur. Hərə bir diyardan olduğu üçün bizdə, Bakıda axşam vaxtına - saat 20-yə düşür görüş vaxtı. Təbrizdə saat 19:30-a, Torontoda (Kanada) gündüz saat 12-yə, San-Fransiskoda (ABŞ) səhər saat 9-a, Hyustonda (ABŞ) saat 11-ə, İstanbulda (Türkiyə) axşam saat 19-a, Berlində (Almaniya) saat 17-yə və s. düşür. Hamı təyin olunan vaxtda ekran başında olur.

Bu dəfə də belə olmalıydı təbii ki... Lakin gözlənildiyinin əksinə olaraq, may ayının 25-i axşam görüşümüzə elə də çox iştirakçı qoşula bilməmişdi. Səbəbi də məlum idi; mərhum sənətkarımız, istedadlı qarmon ifaçımız, “Günəş” ansamblının yaradıcılarından və ən istəkli üzvlərindən olan mərhum Əli bəy Haqşünasın Bakıda keçirilən anım gecəsinə ansamblın demək olar bütün üzvləri gəlmiş, lakin geri qayıdarkən yollarını doğma Təbrizdən salanlar hələ yaşadıqları ölkələrə gedib çata bilməmişdilər.
O gecəki Zoom proqramı zamanı dostlarla onların Bakı-Azərbaycan səfərindən, H.Əliyev Sarayında Aşıq Çingiz Mehdipurun rəhbəri olduğu “Dalğa” qrupunun konsertindən, Əli Haqşünasın xatirəsinə Rəşid Behbudov Sarayında düzənlənən anım mərasimindən danışdıq, digər gəzintilər barədə təəssüratlar dilə gəldi. Bir xeyli söhbət etdik, gah kövrəldik, gah şuxluq elədik, gah nəğməli könüllər, gah da sehrli barmaqların dilləndirdiyi alətlər dilə gəldi. Şeirdən, sözdən də ərməğanımız olmamış deyildi, əlbəttə. Sonunda hər birimizə sağlıq-salamatlıq diləyib, gələn bazar gününə qədər xudahafizləşdik.
Sən demə, bizim Zoom proqramımızın baş tutduğu saatlarda qrupumuzun ən sevimli, ən mötəbər üzvlərindən biri, istedadlı ifaçı, klassik musiqi və xalq mahnılarımızın, muğamlarımızın mahir ifaçısı Nasir bəy Təvəzoli (Nasir Səhənd) haqq dünyasına uçmaqdaymış.
Bu xəbər biz dostlar üçün o qədər gözlənilməz, o qədər ağrılı, o dərəcədə sarsıdıcı oldu ki, heç bilmədik bir-birimizə necə təsəlli verək, necə ovunduraq. Bəd xəbər tez yayılır, deyirlər. Həqiqətən də, az müddət içində Kanadadan, ABŞ-dan, Təbrizdən, Türkiyədən, Almaniyadan tutmuş, neçə-neçə qürbət diyarlardan zəng açıb, başsağlığı verməkdədir dostlarımız. Axı biz çox yaxın, çox istəkliydik Nasir bəylə. Onun “Qaragilə”si, “Qaçaq Nəbi”si, “Kimlər gəldi, kimlər getdi”si, “Mən olmuşam”ı, “Ürək deyir yaşa hələ”si, “Azərbaycan maralı”, “Qarabağ”ı, “Sənə qurban”ı... hər birimizin dilində əzbərə çevrilmişdi. Hələ istəkli dostu Əli Haqşünasın xatirə gecəsində məclisin sonunda tamaşaçıların xahişiylə mərhumun ən çox sevdiyi “Sevgilim, tut əlimdən, gedək üzü küləyə” bəstəsini necə ürəklə, necə kövrək, həzin duyğularla ifa etdi?!...
Bu gün o - dostlarının dili ilə desək, “bizim sevgili Nasirimiz” aramızda yoxdur. Berlinə yola düşərkən, zəng edib mənə dediyi sözlər hələ də qulağımda səslənir: “Qiymət xanım, üzrlü sayın ki, mən gedərkən sizlərə baş çəkə bilmədim. Gülməmməd müəllimə, Vüqara, o biri balalara salam deyin. Gedirəm, amma tezliklə qayıdacağam. Özü də qızımla bərabər!”
Elə qəhərli, elə titrək səslə deyirdi bu kəlmələri ki... Onsuz da Əli Haqşünasın vəfatından sonra göz yaşları eləcə ovcundaydı. Bir himə bənddi ki, gözündən leysan töksün. Getdi. Nə yazıq ki, bir daha dönməyəcəyi bir dünyaya üz tutdu Nasirimiz.
Səni bir daha görə bilməyəcəyimizə, o sevimli nəğmələrini ecazkar səsində bir daha eşitməyəcəyimizə, o nurlu, mehriban, səmimi simana baxıb işıqlı günlərin hələ öndə olduğuna inanmayacağımıza inanmağımız gəlmir, əziz, istəkli Nasirimiz.
Ruhun şad, Məkanın cənnət olsun, Azərbaycan aşiqi sevgili Nasirimiz!

İSTƏKLİ NASİRİMİZƏ VİDA

Əlimdə olsa, ağrı, acılardan yazmaram,
Qubarlı qardaşlardan, bacılardan yazmaram.
Bülbüllər kimi ötən dillərdən yazmalıykən,
Şaqraq şəlalələrdən, sellərdən yazmalıykən,
Necə yazım ki, bülbül qəfəsində boğuldu,
Bu gedişdən dünyaya sonsuz kədər doğuldu.
Qəlblərdəki ümidi didim-didim diddi o,
Yerlərdən asimana yol çəkən qasiddi o.
Şəfəqlər yayılardı baxışından hər yana,
Gülüşünün bir ayrı şövqü düşərdi cana.
“Sevgili canan”ıydı yerin, ərşin, gürşün o,
Sanki qəm uyudurdu içində gülüşün o.
Həyat dolu bir aləm yaradırdı “Sənsiz”i,
Əridib itirirdi nəfəsiylə çən-sisi.
“Ayrılığ”ın nəfəsi kəsilirdi səsində,
“Mehriban olaq” deyə ötürdü bəstəsində.
“Qaragilə”dən ötrü “Qurban adına” dedi,
Hardan hara gəlmişik, “Bir sal yadına” dedi.
Həsrətiydi haçandan Təbrizin havasına,
El gölündən sonalar qoşulub nəvasına,
Gələn günümü “Qurban verərdim” ötənlərə,
Deyib, “Gedək üzü küləyə”, qoşuldu gedənlərə.
Əli aşiqiydi o, Əli yolunu seçdi,
Bir də baxdıq ki, yoxdu, bir də gördük ki, gecdi...


Qiymət Məhərrəmli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Günəş” Dostluq Ansamblının üzvü.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!