Yol Polisinə 35 milyon ayrıldı .....                        Yuliya Timoşenko korrupsiyada ittiham olunur .....                        Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı AÇIQLAMA .....                        Məktəblərdə yeni fənn tədris ediləcək .....                        Xəzərdə gəmi qəzaya uğradı .....                        Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı 6 dövlət proqramı hazırlanacaq .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə bu məsələni müzakirə etdi .....                        Bakıda “brend saat” satan dələduz saxlanıldı .....                        Dövlət televiziya və radio arxivləri tam rəqəmsallaşdırılacaq .....                       
11-06-2025, 18:11
Xüsusi nümayəndəliyin açıqlaması


Xüsusi nümayəndəliyin açıqlaması

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi açıqlama yayıb.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işləri, doğma yurdlarına dönən vətəndaşlarımızın məskunlaşmaları, onların sosial qayğılarının qarşılanması istiqamətində ardıcıl tədbirlər uğurla davam etdirilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, orada fəaliyyət göstərən dövlət orqanlarının yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsinin təşkili istiqamətində üzərinə düşən vəzifələri icra edir.
Azərbaycan mediası bu ərazilərdə görülən işləri, dövlət orqanlarının fəaliyyətini hərtərəfli və geniş işıqlandırır, bununla da ölkə ictimaiyyətinin obyektiv məlumatlandırılması ilə bağlı üzərinə düşən vəzifəni peşəkar şəkildə icra edir. Təəssüf ki, “Reaksiya TV” yutub kanalı kimi informasiya vasitələri yanlış məlumat əsasında, heç bir araşdırma aparmadan qərəzli materiallar yayaraq ictimaiyyətdə dövlətimiz tərəfindən həyata keçirilən bərpa-quruculuq, eləcə də sosial-iqtisadi inkişaf layihələri barədə yanlış təsəvvür formalaşdırmağa çalışırlar. Xankəndi şəhərində yerləşən “Xan Araz” restoranını icarə hüququ ilə istifadəyə götürmüş vətəndaş Salmanov Səfər Vəliyəddin oğlunun yalan iddialar səsləndirməsi və həm aparıcı, həm də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu tərəfindən qərəzli şəkildə şərh edilməsi də bu qəbildəndir.
Vətəndaşın müraciətində səsləndirilmiş iddialara cavab olaraq bildiririk ki, “Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə dövlət əmlaklarının istifadəsi ilə bağlı yaradılmış Təşkilat Komissiyası”na daxil olan çoxsaylı müraciətlərin araşdırılması, qaliblərin meyarlar üzrə seçilməsi və müsabiqənin keçirilməsi prosesi müəyyən zaman tələb edir. Vətəndaş Səfər Salmanov isə həmin prosedurları keçmədən qısa zamanda qalib edilməsi tələbində olub.
Müsabiqənin qalibi olduqdan sonra 2024-cü il aprelin 25-də Əmlak Məsələləri Dövlət Xidməti yanında “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə Səfər Salmanov arasında icarə müqaviləsi bağlanan zaman Xankəndi şəhərində yerləşən qeyri-yaşayış obyektləri üzrə icarə haqlarının qiymətləri və formalaşma meyarları mövcud olmayıb. İcarə haqlarının qiymətləri 2024-cü ilin aprelində yaradılmış “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının 2024-cü il 20 avqust tarixli qərarı ilə təsdiq edilib. Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında qeyri-yaşayış obyektləri üzrə icarə haqları bu qiymətlər əsasında və heç bir ayrı-seçkilik edilmədən tətbiq olunur. “Xan Araz” restoranı ilə bağlı da eyni qaydalar tətbiq edilib və vətəndaşa obyekt üçün icarə haqqının yeni qaydalar üzrə hesablanması təklif olunub. Yeni icarə haqqı məbləği vətəndaşın iddia etdiyi kimi, 68 dəfə deyil, 64 faiz artım nəzərdə tutur. Lakin sahibkar tərəfindən müqavilənin imzalanmasından əsassız şəkildə imtina edilir və obyekt faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərir.
Bundan başqa, vətəndaş tərəfindən şəhərsalma və memarlıq normaları gözlənilmədən, müvafiq qurumlarla rəsmi razılıq əldə olunmadan qeyri qanuni tikinti - manqalxana inşasına cəhd göstərilib, ona qanunvericiliyin tələbləri izah edilməklə müvafiq qurumların iştirakı ilə tikinti işləri dayandırılıb. Həmçinin vətəndaş tərəfindən guya obyektə 200 min manat dəyərində investisiya qoyulması faktı da öz təsdiqini tapmayıb. İlk növbədə, o, müvafiq sənədləri təqdim edə bilməyib, digər tərəfdən isə obyekt ona təhvil verilərkən aparılmış foto və video çəkilişlərlə faktiki vəziyyət müqayisə edilib, iddia edilən investisiya məbləğinin dəfələrlə şişirdildiyi məlum olub.
Təəssüf doğuran digər hal isə tez-tez “Reaksiya TV”nin efirində qonaq olan ADP sədri Sərdar Cəlaloğlunun reallıqla heç bir araya sığmayan, hətta savadsız və bəsit mülahizələrlə çıxış etməsidir. Görünür, o, vaxtilə torpaqlarımızın itirilməsinə səbəb olan AXC-Müsavat hakimiyyətinin xəyanətkar siyasətini, o dövrdəki özbaşınalığı, anarxiyanı, silahlı dəstələrin hökmranlığını, işğalçılarla yanacaq alverini, rüşvət və korrupsiyanın dövlət siyasəti səviyyəsinə yüksəldiyini, insanların çörəklə sınağa çəkildiyini və bu kimi digər çoxsaylı halları unudub və ya kimsənin xatırlamadığını düşünür. Yəqin ki, S.Cəlaloğlu işğaldan azad olunmuş ərazilərin bərpasının Dövlət Proqramı əsasında həyata keçirildiyini bilmir və buna görə də orada özbaşınalığı təşviq edir. Onun dövlətin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən və güzəştlərdən xəbəri belə yoxdur.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediliblər. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri və s. tərəfindən ödənilən sosial sığorta haqlarının 2023-cü il yanvarın 1-dən 10 il müddətində 100 faiz həcmində dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə həmin tarixdən istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak edilən kommunal xidmətlərin tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstərilir.
Dövlətin təşviq mexanizmləri və aparılan işlər nəticəsində ərazi üzrə ümumilikdə 474 obyektin icarəyə verilməsi təmin edilib, bunlardan 299-u fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 45,5 milyon manata yaxın investisiya qoyuluşu həyata keçirilib. Fəaliyyətə başlamış obyektlər üzrə 1900-ə yaxın şəxs işlə təmin olunub. Digər obyektlər fəaliyyətə başladıqdan sonra iş yerlərinin sayı 5 mindən çox olacaq. Ərazidə dövlət və özəl qurumlarda çalışan, eləcə də öz yurdlarına köç etmiş 13 mindən artıq şəxsin məskunlaşması təmin edilib.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün dövlət tərəfindən yuxarıda qeyd edilən, eləcə də digər effektiv təşviq mexanizmi tətbiq olunur. Bütün bunların müqabilində sahibkarlardan ölkə qanunvericiliyinə ciddi əməl etməklə fəaliyyət göstərmələri tələb edilir. Rəqabət mühitini pozan tələblərin, özləri üçün əlahiddə imtiyaz və digər sahibkarlara ayrı-seçkilik yaradacaq şərtlərin irəlii sürülməsi qəbuledilməzdir. Təəssüf ki, yaradılan bütün əlverişli şəraitin müqabilində bəzi sahibkarlar tərəfindən bu cür əsassız tələblər irəli sürülür, tələblərə nail olunmadıqda isə şər və böhtan xarakterli məlumatların tirajlanmasına cəhdlər göstərilir.
Qarşı tərəfin rəyini öyrənmədən, birtərəfli qaydada, qanunvericiliyin və “Jurnalistlərin Etik Davranış Qaydaları”nın tələblərinə zidd olaraq “Reaksiya TV”nin efirində səsləndirilən fikirləri savadsız və qərəzli iddialar, bütünlükdə verilişi isə ictimaiyyətin çaşdırılması məqsədi güdən məzhəkə adlandırmamaq mümkün deyil”.
11-06-2025, 11:39
Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir


Xankəndidə iqlim şəraitinə uyğun güllər əkilir- FOTO

Xankəndi şəhərində ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının artırılması məqsədilə yaşıllaşdırma aksiyası davam edir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin küçə və prospektlərində, park və xiyabanlarda 17500 ədəd mövsümi dekorativ kol və gül-çiçək əkilir. Mərkəzi küçələrdə 80 ədəd çinar və müxtəlif növ ağaçların, şəhərin bəzi ərazilərində isə 4 min kv metr qazon əkilməsi nəzərdə tutulur. Güllərin daha uzunömürlü olması üçün əkindən öncə ərazilər torpaq və müxtəlif gübrələrlə zənginləşdirilib, aqrotexniki qulluq göstərilib, suvarılma təmin edilib. Həyata keçirilən aksiyanın məqsədi şəhər əhalisi və qonaqların xoş istirahətini təmin etməklə yanaşı, Xankəndinin ekoloji mühitinin sağlamlaşdırılmasını sürətləndirmək, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə töhfə verməkdir. Qeyd edək ki, mövsümü gül əkini aksiyası qarşıdakı günlərdə də davam etdiriləcək.




9-06-2025, 12:58
ZAKİRƏ XANIM – XEYİRXAHLIQ RƏMZİ


YUBİLEY
ZAKİRƏ XANIM – XEYİRXAHLIQ RƏMZİ

Zakirə xanım Allahverdiyeva... Bu imzanı eşidəndə “Tut ağacı” mahnısı düşür yadımıza. Zakirə xanımın sözlərinə 20-dən artıq mahnı bəstələnib. Amma müəllifə əbədiyaşarlıq gətirən “Tut ağacı”dır.
75 yaşını qeyd edən Zakirə xanımla 45 ilin dostu, rəfiqəsiyik. ADU-nun (BDU) Jurnalistika fakültəsinin qiyabi şöbəsində birgə təhsil almışıq. Yaş etibarilə qrupumuzda hamımızdan böyük idi. Yəqin ki, dekanlıq-da xanımın yaşını nəzərə alaraq, bizə qrup nümayəndəsi seçdilər. “Mamaşa” deyib müraciət etdiyimiz Zakirə xanım qrupla ünsiyyətdə bu gün də həmin missiyasın-dadır.

Televiziyada işləmək zövq verirdi insana...

Zakirə xanım I kursdan ana televiziyamız olan AzTV-də “Günün ekranı” xəbərlər proqramında işləyirdi. Sonra ədəbi-dram verilişləri baş redaksiyasına keçdi. Əvvəl incəsənət, sonra ədəbiyyat şöbəsində redaktor oldu. Çox səmimi, orijinal müəllif verilişləri də var idi. Yadımdadır, "Kitab köşkü"nü intizarla gözləyərdim.
O illərlə bağlı yaddaşında o qədər xatirələr var, hərəsi bir kitaba sığmaz. Hər zaman deyir ki, orda işləmək zövq verirdi insana. Mühit özü maraqlı idi. Əlçatmaz saydığın insanlarla görüşmək xoşbəxtlik idi. Dünya şöhrətli bəstəkarlar Niyazi, Fikrət Əmirov, Qara Qarayev... qonağı olub. Xalq yazıçıları İlyas Əfəndiyevin, Mirzə İbrahimovun evində çəkilişlər aparıb. Xalq şairləri Osman Sarıvəlli, Süleyman Rüstəm, Qabil, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Qasım Qasımzadə... qonağı olan daha neçə ədəbiyyat, incəsənət adamıyla görüşlərini indi də unutmur. Təəssüflənir ki, həmin verilişlərlə bağlı arxivində heç bir lent yazısı qalmayıb. “Qızıl Fond”da nə qalıbsa, odur.
Ziyalı kollektivdə işləməyi xoşbəxtlik sayır. Gəray Fəzli, Nahid Hacızadə, Firudin Ağayev, Cəlal Bərgüşad, Həbibə Məmmədxanlı, Tariyel Vəliyev, Ramiz Həsənoğlu, qardaşı Rauf Süleyman, Qurbanəli Şərif, Elmira Şirməmmədova, Məhərrəm Bədirzadə... neçə-neçə ədəbiyyat adamı, rejissor, operator, diktor... Sonra orijinal dəsti-xəttə malik Sadıq Elcanlı qatılıb kollektivə.
Böyük redaktor Həbibə Məmmədxanlı ilə aralarındakı mehri-məhəbbəti, ehtiramı nostalji hisslərlə xatırlayır. Cavidin yadigarı Turan xanımla teleməkanda tanış olub. Bacı qədər yaxın olduğu Həbibə xanımın yanına gələrmiş. Həbibə xanımın vəfati Zakirə xanımı da doğmaları qədər sarsıdır. Bu ayrılığın nisgilini bölüşmək üçün Turan xanımın görüşünə gedib, dərd ortağı olurmuş. Sonra Turan xanım da dünyasını dəyişir. O günlərdən danışanda Turan xanımın xarakterini də açır: “Repressiya qorxusu o qədər iliyinə işləmişdi, danışığında xəsislik vardı, söhbətcil deyildi”. İfadələrini dediyi kimi işlədirəm. Elə kövrək danışır, sanki o zamanın içindədir. Turan xanım dünyasını dəyişəndən sonra isə könül dünyasında bir boşluq yaranır. Öz itkiləri də az deyil. Ana məclisinə gedə bilmir. Bir dəfə bir yerdə olduq. Nə hala düşdüyünü gözlərimlə gördüm.

Ailədə Azərbaycançılıq ruhu
çox yüksəkdir


Onu işə götürən, müsahibələrində “Televiziya əbədi məhəbbətimdir” deyən Elşad Quliyevi də xoş xatirələrlə anır. Sonra münasibətləri ailəvi dostluğa çevrilib.
Teleməkan təkcə Zakirə xanıma yox, övladları Arzuya, Xanəliyə də doğmalaşıb. Oqtay Zülfüqarovun yaratdığı ansamblda mahnı da oxuyublar. Arzunu filmlərdə uşaq rollarına çəkmək istəyiblər. Nədənsə ana razılaşmayıb. Arzu BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirib, akademik Gövhər xanım Baxşəliyevanın rəhbərliyi altinda ərəb filologiyasından müdafiə edib. Filologiya üzrə fəlsəfə doktorudur. Təhsil sahəsində fəaliyyət göstərir. Eyni fakültənin yuxarı kursunda təhsil alan Azad Cəbrayılovla ailə qurub. Bu il Arzu xanımla birgə ömürlərinin 35 ilini başa vuran Azad Cəbrayılov sonra Qərb Universitetini də bitirib, başqa ixtisasa yiyələnib. Oğlu Nəriman İsveçrədə təhsil alıb, orada fəaliyyət göstərir. Qızı Təhminə anasının arzularını reallaşdırır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınan “İçəri Şəhər” filmi qısa müddətdə dünyanı dolaşdı. İdeya rəhbəri və ssenari müəllifi (İlqar Safatla birgə) olduğu filmdə Təhminə Rafaella həm də baş rolun ifaçısıdır. Film gənc qızın Qarabağ müharibəsi veteranı Rafaelə olan sevgisindən bəhs edir. "İçəri Şəhər" "World Hyuston" Beynəlxalq Film Festivalında qadın roluna görə “Ən yaxşı nominant” elan olunub. 5-ci "Van gölü" festivalında da "Ən yaxşı aktrisa" mükafatina layiq görülüb. Film dünyanı gəzib, hər yerdə də mükafata layiq görülüb. Filmdə ən çox nəzərimi cəlb edən Təhminənin rolunu - Arzunu özü səsləndirməsidir. Bütün bağça, orta, ali təhsilini rus və ingilis dillərində alan Təhminə Rafaella rolunu ana dilində mükəmməl səsləndirir. Ümumiyyətlə, ailədə azərbaycançılıq ideyaları, ana dilinə hörmət mühüm məsələlərdəndir, çox güclüdür.
Baş rola çəkildiyi “Banu” və “Məryəm” filmləri də Təhminə xanıma dünya şöhrəti gətirib.
Gənc Təhminə bu yaxınlarda özünü rejissor kimi də sınayıb. "Qadın" adlanan qısametrajlı filmin ssenari müəllifi olmaqla yanaşı, həm də baş rolun ifaçısıdır. Film ekranlara çıxdığı qısa müddətdə məşhur festivallara düşüb və yüksək qiymətləndirilib.
Zakirə xanımın oğlu Xanəli əvvəl Xalq Təsərrüfati İnstitutunu (İqtisadiyyat Universiteti), sonra Qərb Universitetini bitirib. Həyat yoldaşı Rəminə xanım həkimdir. Böyük qızı Sona Amerikada universitet bitirib. Facebook şirkətinin aparıcı simalarındandır. Aişə Kolumbiya Universitetinin tibb fakültəsində oxuyur. Rafail Amerikada universitet təhsili alır.
Zakirə xanımın həyat yoldaşı Rafail Allahverdiyev 16 il əvvəl dünyasını dəyişsə də, ocağı yerindədir, yadigarları ocağa yalnız baş ucalığı gətirirlər.

Nə tələbəlik illərində, nə də televiziyada işlədiyi dövrdə Zakirə xanımın şeir yazdığını, rəssamlıqla məşğul olduğunu bilmirdim. Sonralar söhbətlərindən öyrəndim ki, uşaqlıq dövründən yazırmış. Abşeronun Fatmayi kənd orta məktəbində sizə ədəbiyyat fənnini tədris edən Mikayıl müəllim onun ilk qələm təcrübələrini oxuyanda şagirdini ruhlandırırmış. Divar qəzetində dərc olunan şeirinin se-vinci bu gün də yadındadır.

Əvvəldə dediyim kimi, Zakirə xanım qrupumuzda hamımıza əziz, ana və bacıdır. Amma Rəhilə Səfərəliyeva ilə daha yaxındır. Bəlkə də uzun illər ana televiziyada birgə işləmələri yaxınlaşdırıb onları. Bu gün minnətdarlıqla bildirir ki, kitablarının çapına onu Rəhilə xanım təhrik edib. Bu təhrikdən sonra şeirləri beş kitabda işıq üzü gördü - "Duman, al apar məni", "Bihuşam dən düşən telin ətrindən", "Açıl səhər", "Bir zəng gözləyirəm", "Duman, al götür beni". Hələ çapını gözləyən neçə kitablıq şeirlər var və yaranmaqdadır.
“Tut ağacı”.
Səni bu nəğmə ilə soraq verirlər


Elə ilk kitabının çapından sonra şeirlərinin taleyinə gün doğur. Yeni əsrin əvvəllərində bi nəğmə “Tut ağacı” səyyah kimi dünyanı dolandı. Abşeron bağlarının, Bakı kəndlərinin əzəli və əbədi rəmzi “Tut ağacı”.

Tut ağacı, tut ağacı,
Aman yerim, güman yerim,
Xatirələr qanadında
Yaşatdığım pənah yerim.

Qumlu sahil, şıltaq Xəzərin lacivərd suları, aydın üfüqlər, ulduzlu sərin axşamlar, meynəliklərin, tut bağlarının bənzərsiz ətri, tut ağacından asılmış yelləncəklərdən quma sallanan yalın ayaqlar...
Sözlə çəkilmiş nə gözəl mənzərə!
Üç abşeronlu xanımın ürəyinin hərarətiylə ərsəyə gəlib ürəkləri riqqətə gətirən "Tut ağacı"! Xanımlığı və incə qəlbiylə hamımıza örnək olan Zakirə xanımın könül rübabından qələminə süzülən misralar Aygün Səmədzadənin bəstəsiylə Aygün Bəylərin səsiylə süslənib ürəyimizə axır.
Təsadüfi deyil ki, yaradıcılığının zirvəsi olan "Tut ağacı" "Nəğmələrin nəğməsi-2002" müsabiqəsində mahnı nominasiyasında I dərəcəli diploma layiq görüldü. İndi Səni bu mahnıyla soraq verirlər. "Tut ağacı" bu gün də yaradıcılığının zirvəsidir.

Çadır şəhərciklərində uşaqların sevincini
bu gün də unutmur

Zakirə xanımın elə işləri, xeyirxah xidmətləri var ki, onları yazmasam, günah olar. Və bunları mənə söylədiyinə görə Rəhilə Səfərəliyevaya minnətdarlıq düşür. Çadır şəhərciklərində yaşayan qaçqınlara mütəmadi yardımı müxtəlif qadın cəmiyyətlərindən göndərib. Çox zaman Rəhilə də onlarla gedirmiş. Yardımdan bəhrələnən qaçqınlar hər dəfə Zakirə xanımı görmək arzusunda olduqlarını bildirirlər. Rəhilə bu arzunu ona çatdıranda təvazökarlıq edir. Nəhayət, bir gün yardım aparanlara qoşulub Saatlıya gedir. Qaçqınlarla səmimi görüşləri qəlbində bir rahatlıq yaradıb. Saatlı rayonunda çadır şəhərciyinin rəhbərliyi "Saatlının fəxri vətəndaşı" vəsiqəsini xeyriyyəçi xanıma təqdim etməklə məsuliyyət hissini daha da artırıb. Yaxın illərə kimi himayədarlığını qaçqınlardan əsirgəməyib.
Salyan şəhərində isə uşaqların sevincini bu gün də unutmur. Uşaq evindəki oğlan uşaqlarının sünnət mərasimini keçirir. Bakıdan apardığı həkimlərə rayonun əlaqədar təşkilatlarının kollekivi də qoşulub. Sonra qazanlar asılıb, samovarlar qaynadılıb. Zəngin süfrə arxasında uşaqlara unudulmaz bir gün yaşadıb. Bakıdan apardığı pal-paltarı elə paylayıb, uşaqlar hədiyyənin kim tərəfindən verildiyini bilməyiblər.
“Sağ əlin verdiyini sol əl bilməməlidir” kəlamı xarakterinin bu gün də dəyişməz cizgilərindəndir.



Zakirə xanımdan yazı yazmaq istəyəndə rəssamlığın-dan söz açmaq fikrindən uzaq idim. Düşünürdüm ki, qüdrətim çatmaz. Zakirə xanım Qarabağın qara günlərində fikirlərini hüznlü səslə bildirirdi: "Qarabağın şah tacı Şuşamızın ağrılı günündə mən də ağrı-acımı, kədərimi kağızlarla bölüşürdüm. Boş qalmış evlər, üzü Kəbəyə dayanmış başdaşları. İçimdəki kədəri rəngsiz tonlarla ifadə etdim. Şuşanın, Qarabağın qələbə xəbərindən sonra əlvan rənglərdən istifadə edəcəyəm”.
- İnşallah, əlvan rəngli tabloların Qarabağda, Şuşada sərgilənsin, - demişdik.
Şükür ki, Ali Baş Komandanın rəhbərliyi, cəngavər igidlərimizin şücaəti sayəsində Qarabağ torpaqları işğaldan azad edildi. Zakirə xanımın da fırçası al-əlvan rəngə boyandı, indi al-qırmızı lalələr, çəhrayı güllər çəkir...

* * *
Zakirə xanım növbəti yubiley yaşını da təmtəraqdan uzaq qeyd edir - oğul, uşaqlarıyla, sevdikləriylə...
Nə xoş ki, qələmi hələ əlindədir. Sevgiylə, həsrətlə, ağrı-acılarla, intizarla dolu hisslərini duyğulara çevirib yazıb-yaradır.
Fırçası əlvan rəngə boyanıb, gözəllikləri ürəyincə əks elətdirə bilir, ruhumuzu oxşayır.
Yubiley yaşında özündən özünə ən gözəl hədiyyə — son illərin şeirləri və boyakarlıq işləri toplanmış “Tut ağacım” kitabı.
Təbrik edirik, Zakirə xanım, axarlı olsun.

Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru





6-06-2025, 18:54
QHT könüllüləri ailələrə yardım edib


QHT könüllüləri ailələrə yardım edib

Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biridir. Uşaqların dəyərlər sisteminin yaranmasında, dünyagörüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə və mədəni irslərə münasibətinin formalaşmasında ailə mühitinin ciddi rolu var. Məhz bu səbəbdən uşaqların düzgün inkişafında valideynlər öz məsuliyyətlərini dərk etməli, onların cəmiyyət üçün sağlam, yararlı, təhsilli böyüməsində hər zaman örnək olmalıdırlar. Gələcəyimiz olan uşaqların nümunəvi vətəndaş kimi yetişməsi hər birimizin qarşısında duracaq mühüm şərtlərdən biridir. Təəssüf hissi ilə qeyd edək ki, bu gün ətrafımızda müxtəlif xəstəliklərdən əziyyət çəkən, övladlarına arzuladığı münasibəti göstərə bilməyən ailələr də az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi hər birimizin borcudur.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi bu sahədə öz ənənələrinə sadiq qalaraq, təşkilatın sədr müavini, “Sosial İnteqrasiya Departamentinin” rəhbəri Zeynəb Dilbazinin təşkilatçılığı ilə İslam dünyasının ən müqəddəs bayramlarından biri olan “Qurban Bayramı”münasibətilə Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailəyə qurban əti paylanılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva AVRASİYA.NET saytına açıqlamasında bildirib ki, qurban əti QHT könüllüləri tərəfindən aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə çatdırılıb.
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin bütün kollektivi hər il bu kimi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahibi Zeynəb Dilbaziyə minnətdarlıq edir və onunla əməkdaşlıqdan zövq aldığını bildirir.
3-06-2025, 17:36
I Türk Dünyası Uşaq Festivalı


I Türk Dünyası Uşaq Festivalı

Bildiyiniz kimi, Bakıda Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi. Festival 24-31 may tarixində Elmlər Akademiyası parkında təşkil edilmişdi.
Bu il ilk dəfə ölkəmizdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun tarixində I Türk Dünyası Uşaq Festivalı da keçirildi.
Səhər saatlarından başlayan festivalda Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdlərinin ifasında tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının əsəri əsasında səhnələşdirilən "Melisa" tamaşası nümayiş etdirildi. Qeyd edək ki, yazıçının “Melisa” əsəri Azərbaycan, türk, ingilis, rus, fars və alman dillərində nəşr olunub.

Sonra festival uşaq ədəbiyyatı ilə bağlı müxtəlif panel müzakirələrlə davam etdi. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova, yazıçı Narıngül Nadir, Sevinc Nuruqızı, Mina Rəşid uşaqların bayramını təbrik edərək, bütün dünyaya sülh arzuladılar. Sevinc Nuruqızının söylədiyi “Vətəndən uca”, “Ağ xoruzun hekayəsi” adlı şeirləri istər uşaq, istərsə də, yaşlı tamaşaçıların böyük marağına səbəb oldu.
Mina Rəşid ədəbiyyatımızda Qarabağ mövzusundan danışdı, o qeyd etdi ki, yazdığı şeirlər onun həm də həyatı ilə bağlıdır. O, Ağdamda doğulub, Birinci Qarabağ müharibəsində atası gözləri önündə şəhid olub, iki qardaşı qazidir. O, bu gün Şanlı Zəfərimizi, dogma torpaqlarımıza möhtəşəm qayıdışımızı böyük həvəslə vəsv etməkdən qürur duyur. “Vətən səsi” nin əməkdaşı olan Mina Rəşidin “Füzuli”, “Laçın”, “Ağdərə”, “Xarıbülbül” və digər mənəvi dəyərlərimizə həsr edilmiş şeirləri maraqla qarşılandı.

Bundan sonra uşaq ədəbiyyatının tanınmış nümayəndələri Rafiq Yusifoğlu və Qəşəm İsabəyli "Klassik uşaq ədəbiyyatına müasir baxış" mövzusunda çıxış etdilər. Rafiq Yusifoğlu ədəbiyyatın gücündən danışdı. O, buna şahid olduğunu söylədi.
Festival çərçivəsində məktəblilər şeir nümunələri səsləndirdi və musiqili və bədii kompozisiyalarla çıxış etdilər.

Qeyd edək ki, I Türk Dünyası Uşaq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə həyata keçirilib.

Günel Quliyeva
3-06-2025, 14:11
ZEYNALLI ŞƏFAQƏT DÜNYA ÇEMPİONU OLUB[

ZEYNALLI ŞƏFAQƏT DÜNYA ÇEMPİONU OLUB

Əslən Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Zeynallı Şəfaqət Polşanın Pulavi Şəhərində keçirilən 10-cu Dünya çempionatında böyük uğura imza atıb. O, bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülüb və kürsünün ən yüksək pilləsində yer alaraq bayrağımızı qaldırıb, himnimizi səsləndirib, qızıl medalla təltif olunub.
Bu münasibətlə Sumqayıt şəhərində dünya çempionunun ailəsi tərəfindən keçirilən tədbirdə Qarakilsə rayonunun Şəki kənd İcmasının nümayəndələri – Şəki kənd İcmasının sədri Azadə Novruzova, icma üzvləri Ələkbər Həziyev, Yamən Novruzov, Gülçöhrə Kərimova, Finarə Nurullayeva da iştirak edib. Şəki kənd İcmasının sədri Azadə Novruzova tədbirdə çıxış edərək Dünya çempionu Şəfaqət Zeynallıya və onun ailəsinə, müəllimlərinə, məşqçilərinə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, MM-in deputatı Əziz Ələkbərovun təbrikini çatdırıb. Azadə Novruzova çıxışında eyni zamanda, ölkəmizdə idmanın inkişafına Prezident İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın göstərdiyi xüsusi dövlət qayğısından, idmançılar üçün yaradılan geniş imkanlardan bəhs edib. Şəki kənd İcması tərəfindən qalibə gül dəstəsi, hədiyyə təqdim edilib.
Qeyd edək ki, Şəfaqət şəhid nəvəsidir. Zeynalov Mürsəl Əyyub oğlu 1993-cü ildə Vətənin düşməndən müdafiəsi zamanı şəhid olub. Atası Zeynalov Elbrus Füzuli şəhərindən, anası Hacıyeva Rəfiqə Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindəndir. Şəfaqət isə 22 mart, 2008-ci ildə Beyləqan şəhərində anadan olub.

Şəfaqət 2014-cü ildə ibtidai təhsilinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbdə başlayıb, 2019-cu ildə Füzuli rayon 40 nömrəli ümumi orta məktəbdə davam etdirib. 2022-ci ildə 14 yaşında karatedə ilk addımını ataraq, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev adına klubun tərkibində məşqə başlayıb. Şəhid Kərəm Mirzəyev adına karate klubunun rəhbəri Aqil Soltanov, şəxsi məşqçisi Səfərov Cahid Mübarək oğludur. Şəfaqət Zeynallı 2022 və 2024-cü illərdə Ənənəvi Karate üslübu Fudokan üzrə Respublika çempionu olub. O, nümayəndə heyətinin tərkibində 06 may, 2025-ci il tarixində Azərbaycanın ənənəvi karate üzrə milli komandası Fudokan üslubu üzrə 10-cu Dünya çempionatında iştirak etmək üçün Polşanın Pulavi şəhərinə yola düşüb. Milli komandaya Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndəsi Vüsal Abdullazadə rəhbərlik edib. Zeynallı Şəfaqət 09 may 2025-ci il tarixində bütün rəqiblərini məğlub edərək, Dünya Çempionu adına layiq görülüb. Qeyd edək ki, Milli Komandanın Baş Məşqçisi Bəşir Mahmudov olub.

Finala çıxışda - yarım final döyüşündə 3:5 hesabı ilə Serbiyalı rəqibindən geridə qalan idmançımız döyüşün bitməsinə 9 saniyə qalmış hücuma keçib və ippon yəni 3 xallıq zərbə endirib. Lakin Serbiyalı hakim öz idmançısının tərəfin saxlayıb, xalı döyüş bitəndən sonra keçirtdiyini qeyd edib. Bu qərarla razılaşmayan Baş məşqçi Bəşir Mahmudov hakimlərə video qeydlərini göstərib və öz etirazını bildirib. Bir müddət müzakirədən sonra hakimlər idmançımıza xalı və qələbəni veriblər. İdmançımız finala yüksəlib və Qələbə qazanıb.
Dünya çempionu Şəfaqət Zeynallını bu yüksək nailiyyəti münasibətilə təbrik edir, ona yeni uğurlar arzulayırıq.



3-06-2025, 06:11
Azərbaycan aşiqi - sevgili Nasirimiz!


Azərbaycan aşiqi - sevgili Nasirimiz!

(Kimlər gəldi, kimlər getdi...)

“Azərbaycan Kültür Ocağı İdarə Heyətinin dəyərli üzvü, Almaniyada Azərbaycanın Musiqi sənətinə böyük töhfələr vermiş tanınmış musiqiçi və sənət fədaisi Nasir Təfazzoli 25 may 2025-ci il tarixində, Berlində 68 yaşında vəfat etmişdir.
Nasir Təfazzoli Təbrizdə musiqisevər bir ailədə dünyaya göz açmış, erkən yaşlarından musiqiyə olan həvəsi və istedadı ilə seçilmişdir. Gənc yaşlarında Almaniyaya köçmüş, burada milli musiqimizin qorunması, inkişafı və təbliği uğrunda yorulmadan çalışmışdır. Onun musiqi fəaliyyəti həm Almaniyada, həm də Avropanın bir neçə ölkəsində böyük hörmət və sevgi ilə qarşılanmış, dəfələrlə Azərbaycan musiqisi konsertlərində çıxış edərək, xalqımızın zəngin musiqi irsini geniş auditoriyalara çatdırmışdır.
1988-ci ildə Berlində Azərbaycan Kültür Ocağının qurucularından biri olaraq, ocağın fəaliyyətində fəal iştirak etmiş, diasporada milli-mənəvi dəyərlərin yaşadılması və inkişafı istiqamətində mühüm işlər görmüşdür. Nasir Təfazzoli həmçinin öz təşəbbüsü ilə yaratdığı musiqi qrupu ilə Azərbaycan muğamını, xalq və klassik musiqmizi Almaniyada və digər ölkələrdə böyük sevgi və ustalıqla təmsil etmişdir. Xanəndə kimi səsi ilə insanlara toxunan, dinləyicilərin qəlbinə yol tapan mərhum, milli mədəniyyətimizin əvəzsiz daşıyıcısı olmuşdur. N.Təfazzoli həm də diasporanın nümunəvi nümayəndəsi kimi, Azərbaycan tərəfdən rəsmi şəkildə Bakıya dəvət olunmuş, orada mədəniyyətimizi və musiqimizi təbliğ etməkdə önəmli rol oynamışdır.
Onun musiqi irsi və mədəniyyətimizin təbliğində gördüyü fədakar işlər Azərbaycanın diaspor fəalları və musiqi ictimaiyyəti tərəfindən daim böyük ehtiramla xatırlanacaqdır.
Onun qəfil itkisi həm doğma Vətənimizdə, həm də xarici ölkələrdə Azərbaycan musiqisini sevənlər arasında dərin kədər yaratmışdır. Biz bu ağır itki qarşısında mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik.
Mərhumun xatirəsi Azərbaycan musiqi tarixində və milli mədəniyyətimizin qorunmasında əbədi yaşayacaq, onun sənətinə və insanlığına olan böyük hörmət və minnətdarlığımız daim ürəklərdə yaşanacaqdır.
Azərbaycan Kültür Ocağı.
- Berlin

26.05.2025”

... May ayının 5-də Rəşid Behbudov adına Mahnı Teatrındakı o kövrək, təlatümlü ifasını xatırlayıram. Ondan əvvəl evimizdə Almaniyadan gəlmiş şair-ozan dostlarımız Şahturna xanım-Ozan Şair cütlüyü ilə birlikdə qonaq olduğu anları da gözlərim önünə təkrar-təkrar gətirir, fələyin bu üzüdönüklüyünə daxilimdən gələn etiraz səsimi səssiz hıçqırıqlarımla bildirməkdən başqa çarə tapmıram.
“Günəş” Dostluq Ansamblı ABŞ-da yaradılıb. Bununla belə, yaradıldığı gündən bütün dünyaya səpələnən istedadlı insanların bir qismini öz ətrafında toplaya bilib. Demək olar əksəri Təbriz əsilli, Güney doğumlu istedadlı soydaşlarımızın doğma, isti ocağına çevrilib bu ansambl. Adları bəlli olduğu kimi, ünvanları da “bəllidir” bu könül sahiblərinin. Günəşin məskəni ellər-oymaqlar, dərələr-dağlar, okeanlar-dənizlər, insanların nəğməkar könülləri olduğu kimi, bizim bu “Günəş”in də ünvanı səyyaridir: “Vətən” deyəndə Azərbaycan, “Azərbaycan” deyəndə Vətən adlı bir qibləgaha üz tutub, o işığa doğru uçar, uçarlar. Odur ki, faktiki ünvanları olmasa da, mənəvi və ruhani ünvanları könüllər evidir bizim “Günəş”çilərin.
Hər bazar günü “Günəş” ansamblı üzvlərinin Zoom proqramı ilə üç saatlıq musiqili-elmi-ədəbi toplantıları baş tutur. Hərə bir diyardan olduğu üçün bizdə, Bakıda axşam vaxtına - saat 20-yə düşür görüş vaxtı. Təbrizdə saat 19:30-a, Torontoda (Kanada) gündüz saat 12-yə, San-Fransiskoda (ABŞ) səhər saat 9-a, Hyustonda (ABŞ) saat 11-ə, İstanbulda (Türkiyə) axşam saat 19-a, Berlində (Almaniya) saat 17-yə və s. düşür. Hamı təyin olunan vaxtda ekran başında olur.

Bu dəfə də belə olmalıydı təbii ki... Lakin gözlənildiyinin əksinə olaraq, may ayının 25-i axşam görüşümüzə elə də çox iştirakçı qoşula bilməmişdi. Səbəbi də məlum idi; mərhum sənətkarımız, istedadlı qarmon ifaçımız, “Günəş” ansamblının yaradıcılarından və ən istəkli üzvlərindən olan mərhum Əli bəy Haqşünasın Bakıda keçirilən anım gecəsinə ansamblın demək olar bütün üzvləri gəlmiş, lakin geri qayıdarkən yollarını doğma Təbrizdən salanlar hələ yaşadıqları ölkələrə gedib çata bilməmişdilər.
O gecəki Zoom proqramı zamanı dostlarla onların Bakı-Azərbaycan səfərindən, H.Əliyev Sarayında Aşıq Çingiz Mehdipurun rəhbəri olduğu “Dalğa” qrupunun konsertindən, Əli Haqşünasın xatirəsinə Rəşid Behbudov Sarayında düzənlənən anım mərasimindən danışdıq, digər gəzintilər barədə təəssüratlar dilə gəldi. Bir xeyli söhbət etdik, gah kövrəldik, gah şuxluq elədik, gah nəğməli könüllər, gah da sehrli barmaqların dilləndirdiyi alətlər dilə gəldi. Şeirdən, sözdən də ərməğanımız olmamış deyildi, əlbəttə. Sonunda hər birimizə sağlıq-salamatlıq diləyib, gələn bazar gününə qədər xudahafizləşdik.
Sən demə, bizim Zoom proqramımızın baş tutduğu saatlarda qrupumuzun ən sevimli, ən mötəbər üzvlərindən biri, istedadlı ifaçı, klassik musiqi və xalq mahnılarımızın, muğamlarımızın mahir ifaçısı Nasir bəy Təvəzoli (Nasir Səhənd) haqq dünyasına uçmaqdaymış.
Bu xəbər biz dostlar üçün o qədər gözlənilməz, o qədər ağrılı, o dərəcədə sarsıdıcı oldu ki, heç bilmədik bir-birimizə necə təsəlli verək, necə ovunduraq. Bəd xəbər tez yayılır, deyirlər. Həqiqətən də, az müddət içində Kanadadan, ABŞ-dan, Təbrizdən, Türkiyədən, Almaniyadan tutmuş, neçə-neçə qürbət diyarlardan zəng açıb, başsağlığı verməkdədir dostlarımız. Axı biz çox yaxın, çox istəkliydik Nasir bəylə. Onun “Qaragilə”si, “Qaçaq Nəbi”si, “Kimlər gəldi, kimlər getdi”si, “Mən olmuşam”ı, “Ürək deyir yaşa hələ”si, “Azərbaycan maralı”, “Qarabağ”ı, “Sənə qurban”ı... hər birimizin dilində əzbərə çevrilmişdi. Hələ istəkli dostu Əli Haqşünasın xatirə gecəsində məclisin sonunda tamaşaçıların xahişiylə mərhumun ən çox sevdiyi “Sevgilim, tut əlimdən, gedək üzü küləyə” bəstəsini necə ürəklə, necə kövrək, həzin duyğularla ifa etdi?!...
Bu gün o - dostlarının dili ilə desək, “bizim sevgili Nasirimiz” aramızda yoxdur. Berlinə yola düşərkən, zəng edib mənə dediyi sözlər hələ də qulağımda səslənir: “Qiymət xanım, üzrlü sayın ki, mən gedərkən sizlərə baş çəkə bilmədim. Gülməmməd müəllimə, Vüqara, o biri balalara salam deyin. Gedirəm, amma tezliklə qayıdacağam. Özü də qızımla bərabər!”
Elə qəhərli, elə titrək səslə deyirdi bu kəlmələri ki... Onsuz da Əli Haqşünasın vəfatından sonra göz yaşları eləcə ovcundaydı. Bir himə bənddi ki, gözündən leysan töksün. Getdi. Nə yazıq ki, bir daha dönməyəcəyi bir dünyaya üz tutdu Nasirimiz.
Səni bir daha görə bilməyəcəyimizə, o sevimli nəğmələrini ecazkar səsində bir daha eşitməyəcəyimizə, o nurlu, mehriban, səmimi simana baxıb işıqlı günlərin hələ öndə olduğuna inanmayacağımıza inanmağımız gəlmir, əziz, istəkli Nasirimiz.
Ruhun şad, Məkanın cənnət olsun, Azərbaycan aşiqi sevgili Nasirimiz!

İSTƏKLİ NASİRİMİZƏ VİDA

Əlimdə olsa, ağrı, acılardan yazmaram,
Qubarlı qardaşlardan, bacılardan yazmaram.
Bülbüllər kimi ötən dillərdən yazmalıykən,
Şaqraq şəlalələrdən, sellərdən yazmalıykən,
Necə yazım ki, bülbül qəfəsində boğuldu,
Bu gedişdən dünyaya sonsuz kədər doğuldu.
Qəlblərdəki ümidi didim-didim diddi o,
Yerlərdən asimana yol çəkən qasiddi o.
Şəfəqlər yayılardı baxışından hər yana,
Gülüşünün bir ayrı şövqü düşərdi cana.
“Sevgili canan”ıydı yerin, ərşin, gürşün o,
Sanki qəm uyudurdu içində gülüşün o.
Həyat dolu bir aləm yaradırdı “Sənsiz”i,
Əridib itirirdi nəfəsiylə çən-sisi.
“Ayrılığ”ın nəfəsi kəsilirdi səsində,
“Mehriban olaq” deyə ötürdü bəstəsində.
“Qaragilə”dən ötrü “Qurban adına” dedi,
Hardan hara gəlmişik, “Bir sal yadına” dedi.
Həsrətiydi haçandan Təbrizin havasına,
El gölündən sonalar qoşulub nəvasına,
Gələn günümü “Qurban verərdim” ötənlərə,
Deyib, “Gedək üzü küləyə”, qoşuldu gedənlərə.
Əli aşiqiydi o, Əli yolunu seçdi,
Bir də baxdıq ki, yoxdu, bir də gördük ki, gecdi...


Qiymət Məhərrəmli,
AMEA Nizami adına Ədəbiyyat İnstitutu “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, “Günəş” Dostluq Ansamblının üzvü.
2-06-2025, 18:10
İlyas Vəkilov-120

İlyas Vəkilov-120
XX yüzilliyin əvvələri Azərbaycan tarixinin ən təlatümlü vaxtlarıdır. Çar Rusiyasında gedən inqilabi proseslər, Azərbaycanda milli düşüncənin təşəkül tapması fonunda soyqırımlar və deportasiyalar müşayət olunan hadisələr bu ziddiyətli tarixi şəaritin öyrənilməsini şərtləndirir. Belə təbəddülatlar dolu bir mühitdə formalaşan şəxslərdə milli düşüncə, müstəqllik duyğuları özünü qabarıq göstərir.Bu cür tarixi dövrləri araşdırmaq onları gənc nəsilə çatdırmaq milli prioritetlərimizdən olmalıdır. Eyni zamanda tarixi keçmişimizi dərindən öyrənmək onun ibratəmiz dərslərini gənc nəsilə çatdırmaq onlara milli düşüncəni aşılamaq ən vacib məsələlərdən biridir.
Belə tarixi ziddiyətlər dolu dövrdə dünyaya göz açmış görkəmli dövlət xadimi İlyas Vəkilovun həyat və fəaliyyəti bizim üçün ən gözəl örnəklərdən biridir. Onun fəaliyyəti üç fərqli formasiyada Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR kimi bir-biri ilə ziddiyət təşkil edən dövrləri əhatə edir.
Onun həyatının ən ziddiyətli və gərgin dönəmləri məhz Sovetlər Birliyi dönəminə təsadüf edir. Sovetlər Birliyi dövründə bütün əsilzadə nəsillər kimi vəkilovlar nəslidə ağır repressiyalara məruz qalıb. İ.Vəkilovun doğma qardaşı Əli bəy Vəkilov repressiya qurbanı olmuşdur. Digər qardaşı Azərbaycanın ilk hüquqşünaslarından olan Həsənalısultan bəy Vəkilov isə Sovetlər Birliyi qurulduqdan sonra mühaciərətə getməyə məcbur olmuşdur.
Həmin dövrün həqiqətlərini gözlərimiz önündə canlandırmağımız üçün İlyas Vəkilovun qardaşı qızı dünya şöhrətli Leyla Vəkillinin bir xatirəsini yada salmaq yerinə düşərdi. Leyla Vəkilli öz xatirələrində bildirir: “Mən atamın öz doğmalarını qardaşları İlyas və Qəzənfərin necə həsrətini çəkdiyini, onun iztirablarını hiss edirdim. Odur ki bu iztirablara və həsrətə son qoymaq üçün universitetdə qəbul olarkən Fransadakı Sovet səfirliyinə gedərək bildirdim ki, mənim Sovetlər Birliyində İlyas və Qəzənfər adlı əmilərim var və mən onlarla əlaqə yaratmaq istəyirəm. Sevinə-sevinə evə gəlib atama bildirdim ki, mən artıq böyük qızam bu gün çox böyük bir iş gördüm. Sovet səfirliyinə gedib əmilərimi axtarmaq üçün müraciət etdim. Atam mən çox hisrləndi və dedi: Sən nə etmisən? Onları orada incidəcəklər. Mən əvəlcə atamın hisrslənməyini anlaya bilmədim. Sonralar başa düşdüm.”
Özünəməxsus xarakterik cizgiləri olan İlyas Vəkilov heç vaxt öz milli və soy kimliyindən imtina etməmişdir. Mənsub olduğu nəsilin Qazax Sultanlığı, İrəvan Xanlığı və Şərur-Dərələyəz qəzasında böyük mülklərə və idarəetmə hüququna malik olmaları səbəbi ilə sovetləşmə dönəmində bu soydan olanlar ağır repressiyalara məruz qalmış və bir çoxları öz soyadını dəyişməklə repressiyadan qurtulmağa çalışmışlar. Lakin öz soy-kökünə bağlı olan İlyas Vəkilov böyük bir sevgi ilə bu soyadı daşımağa davam etmişdir.
Beləliklə: İlyas Sultan bəy oğlu oğlu Vəkilov 20 mart 1905-ci il tarixdə Şərur-Dərələyəz qəzasının Çivə kəndində anadan olmuşdur. İlk təhsilini Çivə kəndindəki mədrəsədə almışdır. Bundan sonra 1923-cü il tarixdə Bakıda hərbi məktəbdə ali təhsilə yiyələnərək bölük kоmаndiri rütbəsi аlmışdır (1927). Sonra Аzərbaycan SSR Хаlq Ədliyyə Kоmissаrlığındа хüsusi şöbə rəisinin müаvini və rəisi işləmişdir (1927–1929).
Mоskvа Kоmmunist Tərbiyəsi Аkаdеmiyаsındа təhsilini (1929–1931) bаşа vurduqdаn sоnrа Аzərbaycan SSR Dövlət Plаn Kоmitəsi sistеmində işləmiş (1931–1935), iхtisısını аrtırmаq üçün Mоskvаdа Ümumittifаq Plаn Аkаdеmiyаsındа təhsilini dаvаm еtdirmişdir (1935–1938). Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlmuş (1938–1949), otuz ilə yaxın müddətdə (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri işləmişdir.
İlyas Vəkilov “Оktyаbr inqilаbı”, "Şərəf nişаnı" оrdеnləri, "Qаfqаzın müdаfiəsi uğrundа" mеdаlı, Аzərbаycаn SSR Аli Sоvеti Rəyаsət Hеyətinin fəхri fərmаnlаrı ilə təltif еdilmişdir. Dəfələrlə Bаkı Şəhər Sоvеtinin dеputаtı və İcrаiyyə Kоmitəsinin üzvü, Аzərbаycаn KP Bаkı Kоmitəsinin üzvü sеçilmişdir.
İlyas Vəkilov 2 iyun 1987 il tarixində Bakı şəhərində vəfat etmişdir. Dəfn komissiyasına professor Abbas Zamanov rəhbərlik etmişdir.
İlyas Vəkilovun ən yaxın dostlarından olan professor Abbas Zamanov haqqında da bir neçə kəlmə demək istəyirəm. Cəfər babamın ziyalı nümaunəsi hesab etdiyi bizə həmişə örnək göstərdiyi parlaq şəxsiyyətlə şəxsi münsibətləri bizim bu insana qarşı marağımızı artırırdı. Milli dəyərlərə bağlı bu insanların bir-biri ilə əlaqəsi təsadüfi deyil.

İlyas Vəkilov hər iki tərəfdən əsilzadə nəslinə mənsubdur. İlyas Vəkilovun atası Sultan bəy Şərur-Dərələyəz qəzasının ən böyük mülkədarı Həsənalı Sultan Vəkilovun nəvəsidir. Anası Şirin xanım Səfiyeva Şərurun ən köklü ailələrindən olan Səfiyevlər ailəsindədir. Şirin xanımın mənsub olduğu Səfiyevlər nəsli Azərbaycan xalqına Abo Fətəli bəy Düdənginski, görkəmli maarifçi Tağı bəy Səfiyev, dünya şöhrətli rəssam İbrahim Səfi və başqa şəxsləri bəxş etmişdir.
İlyas Vəkilovun Ümummili lider Heydər Əliyevlə yaxın münasibətləri olmuşdur. Onun Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin sədri оlduğu (1938–1949) dövrdə bir müddət Nахçıvаn MSSR Хаlq Kоmissаrlаrı Sоvеtinin birlikdə çalışmışlar.
Onu da qeyd etmək lazımıdr ki, İlyas Vəkilovun Naxçıvanda Xalq Daxili İşlər Komissarlığına rəhbərlik etdiyi dövrdə həmin qurum xüsusi xidmət orqanı funksiyasını həyata keçirirdi. İlyas Vəkilovun xüsusi xidmət orqanına rəhbərlik etməsi ona öz nəslindən olan insanların Sovet rejiminin repressiya aparatından qorumağına imkan yaratmışdır. Eyni zamanda o bəy nəslindən olan çox sayda şəxsləri represiyyalardan həbslərdən qorunmasına yardımçı olmuşdur.
Sonralar Heydər Əliyev respublika rəhbəri olduğu dönəmdə İlyas Vəkilov (1949/1978-cı il) Bаkı Şəhər Sоvеti plаn kоmissiyаsının sədri vəzifəsində işləyərkən yenidən birlikdə çalışmışlar. Onlar işgüzar münasibətlərində hüququn aliliyini rəhbər tutmaqla bərabər eyni zamnda böyük-kiçik, dostluq kimi milli xüsusiyyətlərimizi də unutmamış, dahi siyasətçi Heydər Əliyev daima İlyas Vəkilovun şəxsiyyətinə hörmətlə yanaşmışıdr.
İlyas Vəkilovun tərcümeyi-halını araşdırarkən onun müxtəlif istiqamətdə olan maraqlı fəaliyyətləri ilə rastlaşdıq. İlyas Vəkilov daim dövlət vəzifələrində çalışmasına baxmayaraq, həyatda həmişə elm adamları ilə yaxın dostluq münasibəti olmuşdur. Onun ən yaxın dostları akademik Yusif Məmmədəliyev, professor Abbas Zamanov, xalq şairi Səməd Vurğun, professor Mehdixan Vəkilov və b. olmuşdur.
Azərbaycan elm tarixinə öz töhfəsini verən İlyas Vəkilovun yazdığı dərsliklər barədə danışarkən təbii ki, tariximizin bir parçası olan SSRİ dönəmindən bəhs etməyə bilmərik. Etiraf etmək lazımdır ki, Azərbaycan elm tarixinin vacib bir komponenti də SSRİ dönəmidir. SSRİ-nin qurulduğu ilk dönəmdə “SSRİ-də kütləvi savadsızlığın aradan qaldırılması” Dövlət Proqramı çərçivəsində sovet adamlarının minimum icbari orta təhsillin verilməsi proqramı 100 faiz icra edilmişdir. Şübhəsiz ki, savadsığılığın aradan qaldırılmasında dərsliklər mühüm rol oynayır. İlyas Vəkilov da Azərbaycan elm tarixinə iki dərslik bəxş edib.

İlyas Vəkilov 1926-cı il tarixində 21 yaşında iki dərslik yazmışdır. Dərsliklər riyaziyyat və ana dili fənlərini əhatə etməklə bu cür adlanır:
1. Savad və az-savadlılar məktəbində riyaziyyat dərsləri rəhbəri
2. Savad məktəblərində ana dili dərsləri rəhbəri
Dərsliklər Siyasi Maarif İdarəsi tərəfindən 1926-cı ildə nəşr edilmişdir.
Dərsliklər latın qrafikasında yazılmışdır. Təbii ki, dərsliklər o dövrün reallıqlarına və əhalinin savad səviyyəsinə uyğun olaraq sadə və anlaşılar bir dildə qələmə alınmışdır. Kitabların adından da görünür ki, həmin dövr üçün əhali savad səviyyəsinə görə iki kateqoriyaya ayrılmışdır: savad və az-savad səviyyəsi.
İlyas Vəkilovun müəllifi olduğu riyaziyyat dərsliyi savad və az-savad səviyyəsində, ana dili dərsliyi isə savad səviyyəsində olan əhali qrupu üçün nəzərdə tutulmuşdur.
İlyas Vəkilovdan söz açarkən bu görkəmli şəxsiyyətin araşdırıcısı polkovnik Kamil Dərələyəzlinin (Məmmədov) adını çəkməyə bilmərik.
Görkəmli dövlət xadimi İlyas Vəkilov şair təbiətli şəxs olmaqla bədii yaradıcılıqla da məşğul olmuş, “Didəvan” adlı irihəcmli poema yazmışdır. Poemanı özündən şəxsən dinləyən yaxın qohumu İsa Əhməd bəy oğlu Vəkilov və akademik İsa Həbibbəyli onun poetik düşüncəsini çox bəyənmişlər. Qeyd etməliyəm ki, İlyas Vəkilov poyeziyaya ədəbiyyata bağlı bir adam olsa da, heç vaxt şeirlərini çap etmək barəsində düşünməmişdir.
120 illik yubileyini qeyd etdiyimiz İlyas Vəkilov həsr edilmiş bu yazını onun parlaq şəxsiyyətinə kiçik bir töhvədir. Ruhu şad olsun!

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
31-05-2025, 07:07
VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ


VAQİF QOCALSA DA, YENƏ VAQİFDİ

Şeirlərilə ürəklərə sevgisini və səmimiyyətini paylayan Vaqif İsaqoğlunun yenicə çapdan çıxmış «Təki ürək qocalmasın» (Bakı, 2025) şeirlər toplusunu bir nəfəsə oxudum və şairin hər şeirinin maqnit gücünü hiss elədim. Onu da hiss elədim ki, bir çox şeirlərində qocalıqdan şikayət edən Vaqif, qocalsa da, yenə həminki Vaqifdi.
«Təki ürək qocalmasın», - deyən şair haqlı olaraq belə yazır:

Can sökülür-dərd ha deyil,
Saç tökülür dərd ha deyil,
Bel bükülür- dərd ha deyil,
Təki ürək qocalmasın.

Və yaxud bu misralara diqqət yetirək:

Qəm-kədərlə çox görüşüb,
Üstünə dağlar sürüşüb.
Təki ürək xəstə düşüb,
Təki ürək qocalmasın.

Əvvəlki kitabları kimi «Təki ürək qocalmasın» kitabı da ürəkdə xoş duyğular oyadır. Həm də bu kitab bizi yaşadığımız illərə çəkib aparır, atalı-analı günlərimizi gözlərimiz önündə canlandırır, çox-çox uzaqlarda qalan kənd həyatını, uşaqlıq illərini, o qayğısız günləri, mürgülü xatirələri…yaddaşımızda silkələyib oyadır və istər-istəməz yaşanmış illəri təzədən yaşamalı olursan. O illəri təzədən yaşaya-yaşaya kövrəlirik. Kövrəldikcə ölümə getdikcə daha çox yaxınlaşdığımızı hiss edirik:

De, Vaqifdən nə qalacaq?
Çürüyüb torpaq olacaq.
Məni yada kim salacaq?
Qəbrim üstə kim gələcək?

Vətənpərvərlik duyğuları, ana məhəbbəti, yurd sevgisi, yada düşən xatirələr… kitabın əsas leytmotivini təşkil edir. Şairin ana məhəbbəti, anaya olan sonsuz oğul sevgisi ürəyimizi qubarlandırır, ana həsrətilə için-için odlanmaya bilmirik:

Dərd canımı sıxanda,
Gözümdən yaş axanda,
Hər gün evdən çıxanda,
Anamı axtarıram.

Və yaxud bu misralara diqqət yetirək:

Ölüm mələyinin əlindən tutub
Anamı görməyə getməliyəm mən.
Kitabda sevgi şeirləri ürəkləri daha çox ovsunlayır. Bu da səbəbsiz deyil. Axı qəlbimizi sızıldadan eşqin özü də bir yaradıcılıqdır. Və söz yox ki, Vaqif yaradıcılığında sevgi, məhəbbət önəmli yerlərdən birini tutur. Düşünürəm ki, eşq olmadan əsl sənət əsərləri yaratmaq mümkün deyil. Bu mənada Vaqif İsaqoğlu əsl sənət nümunələri yarada bilib. Şübhəsiz ki, Vaqifin sevgi şeirləri öz ruhuyla adamı başqa bir aləmə çəkib aparır və biz bu sirli-sehirli aləmdə eşq bizə həyatı yenidən kəşf etmək gücü verir. Bu gücü ürəyimizdə hiss edirik. Hiss edirik ki, eşq böyük qüvvədir. Bu gücü, qüvvəni Vaqifin sevgi şeirlərində bir daha görürük:
Çıx sinəm üstünə sən doyunca gəz,
Ağrıyan ürəyim şikayət etməz.
Bu qəmli gözlərim yalan söyləməz,
Mənim ürəyimin dərmanı sənsən.

Eşq nəcib bir hissdir. Bu hissi şeirlərinə hopduran Vaqif isaqoğlunun hər şeirində əsl şair obrazı boy göstərir. «Mənim ürəyimin dərmanı sənsən», «İydə ağacları çiçəkləmişdi», «Ən gözəl qadını sənsən dünyanın», «A kənqd gözəli» və s. şeirlərdə lirik qəhrəmanın yaşam fəlsəfəsi açılıb-göstərilir.

Günəş şəfəq saçır, sən varsan deyə,
Daş da çiçək açır, sən varsan deyə.
Mənim can dərmanım olarsan deyə-
Sənin tək qadını necə sevməyim?


Şeirlərilə oxucu qəlbinin ən incə tellərini titrədən, insanları mənəvi təmizləyə çağıran, sevib-sevilməyə səsləyən ,həyatın reallığını olduğu kimi açıb-göstərən Vaqif İsaqoğlunun «Təki ürək qocalmasın» şeirlər kitabı deyərdim ki, nurlu bir işıqdır. Oxucuları bu işığa çağırıram. Bu işıqda Vaqif dünyası ilə daha yaxından tanış olacaq, onun dünyasının adamlarını yaxından tanımaq imkanı əldə edəcəksiniz.
İnanıram ki, «Təki ürək qocalmasın» - deyən şairin özü yavaş-yavaş qocalsa da, ürəyi son nəfəsinə kimi qocalmayacaq, o, hələ illər sonra da ürəyindən qopub gələn səsləri şeirə çevirəcək və Vaqifsevərlərə göndərəcək.
«Təki ürək qocalmasın» kitabı şeirimizə, ədəbiyyatımıza, poeziyasevərlərə həqiqətən dəyərli bir hədiyyədir. Bu söz hədiyyəsinə görə «qələm dostuma «Sağ ol» deyir, yeni-yeni kitablarıyla görüşümüzə gəlməyini arzulayıram.
Hüseyn İSAOĞLU,
AYB-nin üzvü,
yazıçı- publisist

31-05-2025, 06:19
Səmada görüşərkən


Səmada görüşərkən

“Ey işıqlar, sizi çağıra biləydim”
(A.S.Ekzüperi)
Gənc nasir S.Nasifin “Səmada görüş” kitabı üzərində düşüncələr
Tanrının “Ol” deməsilə varlığa qədəm qoymuş Kainat özü ilə birgə ahəngdar bir nəbz, döyüntü gətirdi bu yaradılışa. Elə bir döyüntü ki, o, bir həyatın təsdiq imzası, vizit vərəqəsi oldu. Onun ardınca isə rənglər, ştrixlər, nəsnələr qatıldı bu Həyat adlı səltənətə. Ağlı-qaralı, zərbaftalı, hətta görünməzliyi belə tərcih edən rənglər silsiləsi. Ancaq əlbəttə ki, bu çalarlar, ştrixlər həm də bir-birilə mükalimədə və şıltaq pərvərişə aparan bir mübarizədə olmaq missiyasını da daşımalı oldular. Ünyetən dağlarla ümmansız dərələrin, sirli sükuta dalmış ulu göylərlə çağlayan ormanların, küskünsayağı kənara çəkilmiş səhralarla qaynayan dəryaların sevgi saçan deyişməsi misalı. Bu möcüzə dolu sevgili duruşmaların fövqündə isə əlbəttə ki, ən böyük yaradılmış olan insan durdu. Bu gözəlliyi ilahiləşdirmək, nağılvari həqiqəti yaşatmaq, əbədiyyətə ötürmək üçün var edilən insan...
Hər kəs öz sevdasının Məcnunu, hər kəs öz sevdalısının Leylasıdır təbiətən. Hər pərvanə öz işığının əsiri, Yaradanından gələn təpərinin Fərhadıdır. Bəli, Yaradanın adı ilə eyni amaldan yoğrulmuş yaradıcı insanlar isə elə yaranışlarından da ruhlarını incəsənətə, mədəniyyətə, ədəbiyyata olan tədqiqatçılıqları ilə yanaşı, həm də onun bir zərrəsinə, daşıyıcısına, necə deyərlər, daşının üstünə daş qoyaraq bu sənət adlı qalanın Tanrıya doğru yüksəlməsinə doğru fitrətən yol alanlardır.

“Səmada görüş”ə can atan gəncicik yazar Səbinə Nasif kimi. Kövrək qələminin ilklərindən birini məhz Tanrısı ilə mükaliməyə yönəldən Səbinə xanımın bu istəyi, eşqi təbii olduğu qədər də, olduqca cəsarətli, hətta qətiyyətlidir. Bu gənc yazarın təqdim etdiyi düşüncələr toplusu qəlblə şüurun, Yaradanla Yaradılanın, Ana ilə Balanın daxili, səssiz dialoqu, həm də sanki qarşı tərəfinə ötürdüyü mübhəm hesabatıdır. Bir qədər də dərinə varsaq, bu istəyin, təmənnasız addımın hətta insanlığın, bəşəriyyətin xəmirinə hopdurulmuş kimin üçünsə bir ehtiyac, kimin üçünsə hətta təşnə gətirəcək qədər səcdəgah olduğunu fərq edərik.
Bəli, məhz belə. Axı Ulu Göylərdən yana-yana enən İnsan oğlu təbiətən yana-yana yaşayır, daim nə isə axtarır, həzin nigaranlığı, dinc bir həsrətilə yaşayır və elə yana-yana da Göylər Səltənətinə - könül dünyasının özünə qayıdır. Bax elə həmin yanğı da o kəsi daim nəyisə yaratmasına, bununla da Tanrısının onun üzərinə qoymuş olduğu ilahi missiyanı layiqincə həyatiləşdirməsinə vəsilə olur. Bu, insan təbiətinin ən ümdə tələbi, hətta ehtiyacıdır. Hisslərin sevgili çəkişməsindən doğulan zərifanə duyğulara bürünmüş həzin, ilahi bir məhəbbətə yol alan, ana, övlad, vətəndaş ruhunu dilləndirməyə müvəffəq olan bu Duyğu çələngi oxucusunun qəlbini könül dünyasının pəncərəsindən müqəddəsliklərə boylanan bəbəkləri qədər işıqlandıracağına inanırıq. Bu səmimi, həzin taktlı nəfəsin Tanrı qapısından əbədiyyətə doğru yol alacağı isə artıq Göylərin fərmanıdır.

Gülgəz NUR
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!