Muxtar respublikanın Sədərək rayonunda Vətən müharibəsi şəhidi Məmmədhəsən Sadıqlının dünyaya gəldiyi gün anım tədbiri keçirilib.
Butov.az AZƏRTAC-a istinadın xəbər verir ki, mərasimdə iştirak edən Sədərək Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov çıxış edərək, dövlətimizin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Bildirilib ki, müzəffər ordumuz cəmi 44 gün davam edən ədalət mübarizəsində Zəfər dastanına imza atıb. Bununla da illərdir ki, xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələrinə igid Azərbaycan əsgərinin yeni qəhrəmanlığı, şücaəti yazıldı. Vətən müharibəsi başlayan gündən ordumuz torpaqlarımızı düşməndən qarış-qarış azad edib. Hər qarış torpaq uğrunda onlarla igid canından keçib, şəhadətə ucalıb.
Diqqətə çatdırılıb ki, Sədərək elinin Vətən müharibəsində canından keçən igidlərindən biri olan Məmmədhəsən Sadıqlı 1992-ci il fevralın 21-də Dəmirçi kəndində anadan olub. Məktəbdə təhsil aldığı müddətdə idmanın sərbəst güləş növü ilə bir çox yarışlarda qalib gəlib. 2007-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olan Məmmədhəsən 2010-cu ildə buranı bitirib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Bir il Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunu keçib. 2015-ci ildə isə təyinatı üzrə Culfa rayonuna xidmətə göndərilib. 2017-ci ildə baş leytenant rütbəsini alan Məmmədhəsən xidməti dövründə Günnüt döyüşlərində iştirak edib, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, 2019-cu ildə Əlahiddə Ümumqoşun Ordu üzrə “Ən yaxşı kəşfiyyat (XT) bölüyü” yarışında yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərmanla təltif olunub. 2020-ci il sentyabrın 27-də başlanmış İkinci Qarabağ müharibəsində şücaət göstərən Məmmədhəsən Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalaraq xalqımıza, el-obasına şöhrət gətirib.
Şəhidin atası Meydan Sadıqov tədbirin təşkilatçılarına minnətdarlığını bildirərək deyib ki, yurdumuzda şəhid ailələrinə qayğı ilə yanaşılır, onların bütün problemləri vaxtında həll olunur. Şəhid atası diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məmmədhəsən Sadıqlı ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Anım tədbirində vurğulanıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.