Selə görə bu evlər təhlükə altındadır - VİDEO .....                        Özgür Özələ hücum edən şəxs danışdı .....                        Qohumumun həyat yoldaşını və 6 uşağını qətlə yetiriblər - Ermənilərin məhkəməsi .....                        Sürət həddi endirildi - DİQQƏT! .....                        Bu ölkənin baş naziri istefa verdi .....                        Ərdoğan Trampla nələrdən danışdı? - DETALLAR .....                        Babəkdə maşın aşdı: ana və oğlu yaralandı .....                        Tarixi şəhəri su basdı - Ölənlər var .....                        Səhərə qədər meşədə qaldım - İtkin düşən şəhid atası .....                       
10-11-2021, 20:14
Polis Nərimanovda 1 həftə əməliyyat keçirdi - VİDEO

Nərimanov rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı 12 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Butov.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində əməliyyat tədbirləri həyata keçirilib. Son 1 həftə ərzində keçirilən əməliyyatlar zamanı rayonun müxtəlif yerlərində, xüsusən də “Montin”, “Keşlə bazarı” kimi tanınan ərazilərdə qeyd olunan hüquqazidd əməlləri törədən 12 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Yusif Əliyev tutulub. Onun üzərindən narkotik vasitə olan heroin aşkar edilib. Araşdırmalar zamanı həmin şəxs narkotik vasitələri Nərimanov rayonu Əliyar Əliyev küçəsində yaşayan Rəşad İsgəndərov və İntiqam Əliyevdən aldığını bildirib. Adları çəkilən həmin şəxslər də qısa zamanda saxlanılaraq Polis İdarəsinə gətiriliblər. Onların üzərində və yaşadıqları evlərdə axtarış aparılan zaman külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə, elektron tərəzilər aşkar edilərək götürülüb. İntiqam Əliyev və Rəşad İsgəndərov ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını bildiriblər.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər – Hikmət Musayev, Zaur Əzizov, Manaf Soltanov, Rəşad Qasımov, Ülvi Rəhimli, Orxan İbrahimov, Ruslan Qədimalıyev, Ruhiyyə Əzizova və Xəyal Seyidov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış və şəxsi istifadə məqsədi üçün əldə etdikləri külli miqdarda heroin, marixuana, metamfetamin və elektron tərəzilər aşkar edilib. Bu şəxslər izahatlarında Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Təqdim edilən faktların hər biri ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Nərimanov rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

10-11-2021, 13:48
10 noyabr bəyanatı: İrəvanın kapitulyasiyası, Bakının əlinin güclənməsi, üçlük formatında maraqlar - TƏHLİL

Azərbaycanla Ermənistan arasında müharibəni başa çatdıran 10 noyabr üçtərəfli bəyanatının (Azərbaycan, Rusiya, Ermənistan) imzalanmasından bir il ötür.

Bu bəyanat Ermənistanın biabırçı kapitulyasiyası idi, üç rayonun (Ağdam, Kəlbəcər, Laçın) döyüşsüz qaytarılması isə Azərbaycanın əlavə itki vermək risklərini aradan götürdü.

Sonrakı proseslər

Bu bəyanat Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatların məntiqi davamı idi, bu sənəd postmünaqişə dövründə hərbi gücün yaratdığı diktənin diplomatiyaya keçidinə zəminlər yaradan strategiyanın başlanğıcı idi.

Türkiyə bəyanatın tərəflərindən olmasa da, həmin sənəddə keçən bir cümləni Bakı-Ankara hərbi əməkdaşlığının güclənməsini şərtləndirən amil kimi dəyərləndirə bilərik.

Söhbət həmin bəyanat əsasında Ağdamda yaradılan Atəşkəsə Nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən gedir,

Bununla Türkiyə:

1. Rəsmi qaydada mübahisəli məsələlərin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayır.

Ankaranın mövqeyində Qarabağ məsələsinin prioritet olmasının indikatorları isə göz önündədir:

- Ankaradan verilən bəyanatlar, Ermənistana sülh çağırışları prioritetlər sırasındadır;

- Türkiyə şirkətlərinin Qarabağda yenidənqurma işlərində iştirakı Ankaranın Qarabağın iqtisadi təhlükəsizliyinə də zamin durduğu anlamını verir;

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövründə Şuşaya səfər etdi, burada Prezident İlham Əliyevlə birgə Şuşa Bəyannaməsi imzalandı;

- Bir neçə ay sonra isə Türkiyə lideri Füzuli Beynəlxalq Hava Limanının açılışına qatıldı, həmin gün Zəngilana da səfər etdi.

2. Ankara-Moskva körpüsündə təmaslarda Türkiyə Azərbaycanla strateji müttəfiqlik xarakterinin ruhuna uyğun olaraq Bakının maraqlarını önə çıxarır. Bu isə Bakı-Ankara-Moskva xəttində müştərək maraqların yaranmasına səbəbiyyət verən tendensiyadır.

Üçtərəfli bəyanatın 9-cu bəndinin, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının icrası üçün əlavə bir sənədin hazırlanması zərurətini ortaya çıxarırdı. Buna görə də, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında 2021-ci ilin 11 yanvarında növbəti üçtərəfli bəyanata imza atıldı.

11 yanvar bəyanatı 10 noyabr bəyanatının iqtisadi aspektlərinin tam gücü ilə işləməsinə stimul verən sənəddir.

Ancaq, bu bəyanat da Azərbaycanın əlini gücləndirdi, belə ki, 2021-ci ilin başlanğıcından etibarən həmin sənədin müddəaları Bakıya hərbi-siyasi faydalar gətirən faktora çevrildi.

Bakı İrəvanın etirazlarına baxmayaraq, postmüharibə dövründə regionun yeni şəkilləndirilməsinin təməl daşı hesab olunan Zəngəzur dəhlizinin reallaşmasında tündləşdirici rənglər qarışdırılmaması üçün mühüm addımlar atdı. Söhbət Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsini hərbi prioritetlər sırasına daxil etməsindən gedir.

Azərbaycan Ordusunun Ermənistanla sərhəddə strateji yüksəkliklərdə mövqelənməsi, Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçməsi, bu ilin yayında Naxçıvanda böyük əhəmiyyət kəsb edən möhkəmlənmə koridorunun işləməsi üçün Bakının şərtlərinin həyata keçirilməsidir.

Bu koridorun açılması məsələsində Türkiyə ilə yanaşı, Rusiya da maraqlıdır, yəni Zəngəzur dəhlizi Bakı-Ankara-Moskva üçbucağında ortaq iqtisadi maraqlar yaradan platforma rolunu oynayır.

10 noyabr bəyanatına əsasən, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın bir sıra ərazisinə müvəqqəti (5 il müddətinə) yerləşdirildi.

Ancaq bu, heç də o mənaya gəlmir ki, Azərbaycan həmin ərazilərə öz yurisdiksiyası nəzarətindən çıxarır, Azərbaycan siyasi cəhətdən mövqelərini möhkəmləndirmək üçün bu ilin iyulun 7-də tarixi sayıla biləcək bir sənədə imza atdı.

İlham Əliyevin həmin tarixli fərmanına əsasən, Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları Qarabağ İqtisadi Rayonun tərkibinə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları isə Şərqi Zəngəzur iqtisadi rayonunun bölgüsünə daxil edildi.

Bununla da sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazinin Azərbaycanın yurisdiksiyasında olduğu Prezidentin fərmanında əksini tapdı.

Açıq qalan məsələlər

10 noyabr bəyanatından sonrakı proseslər onu göstərdi ki, həmin üçtərəfli bəyanatın əksər bəndləri yerinə yetirildi, İrəvan buna mane olmağa çalışsa da, onun mövqeyindəki qeyri-konstruktivlik öz başında partladı.

Bəyanatın 6-cı maddəsində bildirilir ki, Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Bu, nə deməkdir?

İzahını verməyə çalışaq. Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Laçın şəhəri o dəhlizin ortasında qalır. Azərbaycan isə təklif edir ki, yeni bir dəhliz inşa edilsin. Bunun üçün üç il müddət nəzərdə tutulub.

Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın dəhlizi Laçın şəhərini əhatə etməyəcək.

Hələlik bu məsələ ətrafında açıq suallar qalmaqdadır, ancaq Bakının əli gücləndikcə bunu da reallaşdıracağına əminlik çoxdur. Açıq sualların qalması isə Ermənistanın nümayiş etdirdiyi qeyri-müəyyən davranışlarla əlaqədardır.

Digər açıq qalan məsələ isə bəyanatın 4-cü maddəsinin icrasında yaranan problemlərdir. Belə ki, sülhməramlıların nəzarət zonasında qalan erməni separatçılar (söhbət “hərbçi” kimi təqdim olunan yaraqlılardan gedir) ərazidən çıxmaq əvəzinə həyasız addımlara yol atırlar. Bu, azmış kimi, ara-sıra hərbi təxribatlara da yol verirlər, amma Azərbaycan Ordusunun adekvat cavab tədbirləri ilə yerlərində otuzdurulurlar.

Separatçıların mənəvi dünyasındakı revanşizm duyğularını qidalandıran səbəblərdən biri də Rusiya sülhməramlı qüvvələrinin mandat və funksiyalarından kənar presedentlər yaratmasıdır.

Bu, zamanla Bakının narazılığına səbəb olsa da, hazırda Azərbaycan sülhməramlıların fəaliyyətinin ümumi cizgisindən razıdır.

NƏTİCƏ:

1. 10 noyabr bəyanatı sülh müqaviləsinin rüşeymi rolunu oynadı;

2. Bəyanatdan sonra Azərbaycan Ermənistan üzərində hərbi-siyasi qüdrətini yeni fazaya daxil etdi;

3. Yeni siyasi reallıqda Azərbaycan-Türkiyə-Rusiya üçlük formatı ön plana çıxdı;

4. 10 noyabr bəyanatı Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi, bundan sonra Ermənistanda ictimai-siyasi, intellektual böhran dərinləşərək uçuruma yuvarlandı.

Butov.az
10-11-2021, 11:43
Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 83 il ötür.

57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.

1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.

1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.

Butov.az
10-11-2021, 11:17
Azərbaycan millisinin futbolçuları Türkiyə klubu ilə müqavilə imzalayıblar

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Aysun Əliyeva və Ayşən Əhmədovanın yeni klubu bəlli olub.

Butov.az xəbər verir ki, hər iki oyunçu Türkiyə təmsilçisi "Rizespor"la müqavilə imzalayıb.

Qeyd edək ki, Aysun Əliyeva son olaraq Türkiyədə "Fomget Genclik ve Spor", Ayşən Əhmədova isə Rusiyanın "Rubin" klubunun formasını geyinib.
10-11-2021, 11:07
Keçmiş başçı hərəkət edə bilmir

Koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev süni tənəffüs aparatından ayrılıb.

Butov.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a onun vəkili Leyla Məmmədova məlumat verib.

Vəkil bildirib ki, hazırda Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan Mahir Quliyevin vəziyyəti nisbətən düzəlib.

"Amma buna baxmayaraq, bəzən ağırlaşmalar olur. Hərəkət edə bilmir. Hazırda M.Quliyevin xəstəxanada müalicəsi davam etdirilir”, - deyə vəkil əlavə edib.

Qeyd edək ki, Mahir Quliyev 2006-2011-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin, 2011-2020-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 2020-ci il 29 apreldə Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstələrinin İcra Hakimiyyətinin binasında keçirdiyi əməliyyat zamanı saxlanılıb.
10-11-2021, 10:57
Vətən Müharibəsindən real döyüş kadrları - VİDEO

Azərbaycanın düşmən üzərində Zəfərin birinci ilini qeyd etdiyi bu günlərdə Vətən Müharibəsi günlərinə aid döyüş kadrları yayımlanıb.

Kadrlar DSX-nin hazırladığı “Əsrə bərabər il” sənədli filmində yer alıb.
Həmin görüntüləri təqdim edirik:





Butov.az
10-11-2021, 10:38
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft bahalaşıb.

WTI markalı neftin dekabr fyuçersləri 0,02 % bahalaşaraq, bir bareli 84,17 ABŞ dolları olub.

“Brent” markalı neftin yanvar fyuçersləri 0,27 % faiz bahalaşaraq, bir bareli 85,01 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg


Butov.az
10-11-2021, 10:35
Zakir Həsənov polkovnik-leytenantı işdən çıxardı

“Azərbaycan Ordusu” qəzetinin baş redaktoru polkovnik-leytenant İlham Behbudov vəzifəsindən azad olunub.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, İ.Behbudov işdən çıxarılmaqla yanaşı, Silahlı Qüvvələr sıralarından da tərxis olunub.

Hələlik “Azərbaycan Ordusu” qəzetinə yeni baş redaktor təyin edilməyib. Bu vəzifənin icrası müvəqqəti olaraq kapitan Məhəmməd Nəsirliyə həvalə olunub.

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Butov.az
10-11-2021, 10:33
Ermənistanın kapitulyasiya aktına imza atmasından bir il ötür - VİDEO

Ermənistanın Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirməyib döyüş meydanında rüsvayçı məğlubiyyətə düçar olduqdan sonra kapitulyasiya aktına imza atmasından bir il ötür.

10 noyabr tarixi – Azərbaycan üçün böyük önəm daşıyır. Məhz bu gün Azərbaycan 44 gün ərzində davam edən Vətən savaşında qalib olmağın haqlı qürurunu yaşadı. Bakı küçələrində böyük sevinc və təntənəyə səbəb olan hadisə Ermənistanda tam əks şəkildə təzahür etdi.

Küçələrə axışan ermənilər qəzəblə parlament binasına hücum etdi, erməni xalqı həmin gecə və sonrasında bir neçə gün baş nazirini axtarmaqla məşğul oldu. Lakin buna müvəffəq ola bilmədi.

10 noyabr bəyanatı üçtərəfli bəyanat olsa da, onu canlı yayımda Azərbaycan Prezidenti – Müzəffər Ali Baş Komandan İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Ermənistan baş nazirinin isə bəyanata imza atdığı məkan bu günə qədər bəlli deyil. Elə ermənilərin 10 noyabr 2020-ci ildə Nikol Paşinyanı tapa bilməməsinin də səbəbi məhz bu idi.

Dövlət başçısı İlham Əliyevin 10 noyabr tarixində xalqa müraciətində məsələyə bu cür münasibət bildirmi.di:

“Hər bir insan hətta onun üçün, ölkəsi üçün ən ağır, ən kritik vəziyyətdə özünə hörmət saxlamalıdır. Onsuz da Paşinyan bunu imzalayacaq. Biz onu məcbur etdik. Ancaq onu hansısa bağlı bir yerdə, qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Öz xoşu ilə bunu imzalamır. Bunun - dəmir yumruğun hesabına imzalayır!”.

Kapitulyasiya aktını hansı şəraitdə imzalanmasından asılı olmayaraq Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər.

İrəvan küçələrindəki iğtişaşların da səbəbi məhz elə erməni rəsmilərin özləri idilər. Müharibə dövründə qələbədən dəm vuran, “uğurlu həmlələr” edən Ermənistan ordusunun məhv edildiyini bir anın içində xalqa çatdırmaq onlar üçün növbəti rüsvayçılıqla nəticələndi. Həmin gecə hazırda Ermənistanın XİN rəhbəri olan Ararat Mirzoyan isə qəzəbli kütlənin əlindən qaça bilməyərək İrəvanın mərkəzində döyüldü.

Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Prezident İlham Əliyev müzəffər komandan kimi imzaladığı 10 noyabr bəyanatında Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diktə etməyə nail oldu. Ermənistan tərəfi Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətli rayonları bir güllə atmadan Azərbaycan ordusuna təhvil verdi.

Siyasi arenada İlham Əliyevin şəxsində qazanılan bu qələbə erməni separatizminə, terroruna ən ağır zərbəni vurdu. Kapitulyasiya aktı Ermənistan dövlətinin tarixində silinməz izlər yaratdı. İlk növbədə bu dövlətin Azərbaycana qarşı aqresiyasına layiqli cavab verildi və düşmən ən sərt şəkildə cəzalandırıldı. Tarixi ədaləti bərpa edərkən Azərbaycan Ermənistanın özü ilə bağlı formalaşdırdığı bir çox saxta mifləri yerlə-yeksan etdi.

Ermənilər gördülər ki, “məğlubedilməz erməni ordusu”, “ölməz erməni ruhu” kimi miflər puç oldu. Onların ordusu nəinki məğlub oldu, hətta sözün əsl mənasında bu işğalçı ordunun varlığına belə son qoyuldu. Kapitulyasiya aktı ilə ermənilər həmçinin Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlara qarşı müqavimət göstərmək iqtidarında olmadıqlarını bəyan etdilər.

Azərbaycan lideri müharibə dövründə dəfələrlə Ermənistanın torpaqlarımızdan çıxması ilə bağlı tarix verməsi şərtilə döyüşlərə son qoyulacağını açıqladı. Lakin ermənilərin əsirinə çevrildikləri mənfur ideyalar, separatçıların ehtirasları, saxta “qələbə” təbliğatının ifşa olunması ilə ortaya çıxa biləcək təhlükələrdən qorxu Ermənistan rəhbərliyinin bu təklifə razılaşmaması ilə nəticələndi. Bu isə Ermənistan üçün fəlakət, ordusu üçün sona çevrildi. Azərbaycan tərəfi dövlət başçısının da haqlı olaraq dediyi kimi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Şuşada düşmənə qan udduran igid hərbçilərimiz Ermənistan rəhbərliyini danılmaz fakt qarşısında qoydu. Onlar anladılar ki, qapıldıqları eyforiyanın sonu yetişib. Artıq Azərbaycan ordusu tarixi ədaləti bərpa edib, düşməni öz torpaqlarından əbədi olaraq təmizləyib. Artıq Qarabağda və Şərqi Zəngəzurda erməni separatizminə yer qalmayıb, Azərbaycan ordusu bu ərazilərə sülh və əmin-amanlıq bəxş edib.

Erməni tərəfinin illərlə davam edən talançılıq və vandalizm aktlarına nöqtə qoyulub. Artıq torpaqların əsl sahibləri geri dönüb. Kapitulyasiya aktını imzalayan Ermənistanın əsl üzü də məhz ortaya qoyulub. Qarabağı, Şərqi Zəngəzuru viran qoyan erməni ordusu qarşısındakı ordunun rəşadəti qarşısında duruş gətirə bilməyib birbaşa gəldiyi yerə qədər qaçıb.

Azərbaycan Prezidenti İlham Əliyev döyüş meydanında əldə olunan uğurları məhz 10 noyabr bəyanatı ilə rəsmiləşdirib. Dövlət başçısının ortaya qoyduğu siyasi iradə məhz düşməni tabe olmağa, təslimiyyəti qəbul edib, acizliyini sənəd üzərində təsdiq etməyə məcbur edib.

İlham Əliyevin şəxsində Azərbaycan xalqının birliyi, qüdrətli “dəmir yumruğ”umuz Şərqi Zəngəzur və Qarabağın əbədi azadlığına möhür vurub.

10 noyabr üzərindən illər keçsə də Azərbaycanın şanlı tarixində mühüm mərhələ hesab olunacaq. Bu tarix bizim haqq savaşımızın qalibiyyətlə başa çatdığı, düşmənin isə rüsvayçılıqla darmadağın olduğunu bütün dünya qarşısında etiraf etdiyi əlamətdar gün kimi yaddaşlarda həkk olunub.

Bizim üçün mütləq zəfərin, vəhdət və həmrəyliyin zülh üzərində qələbəsi kimi xarakterizə olunan bu gün erməni tərəfi üçün separatçı ideyaların süqutu, miflərin darmadağın olması və məğlubiyyətin etirafıdır! Azərbaycan 44 günlük müharibədən cəbhədə və siyasi arenada mütləq qalib kimi çıxdı, Ermənistan isə aciz kapitulyant adını əbədi olaraq öz üzərinə götürdü!



Butov.az
9-11-2021, 18:07
Vətənə və millətə həsr olunmuş ömür...


“Ölüm indi çox asanlıqla məni tapa bilər, amma nə qədər ki,
yaşamaq imkanım var, gərək ölümlə üzləşməyə tələsməyəm.
Əlbəttə, bir vaxt ölümlə üzləşmək məcburiyyətində qalacağam
və qalmalıyam da, onda ölmək önəmli deyil. Önəmli budur ki,
mənim həyatım və ya ölümüm başqalarının həyatında nə iz
qoyacaqdır”


Səməd Behrəngi (1939-1968), Təbriz

2021-ci ilin 7 noyabr səhəri Güney Azərbaycanın Təbriz şəhərindən olan, uzun illərdir Bakıda yaşayan soydaşımız Ümid Niyayeşdən həyat yoldaşı Şahnisə xanım Rüstəmovanın Covid-19-dan Məhəmmədi qəsəbəsindəki modul tipli xəstəxanada dünyasını dəyişdiyi xəbərini aldım və əzizlərinin, yaxınlarının, iş yoldaşlarının xəbəri olsun deyə, məlumatı paylaşdım. Mən bu paylaşımda onu tanınmış güneyli ziyalımız Ümid bəyin xanımı kimi deyil, Cənubi Azərbacan məktəbinin yetişdirməsi kimi təqdim etdim. Belə ki, Şahnisə xanım uzun illərdir ki, AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq institutunun Cənubi Azərbaycan şöbəsində elmi işçi olaraq çalışmış, “İran İslam inqilabından (1978-1979-cu illər) sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” mövzusunda əsaslı tədqiqat işi aparmış və adıgedən mövzu ilə bağlı qələmindən bir sıra maraqlı və dəyərli elmi tədqiqat əsərləri Azərbaycanda və onun xaricindəki sanballı elmi dərgilərdə çap olunaraq yayılmışdır. Cari ilin noyabr ayının ikinci yarısında eyni adlı mövzuda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi də planlaşdırılmışdı. Amma zamanın hökmü başqa cür oldu...
Şahnisə Rüstəmovanın 1978-1979-cu illər İran İslam inqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı mövzusunda apardığı elmi araşdırmaları əslində tanınmış tarixçi-şərqşünas alimimiz Vidadi Mustafayevin XX əsrin 1-ci yarısında Cənubi azərbaycanlıların milli şüurunun öyrənilməsi ilə bağlı elmi tədqiqatlarının davamı da hesab etmək olar. Milli şüur məsələlərini araşdıran Şahnisə Rüstəmova özündən öncə bu sahədə aparılmış tədqiqat işlərini və araşdırmaları dərindən mütaliə etmiş, əsaslı təhlilini aparmış və tədqiqatın əsas istiqamətlərini müəyyənləşdirmiş, bu əsasda da dissertasiya işinin dolğun planını tərtib etmişdir.
1978-1979-cu illər İran İslam inqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişafını araşdıran tədqiqatçı İran İslam inqilabından qabaq cənubi azərbaycanlıların milli şüurunun yaranmasına və inkişafına təsir edən tarixi-siyasi, mədəni faktorları ön plana çəkir, XIX əsrin sonlarından XX əsrin birinci rübünə qədər azərbaycanlıların mədəni və siyasi vəziyyətini, o cümlədən Pəhləvilərin etnik-milli siyasətini, Azərbaycan Milli Hökumətinin qurulması və süqutundan sonrakı dövr ərzində (1945-1977) azərbaycanlıların milli şüurunun vəziyyətini araşdırır, bu əsasda da İran İslam inqilabından sonra Cənubi Azərbaycanda milli şüurun inkişaf istiqamətlərini müəyyən edir. Ş.Rüstəmova bu istiqamətlər sırasında çağdaş Cənubi Azərbaycan tarixində milli-mədəni hərəkata, ana dilində təhsil məsələsinə, mətbuatın milli şüurun inkişafında yeri məsələlərinə xüsusi önəm verir və real tarixi faktlar və onların təhlili bazasında apardığı məntiqi təhlillərə və əldə etdiyi nəticələrə uyğun olaraq həmin istiqamətlərin mahiyyətini açır, onların Cənubi Azərbaycanda, eləcə də bütün İranda məskunlaşan azərbaycanlılar arasında siyasi hərəkata təsirini əsaslı bir şəkildə müəyyən edir.
Bundan sonra tədqiqatçı Cənubi azərbaycanlıların İran daxilində yaratdıqları ictimai-siyasi və mədəni təşkilatların yaranması barədə ətraflı məlumat verir, onların fəaliyyətini dəyərləndirir, ölkə daxilində təsir dairəsi və nüfuzunu müəyyən edir. İranda siyasi hərəkatın gələcək inkişafı, istiqaməti və uğurlarını müəyyənləşdirmək məqsədilə Ş.Rüstəmovanın sözügedən araşdırmalarında Cənubi Azərbaycanda milli hərəkatın digər formaları (Babək qalası, Urmu gölü, futbol yarışları və s. bu kimi aktlarda baş verən etirazları) da təsnif və təhlil edilir. O, eyni zamanda İrandan xaricdə yaranan təşkilatların (xüsusilə Diaspor təşkilatlarının) milli mübarizəsinin mahiyyətini açıqlayır və bununla da İran İslam Respublikasında hakim rejimin etnik-milli siyasətinin əsas istiqamətlərini və onların azərbaycanlıların milli şüurunun inkişafı bazasında etnik hərəkatlara təsirini təyin etmiş olur.
Şahnisə Rüstəmovanın “İran İslam inqilabından (1978-1979-cu illər) sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” mövzusunda icra etdiyi tədqiqat işinin ən maraqlı və dəyərli bir hissəsini “Müstəqil Azərbaycan Respublikasının yaranmasının cənubi azərbaycanlıların milli şüuruna təsiri” fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı dövlətlərarası münasibətlərdə Cənubi Azərbaycan, eyni zamanda Dağlıq Qarabağ müharibəsinin azərbaycanlıların milli şüurunun inkişafında yeri məsələlərini çox böyük bir məharətlə şərh edir, çox əsaslı nəticələr əldə edir, Cənubi Azərbaycanda və İranda yaşayan azərbaycanlıların milli-demokratik hüquqlar uğrunda gələcək mübarizələrində doğru və düzgün hərəkət istiqamətlərini, gərəkli taktikanı, onun həyata keçirilməsi yollarını müəyyən etmək işində tövsiyələrini verir.

Şahnisə Rüstəmovanın yuxarıda qeyd olunan mövzu ilə bağlı çap olunmuş əsərləri sırasında “Cənubi azərbaycanlıların milli şüurunun sonrakı inkişafında 21 Azər hərəkatının yeri” (“21 Azər-70” mövzusunda Elmi Konfransın materialları, Bakı, “Araz” nəşriyyatı, 2015, s.249-261), “Cənubi azərbaycanlıların milli şüurunun inkişaf xüsusiyyətləri (1979-cu ildən XX yüzilliyin sonlarınadək” (“Tarix və onun problemləri” jurnalı, Bakı Dövlət Universitetinin nəşri, №3, 2016), “İranda Azərbaycan dilinin müasir vəziyyəti” (“Bakı Universitetinin xəbərləri” elmi jurnalında çap olunmuşdur, No1, 2017, səh. 28-34), “Cənubi Azərbaycanın Qərb bölgəsində cənubi azərbaycanlıların milli şüuruna təsir edən amillər” (16-17 oktyabr 2017-ci ildə təşkil etdiyi AMEA-nın həqiqi üzvü, Sovet İttifaqı Qəhərəmanı Ziya Musa oğlu Bünyadovun xatirəsinə həsr olunmuş “Müasir şərqşünaslığın aktual problemləri (Ziya Bünyadov qiraətləri)” mövzusunda beynəlxalq elmi konfransın tezisləri, Bakı, 2017, s.134), “İran-Azərbaycan münasibətlərində Cənubi Azərbaycan məsələsi” (“Sivilizasiya” elmi jurnalı, Bakı Avrasiya Universitetinin nəşri, cild 7, №2 2018 (38), s.96-102), “Qarabağ müharibəsinin cənubi azərbaycanlıların milli şüuruna təsiri” (“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda I beynəlxalq elmi konfransın materialları, “Elm və Təhsil”, Bakı-2018, s.268- 270), “Dağlıq Qarabağ münaqişəsinin cənubi azərbaycanlıların milli şüurunun inkişafında yeri” (“Tarix, insan və cəmiyyət” elmi-nəzəri və elmi-metodik jurnalı, ADPU-nun nəşri, II sayı, Bakı-2019, 2 (25), s.94-102), “Cənubi Azərbaycan milli hərəkatının İranın siyasi atmosferinə təsiri” (“Gileya” elmi jurnalı, (№145 (6), Kiyev-2019, s.90-95), “Cənubi azərbaycanlıların milli mübarizəsində onlayn media və sosial şəbəkələrin rolu” (“Şərq xalqlarının Bakı qurultayı - 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” adlı Beynəlxalq Elmi konfransının tezisləri, Bakı, 2020, s.109-111), “Dağlıq Qarabağ müharibəsinin cənubi azərbaycanlıların milli şüurunun inkişafında yeri” (https://butov.az/guneyin_sesi/15834-daliq-qaraba-muharbsnn-cnub-azrbaycanlilarin-mll-uurunun-nkafinda-yer.html) kimi çox məzmunlu və dəyərli məqalələri yer alır. Onun Cənubu Azərbaycan şöbəsinin elmi müzakirəsindən keçərək “Cənubi azərbaycanlıların milli-mədəni mübarizəsi kinematoqrafiyada” adlı məqaləsi Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq Araşdırmaları” jurnalına, “Cənubi azərbaycanlıların milli mübarizəsində onlayn media və sosial şəbəkələrin rolu” adlı məqaləsi isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Tarix, insan və cəmiyyət” 3(33) elmi-nəzəri və elmi-metodik jurnalına çapa təqdim edilmiş və ümid edirik ki, yaxın zamanlarda işıq üzü görəcək.
Şahnisə Rüstəmova eyni zamanda da çox yüksək səviyyəli redaktor idi. Belə ki, o, Azərbaycan dilinin stilistikasını, qrammatikasını gözəl bilirdi. Ş.Rüstəmova Səməd Sərdariniya “İrəvan müsəlman sakinli vilayət olmuşdur” (Bakı, “Zərdabi” nəşriyyatı, 2014, 202 səh.) kitabının redaktoru olmuş, 386 səhifədə latın qrafikasında təkrar nəşrə hazırlanmış və Elmi Şuranın 28.09.2021-ci il tarixli 06 saylı qərarı ilə çap edilmiş “Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917)” adlı kitabının hazırlanmasında yaxından iştirak etmişdir.
Ümidvarıq ki, Şərqşünaslıq İnstitutunun rəhbərliyi də Şahnisə Rüstəmovanın elmi yaradıcılığına layiq olduğu dəyəri verəcək, müdafiə olunmasa belə, onun elmi işinin çapa hazırlanmasında lazım olan dəstəyini əsirgəməyəcək. Cənubi Azərbaycan şöbəsinin elmi kollektivi də bu işdə müvafiq yardımlarını göstərəcək.
Bu qısa ömründə Azərbaycan tarixinin çox mühüm bir məsələsinə həsr etdiyi araşdırmaların nəticələrinə görə Şahnisə xanım çox böyük və uğurlu işlər görmüşdür.
O, 26 oktyabr 1975-ci il tarixində Azərbaycan Respublikasının Yevlax şəhərində dünyaya göz açmışdı. Orta təhsilini də bu şəhərdə almışdı. Tarix ixtisası üzrə ali təhsil almışdı. Elmi yaradıcılığı da AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə bağlı olmuşdur. Həmin illərdə də Azərbaycan Respublikasında yaşayan, elmi fəaliyyətlə məşğul olan Güney Azərbaycan ziyalısı Ümid Niyayeş ilə ailə həyatı qurmuş, 2008-2010-cu illərdə Təbrizdə yaşamışlar. Bu zamanda da Şahnisə Rüstəmova gələcək elmi yaradıcılığının istiqamətini müəyyənləşdirmiş, orada yaşadığı gündəlik həyatında Cənubi azərbaycanlıların milli-demokratik hüquqlar uğrunda mübarizəsinin sosial-iqtisadi, mədəni və siyasi aspektləri ilə yaxından tanış olmuş, milli şüurun inkişafına təsir edən, onu formalaşdıran səbəbləri aydınlaşdırmaq üçün baş verən hadisələri, dövri mətbuat səhifələrini izləmiş, müvafiq materiallar toplamışdır.
Ş.Rüstəmova dəyərli Azərbaycan ziyalısı olmaqla yanaşı eyni zamanda çox qayğıkeş və zəhmətkeş bir ana, sədaqətli və əzmkar bir həyat yoldaşı idi. Dəniz adında çox zəkalı və ağıllı bir qız balasını da cəmiyyətimiz üçün yadigar qoyub getdi. İnanırıq ki, Ümid bəy də bu bir balanın təlim-tərbiyəsi, təhsili və həyatı ilə xanımı Şahnisənin gözləntilərinə uyğun bir şəkildə məşğul olacaq, Vətənimizə, millətimizə bütün varlığı, milli ruhu və yetkin şüuru ilə xidmət edə biləcək bir vətəndaş yetişdirəcək. Bu yolda ona səbr, dözüm və eyni zamanda uğurlar diləyirik.
Şahnisə Rüstəmovanın da məkanı cənnət, ruhu şad olsun.

Səməd Bayramzadə,
AMEA akad. Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun Cənubi
Azərbaycan şöbəsinin müdiri,


Bakı, 09.11.2021
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!