““Azərqaz QSC-nin direktoru Ruslan Əliyevin KİV-lərə verdiyi müsahibələr ümid yaradırdı ki, bu sahədə insanlara daha yaxşı xidmət üçün yeni qaydalar qəbul ediləcək. Amma görürəm ki, vəziyyət "yenilər köhnələrin atasına rəhmət oxutdurur" prinsipindən kənara çıxmır".
Bu sözləri “AzPolitika.info”ya müraciətində Zərdab şəhəri, S.Mahmudov küçəsində yaşayan Tahir Qasımov bildirib.
Şikayətçi mexaniki sayğacının fotosunu 1 yanvar tarixindən “Azərqaz”ın qeyd etdiyi nömrəyə göndərsə də, 10 gün ərzində ona əvvəlki limitlə qaz sərfiyyatının hesablandığını bildirir: "Bu il qiymət artımları ilə bağlı əhalinin narazılığını nəzərə alan “Azərqaz” ASC guya, operativ qaydada 4-5 gün ərzində sayğacların sıfırlanacağını bildirmişdi. Ona görə də qurum abonentlərə xəbardarlıq etmişdi ki, hər bir abonent sayğacının şəkilini çəkib, “104” qısa nömrəsinə göndərsin. Amma bu köhnə üsul bir çox abonent kimi mənə də çətinliklər yaratdı. Yanvarın 1-i səhər saat 9-10 radələrində sayğacın fotosunu çəkib qeyd olunan ünvana göndərdim və hər şeyin həll olunduğunu zənn etdim. Dünən ev ünvanıma göndərilən bildirişdə 12 gün keçsə də, mexaniki saygacın sıfırlanmadıgını, 10 gün ərzində əvvəlki tariflə qaz pulu hesablandıgını gördüm. Bu idimi “Azərqaz”ın tətbiq etdiyi yenilik? Bu insanları aldatmaq və onların cibinə girməkdir”.
“Azərqaz” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “AzPolitika.info”ya açıqlamasında bildirib ki, bütün xidmət sahələrində sərfiyyatın ölçülmə müddəti 30 gün müəyyənləşdirilir: “Ötən ilin sonuncu sərfiyatı dekabrın 10-da olub. Deməli, növbəti bildiriş müddəti yanvarın 10-da verilməli idi və belə də oldu. Yəni limitin yenilənmə müddəti hər ilin yanvarın 10-dan, 10-na kimi ölçülür. Abonentin 1 ili, yəni 365 günü belə tənzimlənir. Növbəti sərfiyyat göstəricisini alacaq abonentlər, istehlak etdikləri hər bir kubmetrə görə 12 qəpik ödəyəcəklər”.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 29 887 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 678, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 158 nəfərdir, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 051 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 592 507, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 193 025, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 706 403, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 693 069 təşkil edir.
“Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir”.
Bu sözləri Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimində çıxışı zamanı deyib.
“Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdir ki, icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq. Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir.
Beləliklə, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər”, - deyə dövlət başçısı qeyd edib.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib.
“Report” xəbər verir ki, bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib.
Qərara əsasən, Ə.Əliyev barəsində beş ay müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) “Mi-17” tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.
Belə ki, zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da “YouTube” kanallarından birində çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində səsləndirdiyi fikirlərdir.
Onlar məhkəməyə Ə.Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin altı ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.
Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Futbol üzrə İspaniya Super Kubokuna start verilib.
Bütöv.az xəbər verir ki, ilk yarımfinal oyununda "Real Madrid" "Barselona"ya qarşı oyanyıb və 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.
Bu, madridlilərin El-Klasikolar tarixində 100-cü qələbəsidir.
Qeyd edək ki, "Real Madrid"in həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü olacaq. Final qarşlaşması isə yanvarın 16-də keçiriləcək.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sabiq sədr müavinləri saxlanılıb.
Bütöv.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Milli Təhüləsizlik Komitəsi məlumat yayıb.
Bildirilib ki, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri Anuar Sadıkulov və Daulet Yeqorjin dövlətə xəyanətdə ittiham olunurlar.
Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov dövlətə xəyanət maddəsi ilə saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Ermənistanda Azərbaycanla sərhəddə yaranmış gərginliyə görə etiraz aksiyası keçirilib.
Bütöv.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi və digər ictimai fəallar İrəvanın sərhəd təxribatına görə hökumət binasının qarşısına toplaşaraq, etiraz aksiyası keçiriblər.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!